Palçıq vulkanlar Azərbaycanda turizmin inkişafına yeni nəfəs verə bilər

 

 

Aydın Hüseynov: "Palçıq vulkanlarının Azərbaycanda olması turizmin inkişafı baxımından müsbət göstəricidir"

 Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ölkədəki 25 palçıq vulkanı üzrə turist marşrutunun salınmasını təklif edir. 

  İnstitutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev mətbuata açıqlamasında bildirib ki, vulkanların sayına, müxtəlifliyinə aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün çox gözəl obyektlər hesab edilir: "Xaricdən gələn turistlər vulkanlarla maraqlanır. Bəzi turistlər vulkanlara müalicə olunmaq məqsədilə gedir. Əgər bu işlə məşğul olunsa, bu, respublikaya valyuta gətirəcək".  

 A.Əliyev deyib ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır. Həmin vulkanlar Qobustanda "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir: "Qoturdağ"da isə süxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Ona görə də Azərbaycana gələn turistlər üçün belə vulkanlar maraqlıdır". 

 Onu da qeyd edək ki, bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.  

 Maraqlıdır, ekspertlərin məsələyə münasibəti necədir? Belə bir qərar verilsə, bu, ölkəyə turist axınının güclənməsində nə kimi rol oynaya bilər?   

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Aydın Hüseynov hesab edir ki, sözügedən təklif kifayət qədər məntiqə uyğundur: "Elə ölkələr var ki, orada büdcə gəlirlərinin 70-80 faizi turizm hesabına formalaşır. Azərbaycanda da qeyri-neft sektorunun şaxələndirilmiş inkişafı istiqamətində aparılan işlərdə önəmli yerlərdən biriniturizm tutur. Yəni bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulub. O baxımdan, palçıq vulkanlarının Azərbaycanda olması turizmin inkişafı baxımından müsbət göstəricidir. Turizmin inkişafı istiqamətində işlər sistemli qurulsa, palçıq vulkanları faydalı olacaq. Bir sözlə, bunun iqtisadi səmərəsi var".    

 

 

Vidadi ORDAHALLI

Bakı xəbər.-2014.-4 fevral.-S.12.