Azərbaycanda ailə təməllərini bərkitmək məsələsi yenidən aktuallaşıb

 

Bahar Qafarova: "Mənəvi amillər güclü olduqda qurulan ailənin təməli də möhkəm olur"

 

Son illər boşanmaların sayının öncəki illərlə müqayisədə artması müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər il 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.

   Boşanmaların sayının nə səbəbdən artdığını öyrənmək məqsədilə psixoloq Bahar Qafarovaya müraciət etdik.

   Bahar Qafarova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, seksual münasibətlər də boşanmalara səbəb olan mühüm faktorlardan biridir. Psixoloqun sözlərinə görə, məsələyə Azərbaycan reallığı ilə yanaşsaq ər, ya arvadın məhz bu səbəbə görə boşandığını etiraf etməkdən imtina etdiyini görə bilərik: "Boşanmaların səbəblərini araşdırmaq lazımdır. Ümumdünya statistikasına nəzər saldıqda boşanmaların 50 faizindən çoxuna səbəb olan amil kimi seksual münasibətlər göstərilir. Azərbaycanda boşanan tərəflər heç vaxt bunu etiraf etmir. Buna səbəb sovet psixologiyasında seks deyə bir anlayışın olmaması, heç kəsin bu haqda danışmamasıdır. Azərbaycan ailəsində nə ər, nə də arvad həyat yoldaşından ayrılmasına səbəb kimi qarşı tərəfin onu yataqda yaxına buraxmamasıını göstərə bilir. Bu cür cütlüklərlə tez-tez söhbət aparıram. Nəticə etibarı ilə körpə dünyaya gəldikdən sonra tərəflər arasında seksual münasibətlərdə soyuma yaranır. Bu Azərbaycan reallığıdır. Təxminən 50 faizdən çox cütlüklərdə bu analoji hal müşahidə edilir. Cütlüklərin şüuraltı düşüncələrində "artıq nəsli davam etdirən var" deyə fikrin formalaşması tərəflər arasında soyuma yaradır".

   B.Qafarovanın sözlərinə görə, bəzi gənclərin ailə həyatı qurmaqdan imtina etməsini normal qarşılamaq lazımdır. Çünki onlar qurulacaq ailənin davamlı olmayacağını düşünüro səbəbdən ailə qurmurlar. Əslində həmin şəxsləri dəstəkləmək lazımdır.

   Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan reallığında boşanan tərəflər cəmiyyət tərəfindən də pis qarşılanır. Beləcə, sıxıntı yaşayan şəxslərin digərləri ilə münasibətlərində də problemlər yaranır: "Mentalitetimizdə boşanmaya pis baxılır. Şəxsən mən bunu normal qəbul edirəm. "Camaat nə deyər", "qonşular nə deyər", "uşağım atasız qalar" deyərək özümüzün və azyaşlının bu münasibətlərdən nə qədər psixoloji zərbə aldığını düşünmürük. Həyat yoldaşından ayrılmaq istəməyən qadın beləcə psixopat, narkoman, aqressiv əri ilə birgə yaşamalı olur. Nəticədə də kriminalların sayı artır. İşgəncələrə, təqiblərə məruz qalan qadının sonu əri tərəfindən öldürülməklə yekunlaşır. Sonradan bir-birini öldürməkdənsə boşanaraq ayrılmaq daha yaxşıdır. Avropalılar belə ailə modelində yaşamaqdansa ömür boyu subay qalmağa üstünlük verərlər. Dəfələrlə azərbaycanlı qadınların əcnəbi kişiyə ərə getdiyini görə bilərik. Heç vaxt əcnəbi qadınlar azərbaycanlı kişiyə ərə getmir. Bizim kişiləri heç bir avropalı qadın bəyənmir. Ona görə kişilərimiz deyir ki, Azərbaycan qadınlarından heç yerdə yoxdur".

   Psixoloq qeyd etdi ki, boşanmaların sayının artmasının əsas səbəblərindən biri də maddiyyatın mənəviyyatı üstələməsi ilə bağlıdır: "Maddi amillərin mənəvi amilləri üstələməsi cəmiyyətdə bu kimi xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir. Ailə hər zaman mənəvi dəyərlər üzərində qurulmalıdır. Mənəvi amillər güclü olduqda qurulan ailənin təməli də möhkəm olur. İnsanlar ruhən və mənən ailənin müqəddəsliyini qəbul etdikdə onun təməlləri də möhkəm olar. Ailəni bir qurum kimi qoruyub saxlayan mənəvi dəyərlərdir. Maddiyyatın mənəviyyatı önləməsi ailə dəyərlərinin ölməsinə səbəb olur. Belə bir cəmiyyətdə ailələrin dağılması qaçılmaz hal hesab edilir".

  

 

Günel CƏLİLOVA

Bakı xəbər.-2014.-17 fevral.-S.14.