Yas mərasimlərində Qurani-Kərim hansı dildə oxunmalıdır?

 

 Bu günlərdə MM-də Qurani-Kərimin yas mərasimlərində hansı dildə oxunması müzakirə edilən məsələlərdən biri oldu. Bəzi deputatlara görə, Quran bəşər üçün nazil olunduğu üçün, yas mərasimlərində hamı başa düşsün deyə, onun Azərbaycan dilində tərcüməsi oxunmalıdır.

   Məsələyə operativ münasibət bildirən QMİ isə, əksinə, müqəddəs kitabın belə mərasimlərdə ərəbcə oxunmasını vacib saydı. Qeyd edək ki, sözügedən mövzu Türkiyə Cumhuriyyətinin ilk dövründə də müzakirə olunmuşdu. Və çox keçmədən o vaxtkı Türkiyə hökuməti nəinki yas mərasimlərinin, hətta namaz, azan və iqamə kimi ibadətlərin də türk dilində icra olunmasına qərar verdi. Lakin 1950-ci illərdə Türkiyə hökuməti yenidən ərəb dilinə qayıtdı...  

 Nə üçün? Elə oxucuya təqdim etdiyimiz bu yazı da "nə üçün"ləri imkanımız daxilində cavablandırmaq üçündür. 

 

Başqa dillərə tərcümələrə Quran deyilməz  

 

 Məlumdur ki, istənilən xarici əsəri Azərbaycan dilinə olduğu kimi tərcümə etmək asan iş deyil. Həmin səbəbdən yazıldığı dili bilən oxucu tərcümədən yox, orijinaldan istifadə edir. Əgər tərcümə edilən kitabın müəllifi bəndə yox, hər şeyi, o cümlədən bəndəni də yaradan və ona ağıl, iradə verən Allahu-Təalədirsə, onda bu kitabın tərcüməsi çətin üstü çətin olar. Bu baxımdan, kitablar üstü kitab olan Qurani-Kərimin hər hansı dilə tərcüməsi olduğca çətin, müşkül məsələdir. Ərəbcə nazil olan Quranın ərəb dilində təfciri, sözün geniş mənasında, Allah kəlamının eyni bir dildə başqa sözlərlə izahlı tərcüməsini, şərhini vermək deməkdir. Lakin bu təfsirlər nə qədər mükəmməl, fəsahət və bəlağətlə yazılsa belə, müqəddəs kitabın mətni ilə müqayisədə çox zəif, sönük görünür.  

 Hər hansı mütərcim Qurani-Kərimi başqa dilə tərcümə edərkən onu öz biliyi səviyyəsində, özü başa düşdüyü kimi tərcümə edir. İlahi kitabdakı sözlərin mənası o qədər dərin, o qədər kontekstualdır ki, onları çox vaxt bir sözlə ifadə etmək olmur. Həmin səbəbdən bütün biliyini ortaya qoyan istənilən mütərcim Quran ayələrini Allahu-Təalənin istədiyi kimi başqa dilə tərcümə edə bilmir. Məhz buna görə görkəmli müsəlman alimləri yekdilliklə bəyan ediblər ki, Qurani-Kərimi heç bir dilə, hətta ərəbcənin özünə belə çevirmək mümkün deyil. Odur ki, Quranın digər dillərə tərcüməsi dedikdə onu mütləq mənada deyil, şərti olaraq başa düşmək lazımdır. Burada əsas məqsəd ərəb dilini bilməyənləri Quran ayələrinin ümumi məzmunu ilə tanış etmək, onlarda Rəbb kəlamlarının hikmət və mətni haqqında anlayış, təsəvvür yaratmaqdır. Qurani-Kərimin həqiqi mənasını bilmək üçün mötəbər təfsirçilərin əsərləri oxunmalıdır ki, onların əsasını da yenə Quran və yalnız Quran təşkil edir. Bu baxımdan Rəbb kəlamlarının başqa dillərə tərcümələrinə heç vaxt Quran deyilməz, onlara yalnız Quranın tərcüməsi və ya anlamı adı verilir. Bu tərcümələrin hamısı Günəşlə müqayisədə bir böcəyin gecə vaxtı verdiyi cüzi işığa bənzər. Göründüyü kimi, Qurani-Kərimin bütün hikməti və sehrli təsir qüvvəsi yalnız nazil olduğu dildədir. Həmin səbəbdən həm istənilən niyyətə, həm də mərhumun ruhuna hədiyyə edilən Quranın xətmi hökmən nazil olduğu dildə olmalıdır.  

