Şəhərlərimizin "Mədəniyyət paytaxtı" elan edilməsi mədəniyyətimizin təbliğində hansı rolu oynayır?

 

Müstəqil Azərbaycan dövləti qurulana qədər mövcud olan dövlət və xanlıqlar, bu ictimai-siyasi quruluşların paytaxtları böyük bir mədəniyyət mərkəzi kimi tarixdə qalıb. Bu da onu deməyə əsas verir ki, qədim tarixi keçmişi olan şəhərlərimizin bir çoxunda sənətkarlığın müxtəlif növləri yaranıb. O xalq sənəti sahələri hazırda da uğurla davam etdirilir.

Sənətkarlar tərəfindən hazırlanan sənət nümunələrinin alıcısının o qədər də çox olmamasına baxmayaraq, o sənət növləri inkişaf etdirilir. Çünki onlar xalqımızın mədəniyyət, incəsənət və folklor tarixinin nişanələridir.

Azərbaycan torpağı öz qoynunda olduqca çox sirlər, maddi-mənəvi dəyərlər gizlədib. Ulu babalarımızın bir vaxtlar qurub-yaratdığı sarayların, hazırladığı sənətkarlıq nümunələrinin xeyli hissəsi hələ də torpaq altda qalır. Onları da gün işığına çıxarıb xalqımıza qaytarmaq isə arxeoloqların işidir. Məlumdur ki, son illər dövlət tərəfindən Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutuna ölkə ərazisində arxeoloji qazıntılar aparması üçün maliyyə vəsaiti ayrılır. Artıq respublikanın müxtəlif bölgələrinə ekspedisiyalar gedirorada qazıntı işləri apararaq külli miqdarda maddi-mədəniyyət qalıqları aşkarlayır. Axır zamanlar dövlət tərəfindən Azərbaycan xalqının keçmişini əks etdirən dəyərlərin üzə çıxarılması yönündə geniş tədbirlər görülür. Bilirik ki, son illər tarixi şöhrətə çatan şəhərlərimiz "mədəniyyət" və "folklor" paytaxtı elan olunur. Bu gün qürurla anamız Azərbaycanın "Mədəniyyət paytaxtları"ndan danışırıq. Azərbaycanın "Mədəniyyət paytaxtları"nın seçilməsilə bağlı Dövlət Proqramının mövcud olması bəllidir. Artıq beş ildir ki, bu layihə çərçivəsində Azərbaycanın müxtəlif şəhərləri "paytaxt" statusu daşıyır. 2010-2014-cü illər arasında həyata keçirilməsi nəzərdə tutulan layihənin xəttilə "Mədəniyyət paytaxtı" kimi ilk dəfə Gəncə, Qazax və Şəki seçilsə də, 2011-ci ildə bu şəhərlərin yerini Şabran, Lənkəran və İsmayıllı tutdu. Mədəniyyətimizin, dövlətçilik ənənələrimizin yaşadıldığı və inkişaf etdirildiyi diyarlarımızdan olan hər üç şəhərin Azərbaycan tarixində yeri çox əhəmiyyətlidir. 2011-ci ilin 3 mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində keçirdiyi tədbirdə Şabran "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran "Azərbaycanın Folklor Paytaxtı" və İsmayıllı "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının bu şəkildə müəyyən edilməsi heç bir şübhə yaratmayıb. Qeyd edək ki, sözügedən layihə əhalinin yüksək səviyyədə qarşıladığı layihələrdən biri kimi diqqəti cəlb edir.

Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetinişüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. "Mədəniyyət paytaxtları" layihəsi mədəniyyətşünas və ekspertlər tərəfindən uğurlu bir məsələ kimi qəbul edilir.

