Yüksək ranqlı dövlət məmurlarının bölgə sakinləri ilə açıq görüşləri-ictimai maraqların tərkib hissəsi kimi...

 

  "... dövlətçilik baxımından belə görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm"

 

  Məhərrəm Zülfüqarlı: "Nazir bölgələrə, rayonlara gedib əhali ilə görüşürsə, onların problemlərini dinləyirsə, bunu müsbət qiymətləndirməmək doğru olmaz"

 

  Dövlətin inkişafında mühüm rol oynayan faktorlardan biri də vəzifəsindən asılı olmayaraq məmurların öz işinə məsuliyyətli yanaşması və ondan irəli gələn tələbləri yerinə yetirməsidir. Məmurlar bu sahədə nə qədər bacarıqlı və məsuliyyətli olsalar, bir o qədər əhalinin rifah halının yaxşılaşmasına və bununla paralel dövlətin möhkəmlənməsinə xidmət etmiş olacaqlar.

   Bu sahədə diqqətçəkən məqamlardan biri də yuxarı ranqlı dövlət məmurlarının bölgələrə səfər edib əhali ilə birbaşa görüşlər keçirməsidir. Belə ki, həmin görüşlər zamanı əhali tərəfindən dövlət rəsmilərinə birbaşa müraciət olunur, onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılır. Ən başlıcası, məmurlar tərəfindən vətəndaşların şikayətləri, arzu və istəkləri yerindəcə öyrənilir və müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, məmurlardan daxili işlər naziri Ramil Usubovun tez-tez bölgələrə səfər edib bu kimi məsələləri diqqət mərkəzində saxlaması deyilənlərə əyani sübutdur. Yüksək səviyyəli məmurların belə səfərlər etməsi yerlərdə kiçik ranqlı vəzifəli şəxslərin öz işinə daha məsuliyyətlə yanaşmasına təkan verir. Bu da ictimai və dövlət maraqlarının qorunması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

   Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən məsələləri Prezident İlham Əliyev hər zaman diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qaldırdığı əsas məsələlərdən biri də dövlət məmurlarının vətəndaşlarla münasibətləri ilə bağlı olub. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir. Vətəndaşlar heç bir halda təhqir edilməməli, incidilməməlidir: "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər. Bütün bu hallar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır".

   Aydın məsələdir ki, sadə vətəndaşlarla ən çox təmasda olan dövlət qurumlarından biri də şəhər və rayon icra hakimiyyətləridir. Bu baxımdan sözügedən qurumların üzərinə daha çox məsuliyyət düşür desək, yanılmarıq. Onlar Prezidentin haqlı tənqidlərindən ciddi nəticə çıxarmağa borcludur. Prezidentin tapşırıq və tövsiyələrini öz gündəlik fəaliyyətində rəhbər tutmalı, vətəndaşların müraciətlərinə məzmun və mahiyyətindən asılı olmayaraq, həssaslıq və diqqətlə yanaşmalıdırlar. Bununla yanaşı, ölkə qanunvericiliyinə uyğun olan bütün müraciətlər öz həllini tapmalıdır. Əhali tərəfindən edilən şikayətlərə vaxtında və obyektiv baxılması, müxtəlif dövlət qurumları əməkdaşları ilə vətəndaşlar arasında münasibətlərin etik normalar çərçivəsində qurulması prioritet olmalıdır. Müşahidələr göstərir ki, yuxarı səviyyəli dövlət məmurlarının bölgələrə səfər etməsi və əhali ilə görüşlər keçirməsi bu sahədə işlərin yoluna qoyulmasına, yəni müsbət istiqamətdə dönüşün yaranmasına təsir edir. Belə ki, dövlət strukturlarında kobudluq, süründürməçilik hallarına, vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməməsi daim diqqət mərkəzindədir. Bu məsələlər sözügedən görüşlərdə mütəmadi olaraq müzakirə olunur, bu tələblərə riayət etməyən vəzifəli şəxslər ciddi şəkildə cəzalandırılır.