 Qeyd edək ki, Qurani-Kərimin ilk təfsirini hələ sağlığında hədislərlə özü verən və vəfatından sonra dövrə, zamana görə Allah kəlamına çoxlu təfsirlər yazılacağını gözəl bilən Peyğəmbər(ə) Quran təfsirində hədislərə əsaslanmağı tövsiyə etmiş, yalnız ağıla, sərbəst mühakiməyə və rəmzi yozumlara istinad edən təfsirlərin xətadan xali olmayacağını, beləliklə də müəllifinə günah qazandıracağını xəbər verib.  

 Peyğəmbər(ə) Quranı orijinalda öyrənməyi və başqalarına da öyrətməyi vacib buyurub. Çünki bu işin böyük savabı var. Mötəbər hədislərin birində deyilir: "Uşaqlarına Quranı öyrədənlərə və ya onları Quran müəllimlərinin yanına göndərənlərə öyrədilən Quranın hər hərfi üçün on dəfə Kəbəyə - Muəzzəmə ziyarətinin savabı verilər və qiyamət günü başına dövlət tacı qoyular". Göründüyü kimi, savab qazanmaq üçün müqəddəs kitab ərəbcə oxunmalı, moizə və dini ayinlərin icrası vaxtı onun ayələri ərəbcə deyilməli, sonra onların ümumi məzmunu, qayəsi ərəbcə bilməyənlərə izah edilməlidir. Sözsüz ki, burada auditoriyanın bilik səviyyəsi də nəzərə alınmalıdır.  

 

Qurani-Kərimi nazil olduğu dildə oxuyan şəxs Kiramən Katibin mələkləri səviyyəsindədir  

 

 Quran insan sözü, bəşər kəlamı deyil. O, vəhyidir.   

Qurani-Kərimi oxuyan onun təkcə çətin, mütəşabih ayələrinin deyil, həm də zahirən asan anlaşılan ayələrinin də arxasında batini bir məna, rəmz olduğunu görüb bundan heyrətini gizlədə bilmir və onun doğrudan da insan sözü yox, Allah kəlamı olduğuna inanır. Peyğəmbər buyurub: "Quranın zahiri və batini var, batinin də batini var. Onun batini yeddiyə qədərdir". 

  Bərəkətin özü, çox mübarək və qüdsi olan Qurani-Kərimi Allahu-Təalə ululuğu ilə insanların bütün ehtiyaclarına cavab verəcək şəkildə nazil edib. Quran həyatın həyatıdır. İnsan həyatının xeyir və bərəkəti Quran həyatına düstur olduğu ölçüdədir. Bu baxımdan mütərəqqi bəşər qanunlarının Rəbb kəlamlarından qaynaqlanması heç də təsadüf deyil. 

  Savablar qaynağı Qurandan kənar həyat uğursuzdur, bərəkətsizdir. Bu həqiqəti Həz.Peyğəmbər belə anladıb: "Qurani-Kərimi məharətlə oxuyan insan Kiramən Katibin mələkləri (insanların savab və günahlarını yazan, onları cinlərdən qoruyan mələklər-V.C) səviyyəsindədir. Onu həmin səviyyədə oxumayana da 2 savab var". İslam aləminin birmənalı qəbul etdiyi Buxari (v.e.870) və Müslümün (v.e.875) topladığı bir hədisə görə, Allah Rəsulu(ə) buyurub: "Quran oxuyan mömin qoxusu və dadı gözəl olan meyvə kimidir. Quran oxumayan mömin xurma kimidir. Qoxusu yoxdur, fəqət, dadı gözəldir. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı olan meyvə kimidir. Quran oxumayan münafiq isə qoxusuz və acı olan Əbu Cəhil qarpızı kimidir". Göründüyü kimi, Quran oxumayan mömin imanın dadını dadsa da və Quranın ecazına valeh olsa da, fəqət, onun ətrafa təsiri yoxdur, camaat ondan faydalana bilmir. 

  Allah Rəsulu(ə) başqa bir hədisdə buyurub: "Qurani-Kərimi insanlara çatdırmaq məqsədilə oxuyan kəs sədəqəni açıq verən kimidir. Onu səssiz oxuyan isə sədəqəni gizli verən kimidir". Yəni Quranı açıq səslə oxuyan həm özü, həm dinləyənə savab qazandırmaqla yanaşı, həm də insanları bu müqəddəs maariflənməyə təşviq edir. Quranla baş-başa qalıb onu özü üçün oxuyan kəs Quran daxilində öz yerini axtarır. O, mərifət səviyyəsinə qalxaraq, sanki bu Nameyi-Hümayünü Həz.Cəbraildən dinləyirmiş kimi durumda olur. Bir az da irəli gedən mömin bəndə ariflik səmasına yetişməklə sanki bu məktubu hətta Allahu-Təalənin özündən alırmış kimi zirvəyə sahib çıxır. 

