Fərariliyin yox həddinə düşməsi gənclərin vətənpərvərlik tərbiyəsinin göstəricisidir

 

Peyğəmbərimizdən (S) yadigar qalan "Vətəni sevmək imandandır" kəlamı bizim milli düşüncəmizlə, adət-ənənələrimizlə də uzlaşır. Cəsur türk babalarımız, ulu əcdadlarımız da Vətəni sevməyi, onu qorumağı, torpaq uğrunda şəhid olmağı əmanət qoyublar. Azərbaycan oğlu zaman-zaman torpaqlarını yadellilərdən qorumaq uğrunda mücadilə verib. Azərbaycan övladına əsgər olmaq tarixigenetik bir borcdur.

Gənclik bu vəzifəni çox yaxşı dərk edir və əsgər olmaqdan qürur duyur. Maraqlıdır ki, son illər aparılan təbliğat, dövlətin orduya böyük diqqət yetirməsi sayəsində gənclərin orduya marağı artıb. Bir zamanlar övladını əsgərlikdən yayındırmağa cəhd göstərən valideynlər artıq kütləvi şəkildə oğlunun əsgərliyə getməsinə meyl edir. Çox müsbət bir göstəricidir. Demək olar ki, valideynlərin özləri gənc övladının vətənpərvər olmasına ciddi təsir edir.     

Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə həssas yanaşmaq reallığı ortaya çıxır. Onu da qeyd edək ki, sözügedən məsələdə milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir.

Filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, hər bir gənc, vətəndaş  hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil etdiyini bilməlidir. Onun sözlərinə görə, xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir":Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması vacib məsələdir. Çünki dünyanın sürətlə qloballaşması bir sıra milli dəyərləri aşındırır. Xüsusən də gənclər qloballaşmanın təsirinə daha çox məruz qalır. Bu da nəticə etibarilə yad ünsürlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə şərait yaradır. Ancaq bununla belə, ciddi təbliğat da nəticəsiz ötüşmür. Gənclərə yad ünsürlərin təsirinin qarşısının alınması üçün əməli işlər görülür. Bunu rəsmi sənədlər də təsdiqləyir. Son illərin rəsmi statistikasına görə, son illər Azərbaycan ordusunda fərarilik halları, demək olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il əvvəl bu kimi hallar daha qabarıq formada özünü göstərirdi. Bundan başqa, orduda cinayət hallarının faizlərində də ciddi azalmalar var. 2010-cu ildə hərbi xidmət əleyhinə cinayətlər 2,4 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri 9,9 faiz, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşmaya hakimiyyətdən istifadə etməmə 27,8 faiz, qeyri-hərbi cinayətlər 25,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 5,8 faiz, özünü öldürmə həddinə çatdırmaq 52,6 faiz, qəsdən adam öldürmə 13,6 faiz, ağır cinayətlər 58,5 faiz, xüsusilə ağır cinayətlər 29,4 faiz azalıb.

Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsilə bağlıdır. Gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Bu da yaxşı haldır". 

Keçmiş hərbçi Zahir Əhmədovun sözlərinə görə, hazırda orduda gənc əsgərlərlə yüksək səviyyədə qurulub. Onun dediyinə görə, müəyyən arzuolunmaz halların baş verməməsi üçün təlim-tədris müddətində gənc əsgərlərlə təlim prosesini başa vurmuş əsgərlərin görüşünə icazə verilmir: "Gənc əsgərlərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda orduda fərarilik halları da azalacaq. Hərbi xidmətdən yayınma hallarının azalmasının fövqündə dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasıdır. Məsələ ondadır ki, hərbi xidmətə çağırılan gənclər müxtəlif ailələrdə böyüyüb onların psixoloji durumi fərqlidir. Ailə şəraitilə bağlı olaraq əsgərlərin hər biri düşdüyü hərbi mühiti fərqli şəkildə qəbul edir. Ancaq vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Əsgərlərin hərbi rejimə öyrəşməsi üçün, Müdafiə Nazirliyi başda olmaqla, hər bir hərbi hissə müvafiq tədbirlər görür. Aparılan kompleks tədbirlərin nəticəsi olaraq, orduda fərarilik halları əsaslı şəkildə aşağı düşüb. Bir çox hərbi ekspertlər hesab edir ki, hazırda Azərbaycan ordusunda "dedovşina" yoxdur. "Dedovşina" sovet dövründən qalma bir haldır. O zaman əsgərlər müxtəlif respublikalardan gəlirdi aralarında xoşagəlməz hallar yaranırdı. Həm sovet dövründə hərbi xidmətə çağırış altı aydan bir idi. Yəni arada fasilə yaranırdı. İndi isə hərbi xidmətə çağırış üç aydan birdir. Yəni arada o qədər fasilə yaranmır. Əsgərlərin hamısı bir millətin övladıdır. Amma müəyyən narazılıqların olması da təbiidir. Bir ailənin iki övladı arasında da narazılıq yaranır. Orduda fərarilik hallarının yox səviyyəsinə enməsi həm gənclərdə milli mənlik şüurunun inkişafının təntənəsidir. İş ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist praqmatik prizmadan yanaşır. Gənclik anlayır ki, hansısa bir dövlətin vətəndaşı gəlib onların yerinə Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır".

