Qədim sənət növlərimizin inkişafında, təbliğatında dövlət siyasəti və ictimai maraqların müdafiəsi

 

   Sazbəndlik...

 

   ... elə bir müqəddəs sənətdir ki, bu yolun yolçuları Tanrı tərəfindən seçilmiş insanlardır. Sazın tarixi qədər də sazbəndliyin tarixi var. Təbii, sazbənd olmasa heç saz da olmaz, aşıq da. Ustad sənətkarlar deyir ki, saz Adəmdən icad olunub. Yəni milli saz alətimiz ilk insan olan Adəm Peyğəmbərin dövründən mövcuddur. Bu da onu göstərir ki, bəzi tədqiqatçıların iddia etdiyi kimi, ilk aşıq-ozanımız Dədə Qorqud olmayıb, ondan da əvvəl bu qayım-qədim sənət mövcud olub.

   Dədə Qorqud sözsüz ki, bizim tarixə bəlli olan böyük bir şəxsiyyətimiz, ozanımızdır. O, ulu ozan sənətinin zirvəsidir. Sazbəndlik elə bir xalq sənətidir ki, onunla hər adam məşğul ola bilməz, bu peşənin sahibi daxilən, mənən çox təmiz və halal adam olmalıdır. Dədə-babalarımız sazı hər zaman müqəddəs bilib, yeri gələndə onu and, inanc ünvanı da sayıb. Sazbəndlik sənətinin tarixinə nəzər salsaq görərik ki, onun yaranma dövrü, inkişaf mərhələləri sistemli şəkildə öyrənilməyib. Bu da ondan irəli gəlir ki, bu sahə ilə məşğul olan ayrıca bir elm bölməsi yoxdur. Alimlər, aşıqşünaslar hər zaman sazdan və aşıqdan yazıb, amma sazbəndlərdən, sazbəndlikdən çox xəsisliklə danışıb. Bəlkə də bu ondan irəli gəlib ki, alimlər sazbəndliyin sirlərinə yiyələnməyə özlərini hazır bilməyib. Bu sənət həndəsə, texnika, musiqi sənəti və s. sıx bağlıdır, başlıcası isə sazbəndin ürəyi olmalıdır ki, onun düzəltdiyi sazlar yaxşı danışa, dillənə bilsin. Bir də ki, saz ovqatı, əhval-ruhiyyəni tənzimləyən bir alətdir. Bir el misalımız var. Bir-birimizin keyf-halını, səhhətini xəbər alanda "keyfin sazdırmı, canın sazdırmı" deyə soruşuruq.

   Sazbəndlik sənəti Azərbaycan Respublikasında, o cümlədən də Azərbaycan türklərinin kompakt yaşadığı yerlərdə geniş yayılan bir xalq sənəti növüdür. Cənubi Azərbaycanda, Borçalıda, Göyçədə, eləcə də respublikamızın müxtəlif rayon və şəhərlərində tanınan sazbəndlər olub, bu günvar. Sazbəndlik sənətinə könül verən insanlar bu sənəti yalnız pul qazanmaq, gəlir əldə etmək naminə etmir, eyni zamanda, xalqımızın ulu sənətini yaşadır və bu işindən də böyük zövq alır. Sazbəndlərlə ünsiyyətdə olanlar bilir ki, sazbəndlər öz əllərinin əməyindən, ürəklərinin sevgisindən yaranan bu sənət əsərlərini hədiyyə də etməyi bacarır. Azərbaycanın paytaxtında və bölgələrində yaşayan sazbəndlərin fəaliyyəti xalqımızın tələbatını ödəmək gücündədir. Xalqımızın böyük sevgisini qazanan onlarla sazbənd bu qədim sənəti yaşadıb gələcək nəsillərə ötürməkdə maraqlıdır. Özüki, bu sənət də ənənəviliyə söykənir. Bir çox sazbəndlərin yaradıcılıq səhifələrini vərəqləsək görərik ki, onun babası, dədəsi də sazbənd olub, özübu sənəti davam etdirir.

   Sazbəndlik sənəti sovet dövründə daha çox inkişaf etdiyi üçün bu illərdə çoxlu sayda sazbəndlər yetişib. Etiraf edək ki, aşıq sənətinin qızıl dövrü olan XX əsr sazbəndlik tariximizə çox böyük simalar bəxş edib. Bu şəxsiyyətlər ana sazımıza nəfəs verib, onu yaşadıb.

