YUNESKO-da ermənilərə "Aşıq Qərib zərbəsi"...

 

İntiqam Hümbətov: "Ermənilərə sübut olundu ki, "Aşıq Qərib" dastanı Azərbaycana məxsusdur"

"Tarixən ermənilər Azərbaycan mədəniyyətinə, musiqisinə, dastanına, hətta milli xörəklərimizə belə göz dikiblər"

 

 Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar. Həmişə mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar.    Nəticədə ermənilərin intellektual və mədəniyyət dəyərləri ilə bağlı oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları onlarda bir ənənəyə çevrilib. Onlar bu gün də Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı altında tirajlayıb, xaricdə yaymaqla məşğuldurlar. Vaxtaşırı xarici mətbuatda bu məsələlərlə bağlı qondarmaabsurd iddialarla çıxışlar edirlər. Bununla həm də Azərbaycana qarşı bir informasiya müharibəsi aparırlar. Ermənilərin mədəni oğurluğu bu informasiya müharibəsində artıq peşəkar vərdişə çevrilib. Vaxtilə ermənilər "Sarı gəlin" mahnımızı oğurladılar. Daha sonra isə bizim "Aşıq Qərib" dastanımıza göz dikdilər. Hətta onlar 2011-ci ildə "Aşıq Qərib"i UNESCO-da özününkü kimi təqdim etmək istəyiblər. Ermənistan Azərbaycana məxsus qədim aşıq nümunəsi olan "Aşıq Qərib" dastanını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına erməni musiqisi kimi təqdim edib.    Maraqlıdır, Azərbaycan tərəfi bunun qarşısının alınması üçün hansı tədbirləri görüb?    Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, tarixən ermənilər Azərbaycan mədəniyyətinə vurğun olublar: "Onlar Azərbaycan musiqisi, dastanı, hətta milli xörəklərimizə belə göz dikiblər. Dəfələrlə xalq, bəstəkar mahnılarımızı oğurlayıb ifa ediblər. Biz bu məsələlərlə bağlı lazımi tədbirlər görmüşük. Eləcə də onların "Aşıq Qərib" dastanını guya erməni dastanı kimi təqdim etmək istəklərinə Azərbaycan tərəfi həmin an reaksiya verib. Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən digər qurumlar bu məsələdə daha çevik qərar verib, düşmən ölkənin cavabını veriblər. Biz ermənilərə sübut etdik ki, "Aşıq Qərib" dastanı Azərbaycana məxsusdur və onlar bu məsələdə geri çəkildilər".   

 

Günel CƏLİLOVA

       Bakı xəbər. - 2014.- 27 fevral.- S.14.