Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Fikirləşdim ki, sakini olduğum rayon haqda yazmaq mənə çox asan olacaq. Çünki müsabiqənin keçirilməsində başlıca məqsəd Nizami rayonunda olan inkişafı və çatışmazlıqları jurnalistlərin dilindən eşitməkdir. Ona görə asan olacağını zənn etdim ki, burada mən həm də bir vətəndaş, ən başlıcası isə sakin mövqeyini ortaya qoymalıyam. Mən Nizami rayonunun ən böyük qəsəbəsi olan Keşlədə yaşayıram.

   Daimi qeydiyyatım da buradır, hətta orta məktəbi də bu qəsəbədə oxumuşam. Nizami rayonunda yerləşən 201 saylı orta məktəbin məzunuyam. Bunları təsadüfən xatırlatmadım. Yəni demək istəyirəm ki, son illər ərzində rayonda və qəsəbədə baş verən yeniliklər mənim gözümün önündə olub. Təbiidir ki, Nizami rayonunda gedən inkişaf heç də hansısa azad iqtisadi zonada olan dəyişikliklər təsirini bağışlamır. Bu inkişaf ölkənin sürətli və dinamik tərəqqisinin bir parçasıdır. Ancaq buna baxmayaraq, rayonun inkişafında rəhbərlərin də böyük rolunun olduğunu danmaq olmaz. Hazırda Nizami rayonuna Tahir Budaqov adlı şəxs rəhbərlik edir. Süzügedən dövlət məmurunu şəxsən tanımıram, ancaq bir neçə ay əvvəl rastlaşdığım konkret situasiya rayonda rəhbərliyin əmin əllərdə olduğunu deməyə əsas verir.

   Bu ilin sentyabr ayının 24-ü idi. Bakıya çox güclü yağış yağırdı. Yaşadığımız məhəllədə indiyə qədər görmədiyimiz bir vəziyyət yaranmışdı. Kanalizasiya və kollektorların yağış sularını çəkməyə gücü çatmırdı. Həyətləri su basmışdı. Gecə saat 2-də hamı küçəyə çıxıb imdad diləməyə adam axtarırdı.

   Sakinlərdən kimsə Nizami Rayon İcra Hakimiyyəti başçısının

   Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə zəng vurmağı məsləhət gördü. Düzü, bu təklif mənə gülməli gəldi və fikirləşdim ki, gecə saat 2-də Qara müəllimin burada nə işi var? Yəqin ki, yatmış olar. Ona zəng edildi. Doğrudan da yatmışdı. Ancaq qəsəbədəki həyətləri su basıb sözünü eşidəndə reaksiyası belə oldu: "uzağı 20 dəqiqəyə oradayam". Qara müəllimdən əvvəl sakinlər başqa əlaqədar qurumlara da zəng vurmuşdu. Məsələn, "Azərsu"nun reaksiyası belə olmuşdu ki, bütün maşınlarımız xidmətə yollanıb, heç nə edə bilmərik. Qəsəbənin icra nümayəndəsi hadisə yerinə gələn kimi, dərhal rayonun bütün əlaqədar strukturları ilə əlaqə saxladı. Yarım saatdan sonra rayonun əlaqədar qurumlarının bütün rəhbərləri hadisə yerində toplaşdı. Düzü, Nizami rayonunun əlaqədar qurumları arasındakı koordinasiyanın bu şəkildə qurulması məni çox təəccübləndirdi. Vəziyyətin get-gedə ciddiləşdiyini görən idarə rəhbərlərinin hərəsi bir tərəfə yollandı. Təxminən bir saatdan sonra onlar "Azərsu"ya məxsus bir neçə maşınla geri döndü. Yaranmış qəzanın fəsadları səhərə kimi aradan qaldırıldı. Ən diqqətçəkən isə Nizami rayonunda çalışan məmurların davranışı oldu.

   Bircə bu fakt mənə Nizami rayonunun idarə olunmasında ciddi nizam- intizamın, qurumlar arasındakı koordinasiyanın möhkəm olduğunu söyləməyə əsas verir. Maraqlıdır ki, həmin hadisədən sonra rayon rəhbərliyi yalnız qəzanın fəsadlarının aradan qaldırılması ilə kifayətlənmədi. Bir aydan sonra Nizami rayon rəhbərliyinin təkidli tələbləri səmərə verdi. Keşlə qəsəbəsinin bütün kanalizasiya sistemi yenidən qurulmağa başladı, qəsəbədaxili ara yolların hamısına asfalt döşəndi.

   Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 kv. km-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir. Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.

   Rayon əhalisinin sayı 191927 nəfər təşkil edir. Əhalinin daimi pasport qeydiyyatı üzrə 23727 nəfəri Keşlə qəsəbəsində, 42203 nəfəri 1 nömrəli, 45285 nəfəri 2 nömrəli, 80712 nəfəri isə 3 nömrəli sahə inzibati ərazi dairələrində yaşayır.