 

Dünyasını dəyişənlər biz dirilərin duasına möhtacdırlar 

 

  Quranın mənasına nüfuz edən insan təkrarən oxumaqdan yorulsa belə, onun nəfsi (səs çıxarmadan oxumaq) mənasından əsla yorulmur və bundan alınan zövqü anlatmaq mümkün deyil. Vəhyin mahiyyəti kimi, burada mərifətimiz sadəcə heyrətimizdən ibarətdir.

Gözəl bir əda, hüzünlü bir səda və xalis bir vəfa ilə oxunan Qurani-Kərimin səsini "Davudun Mizmarı"na bənzədən Peyğəmbər(ə), başqalarının onu nazil olduğu dildə sevə-sevə oxumasını tövsiyə edib: "Qurani-Kərimi səslərinizlə bəzəyin".   

Dünyasını dəyişən şəxslər dünyanın tövbə və dualı qapısını bağlayıb, axirətin tövbəsiz qapısını açdığı üçün, onlar biz dirilərin duasına möhtacdırlar. Deməli, Quran eyni zamanda dua kitabı olduğu üçün müstəhəbdir ki, biz dirilər onu həm özümüzün savab qazanması, həm də ölülərimizin bağışlanması üçün nazil olduğu dildə oxuyaq.  

 Qeyd edək ki, bütövlükdə Qurani-Kərimin bütün surələrinin diriyə, onun bəzi surələrinin isə ölüyə fəziləti haqqında çoxlu hədislərin mövcudluğu həz.Peyğəmbərin bu mövzuya böyük əhəmiyyət verməsinin göstəricisidir. Məs.: Tirmizinin (v.e.889) rəvayət etdiyi hədisə görə: "Hər şeyin bir qəlbi var. Quranın da qəlbi Yəsindir. Allah Yəsini oxuyan hər bir kəsə Quranın 10 dəfə oxunmasına bərabər savab yazar"; "Fətihanın Quran qədər savabı var" (Buxari, v.e.870). "Zəlzələ və Kəfirun surələri Quranın dörddə birinə bərabərdir" (Tirmizi), "Yəsinin Quranın 10 misli qədər savabı var" (Tirmizi) və c. hədislər kimi. Əksər müfəssirlərə görə: "Qurani Hakimin hər bir hərfinin bir savabı var. Fəqət, fəzli-ilahidən o hərflərin savabı sünbülləşir, bəzən 10, bəzən 70, bəzən 700 (Ayətül-Kürsünün hərfləri kimi), bəzən 1500 (İxləs surəsinin hərfləri kimi), bəzən də 30000 (Qədr gecəsində oxunan ayələr kimi) savab gətirir. Quranın 300 620 hərfi var. İxləs surəsindəki hərflərin sayı isə 69-dur. İxləs surəsi 3 dəfə oxunarsa (3x69=207 hərf), onun savabı bütöv Quranın oxunmasına bərabər olar. Deməli, İxləs surəsinin hər bir hərfinin savabı 1500-ə yaxındır. Yəsin surəcinin oxunması 10 dəfə Quran oxunmasına bərabər olduğu üçün, həmin qayda üzrə hesablansa, aydın olar ki, Yəsin surəsinin hər bir hərfinin 500-ə yaxın savabı var".  

 Əbu Davud (v.e.889), İbni Mace (v.e.903), Əhməd İbni Hənbəl (v.e.856), Nəsai (v.e.916) və başqalarına görə, Peyğəmbər(ə) belə buyurub: "Yəsin Quranın qəlbidir. Allahı və Axirət gününü arzu edərək Yəsin oxuyan kimsənin keçmiş günahı əfv edilir. Onu ölüləriniz üçün oxuyun". Darimi (v.e.869) yazır: "Hər hansı bir şəxs gecə Yəsin surəsini Allah rizası üçün oxusa, onun həmin gecədəki günahları əfv olunar". Digər bir rəvayətdə isə deyilir: "Bir şəxs Allah rizasını qazanmaq məqsədilə gecə-gündüz Yəsin surəsini oxusa, onun günahları bağışlanar" (Təbəri, v.e.923). Mənbələr Darimiyə istinadən həm də yazır: "Kim Yəsin surəsini səhər oxusa, axşama qədər onun işi rəvan olar. Kim də onu axşam oxusa, səhərə qədər rahat olar". Cümə axşamının fəzilətini önə çəkən Kurtubi yazıb: "Kim cümə axşamı Yəsin surəsini oxusa, səhərə günahları əfv edilmiş halda çıxar". "Uca Allah dünya və göyləri yaratmazdan 1000 il əvvəl Taha və Yəsin surəsini oxudu. Mələklər bunu eşidərkən dedilər: "Bu surələri də özündə ehtiva edən Quran hansı ümmətə nazil olacaqsa, ona müjdələr olsun. Onu əzbərləyən sinələrə, onu oxuyacaq dillərə də müjdələr olsun" (Darimi). "Cənnət əhli yalnız Taha və Yəsin surələrini oxuyacaq" (Kurtubi). 