Sənətşünas Teymur Çələbiyevin bildirdiyinə görə, 2010-cu ildən həyata keçirilən bu layihə əhali tərəfindən yüksək qarşılanıb":Mədəniyyət və Turizm Nazirliyinin verdiyi bu layihə 2014-cü ildə başa çatacaq. Layihə çərçivəsində keçirilən tədbirlərin həcmi çox böyükdür. Müşahidə edib gördük ki, ümumilikdə "Mədəniyyət paytaxtları"nın seçimiuğurludur. Gəncə, Qazax və Şəkidən sonra Şabran, Lənkəran və İsmayıllı şəhərlərinin seçilməsi təqdirəlayiq və obyektiv idi. Bu cür seçim və təqdimatlar mədəniyyətimizə xidmət sahəsində atılan addımlardır. Belə seçimlər, layihələr nə qədər çox olsa, tariximizin, elm və təhsilimizin, mədəniyyətimizin təbliğatı bir o qədər çox olar. 2011-ci il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalarsair tədbirlər təşkil olundu. Bilirsiz, bu tədbirlərin əhəmiyyəti həm də ona görə böyükdür ki, onlar xarici ölkələr tərəfindən də diqqət mərkəzində olur. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlar təqdirəlayiqdir. Aybaay bu layihələrin sayı da, sanbalı da artıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın qeyri-maddi irsinə aid islahatların davamı olaraq diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxtlar" seçib. Qeyd edim ki, 2011-ci il üçün Şabran "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran "Azərbaycanın Folklor Paytaxtı", İsmayıllı isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. Çox yaxşı haldır. Lənkəranın "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsi tam yerinə düşür. Qədim yaşayış diyarlarımızdan olan Lənkəran doğrudan da folklorumuzun beşiyi sayılır. Naxçıvan, Qazax, Qarabağ və digər müqəddəs yurdlarımız kimi Lənkəranda da xalqımızın böyük xalq yaradıcılığı xəzinəsi var. Lənkəranın "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsi tam məntiqə əsaslanır. Bu torpaqda xalqımızın mənəvi ruhunu əks etdirən yüzlərlə folklor nümunəsi yaranıb, onlar bu gün də yaşayır. İsmayıllının qədim sənətkarlıq mərkəzi olması tarixdən bəllidir. İsmayıllı sənətkarlarının yaratdığı misgərlik, zərgərlik, dulusçuluq, toxuculuq nümunələri minillikləri adlayaraq günümüzə qədər gəlib çıxıb. Hətta bu sənət əsərlərinə xarici muzeykolleksiyalarda da rast gəlmək mümkündür. İçəri Şəhərdə, "Fəvvarələr meydanı"nda və başqa yerlərdə İsmayıllı sənətkarlarının hazırladığı nümunələr satışa çıxarılıb. Təbii ki, alıcıların sırasında əcnəbi vətəndaşlar da olub. Misgərlərin ərsəyə gətirdiyi mis qablar muzeylərimizi də bəzəyir. Şabrana gəlincə, buranın qədim mədəniyyət mərkəzi olduğu bəllidir. Burada qədim Şabran şəhərinin qalıqlarının olduğu da məlumdur".

