Cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin sosial reabilitasiyası və milli şüurun formalaşmasına təsir problemləri...

 

 İnsanların həyatında elə hadisələr baş verir ki, bu onları bir sıra vacib məsələlərdən kənarda qoyur. Bu, müxtəlif cinayətlər törədərək həbs edilən insanlardır ki, qazamat həyatı bu şəxsləri çox şeylərdən məhrum edir. Həbsxana həyatından sonra insanlar cəmiyyətə qaynayıb-qarışmaqla bağlı əksər hallarda böyük problemlərlə üzləşir. Bilirik ki, cəzaçəkmə müəssisələrində cəza çəkənlərin bir hissəsi yeniyetmə və gənclərdir. 

  O şəxslər də qazamatdan çıxdıqdan sonra xeyli çətinliklə mübarizə aparmalı olur.    Sosioloqlar da deyir ki, cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin cəmiyyətə adaptasiya olunması bu gün ən aktual məsələlərdən biridir. Onların bildirdiyinə görə, Azərbaycan dövləti bu gənclərin cəmiyyətə inteqrasiya olunması istiqamətində bir sıra işlər görür.

   Sosioloq Rizvan Camalovun sözlərinə görə, Azərbaycan dövlətinin gənclər siyasəti elə qurulub ki, burada bütün gənclər bərabərhüquqludur. Onun fikrincə, hər bir gənc üçün ölkədə şərait yaratmaq dövlətin qarşıya qoyduğu məqsədlərdən biridir: "Azərbaycanda gənclərə münasibət çox müsbətdir. Lap cəzaçəkmə müəssisələrindən çıxan gənclərin də problemlərinin həllinə ilıq münasibət formalaşıb. Ancaq elə ölkələr var ki, məhbəsdən çıxan gənclərin sonrakı taleyi qaranlıq qalır. Bu da cəmiyyətdə müəyyən sosial fəsadlara yol açır. Belə ki, həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olur. Sosioloq və psixoloqların araşdırması göstərir ki, cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin, xüsusilə gənclərin sosial adaptasiyasında bəzi problemlər olsa da, ümumilikdə bu istiqamətdə görülən tədbirlər rəğbətlə qarşılanır".  

 Ekspert bildirdi ki, düzdür, respublikamızdakı cəzaçəkmə müəssisələrinin bir neçəsində məhkumların işləməsi üçün şərait yaradılıb: "Əvvəlki illərlə müqayisədə indi vəziyyət çox dəyişib. Dövlətin iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət artır. Cəzaçəkmə müəssisələrində müəyyən ixtisas kursları, qadın kaloniyasında tikiş və xalçaçılıq sexləri fəaliyyət göstərir. Burada cəza çəkən məhkumlar tikiş, xalçaçılıq sexlərində çalışır. Bu kimi işlər həbsdən çıxan gənclərin cəmiyyətə adaptasiyasını əhəmiyyətli şəkildə asanlaşdırır. Ümumiyyətlə, məhbuslar üçün məşğulluq şəraitinin yaradılması həmin gənclərin sonrakı həyatında müsbət mənada özünəməxsus rol oynayır".   

Məlumat üçün bildirək ki, bu məsələlərlə bağlı mövcud problemlərin aradan qaldırılması məqsədilə ölkə Prezidentinin təsdiqlədiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında konkret müddəalar öz əksini tapıb. Deyək ki, sənəddə əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi üçün mütəmadi tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Daxili İşlər, Gənclər və İdman nazirliklərinə həvalə olunub. 

