Asudə vaxtın təşkili üzrə dövlət tədbirləri və gəncliyin formalaşması...

 

 Dövlət gəncliyin tərbiyəsinə, onun əxlaqlı, vətənpərvər, milli şüura bağlı yetişməsinə böyük maraq göstərir. Söz yox ki, görülən bütün tədbirlərdən gənclər faydalanır. Ölkədə gənclərin sağlam ruhda inkişafı üçün yaradılan şərait onların gələcək yaşamına bir stimul verir. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra sənədlər, dövlət proqramları qəbul edilib.

Onlardan biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramıdır. Bilirik ki, gənclərin dinamik fəaliyyətinin təmin edilməsi üçün böyük tədbirlər görülür. Deyərdik ki, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi sözügedən Dövlət Proqramında geniş əksini  tapıb.

Sosioloq Təranə Musalı hesab edir ki, bu proqram bir daha ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsi kimi özünü göstərir. Onun dediyinə görə, gənclər bu proqramın hər bəndində öz maraqlarının təmin olunduğunu görə bilir: "Azərbaycan gəncliyinin bir müddət diqqətdən kənar qaldığını hər kəs bilir. Bilirsiz ki, Sovetlər birliyi dağıldıqdan sonra uzun müddət keçid dövrünü yaşamağa məhkum olunduq. Bu illərdə gənclərin tərbiyə məsələsində, eləcə də onların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində ciddi nöqsanlar oldu. Təəssüflər olsun ki, bu profildə olan müəssisələrin çoxunun fəaliyyəti formal xarakter daşıdı, bəzi təşkilatlar qapadıldı. İdman kompleksləri, yaradıcılıq dərnəklərinin işində sönüklük əmələ gəldi. Bu da gənclərin vətənpərvərlik tərbiyəsində müəyyən boşluqlar yaratdı. Gizlin deyil ki, bu da bir qrup gəncin mənfi təmayüllərə, pis vərdişlərə meyl etməsinə səbəb oldu. Biz çox şey itirdik bu qısa zaman ərzində. Ancaq şükürlər olsun ki, bu prosesin qarşısı dövlət səviyyəsində alındı. Bu gün gənclərin asudə vaxının səmərəli şəkildə təşkili sahəsində ciddi dönüş yaranıb və bu onların inkişafına hesablanan tədbirlərdir.   Bəllidir ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Məsələ ondadır ki, 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 385 min manat ayrılmışdısa, yeni proqrama görə 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu da əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bunun gənclərin milli mənlik şüurunun dərkində və vətənpərvərlik hisslərinin güclənməsində əhəmiyyəti böyükdür. Ümumən dövlətin gənclər siyasəti daha da gücləndirilib və gənclər proqramının təsdiqlənməsi də gənclərə dövlət qayğısının artdığını göstərir. Digər vacib məqam gənclər siyasətinin həyata keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlıdır. Belə ki, sözügedən proqram çərçivəsində Bakıda Gənclər Mərkəzinin və 10-dan artıq rayonda gənclər evlərinin tikintisi həyata keçirilib və yeni tikintilər də nəzərdə tutulur. Təsadüfi deyil ki, görülən bu işlər çərçivəsində artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. 2012-ci ildən  başlayaraq, ölkənin bir rayon və ya şəhəri "Gənclər paytaxtı" elan edilir. Deyim ki, bu il Quba "Gənclər paytaxtı" statusu qazandı. Onu da deyim ki, hansısa bir rayonun, şəhərin "Gənclər paytaxtı" seçilməsi üçün  gənclərin istəkləri nəzərə alınmaqla, müsabiqə, səsvermə keçirilir, paytaxtda gənclərlə bağlı tədbirlər inkişaf etdirilir.  Həmin rayon gəncləri iş sahəsində təcrübə əldə edir. Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir".

T.Musalı bildirdi ki, Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir və sözügedən siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq: "Məsələ ondadır ki, son dövrlər dövlət gənclərə sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. İqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə  yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Göstərilən bu cür dəstəklə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması da dövləti ciddi düşündürən bir məsələdir. Bəllidir ki, gənclərin asudə vaxtı çox olur. Bu vaxtdan səmərəli istifadə edilməməsi müxtəlif mənfi fəsadlara gətirib çıxara bilər. Bəzən asudə vaxtın çoxluğu gənclərin zərərli vərdişlərə qurşanmasına səbəb olur".