Sabiq hərbçi bildirdi ki, fərarilik faizinin sürətlə aşağı enməsinin bir sıra səbəbləri var. Onun dediyinə görə, əsgərlər arasında milli ruh, milli özünüdərk vətənpərvərlik tərbiyəsi düzgün qurulub: "Eyni zamanda da dövlətimiz 20 il əvvəlki respublika deyil. Bəzi çatışmazlıqlara rəğmən, ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Əvvəllər ordu yenicə qurulurdu fərarilik hallarına görə o qədər ağır cəza verilmirdisə, indi bunu edən əsgərlər kifayət qədər sərt şəkildə cəzalandırılır. Bir məqamı da nəzərə almaq lazımdır ki, döyüş əməliyyatları aparılmır. Sözügedən amilin müəyyən mənada fərarilik hallarının azalmasına təsiri var. Bir növ valideynlərdə arxayınçılıq var ki, övladları sağ gedib, salamat qayıdacaq. Düzdür, indi bəzi gənclərin ordudan yıyınma hallarına rast gəlinir, ancaq bu çox aşağı səviyyədədir. Orduda fərariliyin azalmasını sırf milli mənlik şüurunun inkişafı vətənpərvərlik hissləri ilə bağlamaq doğru deyil. Sözügedən məsələdə yuxarıda sadalanan amillərin rolu var. Çox yaxşı olardı ki, ailədən, uşaq bağçalarından, məktəbdən başlayaraq vətənpərvərlik hisslərinin aşılanmasına önəm verilsin. Şəxsən mən belə hesab edirəm ki, bu sahədə vəziyyət o qədər yüksək səviyyədə deyil. Fikrimcə, bu məsələdə görüləsi çox var. Ona görə bu sahədə mövcud olan bəzi problemləri görməzdən gəlmək doğru deyil. Razıyam ki, fərariliyin azalması ilə bağlı məqamlar təqdir olunmalıdır. Ancaq neqativ halların da üzərinə getmək vaxtında onları həll etmək lazımdır. Bunun üçün birinci növbədə şəffaflıq təmin olunmalıdır ki, o da ictimai nəzarətin tətbiq olunmasından keçir. İctimai nəzarət qədər geniş olsa, orduda bir o qədər fərarilik digər bu kimi neqativ hallar azalacaq. Gənclər daha həvəslə ordu sıralarına gedib öz xidməti borclarını yerinə yetirəcək".

Ehtiyatda olan hərbçi onu da dedi ki, ictimai təşkilat olaraq bəzi araşdırmalar aparıblar. Onun dediyinə görə, bəzi QHT-lər artıq "Gənclərdə vətənpərvərlik vətəndaşlıq hisslərinin formalaşdırılması" mövzusunda layihə həyata keçirib. Bu layihə çərçivəsində bir konsepsiya da hazırlanıb":Həmin konsepsiya internetdə var".

"Müasir İnkişaf" İctimai Birliyinin rəhbəri Mübariz Aşırlı isə qəzetimizin əməkdaşı ilə söhbətində bildirib ki, ictimai təşkilat olaraq, üzərlərinə düşən işi görürlər": O üzdən, sözügedən mövzu ilə bağlı cəmiyyəti müzakirələrə dəvət etdik. Müzakirələrin nəticələrindən çıxış edərək, təkliflər, konsepsiya hazırlayıb göndərdik. Çox təəssüf ki, bəzi hallarda hansısa taleyüklü məsələ ilə bağlı QHT-lərdən gələn təkliflər qulaqardına vurulur. Bəzi hallarda isə bu formal olaraq icra olunur. Tutaq ki, hər hansı bir hərbi hissədə 20 Yanvar, Xocalı faciəsi ilə bağlı bir tədbir keçirilir. Çox vaxt o tip tədbirlər formal şəraitdə keçirilir bəzi hallarda tədbirdə elə şəxslər çıxış edir ki, bu, real işə təsir göstərmir. Yəni ordunun fəaliyyətinə o qədər müsbət təsir etmir. Hesab edirəm ki, bu kimi məqamlar var bunları ciddi şəkildə nəzərə almaq lazımdır.

Azərbaycan ordusunda Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullar çoxdur. Adıçəkilən qəhrəmanların təbliğ olunması Azərbaycanın bugünkü potensialına, imkanlarına uyğun gəlmir. Deməyim odur ki, bu istiqamətdə cəmiyyətdə, gənclər arasında təbliğatı genişləndirmək lazımdır. Hər an, hər dəqiqə müharibənin başlanma ehtimalı var bu, cəmiyyətdə hiss olunmalıdır. O zaman gənclər bunun məsuliyyətini daha dərindən anlamış olacaq. Əyani təşviqat lövhələrində vətənpərvərlik hisslərinin təbliği ilə bağlı çağırışlar olmalıdır". 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 2 iyun.- S.12.