Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetdir

 

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. İqtisadiyyatda əldə olunmuş yüksək göstəricilər sosial sahənin inkişafına, ölkə boyu aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsinə, xüsusilə əhalinin rifahının daha da yaxşılaşdırılmasına stimul yaradır.

Xüsusilə vurğulanmalıdır ki, dövlət siyasətində aztəminatlı ailələrə qayğı hər zaman prioritet olub. Bu günün özündə də əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Bir sözlə, aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış, əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Ötən ilin statistik göstəricilərində ümumi mənzərənin nədən ibarət olduğunu görmək o qədər çətin deyil. Belə ki, ötən ilin məlumatına əsasən, ölkə üzrə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sözügedən kontekstdə ilin əvvəlindən aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının icrası uğurla davam etdirilib. 2013-cü ilin yarısınadək ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103.95 manat təşkil edib. Konkret desək, ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Bir nəfərə düşən əlavə məbləğ 23.14 manat təşkil edib.

Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtlaelektron) hazırlanıb. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət qayğısını əks etdirən göstəricilərdən söz açarkən qeyd edilməlidir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların digər tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. O cümlədən, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili daha yüksək səviyyədə təmin olunub.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən aztəminatlı insanlar, Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkün və işsizlər həmişə diqqət mərkəzində saxlanıb və bu günə kimi aztəminatlı vətəndaşların güzəranını yaxşılaşdırmaq üçün 150-dən çox fərman və sərəncam imzalanıb, 40-dan çox qanun qəbul olunub, 50-yə yaxın qanuna əlavə və dəyişikliklər edilib.

2001-ci ildə Azərbaycan SSRİ dönəmindən qalmış sosial müdafiənin həmrəyliyi prinsipindən imtina etdi və ünvanlılıq prinsipinə keçdi. Sosial yardım ümumi şəkildə hamıya deyil, ünvanlı şəkildə verilməyə başladı. Sosial müdafiə ünvanlılıq prinsipinə keçdi. Konkret olaraq hüququ çatan insanlara müvafiq vəsaitin kompensasiya şəklində ödənilməsi həyata keçirilib. Bundan başqa, qanundan irəli gələn Dövlət Proqramı qəbul olunub. Həmin proqramın icrası nəticəsində xüsusən də Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması, sosial tibbi göstərişi olan Qarabağ əlillərinə minik avtomobillərinin verilməsi, pulsuz olaraq protezlərin verilməsi, bütün reabilitasiya vasitələrinin ardıcıl şəkildə dövlət vəsaiti hesabına təmin olunması, müalicə və bərpasının pulsuz şəkildə həyata keçirilməsi, o cümlədən, respublikadan kənarda həyata keçirilməsinin təmin olunması, əlillər üçün, demək olar ki, ölkənin bütün regionlarında bərpa mərkəzlərinin, protezləşmə mərkəzlərinin tikilməsi həyata keçirilib. Naftalanda əlillər üçün ixtisaslaşmış sanatoriya tikilib.

Ölkədə yaşayan aztəminatlı ailələrlə mütəmadi olaraq görüşlər təşkil olunur. Onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək olunur.

Novruz bayramı ərəfəsində Qaradağ rayonun aztəminatlı ailələrlə görüş təşkil olunub. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov görüş zamanı ailələrə  bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ Rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondu tərəfindən, hər bayramda olduğu kimi, bu il də aztəminatlı ailələrə bayram payı göndərilib. Bu, dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürüdür. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verilib.

