Əcəlin macal vermədiyi elmimizin canlı ensiklopediyası - Vaqif Arzumanlı...

 

Professor Vaqif Arzumanlı dada çatan adam idi. Hansımızın dadına, köməyinə yetməmişdi ki...Ürəyi yuxa, əqidəsi kristal, vətəndaşlığı bütöv, özü yenilməz idi. Ancaq əcəl onu yendi... Üzü qara olsun əcəlin, kimə macal verib ki, köksü dolu nəfəs alsın, həyatdan doyana qədər yaşasın. Əcəl insan arzusunu gözündə qoyandır, belə olmasaydı, Tanrı bəndəsinin əhədini kəsib, yolunu yarıda qırmazdı.

Vaqif Arzumanlı ilə ünsiyyətdə olanda təzələnirdi, həyatı sevməyə davam edirdi. Həyat, sən şirinsən, kimsəni səndən doyan görmədim. Bircə əliqılınclı əzrayıl olmayaydı dünyada. O olmasaydı, insan öz ömrünü istədiyi qədər yaşayar, yarımçıq işləri qaydasına salar, həyatını sahmanlayardı...Vaqif müəllimin yarımçıq işləri çox idi. Ürəyi yaşamaq təşnəsi olan Vaqif Arzumanlı yaşayırdı özündən əvvəlki şəxsiyyətlərə söz ömrü bəxş edib yaşadırdı.

Belə qəfil ölümləri, köçləri adamın alt şüuru qəbul etmir. Sənə elə gəlir ki, bu xəbər doğru deyil, sənin az qala hər gün ünsiyyətdə olduğun, fikirlərini bölüşdüyün insanlar ölə bilməz. Nədənsə, doğma bildiyin adamlar şüurunun alt qatında sənin üçün diri qalır. Vaqif Arzumanlı diri qalan şəxsiyyətlərdəndir. Ömrünü sözə bağışlayan belə insanlar sözün canına hopub yaşayır.

Vaqif Arzumanlı filoloq idi, dilimizin, ədəbiyyatımızın canlı yaşadıcısı idi. Vaqif müəllim filoloq olsa da, tariximizi, mədəniyyətimizi, ictimai fikrimizi dərindən bilirdi. Elə bir sahə tapılmazdı ki, professorun ondan xəbəri olmasın. "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev həmişə deyirdi ki, Vaqif Arzumanlı canlı ensiklopediyadır, bu insanın bilmədiyi sahə yoxdur... Haqlıdır baş yazarımız, Vaqif müəllimin vaqif olmadığı yox idi. Ona görə hər kəsin köməyinə yetə bilirdi. Qəzetimizə əməkdaşlarımıza son dərəcə isti münasibət bəsləyən əziz Vaqif Arzumanlını biz çox sevirdik. O elə bir şəxsiyyət idi ki, onu sevməmək, dəyərləndirməmək olmurdu. Hörməti , izzəti , sevgini özü qazanmışdı. Gənclərin yaxın dostu kimi özünü göstərirdi. Ən təcrübəsiz, əli qələmə yenicə yatmağa başlayan jurnalistlərə Vaqif müəllim müsahibə verirdi. İnanırdı gəncliyə.

Vaqif Arzumanlı bütöv Azərbaycan boyda bir Vətən oğlu kimi yadımda qalıb. Güney Azərbaycandan, İrəvandan, Dərbənddən, Borçalıdan, Kərkükdən danışanda çox həyəcanlanırdı professor. Bu yurdlarımızın tarixini, etnoqrafiyasını, folklorunu elə gözəl bilirdi ki, adam onun sözlərindən doymurdu. Bəzən mənə təəccüblü gəlirdi ki, Vaqif müəllim bu qədər məlumatı necə yaddaşında saxlayır? Mübaliğəsiz deyərdim ki, o, tarixi bir çox tarix professorlarından əla bilirdi. Bu insan elm üçün yaranmışdı. Bu insan itmiş izləri, torpaq altda da olsa, axtarıb tapırdı, neçə izi addıma, ayaq səsinə çevirib Vaqif müəllim görəsən? Yüzlərlə itmiş ünvanı taparaq adını özünə qaytarıb professor Arzumanlı. Bundan zövq alırdı həmişə, deyirdi ki, bu hər bir vətəndaşın borcudur. Hələ yadıma gəlmir ki, o zamansa təvazökarlıqdan kənara çıxsın, belə şeylə rastlaşmadım heç vaxt. İşi görürdü onu maarifçilik işi kimi təbliğ edirdi.

