Təhsildə yeni layihələr gəncliyin vətənpərvərlik tərbiyəsi...

 

 Mükəmməl təhsil hər bir gəncin həyatında mühüm rol oynayan, onun gələcəyini təmin edən bir vasitədir. Təhsilsiz gəncliyin sabaha inamla addımlamaq imkanları da məhduddur. Son illər respublikada bir sıra sahələrdə ciddi, köklü islahatlar həyata keçirilir. Təbii ki, bu dəyişiklik təhsil sahəsini əhatə edir. Axır bir ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hazırlanıb həyata keçirilməsi böyük uğurlardan biri kimi diqqəti cəlb edir.

Strategiyanın şərtlərindən aydın olur ki, qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas istiqamətləri, hədəfləri təhsildə məzmun keyfiyyətə nail olmağa hesablanıb. Əlbəttə, reallaşdırılan hər bir sağlam layihə gənclərin təhsilə bağlanmasına aparan bir yoldur.

Təhsil eksperti Mənzər Ataxanovanın sözlərinə görə, təhsil sahəsində həyata keçirilən islahatlar bu çərçivədə reallaşdırılan yeni-yeni layihələr hər keçən gün sözügedən sahədə görülən davamlı işlərdən xəbər verir":Görünən odur ki, müasir inkişafla ayaqlaşmağı hədəf seçən bu kimi layihələr bir sıra yenilikləri özündə ehtiva edir. Son zamanlar Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsinə start verilən bir sıra yeni layihələr bunu deməyə əsas verir. Artıq orta ümumi təhsilin 11 ildən 12 ilə qaldırılması gündəmdədir bu istiqamətdə müzakirələr gedir. Onu da qeyd edim ki, on iki illik təhsil sisteminə keçid həm Baloniya sisteminin tərkib hissəsidir. Digər tərəfdən, Azərbaycanda ali məktəb tələbələri oxuduqları təhsil müəssisəsində keçilən, amma tədris səviyyəsindən razı qalmadıqları fənləri digər ali məktəbdə öyrənə biləcək".

Ekspert hesab edir ki, ali təhsil sistemində bu dəyişiklik kredit sisteminin tətbiqi ilə əlaqədardır. Onun sözlərinə görə, bu məsələ iki ildən artıqdır ki, geniş müzakirə olunur. O deyir ki, bununla əlaqədar müvafiq sənədlərə dəyişikliklərin edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda da Milli Məclisdə təhsilin kreditləşməsilə bağlı məsələ geniş müzakirə edilir. Lakin hələ bu sahədə müsbət nəticə əldə olunmayıb. Tələbə hansısa fənləri digər ali məktəbdə keçmək üçün təhsil müəssisəsinin rektoruna müraciət edəcək. Ekspert dedi ki, bundan başqa, bəzi məsələlər var ki, onlar da öz həllini tapmaq üzrədir. Mənzər xanımın dediyinə görə, kredit sistemi tətbiq olunarsa, bu halda həmin ali məktəbdə aldığı qiymət tələbənin təhsil aldığı məktəb tərəfindən tanınacaq: "Bu yeniliyin tətbiqi üçün ali məktəblər arasında müəyyən qarşılıqlı əməkdaşlıq da qurulacaq. Sözügedən yeniliyin tətbiqi nəticəsində artıq ali məktəb tələbələrinin köçürülməsi məsələsi öz əhəmiyyətini itirəcək. Digər mühüm layihə ondan ibarətdir ki, ölkənin bəzi ali məktəblərində buraxılış işi yekun dövlət imtahanları ləğv oluna bilər. Məsələn, 2010/2011-ci tədris ilində Azərbaycan Dillər Universitetinin təklifi Təhsil Nazirliyinin razılığı əsasında bu ali məktəbdə buraxılış işi yekun dövlət imtahanlarından imtina olunub. Tələbələrin buraxılışı məzunların təlim müddətində tədris, elmi ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı formasında həyata keçirilib. Bununla belə, buraxılış işi dövlət imtahanlarının humanitar ixtisaslar bəzi təbiət elmləri üzrə ləğvi mümkün ola bilər. Reallaşdırılan layihələr içərisində ən diqqətçəkəni gənclərə ikinci təhsil almaq şəraitinin yaradılmasıdır ki, bunun onların gələcək həyatında oynaya biləcəyi rolu inkar etmək olmaz. Məsələ ondadır ki, Azərbaycanın ali məktəblərində təhsil alan tələbə eyni zamanda başqa ixtisas üzrə təhsil ala biləcək".