Bu tip görüşlər ölkənin hər bir rayonunda yaşayan aztəminatlı ailələrlə təşkil olunur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Musa Quliyevin sözlərinə görə, sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konkret olaraq pensiya, sığorta, əlillərin sosial müdafiəsi, aztəminatlı insanlara ünvanlı yardım verilməsi sahəsində kifayət qədər zəngin və möhkəm hüquqi baza yaradılıb. Onun sözlərinə görə, bu yöndə islahatlar, demək olar ki, başa çatdırılıb. 2006-cı ildə əmək pensiyaları haqda, dövlət müavinətləri haqda, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqda qanunların qəbul edilməsi ilə aztəminatlı insanların sosial təminatının hüquqi əsaslarının formalaşdırıldığını bildirən millət vəkili deyib ki, bütün bunlar nəticəsində Azərbaycan uzun illər sovet sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik prinsipindən imtina edibbazar iqtisadiyyatına uyğun olaraq pensiya ödənilməsinin sığorta sisteminə keçib: "Görülən bu işlərin hamısı insanların maraqlarına xidmət edir və təbii ki, belə olan təqdirdə də həyata keçirilən sosial siyasət cəmiyyət tərəfindən dəstəklənir. Qeyd etdiyim kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Bu baxımdan pensiya sistemində aparılan islahatlar da böyük əhəmiyyətə malikdir. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində ölkə Prezidentinin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Ölkə başçısı İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 617 347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunub".

M.Quliyevin sözlərinə görə, ünvanlı sosial yardımların verilməsinin ciddi əhəmiyyəti vardır: "Bu yardım o insanlara verilir ki, onların aylıq gəliri 75 manatdan aşağı olsun. Qeyd edək ki, ünvanlı sosial yardım da 75 manat həcmindədir. Bizim hədəfimiz isə ondan ibarətdir ki, ünvanlı sosial yardım minimum əməkhaqqı ilə bərabər olsun.

Amma bu da İ.Əliyevin sosial müdafiənin gücləndirilməsi ilə bağlı müvafiq icra orqanlarının qarşısına qoyduğu son hədd deyil. Prezidentin qarşıya qoyduğu prioritet məsələ ölkəmizdə yoxsulluğun tam şəkildə aradan qaldırılması ilə bağlıdır. Ölkə başçısı bir müddət öncə bölgələrə səfəri zamanı insanlarla keçirdiyi görüşdə bildirdi ki, 2001-ci ildən indiyə kimi ölkəmizdə yoxsulluq həddi 49 faizdən 9 faizə enib. Yəni dünyada ikinci bir ölkə yoxdur ki, 10 il ərzində bu qədər yoxsulluq faizinin aşağı düşməsinə nail olsun. İ.Əliyev onu da əlavə etmişdi ki, bizim son məqsədimiz ölkəmizdə bir nəfər olsun yoxsul adamın qalmamasıdır. Artıq uzun müddətdir Azərbaycanda mütləq yoxsul yoxdur. BMT-nin müəyyən etdiyi kriteriyaya görə, mütləq yoxsul gündəlik gəliri 2 dollardan aşağı olanlar sayılır. Azərbaycanda bu gün 75 manat sosial yardım verilməsi ölkədə mütləq yoxsulun olmamasını deməyə əsas verir. Söhbət yalnız nisbi yoxsulluqdan gedə bilər ki, onu da artıq tam aradan qaldırmaq üzrəyik. Bu istiqamətdə lazımi işlər görülür 2003-cü ildən bu yana ölkəmizdə 900 min yeri açılıb ki, onun da 700 mindən çoxu daimidir. Əməkhaqları da artırılır hazırda Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 350 manata çatıb. Bu çox böyük bir rəqəm göstəricidir. Azərbaycan hökuməti üçün artıq Avropa Birliyinə üzvlük məsələsi hədəf kimi seçilə bilər. Bu, son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında uğurlu sosial-iqtisadi, siyasi islahatların əyani bir nəticəsidir. Nəzərə alsaq ki, Azərbaycanda inflyasiya həddi bu sosial-iqtisadi artım fonunda o qədər yuxarı deyil birrəqəmli həddədir, ölkəmizdə əməkhaqqının artım tempi inflyasiya tempini iki dəfə üstələyir. Bu bir daha Azərbaycanın yüksək templə inkişafını təsdiqləyir".

 

 

Günel CƏLİLOVA

Bakı xəbər.-2014.- 12 iyun.- S.10.