Azərbaycanda "Gənclər Paytaxtı" layihəsi və ictimai maraqların müdafiəsi...

 

   Aysel Kəlbalıyeva: "Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan gəncliyi "Gənclər Paytaxtı" kimi layihələrlə ictimai maraqlara xidmət ruhunda köklənə bilir"

 

   Gənclik hər bir xalqın, cəmiyyətin, dövlətin gələcəyi sayılır. Sağlam ruhlu, əqidəli gəncliyi olmayan dövlətin, ictimaiyyətin uğurlu gələcəyi şübhə altındadır. Məmnuniyyətlə deyə bilərik ki, Azərbaycan sağlam əqidəli, sağlam düşüncəli gənclərin yaşadığı ölkədir. Gəncliyin hər bir addımı, gördüyü işlər, təhsili, mövqeyi hər zaman ictimaiyyətin diqqət mərkəzində olan bir məsələdir.

   Azərbaycan dövlətinin qəbul etdiyi qanunlarda gənclər siyasəti xüsusi yer tutur. Gənclərimizin gələcəyinin yaxşılaşdırılması, onların ictimaiyyətdə böyük nüfuza malik olması, cəmiyyət və vətən naminə işlər görməsi vacibdir. Onlar göstərilən dövlət qayğısından ilhamlanaraq fəaliyyətini ictimai maraqlara, dövlətçiliyə xidmət müstəvisində qurmalıdır.

   Azərbaycan gəncliyinə bəslənən dövlət qayğısı ildən-ilə artırılır. Burada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də rolu danılmazdır. O bir dövlət qurumu kimi müxtəlif statusa malik gəncləri bir araya gətirib onların təbliğatı, problemlərinin həlli və sairlə məşğul olur.

   Axır illər ölkəmizdə çox maraqlı bir ənənə formalaşıb. Respublikamızın ayrı-ayrı şəhərləri "paytaxt" elan edilir. Onlar ölkənin "mədəniyyət", "folklor", "əfsanələr", "sənətkarlıq", "gənclik" və s. paytaxtı kimi diqqəti cəlb edir. Bu həm bu şəhərlərin təbliğatı, ölkədə və kənar yerlərdə tanıdılmasıdırsa, digər tərəfdən, paytaxt seçilən şəhərlərin inkişafına, onların bir mədəniyyət, sənət mərkəzi olmasına nail olmaqdır. Şəhərlərimiz qədim zamanlardan yalnız öz arxitekturasına, memarlığına görə seçilməyib, həm də buralarda xalq sənətinin müxtəlif sahələri inkişaf edib.

   Bildiyimiz kimi, hər il 2 fevral respublikamızda Gənclər Günü kimi qeyd edilir. Ölkə gənclərinin kütləvi şəkildə keçirdiyi bu rəsmi, eyni zamanda da mənəvi bayram gənclərin həyatında çox müsbət rol oynayır. Bu gün Azərbaycan gəncliyi elə bir fəaliyyət sahəsi yoxdur ki, orada uğurla çalışıb öz sözünü deməsin. Gənclər ictimaiyyətin, cəmiyyətin, dövlətin inkişafında böyük rola malikdir. Son bir neçə ildir ki, gənclərlə bağlı əsaslı, fundamental qərarlar qəbul edilib, müvafiq dövlət proqramı imzalanıb. Bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanan Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi güdür.

   Azərbaycanın "Gənclər Paytaxtı" nədir-sualı gənclər də daxil olmaqla ictimaiyyəti ciddi maraqlandırır. Deyək ki, "Gənclər Paytaxtı" internet səsvermə vasitəsilə əsasən gənclər tərəfindən seçilən Azərbaycanın bir şəhəri, ya da rayonudur. Səsvermə siyahısına əhalisinin sayı 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib.

   2013-cü ildə Azərbaycanın "Gənclər Paytaxtı"nın səsvermə siyahısına əhalisinin sayı 50.000 və ondan yuxarı olan 50 şəhər və rayon daxil edilib. Burada yalnız Bakı şəhəri iştirak etmir. 1 il müddətinə seçilən "Gənclər Paytaxtı" 2 fevral-Gənclər Günündə Gənclər və İdman Nazirliyi tərəfindən rəsmən elan edilib. Qeyd edilən bir il müddətində həmin şəhər, yaxud rayonda gənclərin ictimai, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilir. Bu, gənclərin intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət yetirilir.

