Xalq sənətinin bölgələrdə inkişafına dövlət qayğısı milli məsələdir

 

 Əlbəttə, insanı Allah yaradıb. O,yaratdığı insanların hərəsinə bir cür istedad, bacarıq verib ki, onlar da yer üzündə gözəlliklər yarada bilsinlər. Azərbaycan xalqı dünyanın istedadlı, bacarıqlı, fəhmli xalqlarından biri olaraq sənət sahəsində çox böyük xarüqələr yarada bilib. Azərbaycan xalqı yaradıcı xalq kimi tarixdə öz sözünü deyib, deməkdə də davam edəcək.

   Xalqımızın elə qədim yaradıcılıq nümunələri, sənət növləri var ki, onların dünyada analoqu yoxdur. Bu sənət növləri o qədər rəngarəngdir ki, orada xalqımızın bütün ruhu, əhval-ruhiyyəsi, mənəviyyatı, məişət mədəniyyəti əksini tapıb. Xalqımızın dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb.

   Sənətşünas Adilə Qarayevanın sözlərinə görə, Azərbaycan bəşər sivilizasiyasının ilk ünvanlarından biri kimi çox böyük bir mədəni-mənəvi irsə malikdir: "Bütün dünya onun bu möhtəşəmliyinə heyran kəsilib. Azərbaycan xalqının qədim mədəniyyəti özünün müxtəlif inkişaf mərhələlərini keçərək yüksək səviyyəyə gəlib çatıb. Qədim sənət növlərimiz xalqımızın ruhunun daşıyıcısı kimi bu gün də dünənki kimi yaşayır, yayılır. Miskərlik, dulusçuluq, ağac oyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, toxuma, hörmə, sazbəndlik və başqa sənət növləri hazırda öz inkişaf səviyyəsinə görə xeyli irəlidədir. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk illərdə bu sənət növləri özünün tənəzzül dövrünü yaşayırdı. Xalq tətbiqi sənət növlərinə münasibət elə də isti deyildi. Azərbaycan xalqının bu böyük sərvətinə bəslənən biganəlik nəticəsində xalçalarımız, qədim kilim, cecim, zili, xurcun məmulatları, dulusçuluq, ipəkçilik, miskərlik və sair nümunələrimiz qanunsuz olaraq ölkədən kənara daşınırdı. Respublikamızın diyarşünaslıq muzeylərindən yüzlərlə nümunə xaricə daşınaraq kolleksiyalara mal edilirdi. Bunun mənəviyyatımıza böyük zərər vurduğu həm ictimaiyyəti, həm də sənətkarları, sənətşünasları ciddi narahat edirdi. Nəhayət, Azərbaycan dövlətinin apardığı, həyata keçirdiyi məqsədyönlü mədəniyyət siyasəti sayəsində həmin sahədə problemlər tezliklə həll edildi. Bu gün dövlətimizin ictimai maraqlarla üst-üstə düşən mədəniyyət siyasəti nəticəsində xalq sənəti növlərimizin inkişafı, təbliği, eyni zamanda da qorunması istiqamətində böyük tədbirlər görülüb, görülməkdə də davam edir".