  Yəsin həm də ölülərə şəfadır    "Ölən və ya can verən adamın yanında Yəsin oxunsa, Allah onun halını xəfif (yüngül edər)" (İbni Kəsir). Razi və digər müfəssirlərə görə: "Hər kim ata-anası və ya əzizləri

nin qəbrini hər cümə ziyarət edib, Yəsin surəsini oxusa, Hərflərinin sayı qədər savab qazanar".   

"Ölülərə (və ya can verən insanlara) Yəsin surəsini oxuyun" Peyğəmbər(ə) kəlamı, axirətə aparan yolçuluğun sonunda həqiqət dərsini dinləmək deməkdir. Çünki bu surədə iman əsaslarından üçü anladılır. Qəlbsiz insanın yaşaması mümkün olmadığı üçün, bu əsaslara inanmayanın da imanı yoxdur. Həmin səbəbdən, can verənin başının üstündə bu surənin oxunması ona kömək, mərhəmətdir. Bu zaman can verənin gözü qarşısında axirət səhnəsinin bir qismi canlanır və o, oxunan Yəsin surəsilə buna hazır olur. 

  Səhihi Buxari (v.e.870), Səhihi Müslim (v.e.875), Sünən Əbu Davud (v.e.889), Sünən Tirmizi (v.e.889), Sünən Məsəi (v.e.917) və Sünən İbni Mace (v.e.887) IX-X əsrlərin hədis biliciləri və hədis toplayıcıları olub. Sonrakı üləmələrin əksəriyyəti həmin alimlərə müraciət ediblər. Bu müəlliflər yekdil olaraq aşağıdakı hədisin səhih olduğunu qeyd ediblər: "Hər hansı bir şəxs sağlığında tanıdığı adamın məzarı üstə ona salam verərsə, məzar sahibi onu tanıyar və salamını sevinclə qəbul edib, ona minnətdar olar. Əshab Həz.Məhəmməddən soruşdu: "Ya Rəsuləlləh, biz ölülərimiz üçün sədəqə veririk, dua oxuyuruq, bu onlara çatırmı? Allah Rəsulu(ə) buyurdu: "Bəli, çatır, eşidirlər və sevinirlər". Göründüyü kimi, meyitin məzardakı halı dənizdə boğulanın imdad diləməsi kimidir. "Qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır, düşünməyə fürsət verir" buyuran Peyğəmbər(ə), qəbirstanlığı ziyarət edərkən orada uyuyan ölülərə salam verərdi. Peyğəmbər(ə)-nin bu sünnətinin səhihliyinə heç bir İslam alimi şübhə etməyib. Məhəmməd(ə)-nin ölən səhabəyə cənazə namazı qılması və bu işin qiyamətə qədər müsəlmanlar arasında fərzi-kifayə kimi davam edəcəyi şübhəsizdir. Cənazə namazını qılan kəsin "Allah rizası üçün hazır olan cənazə namazını qılmağa və cənazə üçün dua etməyə niyyət edib", mərhum üçün namaz qılması ölüyə çatan Quran ayələridir. 

  Beləliklə, müraciət edilən əsas məxəzlər oxunan Quran kəlamlarının vəfat edən şəxsə çatmasını qəbul ediblər. Qurani-Kərim dirilər üçün bir hidayət qaynağı, öyüd-nəsihət, əxlaq-mənəviyyat salnaməsi olmaqla yanaşı, Axirətə qapı olan qəbr əhli üçün də bir şəfadır. "Dənizdə boğulana kömək etmək" nə isə, vəfat edən şəxs üçün də müqəddəs kitabın ayələrini oxumaq o deməkdir. 

  Əlbəttə, Qurani-Kərim oxumaq, ibrət almaq və sonra da yaxşı işlər görmək üçün nazil edilib. Lakin bu, o anlama gəlmir ki, həmin dəyərlərə sahib çıxmaq üçün müqəddəs kitabın tərcüməsindən istifadə etmək olmaz. Əksinə, ərəb dilini bilməyən əksəriyyət onu ana dilində oxumalı və çətinlik çəkdiyi ayələrin məalını soruşmalı, öyrənməlidir. Yas mərasimləri isə konkret şəxslərin vəfatı ilə əlaqəli olduğu üçün orada Qurani-Kərimin tövsiyə edilən ayə və qısa surələri ərəbcə deyilməli, məalı ana dilində anladılmalıdır. Mərasimlərin bu cür aparılması həm vəfat edən şəxsin kiçik günahlarının bağışlanması və dirilərin savab qazanmasına, həm də dini maariflənməyə xidmət edər.

 

 

Vaqif CƏLİLOĞLU

Bakı xəbər.-2014.-17 fevral.-S.15.