Vaqif Arzumanlının vəfatı Azərbaycan filoloji fikrində, elmində, ictimai-siyasi həyatında sonsuz bir uçurum açdı. Əlbəttə, bu uçurum, boşluq yerində qalacaq, oranı dolduran olmayacaq. Belə böyük alimlərin dünyadan köçü hər kəsi sarsıdır. Alim olmaq da, elmi titullar daşımaq da asan işdir, ancaq bunların fövqündə nəcib insan olmaq, vətəndaş olmaq çətin məsələdir. Bu mənada Vaqif Arzumanlı böyük vətəndaş idi. Əsl vətəndaş olmağı bacarırdı. Yadımdadır, bir neçə il əvvələ qədər Vaqif Arzumanlı Azərbaycan Televiziyasında "Vətəndaş" adlı bir proqram aparırdı. Çox sevirdim bu proqramı, maraqlı olmaqla yanaşı, çox zəngin məlumatlar verirdi professor. Ancaq təəssüf ki, bilmədiyimiz səbəblər üzündən bu proqram bağlandı. Vaqif müəllimdən hər dəfə bu barədə soruşanda deyirdi ki, yəqin ki, zamansa efirə qayıdacaq "Vətəndaş". Ümidini üzmürdü heç.

Azərbaycanın əfsanəvi məkanlarından olan Qubada doğulub boya-başa çatan Vaqif Arzumanlı sonra Azərbaycan sevdalı bir şəxsiyyət kimi tanındı. Hətta o, Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutunun direktoru kimi fəaliyyət göstərirdi, sonra müəmmalı şəkildə o institut bağlandı. Açığı, Vaqif müəllim bundan çox sarsıldı. 2002-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edirdi. Harada işləyirdisə, böyük şövq ilə işləyirdi, həvəslə işləyirdi, gənclərlə işləməyə, onlara elmin daşlı-kəsəkli yollarında simsar olurdu. Əlbəttə, söhbət elmin gələcəyi olan gənclərdən gedir.

Vaqif Arzumanlı çox işıqlı əməllərə, xeyir işlərə imza atıb. Onun imzası elm-maarif işığının ziyasına çevrilib yaşayır...

1947-ci ildə dünyaya gələn 2014-cü ilin qızmar yay günündə Nabranda uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişən Vaqif Arzumanlı Allahın halal bəndəsi kimi cənnət evinə daxil olar...Bir məqamı da qeyd edim ki, Vaqif müəllimin xərçəngə mübtəla olduğunu bir neçə il əvvəl eşitmişdim, ancaq o özü bunu heç büruzə vermirdi, ağır terapiyadan, şüa vannasından çıxıb yenidən işinə qayıdırdı. Xərçəng əlamətləri onun görünüşündə özünü göstərirdi. Bircə yaddaşına təsir edə bilməmişdi xərçəng, son həftələrə qədər media ilə sıx əlaqə saxlayırdı professor. Vaqif Arzumanlı qəzetimizin etibarlı, daimi dostu olmaqla yanaşı, fikirlərinə hörmət etdiyimiz, ehtiyac duyduğumuz ekspert idi. Onun qəfil ölüm xəbəri onunla mütəmadi ünsiyyətdə olan əməkdaşlarımızı-Məhəmmədəli Qəriblini, Vidadi Ordahallını, Günel Cəlilovanı da sarsıdıb. Professor onların da yaddaşında dərin izlər buraxıb. Yəqin uzun müddət telefon kitabçasındakı nömrəsini qeyri-ixtiyari olaraq yığmaq istəyəcəklər, ancaq... birdən yadlarına düşəcək ki, ey dili-qafil, Vaqif Arzumanlı köçünü çəkib dünyadan. Æurnalist üçün daimi doğma müsahibini itirmək qədər dəhşətli bir yaşantı yoxdur...

Bu dünyaya gələn köçər, Vaqif müəllim, çünki dünya fanidir.

Türk dünyasının dədə ozanlarından olan, könlü Tanrı evinə çevrilən Xəstə Qasımın sözü ilə fikrimi sona çatdırmaq istəyirəm:

Xəstə Qasım, qalıb naçar,

Bu sirri bəs, kimlər açar.

Gələn qonar, qonan köçər,

Hey salırsan talan dünya...

"Fani dünyada qalan ölsün" deyirdi nənə-babalarımız...Cismən bu dünyadan əlinizi üzüb getsəniz , axirətdə işıqlı bir ömür yaşayacağınıza ürəkdən inanıram, professor...

Allah Sizə rəhmət eləsin, torpağınız nurla dolsun!

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 11-13 iyul.- S.12.