Gənclərin sahibkarlıq fəaliyyətinə münbit şərait yaradılması vətənpərvərlik hisslərinin formalaşdırılması üçün motiv kimi...

 

 Gənclərin bütün sahələrdə özünü göstərməsi üçün onlara şərait yaradılması vacib məsələdir. Gənclər yalnız elm, mədəniyyət, ədəbiyyat, istehsalat sahəsində deyil, biznes və sahibkarlıqda da özlərin göstərə bilirlər. Gənclərin inkişafı birmənalı olaraq dövlətin diqqətində olan məsələdir. Hesab edilir ki, gənclər, siyasətdə olduğu kimi, iqtisadiyyatın tərəqqisinə də töhfə verməlidir.

   Çünki gənclərin bu sahədə görə biləcəyi işlər çoxdur. Bəllidir ki, hər bir ölkənin güclü iqtisadiyyatının olması üçün onun sahibkarlıq subyektləri lazımi şəkildə inkişaf etməlidir.    Sözün düzü, gənclərin özlərinin də fikrincə, onlar iqtisadiyyatda daha uğurla təmsil oluna bilirlər. 

  İqtisadçılar deyir ki, azad tənzimlənən iqtisadiyyatın əsasını özəl mülkiyyət təşkil etdiyindən, hər bir dövlət adıçəkilən sahənin inkişafını diqqət mərkəzində saxlayır və onun təşəkkül tapması üçün lazım olan dəstəyi verməyə çalışır. Ekspertlərin bildirdiyinə görə, insanların sahibkarlıqla məşğul olaraq öz biznes imkanlarını genişləndirməsi onları həm də milli burjuaziyanın nümayəndələrinə çevirir. Güclü milli burjuaziya sinfinə malik olmaq isə hər bir dövlətin arzusudur. Sahibkarlıq elə bir sahədir ki, onunla istənilən yaş kateqoriyasına aid şəxslər məşğul ola bilər.

    Dövlət İqtisad Universitetinin məzunu Cəfər Cəfərzadənin dediyinə görə, müəyyən vəzifə sahibləri istisna olmaqla, qadınların, gənclərin, yaşlı insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Azərbaycan qanunvericiliyində heç bir qadağa yoxdur: " Əksinə, sahibkarlığa dəstəklə bağlı dövlət tərəfindən bir sıra proqramlar qəbul olunub, Sahibkarlığa Dövlət Dəstəyi Fondu yaradılıb. Ölkə əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyini nəzərə alsaq, dövlətin gənclərlə bağlı yürütdüyü siyasəti, onlara sahibkarlıqla məşğul olmaları üçün yaradılan şəraitin əhəmiyyətini daha gözəl anlayarıq. 

  Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni, özəl sahibkarlığı əhatə edən sahələrdə fəal iştirak edir. Gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına, özəl sahibkarlığın inkişafına töhfələrini verir. Ölkədə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnməsi, onların geniş imkanlara malik olan adamlarına çevrilməsi və digər bir sıra mühüm məsələlər qarşıda duran əsas vəzifələrdəndir".  

 Ekspertin fikrincə, həyat reallıqlarına əsaslansaq, məlum olar ki, cəmiyyətdə heç də bütün gənclər yaradıcı sahəyə, elmə meyl etmir. O bildirdi ki, dövlətə bütün sahələr üzrə milli kadrların yetişdirilməsinin zəruriliyi dərk olunandır: " Gənclərin sahibkarlıqla məşğul olması, onların biznesdə uğur qazanması dövlət üçün xüsusi önəm daşıyır. Gənclər üçün yaradılan sahibkarlıq şəraitinin yaxşı olmasının onların milli şüurunun, vətənpərvərlik hisslərinin artmasına, milli məfkurəyə bağlı olan gələcək adamları kimi yetişməsinə güclü təsiri olur. Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. 1996-2002-ci illərdə qəbul olunan "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial-iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi". 

  O deyir ki, müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Onun dediyinə görə, dövlət tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir: "Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb. Gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər proqramda əksini tapıb. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilir".