   Ekspert dedi ki, Bakı da daxil olmaqla, Azərbaycanın sənətkarlıq mərkəzləri yenidən diqqət mərkəzinə gətirilib. Bunun birbaşa dövlətin əməyi sayəsində baş verdiyini deyən ekspert bildirdi ki, Şəkidə ipəkçilik, milli mətbəx, İsmayıllıda miskərlik, başqa bir rayonda dulusçuluq, Tovuzda, Gəncədə, Qazaxda sazbəndlik, digər bir bölgəmizdə dəmirçilik, papaqçılıq inkişaf etdirilir. Bundan başqa, sənət növlərimiz də bu inkişafdan kənarda qalmır: "Bu gün Azərbaycanın xalq sənətkarları eyni zamanda Bakıda fəaliyyət göstərir. Hazırda şəhərimizdə sazbənd emalatxanaları, zurna-balaban və digər nəfəs alətləri ustalarının sexləri, xalça sexləri, dulusçu, miskər və s. məkanları öz işini davam etdirir. Papaqçı dükanları da Bakının bir neçə yerində papaq həvəskarlarının ziyarət yerinə çevrilib. Vaxtaşırı olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyirayon icra hakimiyyətləri birləşərək Azərbaycan xalq sənəti sahələrinin inkişaf və təbliğ etdirilməsi məqsədilə sərgilər təşkil edir. Bir müddət əvvəl İsmayıllı rayonunda xalçaçılıq, dulusçuluq, miskərlik, ağac üzərində oyma sənətinin nümunələri və İsmayıllının sosial-iqtisadi inkişafını və turizm infrastrukturunun vəziyyətini əks etdirən geniş tədbir-sərgi keçirilib. Bu ənənə başqa rayonun timsalında da özünü göstərir. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın mədəni irsinin qorunması və səmərəli idarə edilməsilə bağlıdır. Konsepsiyada o da bildirilir ki, Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği,milli bayram və mərasimlərin qorunub saxlanması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativminiatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, YUNESKO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcək".

 

   Sənətşünas Səkinə Baharlı isə bizimlə söhbətində bildirdi ki, Azərbaycanda dövlət səviyyəsində xalq sənəti növlərinin qorunması və təbliğatı sahəsində əvəzsiz işlər görülür. Sənətşünasın sözlərinə görə, Azərbaycan xalqı yaradıcı xalq olduğu üçün qədim dövrlərdən başlayaraq təbiətin onlara bəxş etdiyi xammaldan səmərəli şəkildə istifadə edib. Bu xammaldan öz həyatı, məişəti, mədəniyyəti üçün əhəmiyyətli olan məmulatlar hazırlayan sənətkarlarımızın sənəti həm ictimaiyyət, həm də dövlət tərəfindən dəstəklənir: "Çeşidli sənətkarlıq nümunələrini sənətkarlarımız xammaldan istifadə etməklə hazırlayırdılar. Beləliklə, bu ərazilər Qafqazdakı qədim sivilizasiya mərkəzlərindən biri kimi tanınmağa başladı. Burada üzərində unikal naxışlar həkk olunan miskərlik məmulatları istehsal olunurdu. Tarixi araşdırmalar sübut etdi ki, bu ərazilərə xarakterik olan naxışlar nəsildən-nəsilə ötürülüb, onlardan bir çoxu isə heç bir dəyişikliyə məruz qalmayıb. Üzəri naxışlarla bəzədilən miskərlik məmulatlarına tarixi 15-ci əsrə gedib çıxan, Bakıda yerləşən Şirvanşahlar Sarayında da rast gəlinir. Belə ki, azərbaycanlı sənətkarlar həmin dövrlərdə misin əridilməsi ilə məşğul olub ki, bu da onlara 80 növ məhsulun istehsalına imkan yaradıb. Qədim tarixə məxsus toxuculuq sənəti, həmçinin, ipəkçilik və rəngkarlıq da yaddan çıxmayıb. Azərbaycanda toxuculuq sənətinin tarixi qədimdir. Tanınmış italyan səyyahı Marko Polo da Azərbaycanda istehsal olunan ipək məhsullarının gözəlliyini vurğulayıb. Belə ki, toxuculuq sənətində istifadə olunan materiallar yerli məhsullar olubbu məhsullardan bəzisi Azərbaycanın digər şəhərləri ilə yanaşı, Şuşada istehsal edilib. Azərbaycan xalqının milli geyimləri xalqın tarixi ilə sıx şəkildə bağlı olub, xalqın milli xüsusiyyətlərini özündə əks etdirib. Qeyd etmək lazımdır ki, Azərbaycanda milli geyim ölkənin ayrı-ayrı rayonlarının tarixi və sənətkarlıq xüsusiyyətləri ilə də bağlı olub. Şuşa da Azərbaycanda ipək materialların xammal ilə təmin edilməsi üzrə ən mühüm mərkəzlərdən biri olub, burada qeyri-adi gözəlliyə malik zərif, dəqiq və gözəl işləməli parçalar istehsal olunub. Bu təkcə Şuşada deyil, digər mədəniyyət mərkəzi olan şəhərlərimizdə də həyata keçirilib. Geyim sənayesinin inkişafından əvvəl bizdə qədim sənətkarlıq sahələri inkişaf etdirilib. Onlar tarixin yadigarları kimi günü bu gün də yaşayır".