   Gənclər və İdman Nazirliyinin gənclərlə şöbəsinin müdiri İndira Hacıyeva yerli mətbuta bildirib ki, Azərbaycanda pioner olacaq bu ideya ilk dəfə 2009-cu ildə Avropa məkanında-Avropanın Gənclər Paytaxtının seçilməsilə reallaşıb. İ.Hacıyevanın sözlərinə görə, Avropada "Gənclər Paytaxtı" 2009-cu ildə Rotterdam (Niderland), 2010-cu ildə Turin (İtaliya), 2011-ci ildə Antverpen (Belçika), 2012-ci ildə Braqa (Portuqaliya), 2013-cü ildə isə Maribor (Sloveniya) və 2014-cü ildə isə Ssaloniki (Yunanıstan) seçilib. İndira Hacıyevanın bildirdiyinə görə, "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədilə həyata keçirilir: "İstər Avropada, istərsə də Azərbaycanda bu layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt olmayan şəhərlərdə gənclərə diqqətin artırılması, həmin yerin gənclər şəhərciyi kimi inkişaf etdirilməsi, orada gənclərlə bağlı yeniliyin olması, onun inkişafına təkan verilməsidir. Məlumdur ki, gənclər çox geniş sahədir. Burada gənclərin ictimai fəallığı var, onların dövlət, ərazinin idarə edilməsində iştirakı, onların təhsili, sağlamlığı, işlə təminatı, gənc ailələrin problemləri də nəzərə alınır".

   Bir neçə ildir ki, Azərbaycanın "Gənclər Paytaxtı" seçilir. Keçən il, yəni 2012-ci ildə bu statusa qədim, eyni zamanda da cavan, gənc ruhlu Gəncə şəhəri layiq görülüb. Bu il isə Biləsuvar rayonu "Gənclər Paytaxtı" kimi seçilib.

   Azərbaycan gəncləri respublikamızda şəhərlərin "Gənclər Paytaxtı" elan edilməsini, seçilməsini yüksək dəyərləndirir. Bu məsələ ictimaiyyətin də diqqətindən kənarda qalmır. Hesab edirlər ki, "Gənclər Paytaxtı" seçilən şəhər və rayonlarda layihə çərçivəsində gənclərdə ictimai maraqların formalaşdırılması sahəsində, eləcə də onlarda ictimai maraqları mənimsəmək vərdişləri yaratmaq baxımından çox böyük işlər görüləcək. Gənclərin özləri də bildirir ki, uzun illər regionların daha çox sosial-iqtisadi inkişafına fikir verilib, gənclərin ictimai məsələlərdə fəaliyyətinə isə diqqət elə də çox olmayıb. Amma son illər bu sahədə görülən işlər bölgə gənclərinin ictimai həyatda oynadığı rolu artırır.

   Gənc hüquqşünas Aysel Kəlbalıyeva bizimlə söhbətində bildirdi ki, gənclərin cəmiyyətdə tutduğu yer, onların fəaliyyət dairəsi, maraq və məqsədləri dövlətimiz və ictimaiyyətimiz üçün maraqlıdır. A.Kəlbalıyevanın sözlərinə görə, keçən il Gəncə şəhərinin, 2013-cü ildə isə Biləsuvar rayonunun "Gənclər Paytaxtı" elan edilməsi diqqət çəkən məqamlardan olub. A.Kəlbalıyevanın fikrincə, bu, bölgə gənclərinin həyatında əsaslı dönüş edə biləcək bir layihədir: "Rayon gəncləri həmişə belə düşünüb ki, xoşbəxt olmaq, cəmiyyətdə, ictimaiyyətdə özünü təsdiqləmək üçün mütləq paytaxta-Bakıya gəlməlidir. Yəni onlar yaşadıqları yerdə öz fəaliyyətlərini geniş, istədikləri şəkildə qura bilmədikləri üçün bunu edir. Gənclər Bakıda ali təhsilini başa vurduqdan sonra rayona gedib orada işləmək istəmirdilər. Amma son illər dövlətimizin və onun müvafiq qurumlarının həyata keçirdiyi çoxsaylı layihələr çərçivəsində gənclərin bölgələrə meyli artıb.Müxtəlif layihələr nəticəsində gənclər rayonlarda özlərini ifadə edə bilir. Gəncə "Gənclər Paytaxtı" seçildiyi il burada gənclərin iştirakı ilə nə qədər tədbirlər həyata keçirildi. Demək olar ki, gənclərin sosial-ictimai həyatda yeni istiqamət tutmasında bu layihənin böyük rolu oldu. Bu bir illik layihənin özünün çox əhatəli tədbirlər planı olur. Bu tədbirlər planında gənclərlə bağlı hər bir məsələyə yer ayrılır. Özəlliklə də yaradıcı gənclərin öz yaradıcılıq potensialını ifadə etməsi və onların ictimai müstəvidə özlərini göstərməsinə yaradılan şərait diqqəti çəkir. Rayonlarda böyük bir yaradıcı, intellektual gənclər ordusu var. O gənclər həm bacarıqlı, həm də vətənpərvərdir. Rayonlarda gənclər sahəsinin inkişafına diqqət yetirilməsi çox müsbət və dəyərləndirilməli olan bir haldır. Daha gənclər özlərini Bakıda yox, öz rayonlarında, bölgələrində təsdiq etməyə çalışacaq".

