Olimpiya oyunlarının gənclərin milli vətənpərvərlik tərbiyəsində rolu...

 

Azərbaycan gənclərinin idmana marağının günü-gündən artmasına səbəb olan amillər çoxdur. Əlbəttə, keçən yazımızın davamı olaraq burada olimpiya oyunlarının faydasını, nümunəsini önə çəkirik. 20 ilə yaxındır davamlı olaraq Azərbaycanın iştirak etdiyi olimpiya oyunlarında gənclərimizin kifayət qədər uğurları var. Bu uğurlar da başqa gənclərin bu sahəyə ciddi maraq göstərməsinə səbəb olur.

Azərbaycan dövlətinin idmana sonsuz qayğısı sayəsində gənclərin idman komplekslərində, zallarında təmənnasız olaraq məşqlər keçirməsi, onlara burada şərait yaradılması çox təqdirəlayiq haldır. Bütün bunlar dövlətimizin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan ilk olimpiaçılarının göstərdiyi şücaət başqa gənclərin də timsalında yenilənir və yenilənməkdə də davam edir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Tərlan Baxışovun bildirdiyinə görə, Azərbaycan idmanının həyatında günü-gündən yeniliklər baş verirbu yaşananlar konkret ənənəyə söykənir. Azərbaycanda tarixdən gələn idman ənənəsinin olduğu deyən T.Baxışov bildirdi ki, olimpiya hərəkatına qoşulmağımız bu ənənəni daha da sarsılmaz edib.    

Azərbaycanın olimpiya uğurlarına toxunan müsahibimiz dedi ki, XX əsrin sonlarında müstəqil olaraq qazanılan ilk uğurlar XXI yüzilliyin başlanğıcında bütün uğurlara təkan verib":Azərbaycanda idman sahəsində görülən işlərin hamısı gəncliyin fiziki və mənəvi sağlamlığına hesablanıb. Fiziki cəhətdən sağlam olan adamın mənəviyyatı da, əqidəsi də sağlam olmalıdır. Bu danılmaz həqiqətdir. Olimpiya uğurları Azərbaycan gənclərinin bütün dünyanın idman həyatında söz sahibi olmasına səbəb oldu. Bu, eyni zamanda, dövlətimizin də dünya dövlətləri sırasında xüsusi və özəl yeri olduğunu sübut etdi. Güclü Azərbaycan dövləti, bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanan bir dövlətdir. Bilirsiz ki, Azərbaycan dövləti 1993-cü ildən olimpiya oyunlarına qatılır və gənclərin bu oyunlarda iştirakı təmin edilir. Olimpiya oyunları dövlətimizin müasir tarixində bir sıra uğurlarla müşayiət olunur. Bilirsiz ki, Azərbaycan dövlətinin idmançıları 2000-ci il XXVII Yay Olimpiya Oyunlarına da qatılıb. Deyim ki, bu yarışa da idmançılarımız çox böyük ruh yüksəkliyi ilə hazırlaşırdılar. Bəllidir ki, olimpiya oyunlarına hazırlıq istiqamətində bir çox beynəlxalq yarışlarda iştirak böyük əhəmiyyət daşıdığı kimi, respublikadaxili yarışların da rolu olduqca böyükdür. 2000-ci il avqustun 25-də ümummilli liderimizin iştirakı ilə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirildi. Həmin mərasimdə Prezident idmançılara xeyir-duasını verdi, onlara bu yarışlarda uğurlar arzuladı. Azərbaycan idmançıları Sidney Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medal qazanaraq 199 ölkə arasında 34-cü yerdə qərar tutdu. Olimpiya yığma komandamızın bu möhtəşəm yarışlarda Avropa ölkələri arasında 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi.

İlin yekun nəticələrinə görə, Azərbaycan idmançıları 160 medal, o cümlədən 53 qızıl, 38 gümüş, 69 bürünc medal əldə etmişdilər. Bu isə Azərbaycan gəncliyinin, Azərbaycan idmançılarının yeni əsrdə, yeni minillikdə daha böyük uğurlar qazanacağından xəbər verirdi. Bu uğurlar ilk növbədə dövlətimizin gənclər və idman siyasətinin parlaq nəticəsi kimi qiymətləndirilir.  2001-ci ildə ölkədə beynəlxalq yarışların keçirilməsi imkanlarını genişləndirmək və yaxşılaşdırmaq sahəsində yeni işlər görüldü.  Həmin il idman kadrlarının hazırlanmasında tarixən müstəsna rol oynamış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik yubiley mərasimi dövlət səviyyəsində qeyd edildi.