   Nizami rayonu haqqında maraqlı bir statistikaya nəzər salaq:

 Yaranma tarixi -1980-ci il

   Əhalisi 191927 - nəfər

   Əhalinin orta sıxlığı - 8277 nəfər/kv.km

   Ərazisi - 0.02 min. kv.km

   Qəsəbələrin sayı - 1 ədəd

   İri dövlət və şəxsi müəssisələrinin sayı - 54 ədəd

   Əhalinin cinsi xüsusiyyətlərə görə bölgüsü (kişi) - 79296 nəfər; (qadın) - 86249 nəfər

   Əhalinin yaşlara görə bölgüsü (uşaqlar) - 46187 nəfər; (18 yaşa qədər) - 57279 nəfər; (18-dən 55-ə) - 90553 nəfər; (18-dən 60-a) - 96844 nəfər; (pensiyaçılar) - 6389 nəfər;

   Ali təhsilli əhalinin sayı - 26487 nəfər

   Orta təhsilli əhalinin sayı - 47511 nəfər

   Rayonda məskunlaşan qaçqınların sayı - 7988 nəfər

   Rayonda məskunlaşan məcburi köçkünlərin sayı - 12840 nəfər

   Məktəbəqədər uşaq müəssisələrinin sayı - 32 ədəd

   Ümumtəhsil məktəblərinin sayı - 24 ədəd

  Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 4 ədəd

   Ali təhsil müəssisələrinin sayı - 1 ədəd

   Xəstəxanaların sayı - 5 ədəd

   Rayonun son il üçün iqtisadi göstəricilərinə diqqət yetirək.

   Sənaye sahəsi üzrə:

   2013-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən 308,2 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 35,7 faizi qeyri-dövlət sektoruna aiddir.

   Ötən ilin müvafiq dövrünə nisbətən beton, gips və sement məmulatlarının istehsalı 2 dəfə, zeytun yağı istehsalı 44,9 faiz, kakao yağı istehsalı 46,2 faiz, sərinləşdirici içki istehsalı 7,7 faiz, süd məhsullarının istehsalı 2,7 faiz, duz istehsalı 26,7 faiz çox olub.

   Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2013-cü ilin yanvar-sentyabr aylarında istehlakçılara 315 milyon manatlıq məhsul göndərilib. 2013-cü il 1 oktyabr vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 2,4 milyon manatlıq olub.

   Tikinti sahəsi üzrə:

   2013-cü ilin 9 ayında yerinə yetirilən podrat işlərinin həcmi 389,4 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 51,1 faiz artıb.

   Cari ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz çox olub. Əsas kapitala yönəldilmiş investisiyaların 134,8 milyon manatı və ya 95,0 faizi dövlət, 7,1 milyon manatı və ya 5,0 faizi qeyri-dövlət müəssisələrinə aiddir. Adambaşına düşən investisiyaların həcmi 141,9 manat olub.

   Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 91,5 milyon manatı və ya 64,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da, öz növbəsində, keçən ilin müvafiq dövrünə nisbətən 46,2 çox olub.

  Ticarət sahəsi üzrə:

   69 ay ərzində əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlib. Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 13,0 faiz artaraq 1154,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 174,9 milyon manat olub.

   İlin əvvəlindən özəl müəssisələrin fəaliyyət dairəsi daha çox genişlənib və rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallara olan tələbatının ödənilməsində onlar müstəsna rol oynayıb. Pərakəndə ticarət dövriyyəsinin demək olar ki, 100,0 faizi, pullu xidmətlərin 81,8 faizi bu müəssisələr hesabına əldə edilib.

   2013-cü ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 115,7 milyon manatlıq pullu xidmətlər göstərilib. Pullu xidmətlərin 42,9 milyon manatı və ya 37,1 faizi hüquqi şəxslər, 72,8 milyon manatı və ya 62,9 faizi fiziki şəxslərin fəaliyyəti hesabına olub. Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 60,9 faiz artıb, fiziki şəxslər tərəfindən isə 84,4 faiz təşkil edib.

   Rabitə və nəqliyyat sahəsində

   2013-cü ilin yanvar-sentyabr aylarında rabitə sahəsində 79,2 milyon manat dəyərində, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox, nəqliyyat sahəsində 51,7 milyon manat dəyərində, əvvəlki ilin müvafiq dövründən 11,7 faiz çox xidmətlər göstərilib.

   Rayon rəhbərliyi ictimaiyyət, KİV nümayəndələri ilə də sıx əməkdaşlıqda maraqlıdır.

   19 noyabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.

   Konfransı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, kütləvi informasiya vasitələri ilə rayon icra hakimiyyətləri arasında yaranmış əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

   Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək bu kimi konfransların keçirilməsində əsas məqsədin kütləvi informasiya vasitələri ilə icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olduğunu diqqətə çatdıraraq, media rəhbərləri və təmsilçilərini tədbir iştirakçılarına təqdim edib.

   Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən və son dövrdə keçdiyi inkişaf yolundan söz açaraq, respublikada mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlərin görüldüyünü vurğulayıb.

   Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nizami rayonu haqqında kütləvi informasiya vasitələrinə məlumat verərək, son beş ildə rayonun sosial-iqtisadi inkişafından, qaz, su, istilik, elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aparılan abadlıq, quruculuqdan söz açıb. Həmçinin Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq rayon ərazisində xeyli işlər görüldüyünü diqqətə çatdırıb. Bundan əlavə, rayon əhalisini narahat edən mövcud problemlərin aradan qaldırılması məqsədilə yeni hazırlanacaq "Azərbaycan Respublikası regionlarının 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilməsi üçün müvafiq təkliflərin verildiyini bildirib.

   Konfransın sonunda "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində məqsədin Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasından və peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğu diqqətə çatdırılıb.

   Biz də bu müsabiqə kontekstində çalışdıq ki, Nizami rayonundakı real vəziyyəti ictimaiyyətin diqqətinə çatdıraq.

   İnkişaf perspektivləri real vəziyyətdən çox asılıdır. Nizami rayonundakı vəziyyətin bütün sahələr üzrə təhlili vəziyyətin qənaətbəxş olduğunu söyləməyə əsas verir. Gözəl reallıq isə uğurlu perspektivin əsas təminatçısıdır. Arzu edirik ki, rayon daha böyük uğurlara imza atsın.

 

 

 

Məhəmmədəli QƏRİBLİ

Bakı xəbər.-2013.-17 dekabr.-S.12.