Azərbaycan dili günü dil mədəniyyətimizin təbliği kimi…

 

Bilirik ki, xalqları yaşadan, onları tarixin qaranlıqlarından dartıb işığa gətirən amillərdən biri ana dilidir. Ana dili millətin varlığını qoruyan, onu zamanın ağır sınaqlarından keçirərək əbədiyaşar edən bir məfhumdur. Elə xalqlar var ki, onların ana dili tarixin ağır dövrlərindən adlaya bilməyərək məhv olub. O xalq dilsiz, mədəniyyətsiz qaldığından, həm başqa xalqların dilinə, həm də milli mənsubiyyətinə əl uzadıb.

Onlar bir başqa xalqın genetik varisləri olsalar da, amma başqa ad, dil daşıyıcılarıdır. Xalqlar da var ki, onların ana dilinin dünyanın, insanlığın yaşı qədər yaşı var. Azərbaycan dili bu dillər sırasında durur. Tarix göstərir ki, ana dilimiz ayrı-ayrı dövrlərdə müxtəlif dillərin, mədəniyyətlərin təsirinə məruz qalıb. Amma dilimizin qüdrəti, xalqımızın dilimizi qorumaq iqtidarında olması onu işğaldan xilas edib. Ana dilin varlığı millətin yaşaması deməkdir. Bunu hər bir azərbaycanlı bilməlidir. Xüsusən də gənc nəslin bu məsələdə məlumatı geniş olmalıdır. Azərbaycanda ana dili məsələsi hər zaman çox həssas bir mövzu olub və ona ziyalıların münasibəti fərqli olub. Kimin hansı mövqedə olmasından asılı olmayaraq ana dilimizin yaşaması bizə çox şey deyir.

Tarixin müxtəlif mərhələlərində dilimiz başqa adlarla təqdim edilib. Lap tatar dili kimi də. Amma bu təqdimatlar dilimizin nüfuzuna, çəkisinə qətiyyən xələl gətirə bilməyib. Çünki onu yaşadan, məişətindən tutmuş, ali səviyyəyə qədər işlədən Azərbaycan xalqı olub. Xalqımız dilimizin ən böyük mühafizəçisi, qoruyucusu olub. Bu dil tarixdə məişətdən saraylara qədər ucalıb. Ana dilimizdə çox böyük bədii, elmi, publisistik əsərlər yaranıb. Unikal musiqi nümunələri oxunub.

Azərbaycan dilinə dövlət səviyyəsində ən böyük qayğı Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin dövründə olub. H.Əliyev ana dilimizin inkişafına böyük töhfələr verən bir sıra rəsmi sənədə imza atıb. Bu haqda sonra.

Dilçi alimlər bildirir ki, uzun illər Azərbaycan imperiya əsarəti altında olduğundan, bu illər ərzində dilimizə və əlifbamıza saysız-hesabsız zərbələr dəyib. Məlum olduğu kimi, Azərbaycan Çar Rusiyasının təsiri altında olduğu vaxtlarda ərəb əlifbasından istifadə olunurdu. Lakin 1920-ci il aprel ayından etibarən bolşeviklər bir sıra təcrübələr keçirtmiş oldular. Belə ki, Azərbaycan xalqının bir sıra adət-ənənələri, eyni zamanda dili və əlifbası nəzərdən keçirildi.

Azərbaycanda rus dili faktiki olaraq dövlət dilinə çevrilməkdə idi. XX əsrin sonu Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra əlifba məsələsi yenidən aktual mövzuya çevrildi. İlk dəfə olaraq 1991-ci ildə yeni əlifbaya keçid baş verdi. Lakin həmin vaxt real olaraq bu keçidi tam başa vurmağa icazə yox idi. Ölkədə poliqraf işi paralel olaraq 2 dildə aparılırdı. Qəzetlərin yarısı latın, yarısı isə kiril əlifbasında buraxılırdı. Bu isə yeni nəsil üçün böyük narahatlıq törədirdi. Bu hal 2001-ci ilin ortalarına qədər davam etdi. Köklü dəyişiklik isə 2001-ci il 18 iyun tarixində Prezidentin göstərişi ilə baş verdi. Məhz həmin gün Prezident Heydər Əliyev Azərbaycan dövlət dili haqda sənəd imzaladı. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 9 avqust 2001-ci ildə verdiyi  «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanı dil mədəniyyətimizin inkişafında zəmin rolunu oynadı.

Fərmanda bildirilirdi ki, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr verib və onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin, epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşayır: «Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilib, zaman keçdikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulub və ya ərəb qrafikasına keçirilib. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaradıb. Ərəb əlifbası yüzillər boyu geniş məkanda müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşıb. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirib. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirib və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırıb. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atıb.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi».

Azərbaycanda bir neçə dəfə dəyişdirilən əlifbaya münasibət bildirilən fərmanda qeyd edilir ki, Azərbaycan dövləti dövlət müstəqilliyini qazandıqdan sonra dilimiz və əlifbamız öz haqqına qovuşub: «Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.

On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin».

Artıq 13 ildir respublikamızda 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi keçirilir.

Heydər Əliyevin məlum sərəncamı ilə bağlı mətndə bildirilir ki, ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub.

Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərib. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. «Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur» - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: «Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o təkcə ünsiyyət vasitəsi deyil».

Dilçi Şəbnəm Quliyevanın sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin müstəsna xidmətləri olub: «Onun imzaladığı 18 iyun 2001-ci il tarixli «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman çox dəyərlidir. Mən  Heydər Əliyevin fikrini xatırlatmaq isəyirəm:»Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir». Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlayıram. Dil və milli ideologiya haqda tarixdə ən qiymətli fikirlərdən birini Heydər Əliyev deyib: «Millətin milliliyini saxlayan onun dilidir». Ana dilimizin yüksək məziyyətlərindən bəhs edən dilçi alimlər də deyir ki, bu məsələ Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən olub».

Dilçinin sözlərinə görə, mərhum Prezident dil məsələsində həmişə «Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın»-deyə bildiribHeydər Əliyev başqa bir çıxışında isə «nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o artıq dünya dilləri içərisində öz layiqli yerini tutsun». Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Avqustun 1-də Azərbaycanda dövlət səviyyəsində Azərbaycan əlifbası və ana dili günü keçirilir. Müxtəlif tədbirlərlə, yığıncaqlarla müşayiət olunan mərasimdə ana dilimizin, əlifbamızın qorunması, inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılır. Məlumatıma görə, heç də bütün ölkələrdə ana dili və əlifba günü kimi müstəsna bir tarix qeyd edilmir. Amma Azərbaycanda belə bir tarixi gün hər il yada salınır. Dilimiz yaşayırsa, demək millət kimi biz də yaşayırıq, azərbaycançılıq ideologiyası da həmişə yüksəkdə-öz yerində dayanacaq».

 

 

İradə SARIYEVA

 Bakı xəbər.-2014.- 8 iyul.- S.15.