2001-ci ilin əlamətdar sonluğu isə Azərbaycan idmançılarının rəsmi dünyaAvropa çempionatlarında uğurlu nəticə göstərərək, yeni uğurlar əldə etməsi oldu. Həmin il Azərbaycan atletləri idman tariximizə 54 qızıl, 45 gümüş və 74 bürünc medal yazdılar. İdmana dövlət tərəfindən göstərilən diqqət və qayğı çərçivəsində həyata keçirilən işlər son illərdə komanda idman növlərində uğur əldə etməyin mümkün olduğunu göstərdi. İlk dəfə olaraq Bakıda keçirilən Avropa Top Komandaları Kubokunun final yarışlarında komanda idman növlərində Azərbaycanın qadın voleybolçuları Avropa miqyasında böyük uğur əldə etdilər. Avropa qadın voleybol komandaları arasında Top Komanda Kubokunu Bakıda qızlar qazandılar. Həndbol üzrə qadınlardan ibarət yığmamız may ayında paytaxtımızda təşkil olunmuş "Cheleng-Troffi" Kuboku uğrunda yarışlarda parlaq qələbə nümayiş etdirib. Həndbolçularımız ölkəmizə Avropa kubokunu qazandırıb".

T.Baxışov bildirdi ki, otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandamız iyul ayında Litvanın Şaulyay şəhərində Avropa çempionatının seçmə oyunlarının gümüş mükafatçısı olub. Onun sözlərinə görə, beynəlxalq idman qurumlarının ölkəmizə olan inam və hörmətinin əlaməti olaraq, 2002-ci ildə Azərbaycan növbəti mötəbər beynəlxalq idman tədbirinin məkanına çevrildi. Həmin ilin mayında Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatı keçirildi. Həm qızıl, həm gümüş, həm də bürünc medal qazanan pəhləvanlarımız bu idman bayramını idmansevərlərimiz üçün ikiqat bayrama çevirdilər.  12-24 may tarixlərində Bakı şəhərində Yeniyetmələrin III Respublika Oyunları keçirildi. Oyunların final mərhələsində 66 komandada birləşən 5000-dən artıq yeniyetmə iştirak etdi. Bu isə öz bəhrəsini 14-24 iyun tarixlərində Moskvada MDB, Baltikyani ölkələr və Rusiya regionları yeniyetmələrinin Beynəlxalq İdman Oyunlarında göstərib. Azərbaycan idmançılarının bu məsuliyyətli yarışda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq 15 MDB dövləti arasında ümumkomanda hesabında 7-ci yeri tutması çox fərəhli olubidman ictimaiyyətimizi ürəkdən sevindirib. İdmanın maddi-texniki bazasını inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Milli Olimpiya Komitəsi ölkənin qədim, mədəni, ictimaisiyasi mərkəzlərindən olan Naxçıvan şəhərində də idman kompleksinin inşasını, Muxtar Respublikanın blokada şəraitində olmasına baxmayaraq, qısa müddətdə başa çatdırdı. Çox qısa zaman kəsiyində ölkəmizin digər regionlarında - Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda və Qubada da yeni idman qurğuları istifadəyə verildi.

2002-ci il oktyabrın 11-də Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 10-illik yubileyi böyük təntənə ilə qeyd edildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci ilin sonunda Milli Olimpiya Komitəsinin onillik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalamışdı. Sərəncam ölkə ictimaiyyəti tərəfindən fərəh və iftixar hissi ilə qarşılanmışdı. Bu da təsadüfi deyildi".

Ekspert bildirdi ki, fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin - idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində Milli Olimpiya Komitəsinin rolu danılmazdır.