Digər sənətşünas Səkinə Baharlının sözlərinə görə, Azərbaycan mədəniyyətinin bir sıra qolları ləyaqətlə xalq arasında yaşayır. Onun dediyinə görə, Lənkəranda camaat arasında elə folklor nümunələri yaşayır ki, onlar hələ də yazıya alınmayıb. Alim bildirdi ki, bu şəhər "paytaxt" elan edildiyi müddətdə nazirliyin xəttilə buradakı bütün folklor nümunələri toplanıb və nəşrə hazırlanıb. Son illər Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və incəsənət sahəsində gördüyü işləri təqdirəlayiq hesab edən S.Baharlı nazirliyin gələcəkdə də böyük işlər görəcəyinə inanır: "Axır zamanlar Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətini, tarixini, mənəvi dəyərlərini öyrənmək istiqamətində yeni kurs götürüb. Çünki yalnız müstəqillik dövründə bu problemləri ətraflı şəkildə öyrənmək olardı. Azərbaycan bölgələrinin hər birinin hansısa bir sənətkarlıq sahəsilə bağlı olması təbiidir. "Paytaxt"lar məsələsinə gəlincə, Şabranın "Əfsanələr Paytaxtı", Lənkəranın "Folklor Paytaxtı", İsmayıllının "Sənətkarlıq Paytaxtı" elan edilməsi bu şəhərlərin tarixi köklərini, qədim, arxaik mədəniyyətimizin izlərini axtarmaq baxımından çox maraqlıdır. Bu həm də o izləri axtarmağın başlanğıcıdır. Bəzən Lənkəranın "Folklor Paytaxtı" elan edilməsi müəyyən narazılıq da yarada bilər ki, nə üçün Lənkəran "Folklor Paytaxtı"dır? Buna birmənalı münasibət bəsləmək olmaz. Amma Lənkəran ərazisində folklorumuzun çox qədim variantları yaradılıb və yaşayır. Burada rəqslər, laylalar, halaylar, çağırışlar və s. nümunələr diqqəti cəlb edir. Biz Lənkəran folklor mühitini götürsək, bura orada yaşayan azsaylı xalqların folklorunu daxil etməmək şərtilə, Lənkəran ərazisində yaranan folklorun, poetik nümunələrin, ayrı-ayrı deyimlərin tarixi çox arxaikdir. Təəssüflənirəm ki, indiyə qədər onlar toplanmayıb. Lənkəranın özündə yaranan elə miflər var ki, onlar öyrənilməyib, qədim laydır, bir mənbədir. Orada yaranmış olan əski xorlar, əmək nəğmələri və s. öyrənilməlidir. Bu gün Folklor İnstitutu bölgələr üzrə folklor nümunələrini toplayıb çap edir. İş görülür, amma elə rayonlar var ki, ora sözün, sənətin ilk qaynağıdır. Vaxtilə Lənkəran ərazisində yaşayan Azərbaycan türklərindən toplanan nümunələrin bir çoxu - "Yar-yar", "Halay" və s. ən arxaik nümunələrdir. Mənə belə gəlir ki, Lənkəran "Azərbaycanın Folklor Paytaxtı" elan edildikdən sonra nazirlik buradakı folklor nümunələrinin toplanmasını da həyata keçirib. Lənkəran ərazisində olan folklor nümunələrinin üzə çıxarılmasında nazirliyin xeyli gördüyünü güman edirəm".

Şabranın "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi təqdim olunmasına münasibət bildirən S.Baharlının sözlərinə görə, ora qədim Şabran mədəniyyətinin mərkəzlərindən biridir: "Keçmiş Dəvəçi rayonunun arxasında əski Şabran mədəniyyətinin mövcud olduğunu bilirsiniz. Arxeoloji qazıntılar zamanı abidələr, saray xidməti, onların Şirvanşahlarla əlaqəsi üzə çıxıb. Bu ərazidə əfsanə janrının yaranması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Təkcə bir məsələni xatırladım. Böyük alimimiz, mərhum professor Azad Nəbiyev yazırdı ki, bu ərazidə ekspedisiyada olarkən orada Fincan-bayat adlı bir kəndin olduğunu öyrənib. Həmin kənddə "Dədə Qorqud" qəhrəmanlarından olan Selcan Xatun və Qanturalının məzarları olduğu haqda əfsanə eşidib. Onun qeydlərinə görə, Şabranda həm Dədə Qorqudun özü, həm də onun digər qəhrəmanları barəsində çoxlu əfsanələr mövcuddur. Bəzən iddia edirlər ki, Azərbaycan ərazisində İsgəndər Zülqərneyin haqda dolaşan əfsanələri toplamağa ehtiyac yoxdur. Hətta bunun üzərinə yasaq qoymaq istəyənlər də tapılır. Folklor barəsində məlumatı olmayan insanlar unutmamalıdır ki, hadisə, olay Azərbaycan ərazisində, Şabran dövlətinin mövcudluğu dövründə baş veribsə, onu öyrənmək lazımdır. Çünki Azərbaycan mədəniyyətinin müəyyən izləri bu əfsanələrdə qorunub saxlanıb. Şabranın əfsanələr diyarı olması doğrudur. Şabran ərazisində yayılan həm İslamdan əvvəlki, həm də sonrakı dövrün əfsanələrini toplamaq lazımdır. Türk millətinin müxtəlif boylara ayrılması, tarixi şəxsiyyətlərimizlə bağlı əfsanələr burada geniş yayılıb. Bunlardan biri də Xızırla bağlı əfsanələrdir. Şabran həqiqətən də bir əfsanələr mərkəzi kimi özünü göstərir. Şabranın əfsanələr diyarı kimi öyrənilməsini təqdir edirəm. Ortada xeyli uğurlu nəticə olduğuna inanıram. Düşünürəm ki, nazirlik bu yerlərdən toplatdığı örnəkləri bir dəfə çap etdirib elmi ictimaiyyətlə paylaşacaq".

