Gənclərin vətənpərvər formalaşmasında güzəştli dövlət

sosial layihələrin rolu...

 

 Azərbaycan gəncliyinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən çoxsaylı tədbirlər görülür. Dövlətin və aidiyyəti qurumların həyata keçirdiyi işlər sırasında gənclərin mənzil probleminin müxtəlif proqramlar çərçivəsində həllidə var. Bu istiqamətdə görülən və həyata keçirilməsi planlaşdırılan məsələlərdən biri də gənclərin aşağı faizlə kredit yolu ilə mənzil almasıdır.    Uzun müddətdir gənclərin mənzil-məişət probleminin bu yolla həll ediləcəyilə bağlı məsələ gündəmdədir.    Təbii ki, gənclərlə əlaqəli həyata keçirilən istənilən layihə, proqram onların həyatına, yaşayışına, hətta deyərdik ki, vətənpərvər olmasına stimul verir. Sosioloqlar hesab edir ki, gənclərin problem və qayğılarının həlli onların birbaşa şüuruna təsir edir. Yəni hərtərəfli təmin edilən gənc özünü bütövlükdə əməli, faydalı işə sərf edə biləcək. Bilirik ki, gənclərin bir qisminin kirayələrdə yaşaması böyük problem yaradır. Sözsüz ki, bu gün gənclərin sosial ipoteka almasında ciddi problemlər mövcuddur. Azərbaycan hökumətinin bu çətinliyi aradan qaldırmaq məqsədilə gənclərə rahat şəkildə ipoteka ilə mənzil almasına şərait yaratması təqdirəlayiq haldır.    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi hazırda belə təşəbbüslə çıxış edir. Daha doğrusu, nazirlik artıq bu sahədə görməyi qarşısına məqsəd qoyub. Mediada yayılan məlumata görə, keçən il nazirlik Azərbaycan İpoteka Fondu ilə birlikdə uzun müddət təkliflər paketi üzərində işləyib və həmin layihə artıq Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, layihədə ipoteka kreditlərinin verilmə mexanizminin daha da təkmilləşdirilməsi təklif olunub: "Sosial ipotekanı əldə etmək hüququ olan insanların kateqoriyasının və verilən vəsaitin həcminin artırılması ilə bağlı təkliflərimiz var. Eyni zamanda vətəndaşları narahat edən əsas məsələlərdən olan illik faizilkin ödəniş məsələsi ilə də bağlı həmin paketdə təkliflər yer alıb. Bu günə qədər sosial ipoteka gənc ailəyə və hərbi qulluqçuların ailələrinə aid idi. Təklif etmişik ki, bu, gənc ailələrlə yanaşı, subay gənclərə də aid olunsun. Eyni zamanda təklif edirik ki, bu gün müxtəlif elm müəssisələrində çalışan elmi işçilər, laborantlar və sairələr də gənc alim statusuna yaxınlaşdırılsınlar ki, onların da həmin ipotekadan istifadə etmək hüququ olsun. Müəyyən razılaşmadan sonra son qərarın necə olduğunu deyə bilərik".    Nazir müavini həmçinin onu da əlavə edib ki, nazirlik Azərbaycanda Gənclərin İnkişaf Strategiyasının layihəsini hazırlayıb və hazırda bu layihə aidiyyəti dövlət qurumlarında razılaşdırılma mərhələsindədir: "Gənclər siyasəti haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi üçün də təkliflər paketini hazırlamışıq. Yaxın günlərdə təkliflər paketi Milli Məclisin müvafiq komitəsinə təqdim olunacaq. Gənc alimlərlə bağlı əlavə bəndlərin salınması da həmin təkliflər içərisində yer alıb. 29 yaşa qədər elm sahəsində kifayət qədər təsiredici nailiyyətlər əldə etmək bir qədər çətin olduğu üçün məhz gənc alimlərlə bağlı yaşın artırılmasını təklif edirik. Bununla bağlı son sözü parlament deyəcək. Biz Milli Elmlər Akademiyası ilə də bu barədə müzakirələr aparırıq. Müzakirələr 35 və 40 yaş arasında gedir".    