Dini mərasimlərin təhlükəsizliyinə dövlət təminatı ictimai mənafelər kontekstində...

 

 Azərbaycan dövlətinin dini mərasimlərin keçirilməsinə geniş şərait yaratdığı bəllidir. Bu özünü qanunvericilik sənədlərində, həm də dövlətin həyata keçirdiyi dini siyasət müstəvisində göstərir. Azərbaycan dövləti çox ədalətli və məqsədyönlü şəkildə dini siyasət aparır. Çoxmillətli və çoxdinli Azərbaycan dövləti bütün dini icmalara öz dinlərinə uyğun mərasimlər, rituallar keçirməsinə imkan verir.

   Ölkəmizdə nə milli, nə irqi, nə də dini ayrı-seçkilik halları mövcud olub, əksinə, burada bütün dinlərin nümayəndələri qardaşcasına yaşayıb.

   Azərbaycanda dini tərkib etibarilə İslam dininə tapınan vətəndaşlarımızın sayı daha çoxdur, ancaq onlar heç bir vəchlə bu üstünlüyü büruzə vermir. Azərbaycan dövlətinin din siyasəti ictimai maraqlarla tam olaraq uzlaşır.

   Respublikamızda həm müsəlmanların, həm xristianların, həm də yəhudilərin dini mərasimləri çox yüksək səviyyədə qeyd edilir. Təbii ki, dövlətlə yanaşı, ictimaiyyət də bu cür mərasimləri dəstəkləyir. Hətta belə hallar da olur ki, müsəlmanlar, xristianlar, yəhdilər qarşılıqlı olaraq bir-birinin dini mərasimlərinə qatılır. Bu, kütləvi xarakter almasa da, ancaq bəzən bunun şahidi oluruq.

   Müsəlmanların ən geniş şəkildə qeyd etdiyi dini mərasimlər çoxdur. Onlardan biri də hər il ənənəvi olaraq keçirilən aşura dini mərasimidir. Məhərrəm ayının 10-cu günündə geniş şəkildə qeyd edilən aşura İslam tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xatırlanır.

   Məlumdur ki, aşura Məhərrəm ayının 10-cu günü, matəm günü, İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının, haqq-ədalət mübarizlərinin qeyri-bərabər döyüşdə qətlə yetirildiyi gündür. Qeyd edək ki, aşura uzun əsrlərdir ki, keçirilir və hər dəfə də böyük qələbəliklə müşayiət olunur.

   Noyabrın 14-də Azərbaycan Respublikası ərasizində aşura mərasimləri qeyd edilib. Bu barədə ətraflı danışmazdan öncə onu bildirək ki, aşura xalqımızın dini inanclar sistemində özünə möhkəm yer tutur. Elə bunun nəticəsidir ki, el arasında aşura ilə bağlı bir sıra inanclar formalaşıb. Məsələn, belə deyirlər ki, aşura günü sürmə çəkmək, qüsl etmək, xına yaxmaq, böyükləri, alimləri, xəstələri ziyarət etmək, yetimlərə baş çəkmək, ixlas surəsini oxumaq, bu günü ayrı bir gün olaraq qeyd etmək İslam dinində olmayan bir davranışdır...

   Bilirik ki, Azərbaycanda aşura mərasiminin keçirilməsi üçün Azərbaycan dövləti bütün lazımi tədbirlərin görülməsini öz üzərinə götürüb. Azərbaycanda aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, hər il olduğu kimi, bu dəfə də əhalinin asayişinin təmin edilməsinə yönəldi.

   Aşura günündən əvvəlki günlər Daxili İşlər Nazirliyindən mətbuata bildirirdilər ki, ölkədə aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş rejimində çalışacaq, ictimai asayiş lazımi şəkildə təmin ediləcək.

   Azərbaycanın bütün məscidlərində və ziyarətgahlarda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq: "Müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

        Dinşünas hacı Taryel Əliyev bizimlə söhbətində bildirdi ki, hər il dövlət səviyyəsində dini mərasimlərin keçirilməsinə şərait yaradılır. Ekspert hesab edir ki, dini mərasimlər kütləvi yığıncaqlar olduğu üçün burada təhlükəsizliyin qorunması ən vacib məsələdir.

   Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da bildirib ki, təhlükəsizlik baxımından aşura mərasimləri ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

   Deyildiyi kimi, noyabrın 14-ü, saat 07-00-dan başlayaraq, mərasimin keçirildiyi "Təzəpir", "Hacı Soltanəli", "Bibiheybət", "İçərişəhər", "Əjdərbəy Cümə" məscidlərinə, o cümlədən Qaraçuxur, Keşlə qəsəbələrində yerləşən məscidlərə, habelə Mir Mövsüm Ağa ziyarətgahına və digər məscid və ziyarətgahlara gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu halı yaxından izləyən Taryel Əliyevin sözlərinə görə, bu, mərasim iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyıb.

