Azərbaycan regionun ilk kosmik sənaye ölkəsidir

 

    4-5 oktyabr 2012-ci ildə paytaxtımızda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən rusiyalı kosmonavt V.Savinıx jurnalistlərdən soruşdu: "Bu gündə hansı əlamətdar hadisə baş verib?". Biz ona dedik ki, 1957-ci ilin 4 oktyabrında keçmiş SSRİ-də dünyada ilk dəfə Yerin süni peyki buraxılıb. Cavabdan məmnun qalan Savinıx dedi: "Təəssüf ki, dünyanın 70 ölkəsindən Forumda iştirak edən adlı-sanlı adamlar çıxışlarında bu hadisəni yada salmadılar".

   Onu bu sıxıntıdan çıxarmaq üçün dedik: "Azərbaycanda "Azərkosmos" qurumu yaradılıb. Yaxın vaxtlarda milli peykimiz olacaq. Bakıya növbəti gəlişiniz vaxtı hər iki hadisəni yada salarıq". Təəccüblə bizə baxan kosmonavt dedi: "Bu çox çətin və bahalı işdir, öhdəsindən gələ biləcəksiniz?". Əlbəttə, kosmonavtın sözündə bir həqiqət də var idi. Çünki bu işin öhdəsindən yalnız yüksək iqtisadi inkişafa, elmi-texniki potensiala malik dövlət gələ bilər...

 

   İnkişafın növbəti Azərbaycan zirvəsinə aparan yol

 

   Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi artıq müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin də ardıcıl, sistemli və sürətlə inkişafına xüsusi diqqət verən mərhum Prezident Heydər Əliyev 2003-cü il 17 fevral tarixdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" sərəncamını imzaladı. Bu sənəd 10 il müddətində müasir İKT-nin ölkəmizdə tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirdi. Həmin illərdə zəruri hüquqi-normativ baza formalaşdırıldı, maddi-texniki təminat müasir tələblərə uyğunlaşdırıldı, poçt, informasiya təhlükəsizliyi, elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar qəbul edildi. Telekommunikasiya siyasəti planı, İKT-nin inkişafı üçün dövlət proqramı, yeni lisenziya sistemi və digər normativ-hüquqi sənədlər hazırlanaraq qüvvəyə mindi.

   Bu kursu layiqli davam etdirən Prezident İlham Əliyev İKT nailiyyətləri sayəsində respublikanın əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsini hədəflədi. Karbohidrogen faktorundan sonra estafetin İKT-yə keçməsinin vacibliyini bəyan edən cənab Prezident, qısa müddətdə həmin sahə üzrə çox mühüm tədbirlərin həyata keçirilməsini təmin etdi. Artıq bu gün İKT nailiyyətləri məftilli və simsiz telefon sektorunu, TV-radio sistemini, süni peyk, kabel magistrallarını, kompyuter şəbəkələrini vahid bir sistemdə cəmləşdirib. Lakin bu, həm də sistemin əlaqəli, davamlı və etibarlı istismarını tələb edir. Həmin səbəbdən Prezident 2004, 2005-ci illərdə dövlət proqramlarını (Elektron Azərbaycan) təsdiq etdi. Dövlət başçısının 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamı, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramını təsdiq etməsi, 2010-cu ildə "Azərkosmos" ASC-nin təsis edilməsi haqqında" sərəncamı və nəhayət, "2013-cü ili informasiya - komunikasiya ili" elan etməsi inkişafın növbəti Azərbaycan zirvəsini - 8 fevral 2013-cü ili daha da yaxınlaşdırdı.

   Beləliklə, hər birimizin böyük sevinc, iftixar və səbirsizliklə gözlədiyi gün yetişdi. Azərbaycan Respublikasının ilk peyki-üçrəngli Azərbaycan bayraqlı "Azerspace-1" Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı. Peykin orbitə çıxarılmasını şəxsən izləyən Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük...".

 

   "Neft lənəti" və "holland sindromu"nun iflası

 

   Məlumdur ki, hər hansı ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin dövlətin iqtisadi inkişafı və yüksək rifah səviyyəsindən asılıdır. Azərbaycanın bugünkü inkişaf sürəti iqtisadiyyatın şaxələndirilməsini və innovasiyaya əsaslanan yeni sahələrin yaradılmasını zəruri edir. Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti həm ölkəni iqtisadi cəhətdən gücləndirməyi, həm də mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya sahəsində milli təhlükəsizliyin təmin edilməsini hədəflədi. Doğrudur, bu hədəflərin reallaşmasında neft-qaz amili, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi geoiqtisadi əhəmiyyətə malik möhtəşəm layihələrin həyata keçirilməsi mühüm rol oynayıb. Lakin ölkənin bugünkü uğurlarını yalnız karbohidrogen amilinə bağlamaq da doğru deyil. Kosmik peykimizin orbitə çıxarılması da daxil olmaqla ölkəmizin uğurlarını şərtləndirən əsas amillər düşünülmüş xarici və daxili siyasət, siyasi və iqtisadi islahatlar və xalq tərəfindən bu islahatlara dəstək,güclü hakimiyyət, sabitlik və s. dəyərlərdir.

   Bu nüansa toxunan cənab Prezident deyib: "Bizim uğurlarımızı neft amilinə bağlamaq, əlbəttə, səhv və sadəlövhlük olardı. Baxmayaraq ki, 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar... Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavab vermişdik... Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq, görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir... Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti" gözləyir, Azərbaycanda "Holland sindromu" olacaqdır, ölkə birtərəfli şəkildə inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr arxada qaldı..."

