«Milli mətbuatımız, istiqlal yolumuz»

 

Mətbuat Şurası bu silsilədən olan filmlərin çəkilişi ilə bağlı layihəsi çərçivəsində toplantı keçirib 

 

Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) «Milli mətbuatımız, istiqlal yolumuz» silsiləsindən filmlərin çəkilişi» layihəsi üzrə ilk toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, layihədən məqsəd xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə silsilə filmlərin çəkilməsidir: «Ümumən 12 ziyalımız barədə filmin çəkilişi nəzərdə tutulur. Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib və Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsini, onların mətbu fəaliyyətinin milli dövlətçilik ənənələrinin tərəqqsinə yönələn tərəflərini qabartmağı nəzərdə tuturuq. Bu günkü toplantımızda isə sizlərin də fikirləri ilə tanış olmaq istərdik. Düşünürəm ki, verəcəyiniz hər bir təklif ümumi işimizə fayda gətirəcək».

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycanın mətbuat tarixininciddi şəkildə təhrif olunduğuna diqqət çəkib. O bildirib ki, mövcud tendensiya ziyalılarımızı mətbuata gətirən məqsədi arxa plana atırdı. Nəticədə görkəmli şəxsiyyətlərimizin müstəqil dövlət amalı unudulurdu.

Milli tariximizin daha çox milli mətbuat tariximizdə əksini tapdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Şuranın həyata keçirməyə başlayacağı layihənin əhəmiyyətini bu baxımdan izah edib. A.Aşırlı eyni zamanda bildirib ki, 31 mart 1918-ci il soyqırımı təkcə dinc insanlara münasibətdə amansız qətllərin törədilməsi ilə deyil, eyni zamanda dövrün nüfuzlu nəşrlərinə qarşı hücumlarla yadda qalmışdı.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, 1920-ci il işğalı müstəqil mətbuatımızı süquta uğratsa da, həmin dövrdə ayrı-ayrı qəzetlərdə çalışmış şəxslər fəaliyyətlərini davam etdirə bildilər. Onların böyük əksəriyyəti 1937-ci il repressiyalarının qurbanı oldular. Baş redaktor müavini məhz bu adamların da yada salınmasının vacibliyini önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın  qaldırdığı təşəbbüsə geniş ictimaiyyətin qoşulmasının zəruriliyini vurğulayıb. «Hesab edirəm ki, milli mətbuat tariximizdə önəmli rola malik şəxslər barədə yeni fikirlərin üzə çıxarılmasına ehtiyac hər zaman olub. Çünki onların irsi ilə bağlı təqdim edilən hər bir detal bütövlükdə istiqlal tariximizin hansısa mərhələsinə aydınlıq gətirmək nöqteyi-nəzərdən önəmlidir».

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2015-ci ildə Azərbaycan milli mətbuatının 140 illiyinin qeyd ediləcəyini xatırladaraq, Mətbuat Şurasının layihəsində irəli sürülən təşəbbüsün əlamətdar hadisəyə layiqli töhfə ola biləcəyini vurğulayıb.

Digər çıxış edənlər də Azərbaycan mətbuat tarixinin bütövlükdə Şərqin tarixində mühüm rol oynadığını önə çəkərək, filmlərdə bu kimi vacib məqamların nəzərə alınmasının vacibliyini vurğulayıblar.

 

 

 

Bizim yol.-2013.-19 dekabr.-S.12.