Azərbaycan dövlətinin maraqlarına dəstək aksiyaları gənclik üçün vətənpərvərlik mənbəyidir

 

 Tarix bizə çox şey öyrədib, onun səhifələrindən çox ibrət dərsləri götürmüşük. Tarix həm gənclərin fəxr qürur mənbəyi rolunu oynayır. Babalarımızın uğrunda vuruşub, sərhədlərini çəkib bizim üçün Vətən etdiyi bu torpağın hər daşını, hər qayasını, ağacını, onun təbiətini, tükənməz sərvətini göz bəbəyimiz kimi qorumalıyıq. Dədəmiz Qorqud yaxşı deyib ki, torpağı qorumaq azdır, onu əkib-becərmək, barından-bəhrəsindən götürmək lazımdır, qoruya bilmədiyin torpağı isə əkib becərməyə dəyməz.

Böyük bir həyat dərsi hesab edirik bunu. Xalqımızın gəncləri zaman-zaman ulu dədələrimizin torpaq sevgisi vəsiyyətinə əməl etməyə çalışıblar. Azərbaycan torpağı xalqımızın əzəməti, qeyrəti, təəssübkeşliyi sayəsində hər zaman müdafiə olunub, hər qarışı əziz bilinib. Azərbaycanın qeyrətli oğulları, ziyalıları, əli silah tutan ər igidləri bu haqsızlıqlara qarşı daim müxtəlif üsullarla mübarizə aparıb.

Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövlətinin inkişafında, onun dünyada müsbət imicinin meydana gəlməsində qəhrəman gənclərin əməyi az olmayıb. Tarixçi xanım deyir ki, insan qəhrəmanlığa, qəhrəman adına elə gəncliyində nail olur. Azərbaycan gəncləri bütün dövrlərdə məmləkətimizi yadelli işğalçılardan qoruyub: "Yadelli işğala qarşı mübarizə bütün dövrlərdə olub olacaq. Hələ Ərəb Xilafətinin ən güclü olduğu, dünyaya meydan oxuduğu bir vaxtda onlar ən güclü müqavimətlə məhz Azərbaycanda qarşılaşıb. Babək kimi sərkərdəmizin qeyrəti, şücaəti hətta ərəblərin özünü heyrətə gətirib. Heç təsadüfi deyil ki, ərəb tarixi mənbələrində Babəkin qəhrəmanlığı barədə istənilən qədər məlumat mövcuddur. Bu qəhrəmanımızın mübarizəsini əsas gətirərək hesab etmək olar ki, Babək Xürrəmi Azərbaycanın  müasir gəncliyi üçün örnək ola biləcək bir tarixi qəhrəmandır. Onun mübarizəsi ən böyük vətənpərvərlik nümunəsidir".

Tarixçinin sözlərinə görə, hazırda bizim qəhrəman yetişdirməyə, güclü orduya sahib olmağa böyük ehtiyacımız var. Onun dediyinə görə, çünki biz bölünməyə, işğala məruz qalmış bir Vətənin övladlarıyıq: " Bunun üçün gənclərimizi qəhrəman ruhda tərbiyə etməyi bacarmalıyıq. Tarix boyu millətimizin yetişdirdiyi qəhrəman oğulların sayını sadalamaqla bunu bir yazının miqyasına sığışdırmaq mümkünsüzdür. Biz doğulduğumuz yurdu, onun florasını, faunasını, insanlarını - hər bir şeyini sevməliyik. Bu hisclərlə yaşayan insana vətənpərvər deyilir.

Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan ibarətdir. Bu bağlılıq həm də mənsub olduğu millətin etik, mədəni, siyasitarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyatmilli qürur kimi hallanır. Burada Vətənin xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə aiddir. Bu hissin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir". Ekspert qeyd etdi ki, gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır: "Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsidir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçünbirinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır, öz dövlətini sevməlidir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid faktorlardır".

Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyini deyən tarixçi bildirdi ki, son vaxtlar Azərbaycan dövləti gənclərə yönəlik məqsədyönlü siyasət aparır. Onun dediyinə görə, bu siyasətin əsas hədəflərindən biri də gənclərimizin dövlətçilik ənənələrinə möhkəm bağlılığına nail olunmasını təmin etməkdir":Yeni qazandığımız müstəqilliyimizin o qədər də uzaq tarixinin olmamasına baxmayaraq, bu sahədə əhəmiyyətli irəliləyiş hiss olunmaqdadır. Yəni müstəqil Azərbaycanda göz açan vətəndaşın artıq 20-dən çox yaşı var. Bu, gəncliyin ən gözəl dövrü hesab olunur. Dövlətin imicinin qorunması ilə bağlı müasir Azərbaycan gəncliyinin nə qədər fədakar olduğunu aydın hiss edirik. Çox sevindirici haldır ki, belə məsələlərdə müxtəlif siyasi düşərgələri təmsil edən gənclər vahid mövqedən çıxış edə bilir. Son vaxtlar dövlət imicinin müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyalarında bu aydın görünür. Bildiyimiz kimi, bir neçə il əvvəl Xocalı soyqırımının 20 illiyi ilə bağlı İstanbulun "Taksim" meydanında möhtəşəm yürüş oldu. Həmin aksiyaya qatılan çoxsaylı Azərbaycan gəncləri siyasi mənsubiyyətindən asılı olmayaraq birgə yürüş etdi, ümumi dövlətçiliyimizin xeyrinə olan şüarlar səsləndirdi. Sonra Fransa Senatının "soyqırım"la bağlı qəbul etdiyi qondarma qanuna edilən etirazlarla əlaqədar Azərbaycan gəncliyinin həmin ölkənin səfirliyi önündə keçirdiyi aksiyalarda da bu coşqunu müşahidə etdik. Bir sözlə, dövlətimizin dünya arenasında olan imicinin qorunmasına yönəlmiş aksiyalarda, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan gəncliyi olmazın fəallıq göstərir".

Bu müsbət halın digər gənclərin milli şüuruna, vətənpərvərlik hisslərinə hansı  təsiri olur?

Bu mövzu ətrafında fikirlərini "Bakı-Xəbər"lə bölüşən gənc hüquqşünas Aysel Kəlbalıyeva bildirdi ki, ümumi dövlət maraqlarında, dövlətin imicinə aid məsələlərdə Azərbaycan gəncliyi bir olmalıdır və bu məsələdə heç bir siyasi mövqe rol oynamamalıdır. Onun sözlərinə görə, hər kəs Azərbaycan gəncliyinin dövlət maraqlarına aid məsələlərdə göstərdiyi həmrəylikdən razı qalmalıdır: "Azərbaycan biz gənclərin dövlətidir. Biz gənclər Azərbaycan dövlətilə bağlı bütün məsələlərdə həmrəy olmağı bacarırıq. Bizim gənc fəallar, ictimai-siyasi çəkisi olan gənclər dəfələrlə Qərb diplomatları ilə keçirdikləri görüşlərdə də qeyd ediblər ki, Azərbaycan gəncliyi dövlətimizin maraqlarından çıxış edib, onun müsbət imicinin formalaşmasında az əmək çəkməyib. Xaricdə təhsil alan və işləyən gənclər bu istiqamətdə əllərindən gələni edirlər ki, dövlətimizin haqq-ədalət işi haqda çoxları məlumatlı olsun. Bütün gənclər taleyüklü məsələlərdə həmrəylik göstərməlidir ki, Azərbaycanın imicinə hər hansı ləkə gəlməsin. Burada olan hansısa neqativ hal Azərbaycan dövlətinin adına ləkə ola bilər. Mən bir gənc olaraq deyirəm ki, Azərbaycan dövlətində istənilən idman yarışları, istənilən toplantılar keçirilə bilər. Yəni biz istənilən müsabiqəni, yarışı öz ölkəmizdə keçirməyə qadirikbuna tam gücümüz çatır. İnanıram ki, Azərbaycan gəncliyinin dövlətə verdiyi dəstək nəticəsində bütün xoşməramlı tədbirlər ölkəmizdə keçiriləcək. Burada beynəlxalq muğam, beynəlxalq ozan-aşıq müsabiqəsi və festivalları, eləcə də Qəbələ Beynəlxalq Musiqi Festivalı və başqa yüksək səviyyəli tədbirlər keçirilib. Qara qüvvələr bilməlidir ki, bundan sonra Azərbaycana olan istənilən təhdidlə bağlı qarşılarında milli hisslərə bağlı, vətənpərvər Azərbaycan gəncliyini görəcəklər. Azərbaycan gəncliyi belə məsələlərdə siyasi mənsubiyyət məsələsini bir qırağa qoyub dövlətimizin imicini düşünməlidir. Belə həmrəylik nümayişinin gələcək Azərbaycan gənclərinin də dövləti maraqlara bağlılığına böyük yardımı olacaq".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-2 aprel.-S.12.