İnsan haqlarının qorunması sahəsində dövlət maraqlarının həyata keçirilməsi...

 

İnsanların hər birinin daxilində həyatı, yaşamaq hüququ və gələcəyi barədə arzuları, istəkləri yaşayır. Elə bir insan, vətəndaş tapılmaz ki, o öz hüquq və azadlıqlarının təmin edilməsini istəməsin. Azərbaycan insanı da həyatı boyu bu yolda olub. Müasir müstəqil Azərbaycan dövlətinin ali qanunu və ölkədəki sağlam mühit insan haqlarının yüksək səviyyədə qorunmasına şərait yaradır.

 

   Bu gün ölkəmizin sürətlə inkişaf etməsi yalnız sosial-iqtisadi, mədəni cəhətdən özünü göstərmir, bu eyni zamanda insanların fikir və düşüncələrində də nəzərə çarpır. Azərbaycan vətəndaşı olan insanların haqları, eləcə də təhlükəsizliyi dövlət qanunları ilə qorunur. Hər bir vətəndaşımızın hüquq və azadlıqları dövlət maraqları çərçivəsində müdafiə olunur. Hüquqşünasların dediyinə görə, insanlar öz hüquq və azadlıqlarının dövlət tərəfindən yüksək səviyyədə qorunduğuna əmin olmaqla yanaşı, özləri də Azərbaycanın dövlət maraqlarına xidmət mövqeyindən çıxış etməlidir. Yəni vətəndaşlar dövlət maraqlarına, onun təhlükəsizliyinə uyğun addımlar atmalıdır.

   Sumqayıt şəhərində fəaliyyət göstərən müstəqil Hüquq Məsləhətxanasında çalışan hüquqşünas Şahin İmamverdiyev bizimlə söhbətində bildirdi ki, bəzi üzdəniraq qurumların və vətəndaş adına layiq olmayanların hay-küyünə baxmayaraq, Azərbaycanda insan haqları yüksək səviyyədə, dövlət maraqlarına uyğun qorunur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bu işə xüsusi önəm verildiyini deyən Ş.İmamverdiyev bunun hazırda da uğurla davam etdirildiyini qeyd etdi: "Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra demokratik proseslərin inkişafına xüsusi önəm verilməyə başladı. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi-normativ sənədlərdə öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycanda hər zaman insanların mənəvi yüksəlişi dövləti ciddi maraqlandırıb. Bu özünü daha çox ümummilli liderimiz Heydər Əliyevin dövründə göstərdi. Deyərdim ki, insan hüquq və azadlıqlarının ali qanunumuz vasitəsilə təmin edilməsi Heydər Əliyevin təşəbbüsü sayəsində baş verib. 1993-cü ildə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra o, ali vəzifə kimi insan hüquq və azadlıqlarının qorunmasını qarşıya qoydu. Ulu öndər insan hüquqlarının qorunmasını prioritet vəzifə sayırdı. Eyni zamanda da bu sahədə ciddiprinsipial addım atmaqdan da çəkinmirdi. Onun bu sahədə xidmətləri çox olub. Onlardan biri ölkədə ölüm hökmünün ləğv edilməsilə bağlı atdığı böyük addımdır. Bu addım hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu. Yüzlərlə məhkum ölümün pəncəsindən qoparılaraq məhkumluq müddəti bitdikdən sonra ailəsinə qovuşdu. Heydər Əliyev 1993-cü ildən ölüm hökmü cəzasının üzərində moratorium qoyulmasına, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsinə nail oldu. Ölüm cəzasının ləğv edilməsi həm nüfuzlu beynəlxalq təşkilatların, həm də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapıb. Ölüm hökmünün ləğvi şübhəsiz ki, təşkilatın insan hüquqları və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. Qüdrətli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi dövründə onun başçılığı ilə 1995-ci ilin 12 noyabr tarixində qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğuinsan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çəkilir. Birinci dəfə olaraq həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali qanunumuzun 50-dən çox maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Bu Konstitusiyanı insan hüquqlarının qorunması, qanunların aliliyinin bərpa edilməsi və dövlətçiliyimizin möhkəmlənməsi baxımından Heydər Əliyevin şah əsəri adlandırmaq olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etməsi üçün həyata keçirilən tədbirlər, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün yaradılan sərbəstlik ölkəmizi beynəlxalq aləmə daha da sürətlə inteqrasiya edirdi. Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsilə bağlı çox böyük işlər görülüb. Azərbaycanda insan hüquqlarının qorunması sahəsində Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu tədbirlər sonrakı illərdə də davam etdirilib. Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə dövlət proqramı hazırlanıb. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi göstərilir. Eyni zamanda, burada hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulurdu. Heydər Əliyevin 1998-ci il 22 fevral tarixində "İnsan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. Bu fərmandan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq ulu öndər həmin ilin iyun ayının 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq edib. Heydər Əliyevin bu sahədə çox böyük əməyi, zəhməti danılmazdır. Öz çıxışlarından birində o, bildirirdi: "Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl etsin". Heydər Əliyevin rəhbərliyilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin realqanunauyğun nəticəsi kimi Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə keyfiyyətli dəyişikliklər baş verdi. Azərbaycan dövlətinin maraqları, bu maraqların vətəndaşlar tərəfindən də sayğı hissilə qorunması halı göz önündədir.

   Ş.İmamverdiyevin dediyinə görə, əsası Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik və insan hüquqlarının qorunması ənənələri hazırda da davam etdirilir. Onun bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz fəaliyyətində bu məsələyə ciddi önəm verir: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Son illərdə minlərlə məhkumun azadlığa buraxılması faktı ölkəmizdə əsas hüquq və azadlıqların qorunmasına sübutdur. Bu artıq Avropada nümunə kimi göstərilir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu qısa müddətdə sübut edən İlham Əliyev hətta cinayət əməlinə yol verən insanların da taleyinə laqeyd qalmadığını öz addımları ilə göstərib. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Avropadünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. Cənab İlham Əliyev bu məsələyə münasibət bildirərkən deyib: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk". Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na müvafiq olaraq, BMT-nin "Minilliyin inkişaf məqsədlərin"in təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılıb. Dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə qarşıya çox ciddi vəzifələr qoyub. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə formalaşmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir". Hüquqşünasın bildirdiyinə görə, Azərbaycanın dövlət maraqları insan hüquqlarının qorunması ilə üst-üstə düşür. Azərbaycan Respublikasının insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürdüyünü deyən hüquqşünas hesab edir ki, bu hallar Azərbaycanda nümunəvi səviyyədədir. Azərbaycanda insan hüquq və azadlıqları, insan haqlarının qorunması müvafiq qanunvericilik aktları ilə yanaşı, həm də ölkə başçımızın mənəvi qayğısı ilə qorunur. Bu bir faktdır ki, respublikamızın dövlət maraqları və insan haqlarının qorunması məsələləri bir-birilə sıx bağlıdır, biri digərini tamamlayır.

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-6 fevral.-S.-15.