  Sosioloq Təranə Musalının sözlərinə görə, bu qurumlar məhkumların azadlığa çıxdıqdan sonra rastlaşdığı problemlərin yoluna qoyulması üçün tədbirlər görür: "Belə ki, cəza müddəti bitdikdən sonra onların işlə təmin olunması, qeydiyyata alınması üçün yaşadıqları ərazinin polis idarəsinə, icra hakimiyyətinə, məşğulluq mərkəzinə müraciət edilir. Hətta məhkumlar azadlığa buraxılmazdan 3 ay əvvəl həmin idarələrə Penitensiar Xidmət tərəfindən məlumat verilir. Həbsxana rəhbərliyi cəza çəkənlərin azadlığa çıxandan sonrakı taleyi ilə həmişə maraqlana bilməsə də, buna cəhdlər göstərilir. Bu kimi tədbirlərin görülməsi çox vacibdir. Çünki etiraf etmək lazımdır ki, bu gün həbsxana həyatı yaşamış insanlara cəmiyyətdə münasibət birmənalı deyil. Yəni məhkumlar azadlığa çıxdıqdan sonra onları işlə təmin etmirlər, onlardan sanki məsafə saxlayırlar. Bir sıra hallarda məhkum azadlığa qovuşandan sonra ona laqeyd yanaşılır. Bir sözlə, həbsxana həyatı sürmüş bir insan kimi onları qəbul etmək istəmirlər. Eyni zamanda, keçmiş məhbuslardan bir az da çəkinirlər ki, cinayətkar olub, ehtiyatlı davranmaq lazımdır. Dəfələrlə belə hallar olub ki, məhkum azadlığa çıxanda hər şeyin əlindən çıxdığını görüb. Bu kimi hallar, istər-istəməz, onların cəmiyyətə adaptasiya olunmasında problemlər yaradır. Ən acınacaqlısı isə məhkum insanlardan ailələrinin imtina etməsidir. Bu situasiya baş verəndə isə ya məhkum yenidən cinayət işlədib həbsxanaya qayıdır, ya da özünə qəsd edir. Məhbus həyatı yaşayan gənclərin sosial adaptasiyasında təkcə müvafiq qurumlar deyil, cəmiyyətin özü də gərək fəal olsun. Bunun üçün də, ilk növbədə, məhkumlar bu cəmiyyətin üzvü kimi qəbul edilməlidir. Adamlar var ki, hara gedirsə, orada ondan imtina edirlər. İşləmək istəyir, işə götürmürlər. Bu çox ürəkağrıdıcı vəziyyətdir. Bununla bağlı qanun var. Ancaq mövcud qanunvericiliyin praktiki olaraq işlək olmasında problemlər yaşanır. Bu cür insanları vətəndaş kimi, insan kimi cəmiyyətdə ətrafdakılar qəbul etməlidir. Anlamaq lazımdır ki, artıq bu insan törətdiyi cinayət əməlinə görə cəzasını alıb, həbsxanada tərbiyələndirilib".  

 Onu da qeyd edək ki, bəzi hallarda sosial xidmət işçilərinin peşə hazırlığının aşağı səviyyədə olması da məhkumların cəmiyyətə adaptasiyasını çətinləşdirir. Hər halda bu sahədə təsisatlar tam şəkildə oturuşub fəaliyyət göstərərsə, mövcud olan problemləri köklü şəkildə aradan qaldırmaq mümkün ola bilər. Məhkumların reabilitasiyası üçün, kimliyindən asılı olmayaraq, hamı üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdır. Onlar üçün sığınacaqların tikilməsinə də ehtiyac var.

   "Bakı-Xəbər"in araşdırmasına görə, bununla bağlı müvafiq qanunvericilik bazası mövcuddur. Amma hələlik lazımi maliyyə vəsaiti ayrılmadığından, reabilitasiya mərkəzləri tam formalaşdırılmayıb. Yəni bu mərkəz onlara tələb olunan səviyyədə xidmət göstərə bilmir. Unutmayaq ki, onların cəmiyyətə adaptasiya oluna bilməməsi sonradan həmin insanların yenidən cinayət törətməsinə səbəb olur. "Bakı-Xəbər"in araşdırmasına görə, cəzaçəkmə müəssisələrindən çıxan insanların hamısı, bir qayda olaraq, ərazi poliklinikalarında qeydiyyatda olmalıdır: " Ən azı, altı ay müddətində mütəmadi olaraq onlar həkimlərlə söhbətlər etməlidir. Əksər hallarda vətəndaşlar normal həyata qayıdırlar. Telekanallarda müəyyən verilişlər verilməlidir və insanlara təbliğ olunmalıdır ki, həbsxanadan çıxan vətəndaşlara diqqət göstərilməlidir, yardım edilməlidir". 