S.Baharlının bildirdiyinə görə, İsmayıllının "Sənətkarlıq Paytaxtı" seçilməsi tariximizdə iz qoyanbu günyaşayan sənət növlərinin zənginləşməsinə, daha çox insanın şüurunda möhkəmlənməsinə gətirib çıxarır. Alim bildirir ki, İsmayıllı qədim sənətkarlıq mərkəzi kimi qədimlərdən üzü bəri Azərbaycanı hər yerdə tanıdıb":İsmayıllı ərazisində qədim Girdmanşah dövləti mövcud olub və dövlətin də siyasətinin bir hissəsi sənətkarlığı yüksək səviyyədə inkişaf etdirmək olub. İsmayıllı ta qədimdən sənətkarlıq mərkəzi olub. Dulusçuluqdan başlayaraq misgərliyə, zərgərliyə qədər bir çox sənətkarlıq nümunələri burada hazırlanıb. Bu sənət nümunələri olduqca ecazkar olub. Misdən, gildən məişət əşayaları hazırlamaq ənənəsi bu ərazidə qədimlərdən mövcud olub. Tarixi mənbələrlə tanış olanda görürük ki, Azərbaycana gəlmiş səyyahlara Girdman şahlığı ərazisində yaşayan sənətkarların işlədiyi sənətkarlıq nümunələri hədiyyə edilib. Onlar da bu yadigarları öz şəxsi kolleksiyalarında qoruyub saxlayıb. Bu gün bu şəhərlərin tarixi mədəniyyətinin açıqlanması, onların ayrı-ayrı xalq yaradıcılığı mərkəzləri kimi öyrənilməsi nəticəsində üzə çıxarılan məlumatların, əldə olunan maddi sərvətlərin, əşyayi-dəlillərin ölkə ərazisindən çıxarılmasının qarşısı alınmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı ərazisində yaranansonradan tapılan bir maddi mədəniyyət nümunəsini aşkarlayarsa, onu Bakıya gətirməli və analoji surətlərini, variantlarını çıxarmalıdır. İsmayıllı ərazisində sənətkarlığın çox müxtəlif sahələri mövcud olub. O nümunələrə Azərbaycan Tarixi Muzeyində, digər muzeylərdə rast gəlirik. Bütövlükdə, ayrı-ayrı şəhərlərin bir mədəniyyət mərkəzi kimi öyrənilməsini təqdir edirəm. Akademiyanın Tarix, ArxeologiyaEtnoqrafiya institutlarında çox böyük işlər görülür, qazıntılar aparılır. Qazıntılar zamanı yerin təkindən dəyərli əşyalar-taclar, qızıl camlar, üzərində yazılar olan nümunələr, əlifbaya bənzər şəkillər çıxır. Bunlar da bizə imkan verir ki, öz mədəniyyətimizin tarixi köklərini lap qədimlərdə axtaraq".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 23 iyul.- S.15.