Hatta iki il əvvəl Təhsil Nazirliyindən mətbuata verilən açıqlamada deyilirdi ki, tələbə yalnız təhsil aldığı ixtisasa yaxın ixtisas üzrə əlavə təhsil ala bilər. Bunun üçün tələbəyə yandan fənn götürməyə icazə veriləcək. Eyni zamanda, bu imkandan yalnız akademik borcu olmayan tələbələr istifadə edə biləcək. O da qeyd olunur ki, tələbələr üçün yandan fənn götürmək ödənişli əsaslarla olacaq. Bu yenilik tələbəyə gələcəkdə əlavə ixtisas kimi yiyələndiyi sahə üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ verəcək. Məsələn, tələbə vergi siyasəti ixtisası üzrə təhsil alırsa, sığorta işindən fənlər götürüb onu öyrənə bilər. Onda o, gələcəkdə həm vergi siyasəti, həm sığorta işi üzrə işləyə bilər. Əlavə ixtisas alan tələbəyə diplomdan əlavə xüsusi sertifikat ya əlavə ixtisas almasını təsdiq edən sənəd veriləcək. Hazırda layihə formasında olan bu yeniliyin gələn tədris ilindən tətbiq ediləcəyi gözlənir. Həqiqətən tələbələrə ikinci ixtisasa yiyələnmək şəraitinin yaradılması çox əhəmiyyətli məsələdir. Bəzən imtahanlarda yüksək bal toplayan tələbələr arzulamadığı fakültəni seçmək məcburiyyətində qalır. Təki ali məktəbdə oxusun. Bu da sonrakı dövrdə onlarda oxumaq həvəsini bu ya digər dərəcədə azaldır. Məlum yenilikdən sonra sözügedən problem həll olunacaq. Yaxud da belə olurdu ki, tələbə ali məktəbi bitirəndən sonra ikinci ixtisasa yiyələnməkdən ötrü xaricə üz tuturdu. Bu zaman təhsil həm baha başa gəlirdi, həm ölkə müəyyən valyuta itkisi ilə üzləşməli olurdu. Nəzərə alsaq ki, xaricdə oxuyan tələbələrin bir qismi geri qayıtmır mütəxəssis olaraq öz potensialını orada reallaşdırır, bu zaman itirdiklərimiz daha böyük olur.