 Bütövlükdə məhbəs həyatı yaşamış gənclərin cəmiyyətə sosial adaptasiyası istiqamətində görülən tədbirlər onların milli mənlik şüurunun formalaşmasında nə kimi rol oynayır? Qəzetimizin ötən saylarında məsələyə münasibət bildirən Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin koordinatoru, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini müsbət qiymətləndirdi: "Azadlıqdan məhrum edilmiş gənclərin sonradan cəmiyyətə reinteqrasiya məsələsi ilə bağlı problemlər yaranır. O cümlədən, Azərbaycanda da bununla bağlı problemlər var. Problemlərin həlli istiqamətində addımların atılmasını sürətləndirmək məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin sosial reabilitasiyası haqqında qanun qəbul edilib. Sözügedən qanuna görə, həmin şəxslər azad olunduqdan sonra bir sıra reabilitasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. İlk növbədə onların sığınacaqlarla təmin olunması, müavinətlərin verilməsi məsələsi öz həllini tapmalıdır. İxtisasdəyişmə, məşğulluğun təmin olunması ilə bağlı müəyyən mərkəzlərin yaradılması nəzərdə tutulub. Hesab edirəm ki, məhbus gənclərin cəmiyyətə sosial adaptasiyası ilə bağlı atılan addımlar onların gələcək həyatında müsbət rol oynayır. Özlərinin məşğulluq problemlərinin həlli istiqamətində müəyyən addımlar atırlar və beləliklə onlar müəyyən qanuni dolanışıq mənbəyi əldə edirlər. Bu onları kriminal vərdişlərdən azad edən əsas şərtlərdən biridir. Onların peşəkar kimi formalaşma prosesinə yardım edilirsə, bu, heç şübhəsiz, mövcud olan çətinliklərin aradan qaldırılmasına kömək edir. Belə ki, bir tərəfdən, onlar bu minvalla əvvəlki xoş olmayan vərdişlərdən azad olur. Digər tərəfdən, özlərinin cəmiyyətdə yararlı bir insan olduğunu və onlara yer verildiyini dərk edirlər. Bütün bunlar həm də ona gətirib çıxarır ki, gənc məhbusun yaxın ətrafı da onu başa düşür. Həmçinin, məhbəsdən çıxmış gənclər yeni dostlar qazanır. Nəticə etibarilə psixoloji baxımdan bir çox çətinliklər arxada qalır. Beləliklə, həmin şəxsin cəmiyyətə adaptasiya prosesində müsbət, pozitiv meyllər inkişaf etməyə başlayır".    Ə.Nuriyevin açıqlamasından o da məlum oldu ki, reabilitasiya istiqamətində görülən tədbirlər həmin gənclərin müsbət mənada şüurunun zənginləşməsinə gətirib çıxarır: "Bu da, öz növbəsində, məhbus olmuş gənclərin milli mənlik şüurunun formalaşmasına öz müsbət təsirini göstərir. Onlar görəndə ki, dövlət belələrinə qayğı göstərir, bu zaman onların münasibəti dəyişir. Fikirləşirlər ki, qayğı göstərilirsə, deməli, bu dövlətin qanunlarına əməl etmək, onun müdafiəsində iştirak etmək lazımdır. Onlar ölkə vətəndaşı olaraq cəmiyyətdə pozitiv meyllərin inkişafına öz yardımını göstərməlidir. Bu həm də pozitiv mənada özünüdərk prosesinə gətirib çıxarır. Yəni bu, ölkənin həqiqi vətəndaşı olmaq üçün stereotiplərin aradan qaldırılmasına imkan yaradır. Çünki hərtərəfli qayğı ilə əhatə olunan insan dövlətinə, cəmiyyətə, ailəsinə hörmət etməlidir. Bütün bunlar bir-biri ilə sıx bağlı olan proseslərdir. Bu baxımdan hesab edirəm ki, ən vacib olan məsələlərdən biri sözügedən qanunun tətbiqini sürətləndirməkdir. Hökumətin bu istiqamətdə ciddi addımlar atması vacibdir. Hökumət sözügedən məsələ ilə bağlı sığınacaqların tezliklə tikilməsinə maliyyə ayırmalıdır. Fikrimcə, maliyyənin ayrılması çox zəruri məsələlərdən biridir. Bununla belə, sosial işçilərin olması da çox vacib məsələdir. Çünki sosial sığınacaqlarda onlarla davranmaqla bağlı sosial işçilərin müəyyən vərdişləri, xidmət göstərmək imkanları olmalıdır".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-7-9 fevral.-S.15.