Milli kinolarımızda tarixi dəyərlərimizin, mədəniyyətimizin təbliğatı...

 

Əsl sənət bəşəri dəyərlərdən əvvəl milli mədəniyyətə söykənməlidir. İncəsənət milli heysiyyətin yaranmasına xidmət etməlidir ki, onun qədir-qiyməti də olsun. Əks halda o sənət xalq tərəfindən qəbul edilməyəcək. Bu bir həqiqətdir. Sənət ilk növbədə milli, sonra isə bəşəri olmalıdır. Milli əhəmiyyət kəsb etməyən sənət heç zaman dünyəvi ola bilməz. Azərbaycan zəngin mədəni irsə, tarixi keçmişə, böyük folklor külliyyatına sahib bir dövlətdir.

Azərbaycan mədəniyyəti o qədər çoxşaxəli, qollu-budaqlıdır ki, onun şöhrəti ölkə sərhədlərini adlayaraq kənarlara yayılıb. Amma milli kino sənətimiz dünyada elə də məşhur deyil. Tanınmaq xoşbəxtliyi ona deyil, musiqimizə, tarixi abidələrimizə, xalçalarımıza və s. qismət olub. Bu sənət nümunələrində Azərbaycan sevgisi, Azərbaycan duyğusu dil açıb danışır...

Milli kinomuz və onda öz əksini tapan, insanların düşüncəsinə nüfuz edən tarixi mədəniyyətimizdən danışmaq istəyirik. Azərbaycan kinosunu yaradan, onu çiyinlərinə qaldırıb irəlilədən şəxsiyyətlər tarixi mədəniyyətimizə bağlı adamlar olub. Düzdür, milli kinomuzun başlanğıcı sayılan ilk süjetlərin yaranmasında milli kino xadimlərimiz iştirak etməyib, ancaq orada təsvir edilən hadisələr burada baş verib. 1898-ci ildə fransız Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetlər çəkməklə kinematoqrafiyamızın əsasını qoydu. Çətini işə başlamaqdır. İlk süjetlərin ardınca onlarla film çəkildi. Bu filmlərin 99 faizi milli kinorejissorlar tərəfindən lentə alınıb. Azərbaycan kinosunda hadisəyə çevrilən bir sıra filmlər var ki, onlar başdan-ayağa milli ritm üstündə köklənib. 116 yaşlı Azərbaycan kinosunun əsas dəst-xəttini milli tarixə xidmət, kino mədəniyyətimizin təbliğatı təşkil edir. Bizim klassik filmlərimizdə elə ideoloji məsələlər qaldırılıb ki, onlara bu günün gözü ilə baxanda onların olduqca aktual olduğunu görürük. Azərbaycan kinosunda millilik ruhu ona görə hər zaman qabarıq görsənir ki, onu daxilən və mənəvi cəhətdən dövlətçilik tariximizə doğma olan şəxsiyyətlər çəkib. Milli düşüncəyə malik olmayan kinorejissor, kinodramaturq heç zaman ortalığa tariximizin zənginliyini əks etdirən filmlər çıxara bilməz. Klassik filmlərimizin, demək olar ki, 95 faizinə milli ruh hakimdir. 1915-ci ildə istehsal edilən "Neft və milyonlar səltənətində" filmindən tutmuş, indiyə qədər çəkilən filmlərimizdə ana mədəniyyətimizin, tariximizin xətti davam etdirilir. Dəfələrlə qeyd edirik ki, Azərbaycan xalqı ənənələrə bağlı xalqdır. Ona görə də keçmişlə müasirlik arasındakı bağlarımız qırılmazdır. Keçmişimizi bu günümüzə bağlayan körpü bizim böyüklərimiz olub. Milli kinoda da bu əlaqə davam etdirilib. Elə bir klassik filmimiz yoxdur ki, orada milli adət-ənənələrimiz, milli düşüncəmiz, folklor örnəklərimiz öz əksini tapmasın. Bir çox ənənələrimiz var ki, onlar xalq arasında ya elə də məşhur deyil, ya yalnız hansısa bir bölgədə qalıb, ya da ki, tamamilə məhv olub, sıradan çıxıb. Həmin adətlər filmlərimizdə canlandırılır, öz mahiyyətini saxlamaqla yeni libasda bizə geri qaytarılır.