Tarix müəllimi Qəndab Allahverdiyevanın sözlərinə görə isə, gənclərə ölkə daxilində bu şəraitin yaradılması, heç şübhəsiz, onların səriştəli mütəxəssis kimi yetişməsi ilə yanaşı, vətənpərvərlik hisslərini də artırır: "Bütövlükdə Azərbaycan gəncliyinin problemlərinin həlli istiqamətində ölkə hakimiyyəti mütəmadi olaraq bir sıra addımlar atır. Dövlətin imkanları artdıqca, bu istiqamətdə diqqət də günbəgün yüksələn xətt üzrə inkişaf edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, dünyagörüşünün formalaşması üçün gənclərin təhsil alması vacib məsələlərdən biridir. Bu gün kifayət qədər geniş imkanlar mövcuddur ki, bu da gənclərin seçim imkanlarının artmasına xidmət edir. Təqaüd verilən zaman tələbənin hansı ixtisas üzrə təhsil alacağı mühüm məsələlərdən biridir. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra ixtisaslar üzrə maliyyə ayrılır. Əsasən bu gün Azərbaycanın ehtiyacı olan ixtisaslar üzrə təqaüd verilir. Təhsil Nazirliyində hər il prioritet ixtisaslar elan olunur və həmin ixtisaslar üzrə təhsil almaq istəyən tələbələrə təqaüdlər verilir. Məsələn, dəqiq elmlər sahəsi həmişə prioritet ixtisas kimi siyahıda olur. İnformasiya texnologiyaları 2007-ci ildən Təhsil Nazirliyinin prioritet ixtisasları sırasında yer alır. Təbii ki, müasir dövrdə bu sahəyə ehtiyac nəzərə alınaraq əsas ixtisas kimi götürülüb. Digər tərəfdən, Azərbaycan neft ölkəsi olduğundan, bu sahə proqramda diqqət mərkəzindədir. Mövcud reallıq elədir ki, bir çox dünya ölkələrində bu sahənin əhəmiyyəti var, əsasən də nefti olan ölkələr. Elə sahələr var ki, həmin ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi bizim üçün çox vacibdir. Yaxşı təhsillə yanaşı, milli mentalitetə, təəssübkeşliyə bağlılığı da qoruyub saxlamaq lazımdır. Hər hansı bir gənc nə qədər savadlı olsa da, onda milli təəssübkeşlik, vətənpərvərlik hissi olmasa, o şəxsin gələcəkdə mütəxəssis kimi yetişməsinin də bir əhəmiyyəti olmayacaq. Ona görə də mütləq sözügedən faktlar, amillər nəzərə alınmalıdır".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı əməkdaşımızla söhbətində bildirib ki, təhsil sistemində həyata keçirilən islahatlar və yaradılan şərait gənclərin seçim imkanlarını artırır: "Bu da, öz növbəsində, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasına müsbət təsir göstərir. Son dövrlər TN bu istiqamətdə bir sıra islahatlara start verib ki, həqiqətən də bu işlər təqdirlə qarşılanmalıdır. Məlum olduğu kimi, təhsilin 11 ildən 12 ilə qaldırılması artıq bir müddətdir mətbuatda müzakirə olunan əsas mövzulardandır. Bizimlə bərabər Türkiyədə də təhsilin bir il artırılması ilə bağlı müzakirələr getməkdədir. Təhsil və vətənpərvərlik, təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsi, təbii ki, bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Zaman-zaman mətbuat səhifələrində sözügedən məsələ ilə bağlı bir sıra fikirlər səslənib və indinin özündə də bu müzakirələr gedir. Aparılan islahatlar çərçivəsində, düşünürəm ki, təhsilin keyfiyyətinə daha çox önəm vermək lazımdır. Çünki keyfiyyətli təhsil daha çox fayda verə bilər, nəinki onun müddətinin artırılması. Təhsilin səviyyəsini qaldırmaq hər şeydən vacibdir. Tələbələrə ixtisas seçimi imkanının yaradılması gənclərin özlərini həyata daha yaxşı hazırlamalarına təkan verir. Ən azından, onlar bundan daha yaxşı faydalana bilər. Seçim imkanları daha geniş olacaq. Belə ki, ali məktəbə uyğun olanlar universitetləri seçəcək, peşə təliminə uyğun olanlar ora gedəcək və s. Hesab edirəm ki, hər nə qədər bunlarda həqiqət payı axtarmaq imkanları olsa belə, ölkədə vətənpərvərliklə bağlı necə bir ortamın mövcud olması göz önündədir".

Ə.Qoşalının fikrincə, dərsliklərin hazırlanması zamanı gənclərə vətənpərvərlik hisslərinin aşılanması ön planda olan başlıca vəzifələrdən biri olmalıdır. Sözügedən məsələ ilə bağlı o, fikirlərini belə əsaslandırdı: "Hesab edirəm ki, ilk növbədə dərsliklərin, onları yazan müəlliflərin, proqram hazırlayan alimlərin vətənpərvərlik fəlsəfəsinə münasibəti hansı səviyyədə olarsa, sözügedən məsələ də o səviyyədə olacaq. Bütün hallarda, ikinci ixtisasa yiyələnməyə şəraitin yaradılması gənclərin mütəxəssis olaraq formalaşmasında mühüm rol oynayacaq. Hərbi hazırlıq dərslərinin tədrisi zamanı səviyyəyə xüsusi önəm verilməlidir. Eyni zamanda, mövcud dərsliklərin, proqramların təkmilləşdirilməsi prioritet olmalıdır".

 

 

İradə SARIYEVA 

 

Bakı xəbər.-2014.-21 aprel.-S.12.