Azərbaycan dövlətinin yoxsulluqla iqtisadi mübarizə mexanizmlərinin xalq mənafeyi ilə uyğunluğu...

 

 Azərbaycan insanı firavan, qayğısız yaşamağa layiqdir. Çünki o, uzun illər ağır sınaqları dəf edib, aclıq da görüb, çörək imtahanından da keçib. Xalqımız ən çətin anlarda belə müstəqillik, azadlıq ideyasından, istəyindən əl çəkməyib. Bəllidir ki, dünya insanının həyatda qarşılaşdığı ən amansız sınaqlardan biri yoxsulluqdur ki, ona qarşı hər bir dövlət mübarizə aparmalıdır.

   Azərbaycan dövləti son illər yoxsulluğun ləğvilə bağlı böyük işlər görür. Bütün dünyanı təqib edən yoxsulluq insanların həyatını cəhənnəmə çevirir.

   Tarixçi Həyat Məhərrəmova bildirdi ki, Azərbaycanda heç bir dövrdə hazırkı inkişaf olmayıb, yoxsulluqla mübarizə taktikası da bu cür mükəmməl qurulmayıb: "Azərbaycanda dövlət səviyyəsində yoxsulluqla ciddi mübarizə aparılır. Respublikamızda yoxsulluğun aradan qaldırılması sahəsində görülən işlərə nəzər salsaq görərik ki, bununla bağlı genişmiqyaslı görülüb. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında böyük bir sərəncam imzalayıb. Beş ildən artıqdır ki, adıçəkilən Dövlət Proqramının icrasına başlanıb. Onu da bildirim ki, hələ 2002-ci ildə Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin göstərişilə yoxsulluğun aradan qaldırılması ilə bağlı mübarizə tədbirləri həyata keçirilib".

   Tarixçinin sözlərinə görə, əslində yoxsulluq səviyyəsinin aradan qaldırılması, yaxud azaldılması ilə bağlı dövlət tədbirlər həyata keçirməlidir. Bu tədbirlərə isə ictimaiyyətin də qatılmalı olduğunu deyən H.Məhərrəmova bildirdi ki, bu məsələdə ictimaiyyət dövlətə dəstək verməlidir: "Azərbaycan dövləti müstəqillik qazandığı ilk illərdən başlayaraq əhalinin yoxsulluq səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlər həyata keçirib. İctimaiyyət də belə hallara dəstək olmalı olduğu üçün bu tədbirlərə qoşulub. Azərbaycan dövləti yoxsulluqla mübarizəyə ümummilli lider Heydər Əliyevin rəhbərliyilə başlayıb. Tarixə nəzər salsaq görərik ki, 25 oktyabr 2002-ci ildə Bakıda, "Gülüstan" sarayında "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın təqdimatına həsr edilən ümummilli konfrans keçirilib. Azərbaycan Respublikasının həmin dövrdəki Prezidenti Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamına əsasən, "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın hazırlanması məqsədilə Dövlət Komissiyası yaradılıb. Bir il ərzində Dövlət Komissiyası proqramın hazırlanması məqsədilə İqtisadi İnkişaf Nazirliyində katiblik yaradıb və Beynəlxalq Valyuta FonduDünya Bankı ilə sıx əməkdaşlıq edib. 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanmasında ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə 15 sahə üzrə işçi qrupları fəaliyyət göstərib və bu işdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən ekspert və mütəxəssislərin də rəyi nəzərə alınıb. 2002-ci il oktyabrın 25-də keçirilən həmin konfransda BMT-nin o dövrdə Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti, Dünya Bankının Cənubi Qafqaz Ölkələri Departamentinin direktoru olmuş xanım Doina Douset-Koyrolan, BVF-nin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Maykl Meredin, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Uilson, Yunanıstanın Azərbaycandakı sabiq səfiri Merkurios Karafotias, Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, Asiya İnkişaf Bankının Şərqi və Mərkəzi Asiya Ölkələri üzrə Departamentinin baş direktorunun sabiq müavini Məhəmməd Tusinim, Avropa Yenidənqurma və İnkişaf Bankının region üzrə sabiq direktoru Corc Krivikin, İslam İnkişaf Bankının özəl sektorun inkişafı bölməsinin sabiq rəhbəri Məhəmməd Həbib Cərrəyan, ABƏŞ-in sabiq prezidenti Devid Vudvord da iştirak edib. Artıq tarixə çevrilən bu konfransda bu insanlar Azərbaycanda yoxsulluğun azaldılması ilə bağlı öz fikir və təkliflərini bildirib. İndi həmin adamların əksəriyyəti səlahiyyət sahibi olmasalar da, onların yoxsulluğun azaldılması ilə bağlı təklif və fikirləri sənədlərdə yaşayır. Bu konfransda xalqımızın ümummilli lideri Heydər Əliyev də iştirak edib. Təbii ki, Azərbaycan xalqının yoxsulluqdan çıxarılması, yoxsulluğun azaldılması, ləğvi Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının özəyini təşkil edirdi. O, əhalinin yoxsulluğun caynağından xilas edilməsi yollarını yaxşı bilirdi. Heydər Əliyev o konfransdakı çıxışında bildirirdi ki, cəmiyyətin, ictimaiyyətin hərtərəfli inkişaf etdirilməsi məqsədilə bazar iqtisadiyyatına müvafiq iqtisadi sistemin yaradılması Azərbaycan dövləti qarşısında duran vacib məsələlərdən biridir: "Respublikamızın həm iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı gələcək gözləyir. Biz bunu indiyə qədər gördüyümüz işlərin əsasında təmin etmişik və gələcəkdə görəcəyimiz işlər bunların hamısını tamamlayacaqdır. Neft sektorundan böyük gəlirlər gözlənir. Bu, Azərbaycanın milli sərvətidir". Heydər Əliyevin dediyi, tövsiyə etdiyi məsələlər sonradan daha geniş şəkildə inkişaf etdirildi. Deyim ki, dünyada davamlı inkişafın bərqərar olmasını nəzərdə tutan BMT konsepsiyasının əsas prinsiplərindən biri planetar miqyasda yoxsulluğun aradan qaldırılması məqsədilə ölkələrin birgə səy göstərməsini ön plana çəkir. 2002-ci ilin ortalarında Yohannesburqda qəbul edilən BMT-nin digər bir sənədində isə 2015-ci ilədək planetdə mövcud olan yoxsulluğun iki dəfə azaldılması bütün ölkələrə tövsiyə edilir. Azərbaycan Respublikası da öz iqtisadi inkişafını bu layihələrin tələblərinə müvafiq olaraq formalaşdırıb. Belə ki, 2003-2005-ci illər üzrə ölkədə "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan işlər artıq çoxdan başa çatıb. Qeyd edilməlidir ki, adıçəkilən proqramda nəzərdə tutulan iqtisadi-sosial məsələlərin əksəriyyəti öz həllini tapıb və ötən müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılması işi daha da gücləndirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin daha da sürətləndirilməsi, yoxsulluqişsizlik kimi sosial bəlaların tam aradan qaldırılması məqsədilə 24 noyabr 2003-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 11 fevral 2004-cü ildə isə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı (2004-2008-ci illər)" adlı fərmanlarının icrasına başlanıb. 2006-cı ildə ölkədə pul islahatı həyata keçirilib və 2007-ci ilin 1 yanvarından başlayaraq yeni pul vahidi AZN milli dövriyyəyə buraxılıb. Son bir neçə il ərzində Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə birinci ölkədir. Son dörd il ərzində iqtisadi artım, yəni ümumdaxili məhsulun artımı baxımından bizdən yuxarı ölkə olmayıb. 2008-ci ilin rəqəmlərinə nəzər salsaq görərik ki, bütövlükdə beş il ərzində Azərbaycan iqtisadiyyatı, Azərbaycanda ümumdaxili məhsul 2,7 dəfə artıb. 2008-ci ilin yekunlarına görə, adambaşına düşən ümumdaxili məhsul təxminən 6 min dollar təşkil edib. Sənaye istehsalı son beş il ərzində 2,7 dəfə artıb. Digər bir fakt dövlət büdcəsinin gəlirləri hissəsində qeydə alınan artımdır. Azərbaycanın dövlət büdcəsi son beş ildə on dəfədən çox artıb. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə icmal büdcə 15 milyard dollara bərabər olub. 2009-cu ilin dövlət büdcəsində daha da böyük artıma nail olunub.

