Binəqədi rayonunun soial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər 

 

 

Soyuq bir dekabr günüydü. Külək vıyıldayır, ağaclardakı son yarpaqları tökməyə çalışırdı. Belə bir gündə könüllülərdən ibarət yaranan dəstələrin cəbhəyə getmələri ilə bağlı Binəqədi rayonunda tədbir keçirilirdi. Rayon İcra Hakimiyyətinin keçirdiyi bu tədbirə məni də dəvət etmişdilər. Yaxşı yadımdadır, cəbhəyə yollanan bu gənclərin aralarında ailəliləri də vardı. Onlardan kimisinin həyat yoldaşı körpəsi ilə, kimisi də uşağının əlindən tutub gəlmişdi. Cəbhəyə gedən könüllülərin hər birinə isti paltar, yun corab, əlcək verərək, «qələbə ilə qayıdasınız», dedilər. O, gənclərin hər birinin gözlərində yaşamaq eşqi vardı. Cəbhəyə gedənlər «torpağımızı azad edib, qələbə ilə qayıdacağıq» - dedilər. Sonra könüllülərin övladları əsgər paltarında «Azərbaycan əsgəri» mahnısını oxudular. Zaldakılar mahnının təsirindən göz yaşlarını saxlaya bilmədilər. Könüllü gedən bu insanların çoxusu geri qayıtmadı. Onlar torpaq uğrunda, Vətən yolunda şəhid oldular. Hər dəfə soyuqlu, küləkli dekabr günü gələndə o gənclərin sabaha ümidli, işıqlı gözlərini xatırlayıram. Bax, belə bir gündə yazımı onlarla başladım ki, qoy ruhları şad olsun. Azərbaycan xalqı belə oğulları heç vaxt unutmur. Tarix durduqca onlar yaşayacaqlar.

Qaçqın və məcburi köçkünlərin çoxusu Binəqədi rayonunda məskunlaşmışdılar. Çox təəssüf ki, erməni evlərində yaşayan köçkünlərin çoxusu məhkəmələrin, Mənzil İstismar İdarələrinin dolayı yolla düzəltdikləri sənədlərlə evdən çıxarıldılar. Yurd-yuvalarını itirən bu insanlar bu dəfə son ümidlərini itirdilər. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti «Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılmaması haqqında» imzaladığı sərəncamdan sonra bu hallara son qoyuldu. Bu sərəncama qədər neçə-neçə qaçqın və məcburi köçkünlərin hüquqları tapdalandı. Binəqədi rayonunda yataqxanalarda, pansiyonatlarda, baxçalarda, yarımçıq binalarda daha çox məcburi köçkünlər və qaçqınlar yerləşmişdi. Binəqədi rayonunda sosial-iqtisadi vəziyyət çox ağır idi. 1 nömrəli evtikmə kombinatında işlər dayanmışdı. Neçə - neçə insanlar işsiz qalmışdı. Bu həmin kombinat idi ki, 1990-cı ildə könüllü Xocalıya gəlmiş, orada inşaat işləri aparmışlar. İlk dəfə 2 beşmərtəbəli binanı tikmiş, 3-cüsünü isə yarıya qədər inşa etmişlər. Eyni zamanda onlar Xocalı 1 saylı, 2 saylı məktəbin şagirdlərini «Novruz bayramı» münasibətilə Bakıya dəvət etmiş, onlara mənəvi dayaq olmuşdular. Həmin kombinatın Həmkərlar İttifaqının sədri Hüseyn İbrahimov və digərləri ən çətin, ən ağır günlərdə Ağdama gəlib Xocalıdan olan köçkünləri 1 nömrəli evtikmə kombinatının ponsionatında yerləşdirdilər. İllərlə onların qayğılarına qaldılar. Hüzn günlərində yanlarında oldular. O çovğunlu fevral gecəsindən sonra həmin kombinatın işçiləri köçkünlərə paltar və çörək də gətirmişdilər.

