Jurnalistlərin sosial-iqtisadi qayğılarına dövlət dəstəyi layihələrinin ictimai məzmunu...

 

 Jurnalist ömrü hər zaman qayğılarla, sosial çətinliklərlə yüklü olub. Bu yükü təkbaşına çəkmək, problemlərə sinə gərmək asan məsələ deyil. Jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına dövlətin verdiyi açıq dəstək ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərlə sıx ünsiyyəti göz önündədir.

   Elə bir neçə həftə əvvəl Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının verilməsi jurnalist ictimaiyyətilə ölkə başçısının dostluğunu bir daha təsdiq edən məqamdır. Dövlət başçısı jurnalistlərin həqiqi mənada dostudur və bu dostluqdan jurnalistlərə daha böyük fayda dəyir.

   Axır illər ictimai müzakirəyə səbəb olan məsələlərdən biri mətbuat işçilərinin, jurnalistlərin mənzil problemi idi ki, bu da qismən dövlət tərəfindən həll edilib. Azərbaycan dövləti jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, media orqanlarının maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması üçün bir sıra tədbirlər həyata keçirib. Mediaya dövlət dəstəyi siyasətinin kökündə mediamızın inkişafı, ictimai və dövlət maraqlarına xas şəkildə tərəqqi etməsi dayanır. Dövlətimiz ictimaiyyətlə dövlət arasında böyük bir vasitə olan mediamıza və onun təmsilçilərinə dəstək verməklə onların öz əbədi qayəsinə sadiq qalmasına kömək edir. İctimaiyyətdə çox müsbət qarşılanan və həmkarlarımızın həyatında mühüm səhifə açan bir hadisə var ki, onun haqqında həyəcansız danışmaq mümkün deyil. Bu, jurnalistlər üçün tikilən mənzillərdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2010-cu ildə jurnalistlər üçün binanın tikintisinə başlanıldı. Təbii ki, bu, dövlətin evsiz jurnalistlərə böyük hədiyyəsi olmaqla bərabər, həm də onları yaşadan, onlara stimul verən bir hadisə kimi xarakterizə olunmalıdır. Yaxşı bir söz var ki, yurdun, yuvan, evin varsa, güclüsən, əzmlisən. Dövlətin evsiz jurnalistlərin bir qisminə mənzil verməsi onları yaşamağa, yazıb yaratmağa ruhlandırdı. 22 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılışında iştirak etdi. Milli Mətbuat Günü münasibətilə verilən mənzillərdən əməkdaşlarımıza da pay düşdü. Jurnalistlərin həyatında mühüm rol oynayan bu binanın inşası doğrudan da media tariximizdə parlaq bir səhifədir. Bilirik ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Məlumatlara görə, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunub. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Həyətdə uşaq meydançası quraşdırılıb, müxtəlif attraksionlar qoyulub. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var. Bilirik ki, artıq mənzil alan jurnalistlər, media işçiləri dövlətin hədiyyə etdiyi mənzillərinə köçüblər. Həmkarlarımızın sevincinə şərik oluruq, yurd-yuvaları hər zaman şadlıq içində olsun. Evsiz jurnalistlərin bir qisminin evlə təmin olunması, az da olsa, evsizlik problemini çəkən jurnalistlərin sırasını seyrəltdi.

   Dövlətin KİV-lərlə bağlı siyasəti, xüsusən də jurnalistlərin mənzil təchizatının yaxşılaşdırılması ilə bağlı görülən tədbirləri ictimaiyyət bəyənir. Jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi respublika həyatında çox əlamətdar bir tarixə çevrildi.

   Dövlət başçısı İlham Əliyev mətbuata bundan sonra da böyük dəstək veriləcəyini deyib və sözünə də əməl edib: "...Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki, bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur".

   Dövlətin mediaya verdiyi dəstək ümumən mətbuatı əhatə edir, yəni siyasi mövqeyinə görə heç bir media orqanı kənarda saxlanmır. Xatırladaq ki, bunu dövlət başçısı özü də qeyd edib. Onun sözlərinə görə, jurnalistlər binasında mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar var: "Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrıseçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.

   İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur".

   Dövlət başçısının qeyd etdiyi fikirlər ictimaiyyətdə müsbət qarşılanır. Prezident söz verdiyi kimi ikinci binanın da təməli qoyuldu. Bu da dövlətin mediaya böyük qayğısıdır. Bildiyimiz kimi, Bibiheybət qəsəbəsində yerləşən jurnalistlər binasında mətbuatın bütün sferalarında çalışan media mənsubları mənzillə təmin olunub.

   Dövlətin media mənsublarına verdiyi dəstək unudulmazdır. Azərbaycan dövləti mətbuata hər zaman dost münasibəti bəsləyib. Bizim mediamızın, mətbuat təmsilçilərinin müstəqilləşməsi, azad, sərbəst şəkildə fəaliyyət göstərməsində dövlət daha çox maraqlıdır. Keçən yazılarda da dövlətin mediaya dəstəyi haqda danışdıq. İndi isə digər bir dəstəkdən-jurnalistlərin mənzil probleminin həllindən danışmaq istəyirəm. Jurnalistlər binasının inşası doğrudan yaddaqalan hadisə oldu. Mənzil alanlar sırasında elə jurnalistlər var ki, onların nə zamansa mənzil sahibi olacaqları ağıllarına belə gəlmirdi. Ancaq bu gün onların evləri var. Dövlətin media mənsublarına dəstəyi onların həyatında mühüm hadisə oldu. İyulun 22-də ikinci binanın təməli qoyuldu. Buradan da evsiz olan, hazırda kirayələrdə yaşamaq məcburiyyətində qalan jurnalistlərə pay düşər. Ev jurnalistə, qələm əhlinə stimul verən mühüm bir amildir. Dövlət başçısının ölkədə medianın inkişafı və azad fikrin formalaşmasına verdiyi dəstək jurnalistləri daha sərbəst edəcək.

  Dövlət başçısı jurnalistlər binasının açılışında çox maraqlı fikirlər söyləyib. O bildirib ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir: "Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır. Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır".

   Bilirik ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan etmişdi.

  Qeyd edək ki, bir neçə ay əvvəl Prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilirdi ki, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

   Ekspertlər hesab edir ki, media işçilərinə bəslənən bu qayğı jurnalistikamızın yaxın tarixinə baxdıqda bunun Azərbaycan dövlətinin mətbuata yönəlik ardıcıl siyasətinin məntiqi davamı olduğunu görmək mümkündür.

   Düşünürük ki, jurnalistlərin, media orqanlarında illərlə fəaliyyət göstərən qələm adamlarının sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında dövlət gələcəkdə də böyük işlər görəcək.

 

 

Leyla QARAXANLI

Bakı xəbər.-2013.-27-29 dekabr.-S.15.