Qeyd edək ki, sözügedən nazirlik dəfələrlə gənclərin, gənc ailələrin ipoteka yolu ilə mənzil alması, kreditin digər növlərindən bəhrələnməsi üçün addımlar atıb. Məsələ burasındadır ki, hazırda yalnız paytaxt gəncləri deyil, bölgə gəncləri də evsizlik problemilə qarşılaşır. Son illər aktual olan bu problem əlaqədar nazirliyi narahat edir. Hətta keçən ilin sentyabrında gənclər idman naziri Azad Rəhimov bildirirdi ki, regionlarda keçirilən görüşlərdə gənclərin yarısı məhz evsizlik problemindən şikayət edirlər: "Biz regionlarda gənclərlə çoxlu görüşlər keçiririk. Görüşlərin 50 faizində gənclər evsizlik problemini qaldırıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bizə bununla bağlı tapşırıq verilib. Biz hazırda bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı hansı işlərin aparıla bilməsi proqramı onun yeni modeli üzərində işləyirik".    Azad Rəhimovun sözlərinə görə, evsizliklə yanaşı, məşğulluq, asudə vaxtın təşkili ictimai işlərdən kənarda qalma da gənclərin əsas problemləri sırasındadır. Nazir deyirdi ki, hazırda bütün bu problemlərin həlli istiqamətində işlər aparılır.    Sosioloq Əhməd Vəlixanovun dediyinə görə, Gənclər İdman Nazirliyi Azərbaycan İpoteka Fondunun birlikdə uzun müddət üzərində işlədiyi təkliflər paketi həmin layihənin artıq Nazirlər Kabinetinə təqdim olunması gənclərin ümidlərini artıran, onlara stimul verən bir amildir: "Gənclərimizin mənzil şəraitinin yaxşılaşdırılması ən vacib məsələlərdən biridir. Bilirik ki, gənclərin yarıdan çoxu mənzil almaq imkanına malik deyil. Odur ki, dövlət müxtəlif yollarla gənclərin ev-eşik sahibi olmasına şərait yaradır. Gənclərin probleminin həlli onlara ruh verir. Hərtərəfli qayğı ilə əhatə olunan gəncin xalqa, dövlətə faydası da böyük olacaq, gənclərin sosial ipoteka alması məsələsində hazırda ciddi problem var. Hər gənc ev ala bilmir. Bu da mövcud ipoteka şərtlərinin ağır olması ilə bağlıdır. Keçən illərə nəzər salsaq görərik ki, dövlət gənclərə ipoteka verilməsilə bağlı xeyli addımlar atıb. Məsələn, 2012-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Qeyd edim ki, cari ildə sosial ipoteka kreditlərinin verilməsinə büdcədən 14,2 milyon manat yönəldilib. 2010-cu ildə isə bu rəqəm 14 milyon manat idi. Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən İpoteka Fonduna dövlət büdcəsindən 116 milyon manat vəsait ayrılıb. Bilirik ki, dəfələrlə Gənclər İdman Nazirliyi sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin tezliklə dəyişdirilməsi təklifi ilə çıxış edib. Bu da bəllidir ki, barəsində danışılan məsələ "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına daxil edilib. Həmin təkliflərə görə, dövlət vəsaiti hesabına maliyyələşdirilən sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4 faizdən 2 faizədək endirilməlidir. Nazirlik faizlərin endirilməsi ilə yanaşı, ipoteka alarkən ilkin ödəmənin ləğvini, kreditin maksimum məbləğinin artırılması təklifini irəli sürüb".    