 

   Milli peykin orbitə çıxarılması Azərbaycana nə verəcək?

 

   Çəkisi 3250 kq olan, 8 fevral 2013-cü ildə orbitə çıxarılan və 18 fevral 2013-cü ildə orbitdə öz yerini tutan Azərbaycan peykinin əhatə dairəsinə Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq regionları daxildir.Bu isə o deməkdir ki, peykimiz kosmik məkanda dünyanın 50-dən artıq ölkəsini özündə cəmləşdirəcək. Orbitdə istismar müddəti ən azı 15 il davam edəcək ilk telekommunikasiya peykimizin informasiya və rabitə xidmətindən milyonlarla insan istifadə edəcək. Tikintisi, sığortalanması, orbitə çıxarılması və yerüstü infrastrukturun yaradılmasına 230 mln. dollar xərclənən peykimiz 15 il müddətində ölkəmizə ən azı 650 mln. dollar gəlir gətirəcək. İKT sahəsi ölkə iqtisadiyyatında neft-qaz sektorundan sonra ikinci prioritet sahəyə çevriləcək, onun iqtisadiyyatda xüsusi çəkisi yüksələn xətlə inkişaf edəcək. Azərbaycanın Qərb ilə Şərq arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kasişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində onun başqa ölkələrdən asılılığını aradan qaldıracaq və sözün həqiqi mənasında milli təhlükəsizliyimizin təmin edilməsinə yönələcək.

   "Azərspace-1" peyki vasitəsilə Naxçıvan M.R. da daxil olmaqla ölkənin bütün ərazisində keyfiyyətli TV və radio yayımı təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron, səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkələrin zədələndiyi hallarda rabitə problemləri həll ediləcək. Peykin istismara verilməsi ölkədə texniki tərəqqiyə, yeni iş yerlərinin açılmasına təkan verəcək. Bundan sonra internet bağlantısı peyklə olacağı üçün ucqar rayonlarda internet bağlantısı tam təmin olunacaq, yayım xeyli asanlaşacaq və qiymətlər ucuzlaşacaq. Peykin əsas üstünlüklərindən biri də yerli televiziya kanallarının beynəlxalq aləmə problemsiz çıxışının reallaşacağıdır.

   Azərbaycan peykinin texniki imkanlarından ölkəmizdə strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsi, ətraf mühitin monitorinqi və mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, texnogen mənşəli hadisələrin proqnozlaşdırılması və tədqiqi, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və digər mühüm sahələrdə istifadə olunacaq. Geniş xidmət potensialına malik olan peykimiz bu sahədə fəaliyyət göstərən beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək. Bu isə Azərbaycanın inkişaf etmiş ölkələrlə münasibətini gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.

   Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun mətbuatdakı açıqlamasına görə, "230 mln. dollara başa gələn peyk ona yatırılan investisiyanı öz istismarının 7-ci ilində doğruldacaq. Bu gün Azərbaycan TV kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımlanması üçün ildə təxminən 5 mln. dollardan çox xərc çəkilir. Milli peykimizin istismara verilməsi ilə əlaqədar artıq bu vəsait digər sahələrin inkişafına yönəldiləcək. Azərbaycan öz peykini milli kadrlar vasitəsilə idarə edəcək".

   Peykimizin imkanlarının 20 faizi ölkəmizin tələbatını ödəmək üçün istifadə olunacaq. Qalan 80 faiz isə dünya bazarlarına ixrac ediləcək. Orbitə çıxarılan peykimizin uçuşunu bilavasitə Kuru kosmodromundan izləyən "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev mətbuata bildirib ki, artıq bu resursların 43 faizi Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib. ASC-nin sədri həm də deyib ki, "Azerspace-1" peykinin sığortalanması ilə əlaqədar bağlanan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azerspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaq.

   Hazırda kosmosda dünyanın 52 ölkəsinin təxminən 13.000 peyki fəaliyyət göstərir. Regionun ilk kosmik sənaye ölkəsi olan Azərbaycan bu kosmik klubun 53-cü üzvüdür. Peyk texnologiyalarının yaşı isə dünya üzrə cəmi 56-dır. Bu müddət ərzində yalnız inkişaf etmiş, super dövlətlər kosmik sənayedə uğurlar qazanıb. Həmin səbəbdən qurbanlar bahasına müstəqilliyini qazanan Azərbaycan üçün bu uğur çox əhəmiyyətli hadisədir. Bu uğur həm də dinc şəraitdə yox, işğalçı Ermənistanla qarşıdurma şəraitində qazanıldığı üçün dünya praktikasında barmaqla sayılan bir örnəkdir. Artıq bu gün kosmosda müstəqil, azad, demokratik Azərbaycanın üçrəngli bayrağını, gerbini-hər birimizin bir parçasını dünyaya təqdim edən peykimiz var. Bundan hər birimiz qürur hissi duyuruq. Duyuruq ki, dünyanın peyk texnologiyası olan azsaylı ölkələri sırasında BMT TŞ-nin üzvü doğma Azərbaycanımız da var.

 

 

   Vaqif CƏLİLOĞLU,

   T.e.üzrə fəlsəfə doktoru

 

   Bakı Xəbər.-2013.-27 fevral.-S.12.