Dövlət dilimizi - ana dilimizi necə qoruyaq?

 

Vətən sevgisi anaya, ana dilinə hörmət və sevgidən başlayır. Kökündə ana məhəbbəti, doğma dilə xoş münasibət olmayan vətənçilik saxtakarlıq nümunəsindən başqa bir şey deyil. Dünyada insanlar ən çox anasını, dilini, bir də vətənini sevir. Bu təbii bir hissdir. Azərbaycançılıq sevgisinin də özülündə bu müqəddəs meyllər durur.

Hər bir xalqı yaşadan, onun tarix səhnəsindəki, müasir zamandakı yerini qoruyub saxlayan başlıca şərt ana dilidir. İnsan vətən olaraq başqa məmləkəti seçə bilər, orada öz dilini, adət-ənənəsini, mədəniyyətini yaşadar. Ancaq dili unutsa, keçmişilə, soykökü ilə əlaqəsi tamamilə kəsilər. Dil milləti, toplumu yaşadan gərəkli bir vasitədir. Azərbaycan dilinin saflığı, təmizliyi, başqa təsirlərdən can qurtararaq günümüzə gəlib çatması, dövlət dili statusu qazanması azərbaycançılığın özülünün möhkəmliyinə dəlalət edir.

Son illər dünyada bir sıra xoşagəlməz hallar baş verir ki, həmin olayların qarşısını almaq müşkülə çevrilib. Gündə bir ideologiya, mənşəyi sağlam olmayan ideologiya, tendensiya meydana çıxır. Xəstə təfəkkürün məhsulu olan bu tendensiyaların məqsədi millətləri, dilləri, mədəniyyətləri, insanların milli əxlaqını məhv edib, onları dünya üzündən silməkdir. Qloballaşma anlayışı dediyimiz sahəyə aiddir. Dünyada qloballaşma dalğası tüğyan edir, vahid mədəniyyət, vahid dil və vahid din, millət fikrini ortaya atan bu adamların məqsədi dünyada yaxşı nə varsa, hamısını yer üzündən silməkdir. Bu dalğa əsasən ana dillərin məhvinə hesablanıb. Azərbaycanda da qloballaşmanın tərəfdarları yox deyil. Bu adamlar açıq-açığına dilimizə, mədəniyyətimizə, xalq sənətimizə qarşı çıxır və iddia edir ki, Azərbaycan dili dünya arenasına çıxa bilməz, zəif dildir. Niyəsə bu adamlar unudur ki, bu dildə dünya ədəbiyyatının şah əsərləri yaranıb, aşıq musiqisi, muğamlar bu dil vasitəsilə ifa edilir. Eyni zamanda, onlar YUNESKO-ya gedib çıxıb. Bu, Azərbaycan dilinin, milli musiqisinin qüdrətidir. Ana dilimiz zəif, gücsüz dil olsaydı, dünyanın qüdrət sahibləri dilimizi tərifləyib, onun lətifliyindən dönə-dönə söhbət açmazdılar. Milli-mədəni dəyərin kökündə ana dilinə hörmət, məhəbbət durduğunu qeyd etdik. Bu məsələdə dövlətlə xalqın rəyi bir olanda azərbaycançılıq daha da genişlənir. Mədəniyyətimizlə, ədəbiyyatımızla, ana dilimizlə, təsviri incəsənətimizlə, kinomuzla bağlı verilən hər bir sərəncam, qəbul edilən sənəd mədəniyyətimizin təməlini möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə bir neçə sənədə imza atması təqdirəlayiqdir. Bu sərəncamlar mədəniyyətimiz, mənəviyyatımızı qloballaşma dövründə mühafizə etməyə, qorumağa yönəlib.

Məsələn, Prezidentin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» haqqında Sərəncam imzalaması böyük bir hadisə oldu. 2012-ci il mayın 23-də verilən bu sərəncamın mahiyyətində ana dilimizin qayğısına qalmaq amili dayanır. Sənəddə bildirilir ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılıb: «Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə, milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin edib. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatıb. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti var».

Prezident sərəncamından da göründüyü kimi, dil hər bir xalqın mənəvi sərvətidir və dilin inkişaf etməsi xalqların, mədəniyyətlərin tərəqqisi deməkdir.

Həmin sərəncamda o da qeyd edilir ki, Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən edib: «Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri var. Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi. Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik «Müasir Azərbaycan dili» dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə «Türkologiya» jurnalı məhz Bakıda nəşr edilirdi».

Məlumdur ki, Azərbaycan dilçiliyinin inkişafında önəmli rolu olan bu sərəncamlar nəinki indiki, hətta gələcək nəslin milli özünüdərk anlayışına sahib olmasına zəmin yaradır. Sənəddə Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dilinin xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməsi də yada salınır: «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli və «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir».

Dövlətçiliyimizin və milli mədəniyyətimizin təməl prinsiplərini təşkil edən dilimizin əbədi yaşarlığı dövlət başçımızı ciddi düşündürür. O hesab edir ki, ana dilinin yaşaması millətin yaşaması deməkdir: « Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır.

Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir».

Təhsilimizlə, elmimizlə, mədəniyyətimizlə vahid canda birləşən ana dilimizin daha çevik, daha aktual məsələlərə müdaxilə etməli olduğu qeyd edilən sərəncamda Azərbaycan dilinin gələcək inkişaf yolları da göstərilir: «Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin azlığı, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda, qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır».

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Dövlət Proqramına uyğun layihələr hazırlayaraq Nazirlər Kabinetinə təqdim etsinlər.

Əlbəttə, ölkə başçısının qəbul etdiyi bu qərar həm dilçi alimlərin, həm də ictimaiyyət nümayəndələrinin ürəyindən xəbər verdi. Artıq bu sahədə iki ildən artıqdır işlər görülür. Bu qiymətli işin daha əhatəli, geniş şəkildə davam etdiriləcəyi perspektivləri görünür.

 

 

Ardı var...

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 7 iyul.- S.15.