Gənc kinoşünas Aydan Şükürlü bizimlə söhbətində bildirdi ki, Azərbaycan kinosu tarixilikdən müasirliyə qədər böyük bir məsafə qət edib və bu yolda onun əsas dayağı milli tariximiz olub. A.Şükürlünün sözlərinə görə, klassik filmlərimizin quruluşçu rejissorunun hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, filmlərdə milli ruh qabarıq görsənir: "Azərbaycan kinosunun tarixi çox zəngindir. Milli kinomuzun beşiyi başında tarixi mədəniyyətimizin inkişafında böyük rol oynayan şəxsiyyətlər durub. Cəfər Cabbarlı kimi şəxsiyyət filmlərimizə rejissorluq edib, ssenarilər yazıb. 1929-cu ildə dramaturqun "Sevil" pyesinin motivləri əsasında eyni adlı film çəkilib. Həmin filmin ssenari müəllifi və bəstəkarı Cəfər Cabbarlı olub. Bu filmdə Azərbaycan ailəsi, geyim mədəniyyətimiz, adət-ənənələrimiz və sair böyük ustalıqla təqdim edilib. 1970-ci ildə çəkilən ikinci "Sevil" filmində də eyni ruh hiss edilir. Burada atalar sözlərimiz, bayatılarımız, əzizləmələrimiz öz əksini tapır. Filmdə Atakişinin dilindən:

Bu balama qurban inəklər,

Bu balam nə vaxt iməklər?

Bu balama qurban ilanlar,

Bu balam nə vaxt dil anlar?