   Azərbaycanın valyuta ehtiyatları ildən-ilə böyük həcmdə artır. 2003-cü ildə ölkənin valyuta ehtiyatı 1,6 milyard dollar idi və 2008-ci ilin oktyabr ayına olan məlumata görə isə, Azərbaycanın ümumi valyuta ehtiyatları 17 milyard dollar təşkil edib. Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulub. Bu da bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77 faizini təşkil edir. Azərbaycan həm xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, həm də ölkəyə böyük həcmdə daxili investisiyalar qoyulur. Təbii ki, bunlar 2008-ci və 2009-cu illərə aid faktlardır".

   H.Məhərrəmova dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutuldu. Onun bildirdiyinə görə, bunlar makroiqtisadi sabitlikiqtisadi artım; məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi; insan kapitalının inkişafı və sosial tərəqqi; institusional siyasət və səmərəli idarəetmə; iştirakmonitorinq istiqamətləridir: "Birinci istiqamət üzrə büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, vergilərin yığım səviyyəsinin artırılması, xarici iqtisadi fəaliyyətdə tarifqeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi, xüsusilə idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin (2011-2012-ci illər) təkmilləşdirilməsi, aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin (2011-2015-ci illər) gəlir vergisindən azad edilməsi nəzərdə tutulurdu. 2011-2015-ci illərdə dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları işinin səmərəliliyinin artırılması, monitorinq sisteminin təkmilləşdirilməsi, elektron satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi, yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulurdu ki, onlar da davamlı şəkildə reallaşdırılır. 2016-cı ilədək müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması planlaşdırılır. Bundan başqa, inflyasiyanın məqbul səviyyədə saxlanması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması, strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsi, tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üzrə də tədbirlər görüləcəyi qeyd edilirdi. Bildiyimiz kimi, bu sahədə də işlərə başlanıb. Azərbaycanın bank sektorunun inkişaf etdirilməsi üçün 2011-2015-ci illərdə bank sisteminin kapitallaşmasının davam etdirilməsi, bank nəzarətinin təkmilləşdirilməsi, bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması, tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi, ipoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi, poçt-əmanət sisteminin, elektron ödəniş sisteminin inkişaf etdirilməsi planlaşdırılırdı".

   Qeyd edək ki, görülən bu işlərin əksəriyyəti ictimai maraqlara uyğun şəkildə yerinə yetirilib və bəzi hissələri də həyata keçirilməkdədir. Azərbaycan dövlətinin yoxsulluqla mübarizə işində son illər böyük nailiyyətlər əldə olunub. Hesab edirik ki, burada dövlət və ictimaiyyətin maraqları üst-üstə düşüb, bundan sonra da düşəcək.

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-12 dekabr.-S.15.