Ekspert dedi ki, son vaxtlar gənclərlə bağlı yürüdülən siyasət çərçivəsində bölgələrdə inşa edilən olimpiya idman kompleksləri məhz bu məqsədlər üçündür. Onun dediyinə görə, yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir. O bildirdi ki, bədənin sağlamlığını qorumaq üçün isə insan bu prosesə gənc yaşlarından start verməlidir: "Ölkə əhalisinin sayında gənclərin xüsusi çəkisini nəzərə alsaq, fərdi təşəbbüslərin gənclərin ümumi sağlamlığındakı roluna təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin fərdi idmanla məşğul olması bəyəniləndir, ancaq bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm də gənclərin mənən formalaşmasına xidmət edir. Milli gəncliyimizin həm sağlam böyüməsi, həm də mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir. Bu sahəyə dövlət qayğısının nə dərəcədə olduğunu araşdırdıqda məlum olur ki, Azərbaycan dövləti gənclərin fiziki inkişafına nail olmaqla onların mənəvi formalaşması ilə bağlı mühüm dövlət tədbirləri həyata keçirir. Məlumdur ki, bütün bu tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkil olunması proqramı əsasında baş tutur. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı dövlət, onlara yaradılan idman şəraiti ilə yanaşı, digər tədbirlərin  həyata keçirilməsinə xüsusi dəstək verir".

Onun sözlərinə görə, gənclərin yay tətillərini səmərəli keçirməsi üçün yaradılan "Yay Məktəbləri" layihəsi çərçivəsində gənclər həm gözəl istirahət edir, həm də onların digər gənclərlə sağlam ünsiyyəti yaranır. Ekspert hesab edir ki, dövlət tərəfindən gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin və gənclərə verilən dəstəyin onların milli şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsiri var: "Asudə vaxtın səmərəli keçirilməsi baxımından "Gənclər ev"nin inşa edilməsi haqqında Prezident Sərəncamını da bu istiqamətdə olan əlamətdar hadisələrdən saymaq olar. Bu, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, gənclərlə işin yeni müstəvidə qurulmasına, onların ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinə və yeni inkişafın əsas qüvvəsinə çevrilməsinə imkan verəcək. Ötən ilin aprelində Prezident gənclərlə görüşündə bu istiqamətdə fəaliyyətin gücləndirilməsini və gənclərə dövlət qayğısının artırılmasını əsas vəzifə kimi qeyd edib.

Gənclərin asudə vaxtının səmərəli təşkilinin onların həyatında oynadığı müsbət rolla bağlı fikirlərini bizimlə bölüşən idman müəllimi Qurban Əliyevin fikrincə, gələcək nəslin sağlam yetişməsi, onların milli şüura bağlı vətənpərvər olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Onun qeyd etdiyinə görə, gənclər təşkilatlarının həyata keçirdiyi layihələr əsasən bu istiqamətdə olur.

Gənclər təkkilatlarından birinin rəhbəri Nəsimi Zeynalovun fikrincə də təşkilatlar böyük iş görür. O, əməkdaşımızla söhbət zamanı deyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsəd və məramı yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir: "Hesab edirəm ki, asudə vaxtın vətənpərvərliklə əlaqəsini təhlil etdikdə ortaya bir amil çıxır. O da idmandır. Çünki ruhən sağlam olmayan gəncin vətənpərvərliyi də zəif olacaq. Deyilən müsbət nəticəni əldə etmək üçün biz gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmalıyıq. Bizim təşkilata belə layihələrin həyata keçirilməsində dövlət tərəfindən böyük dəstək olur. Bu məsələdə Gənclər və İdman Nazirliyinin adını xüsusilə vurğulamaq istərdim. Bəzi idman federasiyaları ilə də əməkdaşlıq edirik. Qeyd etməliyəm ki, hər şey maddiyyata bağlı olanda bəzən müxtəlif problemlər ortaya çıxa bilir. Məsələn, hansısa gənc ağıllıdır və asudə vaxtını səmərəli keçirmək istəyir. Ola bilər ki, onun maddi imkanı hansısa zala aylıq pul ödəməyə çatmasın. Bütün bunları nəzərə alaraq biz yeniyetmələr üçün "Pəhləvan" idman klubunda pulsuz məşğələlər keçiririk. Təşkilatımızın əsas şüarı gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasından ibarətdir. Dərindən araşdırdıqda məlum olur ki, çox insanlar həyatını məhz bu amilə görə qurban verir. Gənclik insanın ən həssas dövrüdür. Yəni həmin periodda insanın təməli necə qoyuldusa, elə də gedəcək. Bütün zərərli vərdişlərə olan meyl isə boş vaxtın çoxluğundan irəli gəlir".

O bildirib ki, asudə vaxt baxımından hərbi xidmətə qədər gənclərin idmana cəlb olunmasının və onların əsgərlərlə görüşməsinin yeniyetmələrin milli şüuruna və vətənpərvərlik hisslərinə çox müsbət təsiri olur. "Çalışırıq ki, asudə vaxtın təşkili çərçivəsində apardığımız təbliğat, gördüyümüz işlər gənclərin Vətənə bağlılığına, onların milli şüurunun inkişafına yönəlsin. Son vaxtlar gənclərin daha çox şou-biznesə meylləndiyini görürük. Bu da bizi ciddi narahat edir. Çünki müharibə şəraitində olan ölkədə çalışıb Vətəninə bağlı olan, igid döyüşçülər yetişdirməliyik" - deyə təşkilat rəhbəri bildirib.

 

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-4-6 aprel.-S.15.