   İyirminci yüzillikdə sazbəndlik sənətinin keşiyində duran insanlar həm də sazımızın ermənilər tərəfindən mənimsənilməsinə böyük maneə törədib. Gizlin deyil ki, bədnam qonşularımız sazımıza da iddialıdır, sazbəndlik sənətimizə də. Sazbəndlik sənətinin kökünün türk mədəniyyətinə bağlı olması, onların bu sənətə yamaq kimi görünməsi hər zaman sazbəndlərimiz tərəfindən ermənilərə bəyan edilib. Vaxtilə Azərbaycanda yaşayanbunun da nəticəsində bizim bir çox xalq sənəti növlərini mənimsəməyə çalışan ermənilər əslində heç nəyə nail ola bilməyib. Sazbəndlik ata-babalarımızın miras qoyduğu bir qədim sənət kimi həm Azərbaycan ictimaiyyəti, həm də dövləti tərəfindən dəstəklənir.

   Azərbaycanda bir neçə sazbənd olub ki, onların şöhrəti illər ötsə də, öz qiymətini saxlamaqdadır. XX əsr sazbəndlik tarixində tovuzlu usta Xudunun bu sənətə verdiyi töhfələr əvəzsizdir. Yüzlərlə saza nəfəs verən, yüzlərlə ürəyi sevindirən sazbənd Xudunun sənəti hər zaman aşıqlar tərəfindən yüksək qiymətləndirilib. Uzun illər sazbəndlik sənətinin keşiyində duran sənətkar hazırda haqq dünyasında olsa da, onun ocaqı başında övladları dayanır. Sazbəndin oğlanlarının və nəvəsinin sazbənd olduğu məlumdur. Sazbənd Xudunun oğlu Fərman müəllimin sözlərinə görə, atasının bu ülvi və incə sənətlə məşğul olması heç bir təsadüflə bağlı deyil. O, sazbəndliyin atasına yuxuda vergi verildiyini deyir. Onun bildirdiyinə görə, sazbənd Xudu gənc vaxtlarında bir yuxu görür, həmin yuxuda ona ağsaqqal bir kişi sazbəndlik öyrədib. Usta Xudu isə bundan sonra sazbəndliyə başlayıb. Bu sazbəndin düzəltdiyi sazların şöhrəti nəinki Azərbaycanı, hətta dünya ölkələrini gəzib. Neçə-neçə ustad aşığın sinəsində dinən sazın yaradıcısı usta Xudu olub. Xududan yadigar qalan sazlar hələ də yaşayır, indən sonra neçə illər də yaşayacaq.

   Azərbaycan aşıq sənəti YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildikdən sonra sazbəndlərə də önəm verilməyə başladı. Müstəqilliyimizin ilk illərində güclü laqeydliklə üzləşən sazbəndlərimiz bu gün çox normal şəkildə işləyə, fəaliyyət göstərə bilir. Artıq Azərbaycan Aşıqlar Birliyi də aşıq sənətinə olduğu kimi, sazbəndliyə də qayğı göstərir. Bu çox təqdirəlayiq haldır. Sazbəndlik sənəti qədim və milli bir sənət növü kimi inkişaf etməkdədir. Bir müddət əvvəl Aşıqlar Birliyi tərəfindən tanınan jurnalist-tədqiqatçı, bu Birliyin məsul katibi Musa Nəbioğlunun müəllifliyilə "Sazımız-sazbəndimiz" ensiklopedik kitabı ictimaiyyətə təqdim edildi. Aşıqlar Birliyinin tərtib etdiyi "Sazımız - sazbəndimiz" kitabını Azərbaycanın tanınmış sazbəndləri barədə nəşr edilən ilk toplu, aşıq sənətinin pərəstişkarlarına dəyərli töhfə kimi səciyyələndirmək olar. Qeyd edək ki, bu kitabı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə rəhbərliyinin və təmsil etdiyi qurumun xalqımızın milli-mənəvi dəyərləri sistemində aşıq sənətinə verdiyi böyük töhfə adlandırıb.

   Məsələ burasındadır ki, bu kitabda Azərbaycanda və respublikamızdan kənarda fəaliyyət göstərən sazbəndlərin həyat və yaradıcılığı öz əksini tapıb. Bir var ki, klassik mədəniyyətimizin mötəbər bir qolu olub, bu gün də xalqımızın mənəvi aləmini zənginləşdirən aşıq sənətinin yaşadılması, inkişaf etdirilməsi üçün ilk növbədə onun keçmişinin dərindən öyrənilməsi, estetik dəyərlərinin təbliğ olunması vacibdir.