   Bir məqamı da qeyd edək ki, bir sıra rayonların icra qurumları vətəndaşlarla işi "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq qurur. Bu əsasnaməyə görə, rayon icra hakimiyyəti vətəndaşlarla işi bir neçə istiqamətdə aparır. Əsas məqsəd vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə təsdiq edilmiş qrafik əsasında həftənin bütün iş günlərində rayon icra hakimiyyətində vətəndaşlar qəbul edilir. Qəbul saatı məhdudlaşdırılmır. Əhalinin məlumatlandırılması üçün qəbul qrafiki vaxtaşırı rayonlarda nəşr olunan yerli qəzetlərdə dərc edilir. Rayonların idarə, müəssisə və təşkilatlarında, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə təsdiq edilmiş qrafik əsasında vətəndaşların qəbulu aparılır. Təsdiq edilmiş qrafik əsasında rayon icra hakimiyyətlərinin başçısı hər həftə bir yaşayış məntəqəsində əhali ilə səyyar görüş-qəbul keçirir. Görüşlərdə rayonun inzibati orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edir. Əvvəlcədən görüş-qəbul haqqında əhali məlumatlandırılır. Görüşlərdə müraciətlər dinlənilir, əhalini narahat edən problemlər öyrənilir və onların həlli ilə bağlı operativ tədbirlər görülür. Yüksək səviyyəli dövlət rəsmilərinin bölgələrə səfəri çərçivəsində irəli sürülən bu və digər təkliflərin həlli ilə bağlı yerlərdə mümkün tədbirlər görülür, həmçinin aidiyyəti orqanlar qarşısında konkret tələblər qoyulur. Bu da ictimai və dövlət maraqlarının qorunması baxımından ən vacib faktorlardan biridir. Görünən odur ki, daxil olan şifahi və yazılı müraciətlər günümüzün reallıqlarını əks etdirdiyindən və hər bir müraciətin arxasında ölkə vətəndaşı durduğundan, bu müraciətlərin həllinə diqqət daha da artırılıb. İlk növbədə vətəndaşlara onların yazılı müraciətinə baxılması barədə qabaqcadan məlumat verilir. Sonra müraciətlər aidiyyəti qurumlar tərəfindən yerindəcə araşdırılır, təhlil olunur, icrasından ötrü tədbirlər müəyyənləşdirilir və icrasına nəzarət olunur. Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara yazılı cavablar göndərilir. Görülən tədbirlər nəticəsində bütün idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbul günləri və saatları barədə lövhələr var. Proseslərin gedişi göstərir ki, bir sıra icra hakimiyyətlərinə telefonla edilən şifahi müraciətlər də diqqətdən kənarda qalmır. Bu müraciətlər uçota alınır, araşdırılır və həlli ilə əlaqədar müvafiq tədbirlər görülür. Elə rayon icra hakimiyyətləri var ki, daxil olan elektron məktublara da diqqətlə baxılır qoyulmuş məsələlər araşdırılaraq qanuna müvafiq həllinə səy göstərilir və müraciət müəlliflərinə əsaslandırılmış cavab verilir. Onu da qeyd etməyə dəyər ki, heç də bütün icra hakimiyyətlərində vətəndaşlarla iş belə səmərəli qurulmayıb. Bir məqamı da qeyd edək ki, dövlət məmurlarının bölgələrdə keçirdiyi görüşlərə gələn vətəndaşlar daha çox aqrar islahatlar zamanı pay torpaqlarının verilməsi proseslərində buraxılmış nöqsanlardan, şəhərdə məhəllədaxili və kəndlərdə ara yollarının uzun illər ərzində təmir olunmamasından şikayət edir. Həmçinin, bəzi yaşayış məntəqələrində içməli su təchizatındakı çətinliklərdən, çətin təbii şəraitə malik ucqar dağ kəndlərində həkim və müəllim kadrlarının çatışmamasından şikayət edirlər. Ümumilikdə yüksək səviyyəli dövlət məmurlarının bölgələrdə geçirdiyi görüşlər zamanı vətəndaşların şikayətləri diqqətlə araşdırılır, şikayəti doğuran səbəblər təhlil edilir və həllindən ötrü operativ tədbirlər görülür. Araşdırılması vaxt tələb edən şikayətlər icraata götürülür və nəzarətdə saxlanılaraq həlli üçün yollar axtarılır. Bir sözlə, belə görüşlərdə vətəndaşların qaldırdığı məsələlərə baxılır, mövcud problemlərin yerindəcə həlli üçün operativ tədbirlər həyata keçirilir. Bunların nəticəsi olaraq əvvəlki illərə nisbətən şikayət xarakterli müraciətlərin sayında azalma hiss olunur. Görünən odur ki, vətəndaşların şikayətlərinin təmin edilməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılır.

   Sözügedən mövzu ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı ictimai maraqların qorunması baxımından bu cür görüşlərin keçirilməsini müsbət qiymətləndirdiyini bildirdi: "Bütün hallarda bu müsbət haldır. Yəni nazir bölgələrə, rayonlara gedib əhali ilə görüşürsə, onların problemlərini dinləyirsə, bunu müsbət qiymətləndirməmək doğru olmaz. Digər tərəfdən, bu, regionlarda yaşayan əhalinin dövlət məmurlarına olan inamını daha da artırır. Burada bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, bəzi rayon icra hakimiyyətləri məmurlarla keçirilən bu kimi görüşlərdə müəyyən yayındırıcı metodlara əl atır. Məsələ ondadır ki, bəzən həqiqi şikayətçilərin məmurlarla görüşü müxtəlif vasitələrlə əngəllənir. Obyektivlikdən uzaq, xüsusi öyrədilmiş adamlar məmurla görüşə gətirilir. Nəticədə əhalinin əsas şikayətçi təbəqəsi kənarda qalır. Hesab edirəm ki, belə hallara qətiyyən yol verilməməlidir. Bu baxımdan insanların yerlərdə öz şikayətlərini birbaşa nazirə deməklə bağlı onlara şərait yaradılmalıdır. Bəzi rayon icra başçıları bu kimi görüşlərdə sovet dönəmindəki formalizm metodlarından istifadə edir. Bunun praktiki olaraq heç bir əhəmiyyəti yoxdur. Bu kontekstdə bir də var ki, təbii olaraq məmurlarla əhali arasında birbaşa ünsiyyət yaradılır. Yəni nazirlə görüşdə insanlar öz problemini deyir və bunun həlli yolları axtarılır. Belə görüşlərdə müsbət nəticələr əldə olunur. Bax, belə görüşlərin keçirilməsinin əhəmiyyəti kifayət qədər böyükdür. Bütün hallarda yüksək səviyyəli məmurların bölgələrə səfəri icra başçılarının fəaliyyətinə müsbət təsir göstərir. İcra başçıları özlərində məsuliyyət hiss edir və qanundan irəli gələn tələblərin yerinə yetirilməsinə daha diqqətlə yanaşırlar. Ona görə də dövlətçilik baxımından belə görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm. Arzu edərdim ki, belə görüşlər tez-tez təşkil olunsun. Əhali də bundan müsbət mənada yararlansın".

 

 

Vidadi ORDAHALLI

 

Bakı Xəbər.-2013.-11 mart.-S.7.