Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşayan mədəniyyət simvollarımız...

 

Azərbaycanın Qobustan əfsanəsi min illərdir insanların yaddaşını təzələyir, onları düşünməyə, öz tarixi keçmişi ilə maraqlanmağa sövq edir. Qobustan Milli Tarix-Bədii Qoruğu öz əzəməti ilə tariximizin şanlı səhifələrinə, mədəniyyətimizin inkişaf mərhələlərinə işıq tutur. Qobustan qayalarında əks olunan əski rəsmlərdən danışırdıq keçən yazımızda. İndio mövzunu davam etdiririk...

Bilirik ki, Qobustan qayalarındakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvaninsan rəsmləri ilə başlayaraq sonralar ara-sıra gah sxematikləşdirilib, gah kiçildilib, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənib. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur. Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biriodur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunub, onların başları nisbətən kiçildilib və surət cizgiləri-burun, ağız, göz, qulaqs. verilməyib. Mütəxəssislər bunu rəsm çəkənlərin bu hissəni düzgün çəkməyi bacarmadıqları ilə izah etməyin mümkün olmadığını qeyd edirlər. Çünki rəsm sahəsində onlar bundan daha çətin və mürəkkəb vəzifələrin öhdəsindən gələ bilmişlər.

Qaya təsvirlərində qəbilə həyatının, demək olar ki, bütün əsas cəhətləri öz real əksini tapıb. Sürək yolu ilə kollektiv ovçuluq ox icad edildikdən sonra formasını dəyişsə də, xeyli müddət kollektivliyini itirmir. Bu, Böyükdaşdakı 45 nömrəli qayada təsvir olunmuş oxla kollektiv ov səhnəsindən aydın görünür. "Yeddi gözəl" mağarasında çəkilmiş şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak edirmiş. Böyükdaşda 126 nömrəli qayadakı şəkil də böyük maraq doğuran təsvirlərdəndir. Burada bir kişi bir qadının əlindən tutaraq aparmaq istəyir, lakin qadın getmək istəmir. Şəkildəkilərin hər ikisi orta yaşlı insanlardır. Belə bir səhnə 128 nömrəli qayada da təsvir olunub. Bu təsvirdəki kişi ox və dəyənəklə silahlanıb.

Böyükdaşdakı 8 nömrəli və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri var. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunub. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsilə dənizə çıxa bilirdilər. Böyükdaşdakı 258 nömrəli qayada sağ əlində uçmağa hazırlaşan şahin olan atlı şəkli çəkilib. Buradakı 45 nömrəli qayada çəkilmiş inək şəklinin boynunda ip olması qobustanlıların çöl heyvanlarını əhliləşdirməsindən xəbər verir. Bütün bu və digər rəsmlər elə bil ki, qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış gözəl albomudur. Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadığı Yallı rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də birgə ov zamanı hədəfə hamılıqla bir anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin yaranmasına kömək edirdi.

Qobustandan söz düşəndə mütləq yada əfsanəvi "Qavaldaş" düşür. Deyək ki, BöyükdaşCingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu- "Qavaldaş"ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi. Qədim insanların boyu da 2 metrə çatırdı. Cingirdağdakı "Qavaldaş"ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulub. Bu daş altdakılara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq var və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılıb. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulub. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. Bu möhtəşəm musiqi qurğuları bu gün də yerlərində dururöz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur.

Qısa məlumat: Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında qobuyarğanlara malik geniş coğrafi rayondur. Qobustan ərazisi şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənir. Qoruq Azərbaycanın paytaxtı Bakı şəhərindən 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cingirdağ (Yazılı təpə), Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Ərazi quru subtropik iqlimə malikdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında muzeydir. Qoruq Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cingirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İ.Cəfərzadə olub. Hazırda sayı 1000-dən çox olan daşqaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınıb. Onlar mövzusüjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. Kişilər möhkəm bədənli, bellərində kəmərçin silahlanmış halda təsvir edilmişlər. Qadın şəkillərində döşlər qabarıq, baldırlar iri verilib. Onlar nəsil davamçıları kimi təsvir edilib. Qobustan qaya rəsmləri vaxtilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, its. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşərat şəkilləri qeydə alınıb. Heyvan şəkilləri əsasən kontur xətlə verilib. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, rituals. səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst poleolit) başlayaraq orta əsrlərə qədərki müxtəlif dövrləri əhatə edir. Qayaüstü rəsmlərlə yanaşı, epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII legionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilib. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanır. Bunlardan ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanıb. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1966-cı ildən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri dövlət tərəfindən qorunur. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il tarixli, 503-li Qərarı əsasında yaradılmış elmi-tədqiqat müəssisəsidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.08.2001-ci il tarixli Qərarı ilə dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında muzey kimi fəaliyyət göstərir. Qobustan qayaüstü rəsmləri təkcə azərbaycan alimlərinin deyil, eləcə də dünya əhəmiyyətli alimlərin diqqətini cəlb edir. Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qobustanın dünya miqyasında tanınması, Qobustan Milli Tarix-Bədii Qoruğu abidələrinin YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində müəyyən işlər aparılıb və bir çox beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb. Qobustan abidələrinin qorunması, bərpası və dünya miqyasında təbliğ olunması perspektivlərinin bir çox məsələləri sənədləşdirmə tələb edir. Bu məqsədlə yeni metodları əks etdirən məlumatlar bazası tərtib edilib. Qoruğun əməkdaşları tərəfindən GPS-in vasitəsilə MAP-info proqramı ilə qoruğun xəritəsi və onun üzərində qeydə alınmış qayaüstü təsvirlər tərtib edilib. Bu proqramın təqdimatı isə 2004-cü ilin oktyabr-noyabr aylarında Bakıda YUNESKO-nun dəstəyi ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bazasında "Bəşəriyyət üfüqündə dialoq" adlı beynəlxalq seminarda keçirilib. Bütün görülən məqsədyönlü işlərin nəticəsində bu dünya əhəmiyyətli abidə 2007-ci ilin iyun ayında Yeni Zellandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun növbəti sessiyasında Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Hazırda Qobustan qoruğunda 1000 qaya üzərində 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105000 maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna "Milli" status verilib.

Qeyd etmək lazımdır ki, milli status aldıqdan və YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edildikdən sonra qoruğa beynəlxalq elmi ictimaiyyət tərəfindən maraq daha da artıb, eyni zamanda, gələn turistlərin sayı çoxalıb.

Bütün bu faktlar göstərir ki, hələ insanlar icma, qəbilə halında yaşadığı dövrlərdən bəri mədəniyyətimiz, onun ən müxtəlif qolları uğurla inkişaf edib. Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan tarixinin çox qiymətli bir sərvətidir ki, bundan bütün dünya bəhrələnir. Bu mənada ki, indi dünyanın az ölkəsi tapılar ki, onun vətəndaşları Azərbaycana turist səfərinə gələrkən Qobustana baş çəkməsin. Açıq səma altında qeyri-adi muzey olan Qobustan milyonlarla insanın ürəyini fəth edib. Azərbaycan dövlətinin, mədəniyyətinin, elminin, təhsilinin tarixi yaşayan Qobustan hələ əsrlər sonra da vərəq-vərəq açılacaq və tədqiq ediləcək. Nə bilmək olar, bəlkə bizdən sonrakı nəsillər Qobustanın daha önəmli sirlərini öyrənəcək. Əlbəttə, nə qədər tədqiqat işləri aparılsa da, Qobustanın sirləri tamam açılmayıb, bu abidə qoynunda çox gizlinləri mühafizə edir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 15 iyul.- S.15.