İlham Əliyev "ASAN xidmət"in müasir Azərbaycanın brendinə çevrildiyini dedi

 

 Azərbaycan Prezidenti "Euronews" telekanalına müsahibəsində "ASAN xidmət" barədə suala belə cavab verib:

   - Bu çox mühüm məsələdir. Bu bizə korrupsiya ilə mübarizə aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu həmişə baş tutmur. Buna görə də "ASAN xidmət" özündə bir neçə funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi, ikincisi, korrupsiya ilə mübarizə, şəffaflıq, kadrların hazırlanması. "ASAN xidmət" sistemində artıq yüzlərlə könüllü çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, "ASAN xidmət" sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər.

   - Mümkünsə, "TASİM" layihəsi barədə də bir neçə kəlmə deyərdiniz. Çünki bu böyük, qlobal layihədir, həm Azərbaycan, həm də region üçün vacibdir.

   - Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata keçirdiyimiz nəqliyyat layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq.

 

 

 

Bakı xəbər.-2013.-4 dekabr.-S.3.