Aradan illər ötdü. O ponsionatda məskunlaşan xocalıların çoxu bu dərdlərə dözməyib dünyalarını dəyişdilər. İlk dəfə mən də Binəqədi rayonunun 1 nömrəli evtikmə kombinatının ponsionatına həmyerlilərimlə birgə gəlib orda məskunlaşmışdım. Amma taleyimə Nizami rayonunda yaşamaq düşdü. Hər zülmət gecənin bir işıqlı gündüzü olurmuş. Mənim toyum da Binəqədi rayonunun «Memar Əcəmi» şadlıq sarayında olmuşdur. Bu rayonun icra hakimiyyəti və məsul vəzifədə çalışanlar toyumda iştirak etmişdilər.

Binəqədi rayonunda bir sıra müəssisələr dayanmışdı. Amma 2011-2013 - illər Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən Binəqədi rayonunda sürətlə inkişaf getmişdi. Abadlıq, quruculuq işlərinin miqyası genişlənmişdi. Tikilən binalar, salınan parklar rayonunun görkəmini xeyli dəyişmişdi. Ölkə iqtisadiyyatına 17,7 milyard dollarlıq investisiya qoyulmuşdu. 2013-cü ildə sosial layihələr həyata keçirilmişdi. Burada elektrik enerjisi, təbii qaz təchizatı, içməli sukanalizasiya sisteminin yaradılması, magistral yollarının çəkilməsinə nail olunmuşdur. Rayonda sahibkarlığın inkişafına da şərait yaradılmışdı. Belə ki, ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektorların dəstəklənməsi rayonun diqqət mərkəzində saxlanılır. Qeyd edim ki ölkəmizdə 260 sənaye, kənd təsərrüfatı xidmət və ticarət müəssisəsi fəaliyyətə başlanmışdı. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. İqtisadi İnkişaf nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 3527 sahibkara 2450 milyon manatda çox güzəştli kredit verilib. Binəqədi rayonunda sənaye sahəsində orta əmək haqqı 500,3 manat olmuşdur. Bu da ötən ildəkindən 5,2 faiz çoxdur. Binəqədi rayonunun iqtisadisosial sahələrinin inkişafı üçün 97786 manat məbləğində investisiya yönəldilmişdi. Onun da 6426 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilir. 2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi ikişafına dair Dövlət Proqramında Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulmuşdu. Bunların 39-u tam icra olunmuş, 22-nin icrası qismən təmin olunmuş, qalanları isə davam etdirilir. Rayonda 99 sənaye müəssisəsi fəaliyyət göstərir. Bunun 3-ü mədən çıxarma, 17-si içkilər və tütün məmulatları, qida məhsulları istehsal müəssisələri, 3-ü toxuculuqtikiş, 6-sı oduncaqların emalı və ağac məmulatlarının istehsalı, 4-ü kimya, 4-ü metallurgiya, 63-ü isə istehsal təyinatlı kiçik müəssisələrdir.

Binəqədi rayonunda qaçqın və məcburi köçkünlər ən çox məskunlaşdığından burada qanunsuz küçə ticarət qaydalarına da rast gəlmək olur. Belə ki, əhalinin ərzaq təhlükəsizliyinin qorunması üçün rayon icra hakimiyyəti GigiyenaEpidemaloğya mərkəzi və aidiyyatı strukturların əməkdaşları mütəmadi reydlər keçirir. Ədliyyə Nazirliyinin reysterindən çıxarışı əsasında 109 inzibati cərimə təyin edilmişdi (9350 manat). Sanitar gigiyena nöqsanlarına görə 60 obyektin fəaliyyəti dayanmışdı. Mən mütəmadi olaraq məcbruri köçkünlərin yaşadığı yataqxanalardan tez-tez yazılar hazırlayırdım. O vaxtlar bu yataqxanalarda yaşayanların vəziyyəti çox ağır idi. İndi Binəqədi qəsəbəsində məskunlaşan 50 köçkün ailəsi yeni inşa olunmuş binalardakı mənzillərə, 2013-cü ildə daha 508 məcburi köçkün ailəsi Qaradağ rayonu Müşvüqabad qəsəbəsində salınmış şəhərciklərə köçürülmüşdü. Xeyli işlər görülmüşdü. Belə ki Sulutəpə qəsəbəsində həkim məntəqəsinin, mini futbol meydançasının 297, 135, 248 saylı məktəblərin təmir-tikinti işləri başa çatdırılmışdır. Sakinlərin müraciətlərini nəzərə alaraq 5 yeni xeyir-şər evi tikilmiş, 1 xeyir-şər evi əsaslı təmir edilmiş, 6 xeyir-şər evi yeni avadanlıqlarla təmir olunmuşbu tip evlərin tikintisi nəzərdə tutulmuşdur. Rayon ərazisində 46873 m 2 yaxın dam örtükləri əsaslı cari təmir edilmişdir. Binəqədi rayonunda 30 QHT, 25 təşkilatın rəhbər şəxsləri əhali arasında mövcud sosial problemlərin həllində aktiv iştirak edirlər. Rayon ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə və 30 məktəbəqədər təlim-tərbiyə mərkəzi fəaliyyət göstərir. Rayonda hər il ənənəvi olaraq 600-dən çox bal toplayan məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən mükafat verilir.