Onun sözlərinə görə, idman da, Olimpiya Hərəkatı da böyük və mürəkkəb sahədir:m"Burada müxtəlif qollar, müxtəlif istiqamətlər mövcuddur və onların hamısı bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir. İdmanda inkişafın ahəngdar və harmonik şəkildə getməsi üçün ilk növbədə idmanla məşğul olmaq üçün şərait yaratmaq vacibdir. 1997-ci ilin sonundan başlayaraq MOK mövcud idman baza və qurğularının yararlılıq səviyyəsini yaxşılaşdırmaq, onları tələb olunan idman avadanlıqları ilə təchiz etmək istiqamətində işə başladı. Bütün idman növlərində real vəziyyət federasiyaların nümayəndələri, idman mütəxəssisləri ilə birgə müzakirə edildi, idman növlərinin potensialı, imkanları qiymətləndirildi. Bütün idman növlərinin inkişafı ilə bağlı əməli işlər görülürdü. İdman növlərinin maddi-texniki imkanları gücləndirildi, idmançılarımızın məşq, eləcə də yarışlarda iştirak etmək problemləri həll olundu".

Onun dediyinə görə, 2002-ci ilin yekunlarını təhlil edərkən qeyd etmək lazımdır ki, Azərbaycan idmançılarının qazandıqları uğurlar əvvəlki illəri də geridə qoyub. O bildirdi ki, həmin il rəsmi qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə qazanılan medalların sayı 175-çatıb və onlardan 53-ü qızıl, 45-i gümüş və 77-si bürünc olub. Ekspert qeyd etdi ki, 2003-cü ilin əvvələrindən başlayaraq Azərbaycanda bir-birinin ardınca beynəlxalq yarışların təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq idman təşkilatları tərəfindən sabit, inkişafda olan bir dövlət kimi tanınmasının parlaq təzahürü idi":Həmin ilin iyun ayının əvvəlində paytaxtımızda qadınlar arasında voleybol üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli yığma komandası bu yarışlarda I yerə yiyələnərək yüksək liqada oynamaq hüququ qazanıb.

Bu yarışlardan dərhal sonra Rusiyada dünyanın ən güclü komandalarının iştirakı ilə keçirilmiş voleybol üzrə beynəlxalq turnirdə Azərbaycanın voleybolçu qızları III yerə çıxmışlar.

5 iyun 2003-cü il tarixində ümummilli lider Heydər Əliyev 2004-cü ildə Afinada keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarına səmərəli, planlı və məqsədyönlü hazırlığı təmin etmək, bu oyunlarda Azərbaycan yığma komandasının uğurlu çıxışına nail olmaq məqsədilə müvafiq Sərəncam imzaladı. 2003-2004-cü illərdə bu Sərəncamdan irəli gələn vəzifə və tapşırıqlar sürətlə həyata keçirildi. 2003-cü il iyulun 5-dən-12-dək Tailandda keçirilmiş Dünya çempionatında boksçularmızdan Ağası Məmmədov qızıl, Tofiq Əhmədov və Ruslan Xairov bürünc medallar əldə etmişlər. Avqust ayında Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi keçirilib. Yarışlarda 17 ölkənin gimnastları iştirak edib. Azərbaycan gimnastı Dinarə Gimatova bu mötəbər yarışlarda 1 gümüş və 2 bürünc medalla mükafatlandırılıb. Avqust ayında daha bir beynəlxalq yarış paytaxtımızda təşkil olunub. Avropanın 30 ölkəsinin yeniyetmə cüdoçuları tatami üzərində qitənin güclüləri sırasına düşmək əzmi ilə mübarizə aparmışlar. Avropa birinciliyində ölkəmizin yeniyetmə cüdoçuları 3 qızıl, 3 gümüş və 2 bürünc medal əldə etmişlər. Azərbaycan komandası yarışlarda I yerə çıxıb.  Respublikamızda kütləvi kompleks yarışların keçirilməsi də artıq ənənəyə çevrilib. 2004-cü ildə Yeniyetmələrin IV Respublika Oyunları, orta ixtisasali təhsil məktəbləri tələbələrinin, ayrı-ayrı sahələrin əməkdaşları arasında respublika spartakiada və olimpiadaları keçirilib. Proqrama daxil olan idman növləri üzrə yarışlara şəhər və rayonlardan 300000-ə yaxın idmançı cəlb olunub".

T.Baxışovun sözlərinə görə, 2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 181 saylı Sərəncamı ilə "Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı" təsdiq edilib".

Ekspert bildirdi ki, bütün bu nailiyyətlər və ondan sonra qazanılan uğurlar gənclərin vətənpərvərlik tərbiyəsinə ciddi təsir göstərir. Onun sözlərinə görə, idman sahəsində görülən işlərin miqyasının geniş olması gənclərin sağlam yetişməsinə səbəb olur.

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 11 iyun.- S.15.