Xarici siyasətimizin əsas prinsipləri: Əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək

 

 

Məlumdur ki, SSRİ-nin tabutuna son mismar vurulduqdan sonra dünyada yeni geosiyasi vəziyyət yarandı. Müstəqillik əldə edən postsovet respublikaları artıq özlərinin sərbəst şəkildə müəyyənləşdirdiyi xarici siyasətini həyata keçirməyə başladılar. Təbii ki, olduqca əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan Respublikasının (AR) da qarşısında duran vacib vəzifələrdən biri milli maraqlarının təmin olunmasına yönələn yeni xarici siyasət strategiyasının yaradılması və uğurla həyata keçirilməsi oldu.

Azərbaycanın xarici siyasətinin prinsip və prioritetlərini təhlil edərkən, ilk növbədə, milli maraq məfhumuna aydınlıq gətirmək lazımdır. Milli maraqlar dedikdə hər bir fərd, cəmiyyət və dövlətin uzunmüddətli təməl maraqları nəzərdə tutulur. Qeyd edək ki, dünyanın müxtəlif siyasətçiləri, strateqlər, alim və ekspertlər milli maraqların qiymətləndirilməsi üçün müxtəlif kriteriyalardan istifadə edir. Lakin siyasi ədəbiyyatda ən çox rast gəlinən dörd kriteriya mövcuddur: Həyatı, həyatı vacib, vacibperiferik maraqlar. Birinci qrup maraqlara, bir qayda olaraq, bir ölkənin digər ölkənin ərazisinə silahlı hücumuya onu hücumla təhdid etməsi nəticəsində toxunulur. İkinci qrup maraqlara Vətənin müdafiəsindən başqa digər milli maraqların qorunması daxildir. Üçüncü-vacib maraqlar əsasən ölkənin inkişafı və rifahına yönəlir. Dördüncü qrupdan olan maraqlara bütövlükdə ölkənin inkişafı və rifahına ciddi təsir etməyən, lakin hər hansı bir xarici ölkədə bizneslə məşğul olan ölkə vətəndaşlarının özəl maraqlarına ziyan vura bilən, həmvətənlərimizin hüquq və azadlıqlarının pozulması ilə bağlı olan maraqlar aiddir.

Hər bir ölkə kimi, AR-ninxarici siyasətinin özünəməxsus prinsipləri var. Bu prinsiplər, bir qayda olaraq, daxili siyasi reallıqların təsiri altında müəyyənləşir. Yəni ölkənin daxili həyatında cərəyan edən siyasi proseslərlə və həyata keçirilməli vəzifələrlə əlaqəli olan siyasi kurs dövlətin beynəlxalq arenada mövqeyininxarici siyasətinin prinsiplərini, istiqamətlərini müəyyənləşdirir.

AR-nin xarici siyasətinin əsas prinsipləri 1995-ci ildə qəbul edilən Konstitusiyada və mərhum Prezident Heydər Əliyevin çıxışlarında öz əksini tapıb. Ölkənin ali qanununa uyğun olaraq, AR konkret sahələr üzrə xarici siyasətini reallaşdırarkən müvafiq prinsiplərə əsaslanır. Bu, ölkənin xarici siyasi kursunun özünəməxsusluğunu şərtləndirən əlamətlərdəndir. Xarici siyasətimizin səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin aktorları arasında münasibətlərin inkişaf istiqamətinə və dinamikliyinə uyğun olaraq, praqmatik və balanslaşdırılmış xarici siyasəti həyata keçirir, qonşu dövlətlərlə hərtərəfli sıx əlaqələrin qurulması və inkişaf etdirilməsinə böyük önəm verir. Deməli, müəyyənləşdirdiyi xarici siyasi kursa uyğun olaraq dünya dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşmaq və onların daxili işlərinə müdaxilə etməmək ölkəmizin beynəlxalq aləmlə münasibətlərində və qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. İstər regionda, istərsə də kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı yaşamanı təmin etmək AR-nin xarici siyasətinin vacib prinsiplərindəndir. Bu prinsipləri Heydər Əliyev daha dəqiq belə ifadə edib: "Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz hər hansı bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, respublikamızın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, nəyin bahasına olursa-olsun, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq".

Heydər Əliyev siyasi kursunu uğurla davaminkişaf etdirən AR-nin Prezidenti cənab İlham Əliyev də bu prinsiplərə sadiqlik nümayiş etdirirhesab edir ki, həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi mövcud problemlərin birgə səylərlə, təminatlı şəkildə aradan qaldırılması üçün etibarlı zəmin yaradır. Rəhbər tutulan prinsiplərdən biri də Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin maraqları ilə uzlaşdırmaqdır. Məhz bu prinsipdən çıxış edən AR özünün xarici siyasət strategiyasını hazırlayarkən müxtəlif güc mərkəzlərinin regional və beynəlxalq maraqlar sistemini dərindən təhlil etdi və həmin maraqların ölkəmizin milli maraqları ilə uzlaşdırılması istiqamətində mühüm işlər gördü.