   Professor Məhərrəm Qasımlı bizimlə söhbətində bildirdi ki, tarixən aşıq sənətinin yaranması və inkişafı milli sazbəndliklə sıx bağlıdır. M.Qasımlı tay-bu tay Azərbaycan sazbəndlik sənətinin örnəkləri və yaşadılması ilə bağlı mülahizələrini də bizimlə bölüşdü: "Sazbəndliyin tarixi çox qədimdir. Bizə əziz və doğma olan bu sənət xalqımızın minillər boyu yaşadıb günümüzə ötürdüyü bir sənətdir. Sazbəndlərin aşıq sənətinə verdiyi töhfə əvəzedilməzdir. Bu gün Azərbaycanın hər iki tayında tanınan sazbəndlərimiz var. Onlar aşıqlara saz düzəldir, bununla da aşıq sənətinə dəyər verir. Bakıda yaşayan sazbəndlərimizin fəaliyyəti haqda vaxtaşırı yazılar yazılır, verilişlər hazırlanır. Şəhərimizdə çoxlu sazbənd emalatxanası var".

   Bir məqamı da xatırladaq ki, Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub iki-üç il əvvəl mətbuata açıqlamasında gələcəkdə Birliyin özünün nəzdində sazbənd emalatxanalarının fəaliyyət göstərməsinin planlaşdırıldığını deyirdi. Əlbəttə, bu reallaşsa, sazbəndlərin ürəyindən olan bir olardı.

   Bakıda "Neftçilər" metro stansiyasının yaxınlığında fəaliyyət göstərən Ticarət Mərkəzində kiçik bir sazbənd emalatxanası da var. Burada aşıq-sazbənd Kövrək Murad ana sazımıza nəfəs verir. Sazbənd Kövrək Muradın sözlərinə görə, sazbəndlik sənətilə gənc yaşlarından məşğul olur. O bu sənətə ustadı aşıq Hüseyn Saraclının xeyir-duası ilə başladığını deyir: "Uzun illərdir sazbəndliklə məşğulam. Əvvəlcə Borçalıda yaşayırdım və fəaliyyətimi də burada davam etdirirdim. Sonra Bakıya köçdüm. Burada saza böyük tələbat var. Özünü sazbənd adlandıran çoxdur, amma öz sənətinin ustası olanlar çox azdır. Bu da ondan irəli gəlir ki, bu işlə məşğul olanların bir çoxu bu sahəni özbaşına öyrənib, yəni ustad yanında bu peşəni mənimsəməyib. Amma usta yanında durub sazbəndlik öyrənənlər də az deyil. Sazbəndlik sənəti 500-1000 ilin sənəti deyil, minilliklərin sənətidir. Azərbaycanda ustad sazbəndlər həmişə olub, yenə də var. Allah usta Xuduya rəhmət eləsin. O bizim sazbəndlik sənətimizi o dövrdə çox böyük qayğı ilə yaşadıb. O əsl sazbənd idi. Başqa ustalar da var. Amma XX əsrdə Xudunun tayı-bərabəri olmayıb. Mən özüm də işlədiyim müddətdə sazbəndlik sənətini kamil öyrənməyə çalışmışam, hətta bir neçə şəyirdim də var. Qardaşım İmdad, həmkəndlim Bafəli Adıgözəlov və başqalarına sazbəndliyin sirlərini öyrətmişəm. Onlar da bu sənətlə məşğul olur. Saz sənətinə maraq çox böyükdür. Mənim sazlarımın müştərisi həm bu tay Azərbaycandan, həm də o biri tay Azərbaycandan olan insanlardır. Bundan başqa, Türkiyə, Rusiya, Almaniya, Amerika kimi ölkələrə də sazım gedib çıxıb. Cənubi Azərbaycan aşıqlarına bir neçə saz bağışlamışam. Sazı təkcə aşıqlara satmıram, sadə vətəndaşlar da saz alıb aparır. Hətta elə adam var ki, saz çala bilmir, amma evində milli alətin olmasını istəyir. Bu gün saza çox böyük diqqət göstərilir. Dövlətin də, ictimaiyyətin də, camaatın da saza sevgisi-sayğısı böyükdür. Mən bu sənətə qayğı ilə yanaşan hər kəsə minnətdarlıq edirəm. Bu gün adamları sazbəndlərimizə hörmət edir. Şəxsən mənə "Borçalı ocağı" Ticarət Mərkəzinin rəhbəri təmənnasız olaraq burada bir otaq verib, mən ondan emalatxana kimi istifadə edirəm. Bu bir sənətkar üçün az deyil. Bildiyim qədər başqa sazbəndlərə də belə şərait yaradanlar var. Bunlar hamısı dövlətin aşıq sənətinə, sazbəndliyə verdiyi böyük qiymətlə əlaqədardır. Sağ olsun dövlətimiz ki, bizim sənətimizə dəyər verir".

    Qədim sənət növlərimizin inkişafında, təbliğatında dövlət siyasəti və ictimai maraqların müdafiəsi sahəsində görülən işlər el sənətkarlarını razı salır. Onlar hesab edir ki, xalq sənətinin inkişafı daha yüksəkliklərə dövlət qayğısı ilə qalxa bilər.

 

 

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-18 mart.-S.12.