20 il bundan öncəki Binəqədi rayonunun indiki ilə müqayisə edəndə burada xeyli abadlıq-quruculuq işlərinin aparıldığını açıq-aydın görmək olar. Müasir üslubda tikilmiş binalar, salınan yaşıllıqlar rayonun görkəmini dəyişib. Rayonda 73828 kvadrat metr 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar, 6656 ədəd müxtəlif növ ağaclar əkilib. Rayonda fəaliyyət göstərən 18 dövlət və özəl tibb müəssisəsi əhaliyə xidmət göstərir. Rayon ərazisində iri idman-sağlamlıq konpleksləri - «Bakı Tennis Akajemiyası», «Respublika Stend Atıcılıq İdman Konpleksi», «Bakı Futbol Klubunun Təlim-Məşq Bazası» və s. vardır. Aztəminatlı, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, QarabağBöyük Vətən müharibəsi iştirakçıları həmişə diqqət mərkəzində saxlanılır. Belə ki, rayon ərazisində 2768 ailə qaçqın, 805 ailə məcburi köçkündür.

«Ünvanlı Dövlət Sosial Yardımı haqqında» və «Sosial Müavinətlər Haqqında» qanunlara əsasən əlil və imkansız ailələr müavinət alırlar. Binəqədi rayonu ən çox abadlıq işləri, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir. Binəqədi rayonunun Sulutəpə qəsəbəsində neçə-neçə işğal olunmuş rayonlardan - Xocalı, Ağdam, Kəlbəcər və s. olan məcburi köçkünlər özlərinə evlər tikiblər. Həmin yerlərə asfalt döşənilib, elektrik xətləri, qaz, su çəkilib. Xocasən və Biləcəri qəsəbələri ərazisində qəsəbədaxili avtomobil yolları yenidən qurulub. 12 min 200 kv.m qəsəbə daxili yola asfalt döşənib. Gələcəkdə 12 min 800 kv.m yola asfalt örtüyü salınacaq. Rayon ərazisində piyadalar keçmək üçün keçid də istifadəyə veriləcək.

Binəqədi rayonunda məskunlaşan qaçqın və məcburi köçkünlərin həyat şəraiti nə qədər yaxşılaşsa da, onların doğma yurdlarının yerini heç nə əvəz edə bilməz. «Sulətəpə» qəsəbəsində məskunlaşan 85 yaşlı İmmi nənə dünyasını dəyişəndə son dəfə gücünü toplayıb «kaş bircə kərə yurdumu görərdim. Düz evimin yaxınlığından keçən «İlisu çayı»nı keçib, «Çınqıl təpəyə» qalxaydım, ölsəydim, yenə dərdim olmazdı». Deyib. Amma ixtiyar yaşlı nənənin arzusu gözündə qaldı. Onun məzarı Binəqədi rayonunda, ruhu isə doğma yurdunda dolaşır… İllər ötəcək, Qarabağ azad ediləcək, amma məcburi köçkünlərə qucaq açan yaxşı insanlar heç vaxt, heç zaman yaddan çıxmayacaq.

 

 

Səriyyə Müslümqızı

Bizim yol.-2013.-14 dekabr.-S.11.