   Dinşünasın bildirdiyinə görə, ölkənin bir çox yerlərində, bölgələrində aşura mərasiminin keçirilməsilə əlaqədar yüksək səviyyədə tədbirlər görülüb: "Azərbaycanda bütün ənənəvi dinlərin mərasimləri çox yüksək səviyyədə qeyd edilir. Dövlət səviyyəsində bu dini mərasimlərin geniş səviyyədə qeyd edilməsinə şərait var. Bu sahədə, demək olar ki, heç bir ayrı-seçkilik halı mövcud deyil. Hər bir dini mənsubiyyəti olan toplum öz mərasimlərini istədikləri səviyyədə, qaydalar çərçivəsində keçirir. Bilirsiz ki, noyabrın 14-də də ölkəmizdə aşura mərasimi qeyd edildi. Deyim ki, aşura hazırlığına bir neçə gün əvvəldən başlanıb. Azərbaycanın bir çox yerlərində aşuranın keçirilməsi üçün hazırlıq işləri görülüb.

   Ölkənin ən iri ziyarətgahlarından olan Gəncənin "İmamzadə" dini kompleksində aşura mərasiminə hazırlıq aparılıb. Hər il olduğu kimi, bu il də "İmamzadə" dini kompleksində İmam Hüseynin şəhadətinin növbəti ildönümü ilə bağlı anım mərasimi keçirilib. Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun məlumatına görə, mərasimə bütün hazırlıq işləri Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. O bildirib ki, insanların rahat ziyarəti üçün bütün lazımi işlər nəzərdə tutuldu: "Bununla yanaşı, şəhərin məscidlərində də aşura mərasiminin keçirilməsi üçün lazımi şərait yaradılıb. Aşura mərasimi İmam Hüseynin adına layiq şəkildə keçirildi. Belə ki, ziyarətə gələnlərin qarşısında qurşağa qədər soyunmaqqan çıxarmaq, mərasimə ləkə gətirən əməllərdən çəkinmək vacibdir. İmam yolunda qan vermək istəyənlər üçün Gəncənin İmamzadə dini kompleksində, hər il olduğu kimi, bu il də lazımi şərait yaradıldı. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hemofiliyatalassemiya xəstələri üçün qanvermə aksiyaları İmamzadə ziyarətgahında da keçirildi".

   Ekspert bildirdi ki, ölkədə geniş səviyyədə qeyd edilən aşura mərasimində bir sıra nadanlıq, cəhalət elementi olan hallara, ənənələrə yol verilməyib. Məlumdur ki, bəziləri aşura mərasimində bədənlərinə zəncirlə döyməyi, başlarını yarıb qan çıxarmağı, özünə əzab verməyi adət halına salmışdı, ancaq son illər buna imkan verilmir. Dinşünas haqlı olaraq qeyd etdi ki, aşura günü insanlar ehtiyacı olanlara əl tutmalı, yardım etməlidir: "Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alındığı üçün hər il qanvermə aksiyaları baş tutur".

   Bəllidir ki, həmin qanvermə aksiyalarının keçirildiyi yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçərişəhər "Cümə" məscididir. İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur: "İçərişəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edir və artıq "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb".

   Hacı Surxay həmçinin qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmurbu işlər yalnız insanlara xeyir gətirən istiqamətə yönəldilməlidir: "Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək İslam aləmində çox dəyərlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunub, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunub. Biz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri dəstəkləyirik və "Cümə" məscidində bu aksiya artıq 8-ci dəfə təşkil olunub".

   Hacı Surxayın sözlərinə görə, məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri yükəsk səviyyədə aparılıb.

   İctimaiyyətə yaxşı məlumdur ki, hər il olduğu kimi, aşura günündə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məscidlərdə Elmi-Tədqiqat HemotologiyaTransfuziologiya İnstitutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılır və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulub. Bilgilərə görə, yalnız keçən ilin aşura mərasimi zamanı qanvermə aksiyasında yüzlərlə insan iştirak edib. Bu da dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçikolsa töhfəsi sayılır.

   Məlumat üçün bildiririk ki, Səbail rayonunda "Cümə" məscidi ilə yanaşı, rayonun ən iri dini mərkəzi sayılan "Bibiheybət" məscidində də könüllü qanvermə aksiyası keçirilib.

   Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayı ilə əlaqədar qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. Qanvermə aksiyası da həmin siyahı üzrə aparıldı. Belə ki, qanvermə aksiyası Bakıda "Təzəpir", "Hacı Soltanəli", "Hacı Əjdərbəy", "BibiHeybət", İçərişəhər "Cümə", Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm Ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olundu.

   Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər "Cümə" məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər "Heydər" məscidi, Şəki "Cümə" məscidi, Lənkəran "Böyük bazar" məscidi və Bərdə "Cümə" məscidində keçirildi.

   Azərbaycanda İslam dininin dəyərlərindən olan aşuranın, eləcə də digər dini mərasimlərin ölkə miqyasında geniş səviyyədə qeyd edilməsi din və dövlət arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Dini mərasimlərin təşkili və keçirilməsi, ictimaiyyətin maraqlarının tam təmin edilməsi üçün dövlət əməli işlər görür. Hesab edirik ki, indən sonra da ölkəmizdə dini mərasimlərin geniş səviyyədə qeyd edilməsi üçün dövlətimiz dəstəyini əsirgəməyəcək.

 

   Ardı var...

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 15-17 noyabr.- S.15.