Sosial ipotekanın faizlərinin aşağı salınması haqda danışan İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov mediaya bildirib ki, təkcə sosial deyil, adi ipoteka kreditlərinin faiz dərəcələri yüksəkdir onun endirilməsinə ehtiyac böyükdür: "50 min manatlıq kredit götürən vətəndaş 25 il müddətində, yəni kreditin qaytarıldığı dövrdə aldığı puldan təxminən 2,5 dəfə çox kredit qaytarmalı olur. Bununla da 50 min manatın qarşılığında 125 min manat vəsait ödəyir. Bu kifayət qədər böyük məbləğdir. Nəzərə alaq ki, Avropa ölkələrində ipoteka kreditləri 4 faizdən yuxarı verilmir. Hətta qonşu Türkiyədə adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda da kreditlərin faiz dərəcəsinin azaldılmasına ehtiyac var. Faizlərin yüksək olması orta aztəminatlı insanlara ipoteka kreditləşməsindən faydalanmağa imkan vermir".    İqtisadçı Mehman Muradlının dediyinə görə, Gənclər İdman Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi proqram layihə sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəlləri aradan qaldıracaq. Bu da gənclərin rahat şəkildə mənzil almasına səbəb olacaq: "Bilirsiz ki, bankların əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin ipoteka krediti alan gənclərdən 16 sənəd tələb olunur. Bununla da Azərbaycanı dünya ipoteka tarixində gənclərə verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar".    Ekspert bu sahədəki problemlərdən biri kimi ipoteka kreditləşməsi, Fondun maliyyə mənbələrinin məhdud olmasını göstərir. O deyir ki, Gənclər İdman Nazirliyinin təklifi qəbul edilsə, illik faiz dərəcəsi 4-dən 2-yə endiriləcək.    Mövzu ilə bağlı danışan iqtisadçı Akif Nəsirli bildirdi ki, nazirliyin bu proqramının gənclərin həyatı üçün əhəmiyyəti böyükdür. O hesab edir ki, belə proqramların qəbul edilməsinin gənclərin milli vətənpərvərlik tərbiyəsinə təsiri böyükdür. Onun dediyinə görə, gənclər dövlətin onlara belə ciddi dəstək vermək istəyindən ruhlanacaq: "Gənclərin mənzil probleminin həll olunması üçün kredit faizi minimum həddə müəyyənləşəcək. Bu çox yaxşı işdir, gənclərə böyük dəstəkdir. Proqram təsdiq edilsə, bundan faydalananlar çox olacaq. Gənclərin milli şüuruna, vətənpərvərliyinə müsbət təsir edən amillərdən biri bu ipoteka məsələsi olacaq".    Sosial ipotekanın verilməsində subay gənclərin nəzərə alınması da xüsusi bir məsələdir. Əvvəllər ancaq yeni ailə quran gənclər ipoteka ilə ev ala bilirdisə, indi subaylar da bundan yararlanacaq. Bunun da müsbət tərəflərindən biri o olacaq ki, yeni sağlam ailələr qurulacaq. Ev insanın ilk vətənidir, bu olmayanda insan özünü çox pis hiss edir. Xüsusən evsizlik gənclərə mənfi təsir göstərir. Amma nazirliyin Nazirlər Kabinetinə təqdim etdiyi proqram təsdiq edilsə, həqiqətən böyük fayda verəcək.    Nazirliyin Nazirlər Kabinetinə təqdim etdiyi proqram gənc nəslin tərbiyəsində mühüm rol oynaya biləcək. Gənclər üçün sosial ipotekanın aşağı faizlərlə verilməsi şərtlərin yumşaldılması gəncliyin öz gələcəyini normal şəkildə təmin etməsinə əsas verəcək. Milli şüura malik Azərbaycan gənci dövlətin yaratdığı şəraitdən istifadə edərək daha sağlam faydalı işlərlə milli maraqlarımıza xidmət edər. Bu qayğı gənclərin həm vətənpərvərlik hisslərini gücləndirəcək.    

İradə SARIYEVA

    Bakı xəbər. - 2014.- 31 yanvar - 2 fevral.- S.15.