    "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dövlətin bu sahədə qəbul etdiyi bütün qanunvericilik aktlarının mühüm bir hissəsi gənclərin məşğulluq probleminə, o cümlədən onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına istiqamətlənib: "Dövlət tərəfindən gənclər üçün yaradılan sahibkarlıq şəraitinin onların milli şüuruna və vətənpərvərlik hisslərinə təsiri böyükdür". 

  Qəzetimizin ötən saylarından birində əməkdaşımızla fikirlərini bölüşən professor Vaqif Arzumanlı hesab edir ki, bütün inkişaf etmiş, demokratik ölkələrdə gəncliyə hər zaman qayğı ilə yanaşılması, onlara geniş meydan verilməsi zəruri bir prosesə çevrildiyindən, bizim dövlət də sınanmış ənənəyə sadiq qalaraq bu istiqamətdə zəruri tədbirlər görür":Azərbaycan dövlətinin gənclərə sahibkarlıqla məşğul olmaları üçün göstərdiyi qayğı təqdirəlayiqdir. Bir neçə gün bündan əvvəl dünya azərbaycanlı gənclərinin yeni bir təşkilatının yaradılması o deməkdir ki, dövlət bütün dünyada olan azərbaycanlı gənclərin öz ölkələri barədə düşünmələri üçün şərait, imkan yaradır. Təbii ki, Azərbaycanın gələcək biznesi ölkənin gələcək taleyi, dövlətçilik ənənələrinin qorunub saxlanması deməkdir və bütün bunlar indiki gənclikdən asılıdır. Bu istiqamətdə gənclər yetişdirilməlidir ki, gələcəkdə boşluq yaranmasın. Bunun üçün gözəl qanunlar mövcuddur və gənclər bundan yararlanıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkinməməlidir. Gənclərlə bağlı işlərdə bir az da həssas, uzaqgörən olmaq lazımdır. Çünki gənclərin həyat təcrübəsində elə məqamlar olur ki, onlar hansısa işlə bağlı 1-2 dəfə cəhd edir, planlanları reallaşmayanda pessimizmə qapılır. Qəbul edilmiş qanunların icrasını da elə həyata keçirmək lazımdır ki, onlar incik düşməsin, həm də üzərlərində məsuliyyət hiss etsin. Bu məsuliyyəti daşıya biləcəyi halda onlardan gələcəkdə gözəl adamı, sahibkar çıxa bilər. Bunun üçün gənclərə dəstək, dayaq olmaq lazımdır". 

  Gənclərin ilk baxışda adi görünən səhvlərinə düzgün istiqamət verilməsinin zəruriliyinə toxunan professor bildirib ki, onların potensial imkanlarından yararlana bilməyəcəyimiz halda fürsəti əldən vermiş olarıq: "Bu, gələcəkdə dövlətin sosial-mədəni həyatında bir boşluğa səbəb olar. Biz gənclərimizin qayğısına indidən qalmalıyıq. Situasiya dəyişdigcə, gənclərlə bağlı qəbul edilən gözəl qanunlara da dəyişiklik edilsə, həmin qanunlar müasir tələblərə uyğunlaşdırılsa, əla olar. Mən inanıram ki, gələcəkdə də gənclərlə bağlı gözəl qanunlar qəbul ediləcək və bu qanunlar gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması imkanını daha da artıracaq.    Gənclərin sahibkarlıq sahəsində qazandığı uğurlar onlara gələcəyə inamla baxmaq, milli hisslərə, Vətənə bağlı olmaq üçün gözəl stimul verir. Belə olanda onlar hiss edir ki, onların arxasında güclü Azərbaycan dövləti durur. Bu həm milli vətənpərvərlik hisslərinin tərbiyəsi deməkdir, həm də Azərbaycanın gələcək taleyini maraqlandıran, dövlət üçün vacib olan işlərin istiqamətləndirilməsi deməkdir".   

Məlumdur ki, indiki gəncliyin düşüncəsində Azərbaycan xalqı, Azərbaycan türkü, Azərbaycan dövləti və nəhayət, azərbaycançılıq ideologiyası var. Bu gənclər milli mənlik şüuruna, onun doğmalaşdırdığı vətənpərvərlik hissinə sahibdir. Bu onların fəaliyyətində, həyat tərzində qabarıq şəkildə görsənir.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-18 fevral.-S.15.