əzizləməsinin səslənməsi onu göstərir ki, Azərbaycan kinosu heç zaman folklorumuza, həyat tərzimizi özündə ifadə edən nümunələrə biganə qalmayıb. Bəzən kino tənqidçiləri deyir ki, klassik kinolarımızda milli ideya ifrat həddindədir. Bəs necə olmalıdır ki? Kino Azərbaycanda çəkilirsə, Azərbaycan insanının həyatını işıqlandırırsa, demək, milli kök üstən qalxmalıdır. Əks təqdirdə o filmlərin milliliyə heç bir aidiyyəti olmayacaq. 1916-cı ildə Azərbaycanın ilk kinokomediyası - "Arşın mal alan" çəkilib. Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən filmdə də milli düşüncə, Azərbaycan ailəsinin siması, tələb və qaydalar, geyim mədəniyyətimiz, qonaq qarşılama adətimiz və başqa keyfiyyətlərimiz təqdim edilib. Bu mövzunu 1945-ci ildə ölməz kino xadimi Rza Təhmasib və komediya ustası Sabit Rəhman ekranlara gətirdi. İkinci "Arşın mal alan"da da eyni ovqat özünü göstərdi. 1968-ci ildə Tofiq Tağızadə və Muxtar Dadaşov üçüncü "Arşın mal alan" filminin çəkilişinə nail olur. Təsəvvür edin ki, hər üç film eyni məsələyə xidmət edir".A.Şükürlünün dediyinə görə, milli bayramımız olan Novruz bayramının keçirilmə qaydasını, unudulmaqda olan bəzi mərasimlərimizin "diril"məsini də filmlərdə görmək olar. A.Şükürlü dedi ki, bədii filmlərimizdə milli ənənələrə üstünlük verilir: "Tarixi mədəniyyətimizə bağlılıq kinolarımızda üstünlük təşkil edir və bu amala xidmət edən filmlərimiz çoxdur. Hüseyn Seyidzadənin İsmayıl Şıxlının ssenarisi əsasında 1969-cu ildə ekranlaşdırdığı "Dəli Kür" filmi milli elementlərin zənginliyi baxımından çox əhəmiyyətlidir. Bu filmdə Novruz bayramının keçirilmə qaydaları, qapı pusmaq, torba atmaq, cama üzük salıb bəxt sınamaq kimi ənənələrimiz canlı şəkildə göstərilib. Keçmişdə qızlar doğrudan da bir evə yığışar, bayram aşı bişirər, dediyimiz ayinləri orada icra edərdilər. Bu filmdə Nəqşibəndilik təriqəti haqda da məqamlar var. Məsələn, filmdə meyxana səhnəsinin təsvir edilməsi. Burada baş verənlər, əlbəttə ki, reallığa uyğun deyil. Daha doğrusu, burada bilərəkdən təhrifə yol verilib. Əslində bu mərasim sırf ruhani xarakter daşıyır, orada əlavə şeylərə heç vədə yer verilməyib. Filmdə təsvir edilən məclisə Cahandar ağanın bacısının getməsi onun faciəli taleyini ortaya çıxarır. Onun məclisə gəlməsini öz qüruruna sığışdıra bilməyən Cahandar ağa Şahnigarı əvvəlcə suya salır, onu özünü boğmağa məcbur edir, sonra isə güllələyir. Yalnız türk kişisi ana-bacı təəssübü çəkib, onların ismətinə ləkə düşməsini heç vaxt istəməyib. Bu filmdə, həmçinin, qədim ənənəvi idman növü sayılan cıdırın təsviri də bizi keçmişə qaytarır. Bu film bütövlükdə tariximizə söykənən, onun ruhunu daşıyan bir sənət örnəyidir. 1975-ci ildə çəkilən "Dədə Qorqud" bədii-tarixi filmi də milli maraqlarımıza xidmət edən filmdir. Burada əski türk boylarının yaşam tərzi, həyat, ənənələri, Dədə Qorqudun Oğuz elini bürüyən nüfuzu üstünlük təşkil edir. Filmin qəhrəmanı olan türk kişiləri dar gündə birləşməyi, babalardan əmanət qalan torpağı əkib becərməyi öz qarşılarına məqsəd qoyur. Filmdə Dədə Qorqudun torpağı qorumaqla, əkib becərməklə bağlı tövsiyəsi maraq doğurur. "Nəsimi", "Babək", "Nizami" kimi filmlərin də ideya yükünü tarixə bağlılıq təşkil edir. Hər üç filmin cəmiyyətə, milli şüura, ana dilinin, mədəniyyətimizin inkişafına təsiri əvəzsizdir. "Babək" filmində qədim türk insanının qəhrəmanlığı, dini düşüncəsi, düşmənə qarşı müqaviməti, dözümlü olması əks olunub. Bundan başqa, bir sıra əski inanclarımız da filmdə əks olunub. Babəkin Azərbaycanın müstəqilliyi ilə bağlı söylədiyi fikirlər sırf günümüzlə səsləşir. Bu da o deməkdir ki, Azərbaycan tarixinin təbliğinin tarixi qədimdir. Babək bir xalq qəhrəmanı olub. Onun igidliyi, şücaəti indinin özündə də gənc nəslə örnəkdir. Xalq hərəkatının başında duran və xalq tərəfindən qəhrəmanlıq statusu ilə mükafatlandırılan Babəkin adı onlarla oğlan uşağına verilib. Bu da qəhrəmanlarımıza hörmət və sevgi hissinin bütün zamanlarda var olmasından xəbər verir. Onun şücaəti filmdə çox mahir şəkildə təsvir edilib"."Səbuhi", "Fətəli xan", Böyük dayaq","Axırıncı aşırım", "Babamızın babasının babası", "Atları yəhərləyin", "Yeddi oğul istərəm", "Tütək səsi" filmlərinin də tarixi gələnəklərimizə böyük töhfələr verdiyini deyən kinoşünas hesab edir ki, adları çəkilən filmlərin hər birində milli mədəniyyətin nişanələri var: "Bizdə çəkilən filmlərin əksəriyyəti ona görə maraqlı alınıb ki, onlar baş verən hadisələr əsasında çəkilib. "Fətəli xan" filmi Quba xanı Fətəli xanın bütün Azərbaycan xanlıqlarını birləşdirib vahid Azərbaycan dövləti qurmaq ideyasına söykənir. Bu filmdə Fətəli xan deyir ki, gün gələcək Azərbaycan müstəqil olacaq. Hətta onun dilindən "yaşasın müstəqil Azərbaycan" sözləri də səsləndirilir. "Səbuhi" filmində beynəlmiləlçilik qabardılsa da, burada milli adətlərimizin də izlərinə rast gəlirik. "Tütək səsi" filmi çox milli bir filmdir. Burda milli mədəniyyət elementləri özünü bir neçə tərəfdən göstərir. Birincisi, kənd sakinlərinin ağsaqqal sözünə ehtiram bəsləməsi, digər tərəfdən, ailənin müqəddəsliyi, milli ənənələrə bağlılıq filmdə əsas götürülüb. Anaları ərə getdiyi üçün Tapdıq və Cümrü analarını bağışlamır, bu onların kişilik qürurundan irəli gələn bir haldır. Milli xüsusiyyətdir. "Axırıncı aşırım" filmində Kərbəlayi İsmayıl və Abbasqulu bəy Şadlınskinin timsalında dostluğa sadiqlik, duz-çörəyə hörmət, digər müqəddəs sayılan məsələlər diqqət mərkəzinə gətirilir. Filmdə qədim bir atalar sözümüzdən istifadə edilib: "Çörək kəsəni qılınc kəsməz". Bunu Kərbəlayi İsmayıl Abbasqulu bəyi nəzərdə tutaraq deyir. Yəni onlar dost idilər və duz-çörək kəsmişdilər. Bu baxımdan, Kərbəlayi İsmayıl hesab edirdi ki, Abbasqulu bəy onun qapısını düşmən kimi açmaz. Bu da milli xüsusiyyətlərlə bağlı məsələlərdir. Tarixi ənənələrə sadiqlik milli kinomuzun sütununu təşkil edir. Hesab edirəm ki, indən sonra da bu xətt davam etdiriləcək".