   S.Baharlının sözlərinə görə, Azərbaycan mədəniyyətinə şərəf gətirən qədim sənət növlərimizin geniş yayıldığı bölgələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın tez-tez ziyarət etdikləri məkanlar kimi xarakterizə olunur. Hətta ölkəmizə gələn ali qonaqlar da bu məkanlara baş çəkməkdə maraqlıdır: "Prezident və xanımı xalq sənətinin vətəni olan yurdlarımıza daim sayğı bəsləyir. Qəbələ, İsmayıllı, Şəki, Gəncə, Gədəbəy, Lənkəran və başqa rayonlarda sənətkarlıq öz qədim ənənələrini qoruyaraq saxlaya bilib. Prezidentimiz bir çox hallarda sənətkarlıq ocaqlarını tək ziyarət etmir. Ölkəmizə gələn ali qonaqları da bu ziyarətə dəvət edir. Müstəqillik əldə etdikdən sonra tarixi abidələrimizə və qədim sənət növlərinə verilən önəm bu sahədə də çoxlu sayda sənətkar yetişməsinə şərait yaradıb. Bura qonaq gedən rəsmilərə hər zaman üzərində maraqlı rəsmlər həkk olunmuş daş nümunələri hədiyyə olunur. Azərbaycan üçün qədim olan sənət növlərindən biri də şəbəkəçilikdir və mübaliğəsiz demək olar ki, bu sahədə ən mahir ustalar Şəkidə yetişib. Ölkəmizin monumental abidələrindən olan Şəki Xan Sarayında daha geniş istifadə olunmuş şəbəkə elementləri bunu deməyə əsas verir. Bilirik ki, şəbəkə üslubundan bu gün də Şəkinin tikinti atributlarından biri kimi geniş istifadə olunur. Burada miskərlik, papaqçılıq, ağac üzərində oyma sənətinin nümunələri də sərgilənir. Sərgilərdə nümayiş olunan müxtəlif əşyalar, alətlər Azərbaycanın qədim tarixindən və mədəniyyətindən soraq verməsi ilə böyük maraq doğurub. Bu az deyil. Sənin xalqının sahib olduğu böyük sənət çeşidləri böyük şəxsiyyətlərin marağını özünə cəlb edir".

   Sənətşünasın bildirdiyinə görə, dövlət qayğısı ilə əhatə olunan qədim sənət növlərinin yalnız yerli bazara deyil, Azərbaycan məhsulu kimi xarici bazarlara çıxarılmasına da zərurət yaranıb: "Azərbaycanın daxilində xalq sənəti növləri geniş səviyyədə inkişaf edib. Amma sənətkarlarımız xarici bazarlara çıxmaqda çətinlik çəkir. Hesab edirəm ki, bu sahədə tədbirlər görülməlidir. Bu sənət növləri Bakıda-İçərişəhərdə, Fəvvarələr meydanında, eyni zamanda, şəhərimizin əntiq mallar dükanlarında satılır. Bunu daha çox yerli sakinlər və turistlər alır. Yaxşı olardı ki, xarici ölkələrdə dövlət nəzarətilə bu məhsulların satışı həyata keçirilsin. Bunun sənətkarlar üçün çox böyük faydası olar". Azərbaycanda dövlət səviyyəsində xalq sənəti növlərinin müdafiəsinə geniş yer ayrılır. Hesab edirik ki, məmləkətimiz qədim sənət növlərinin inkişaf etdiyi bir məkan kimi dünyanın diqqətini daha da cəlb edəcək.

 

   Ardı var...

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-11-13 oktyabr.-S.15.