   A.Kəlbalıyevanın dediyinə görə,"Gənclər Paytaxtı" təcrübəsi bütün ölkəni əhatə etsə, burada çox uğurlu işlərə imza atılacaq. Gənc hüquqşünasın sözlərinə görə, lap bu layihə çərçivəsində bölgə gənclərinə öz hüquq və haqlarının bilməsi üçün, onlara dövlət qanunlarını, Konstitusiyamızı mənimsətmək üçün hüquqşünaslar seminarlar da keçə bilər: "Mən layihənin hansı məsələləri əhatə edəcəyini tam bilmirəm. Məlumatım yoxdur ki, orada bölgə gənclərinin hüquqi cəhətdən maarifləndirilməsinə yer ayrılıbmı? Ayrılsaydı, yaxşı olardı ki, lap biz gənclər gedib orada gənclərin hüquqi maariflənməsi üçün seminarlar təşkil edərdik. Bunun faydası da böyük olardı. Hesab edirəm ki, "Gənclər Paytaxtı" elan edilən Biləsuvarda bu il çox maraqlı tədbirlər keçiriləcək. Gənclərin ictimai fəallığını artırmaq üçün də işlər görüləcək. Təbii, ölkənin sağlam ruhlu, saf əqidəli, məqsədi Azərbaycan dövlətinin maraqlarına xidmət etmək olan, ictimai maraqların təbliğində seçilən gənclər təşkilatları da Biləsuvarda yaddaqalan tədbirlər keçirəcək. Bu tədbirlərdən ölkədə bütün gənclərə pay düşəcək. Növbə ilə Azərbaycanın bütün rayon və şəhərlərinin "Gənclər Paytaxtı" seçiləcəyi qarşıda duran ən diqqətçəkən və lazımlı məsələlərdən biridir. Bu, yenə də deyirəm, gəncləri ruhlandıran, onların ictimai, mədəni fəallığını artıran bir haldır. Yəqin ki, "Gənclər Paytaxtı" elan edilən Biləsuvarda sənətin müxtəlif sahələrilə bağlı müsabiqələr, konsertlər, festivallar, sərgilər də təşkil ediləcək. Bilirsiz, bu cür layihələr bölgələrimizi çox inkişaf etdirir. Bu inkişaf da gənclərimizin fəallığını artırır".

   Aysel Kəlbalıyevanın dediyinə görə, "Gənclər Paytaxtı" və "Mədəniyyət Paytaxtı" layihələri arasında ciddi oxşarlıq var. Hər iki layihənin xalqımızın, bölgələrimizin, gənclərimizin, yaradıcı insanlarımızın təbliğinə həsr edildiyini deyən Aysel hesab edir ki, bu layihələrin yüksək səviyyədə həyata keçirilməsi nəinki regionda, hətta başqa ölkələrdə də nümunə rolunu oynayacaq: "Dünyada belə bir proses gedir-insanların, gənclərin ictimai maraqlardan uzaqlaşması.

   Amma biz bu layihələrlə gəncləri, insanları ictimai maraqlar müstəvisində birləşdirməyə, onların bu maraqların qorunması istiqamətində həmrəy olmasına çalışırıq. Bizdə bu cəhdlər çox uğurlu nəticə verəcək. Hesab edirəm ki, başqa ölkələr də bu sahədə bizdən nümunə götürəcək ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan gəncliyi "Gənclər Paytaxtı" kimi layihələrlə ictimai maraqlara xidmət ruhunda köklənə bilir. Onlar da belə etmək istəyəcək".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-7 fevral.-S.-15.