Milli mədəniyyətin, tarixi ardıcıllığın hakim kəsildiyi filmlərimizin hər biri bizim üçün maraqlıdır. Çünki orada biz özümüzü, keçmişimizi, tariximizi görürük. Özümüzə öz gözümüzlə baxıb qiymət verməyin də öz müsbət tərəfləri var.

Son bir neçə ildə çəkilən "Cavad xan", "Hökmdarın taleyi" tarixi bədii filmləri də özündə tariximizin real hadisələrini daşıyır. Qəhrəman xanlarımızın Azərbaycanı qorumaq naminə apardıqları mübarizə bu filmlərdə öz əksini tapır. Qəhrəman Cavad xanın düşmənə qarşı mübarizəsini göstərən Rövşən Almuradlının Sabir Rüstəmxanlının ssenarisi əsasında ekranlaşdırdığı "Cavad xan" filmi bu baxımdan çox dəyərlidir. Xalq artisti Nurəddin Mehdixanlının yaratdığı Cavad xan obrazı doğrudan da xalqının, dövlətinin, tarixinin qeydinə qalan, vətən uğrunda ailəsinin canından belə keçməyi bacaran dövlət xadimi, xalq qəhrəmanıdır. Ümid edirik ki, sonrakı mərhələlərdə də belə filmlər çox olacaq. Hələ tariximizin açılmayan qatları var, onlara da kino aynasından baxmağa dəyər. Ümid edirik ki, yaxın illərdə Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və digər dövlət xadimlərimizlə də bağlı tarixi filmlərin şahidi olacağıq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 18 avqust.- S.12.