AR-nin geosiyasi mövqeyimövcud beynəlxalq vəziyyəti həm də balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Həmin səbəbdən müasir Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir dövlətlə bərabərhüquqlu qarşılıqlı-faydalı əlaqələr qurub. Qeyd edək ki, ölkəmizin bütün nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olması, onların işində yaxından iştirakı da məhz bu prinsipdən irəli gəlir. Ümumiyyətlə, xarici siyasətimizin prinsipləri haqqında danışarkən onları konkret olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: Birinci, hər bir dövlətin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünün pozulmasına, sərhədlərinin zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin təhlükə altına alınmasına yol verməmək, mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək. Buraya digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək və xarici dövlətlərin onun daxili işlərinə qarışmasına yol verməmək, hər bir ölkənin müəyyənləşdirdiyi və prioritet saydığı inkişaf modelinə hörmətlə yanaşmaq, beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri dəqiq yerinə yetirmək və bu qəbildən olan digər prinsiplər də daxildir.

Hesab edirik ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan mövcud problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlib. Bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan əsas problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Bu məqsədlə ölkəmiz BMT, ATƏT AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar və ABŞ, Fransa, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İrans. dövlətlərlə sıx əməkdaşlıq edir.

İkinci, müxtəlif spektrli əlaqələrdə bərabərhüquqlu, qarşılıqlı- faydalı əməkdaşlıq, ortaq maraq və mənafeləri qorumaq, qarşılıqlı təhlükəsizliyə  nail olmaq, ikitərəfli əlaqələrdə beynəlxalq hüquq normalarını və sivilizasiya birgəyaşayış qaydalarını, başqa dövlətlərin, regional və beynəlxalq qurumların mənafelərinin nəzərə almaqdan ibarətdir.

Xarici siyasətimizin bu prioritetinə uyğun olaraq Azərbaycan dövləti mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanmasına və aradan qaldırılmasına çalışır. Çünki AR beynəlxalq, xüsusilə Avratlantik strukturlarda strateji tərəfdaşlığa bütövlükdə beynəlxalq təhlükəsizliyə, iqtisadi inkişafademokratiyaya dəstək verəcək mühüm bir vasitə kimi baxır. AR AvropaAvratlantik məkanında qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılmasında Avratlantik Tərəfdaşlıq Şurası, "Sülh naminə tərəfdaşlıq Proqramı" çərçivəsində NATO ilə əməkdaşlıq edir, Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü uğurla bölüşdürür. Üçüncü, separatizmə, terrora, dövlət və xalqların təhlükəsizliyinə, maddi və mənəvi həyatına ziyan verə biləcək digər neqativ hallara qarşı birgə mübarizə aparmaq.

Dördüncü, müasir dövrün qlobal problemlərinin aradan qaldırılmasında dünya ictimaiyyəti ilə birgə fəaliyyətdə səyləri əsirgəməmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək.

Əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək prinsiplərini ehtiva edən xarici siyasətimizin digər prioriteti region dövlətlərinin maraqları ilə dövlətçilik mənafelərimiz arasında uyğunluğun olmasına yönələn xüsusi strategiyanın hazırlanması və həyata keçirilməsidir. Mərhum Prezident Heydər Əliyevin Gürcüstan, Rusiya, İran, Türkiyə və digər ölkələrə səfərləri də bu amala xidmət edirdi. Bu kursu uğurla davam etdirən cənab İlham Əliyev region dövlətləri ilə əməkdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət verir.

Avrozonaya sıx inteqrasiya da ölkəmizin xarici siyasətinin əsas prinsiplərindən biridir. Bu gün AR-i Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) ilə çoxspektrli, qarşılıqlı faydalı əlaqəlar qurub. Bu qurumla münasibətlər əsasən "MDB Ölkələrinə Texniki Dəstək" (TACİS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACESA) proqramları çərçivəsində inkişaf etdirilir. Ölkəmizin Aİ-nin "Yeni Qonşuluq Siyasəti"nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, AR ilə Aİ arasında "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanması həmin qurumla münasibətlərin pozitiv dinamikasından xəbər verir. Şübhəsiz ki, bu günlərdə Avropa Komissiyasının prezidenti Ж.Barrozunun Bakıya səfəri və cənab İlham Əliyevlə görüşü Avropa ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlığı daha da dərinləşdirəcək. Qeyd edək ki, bu əməkdaşlıq bütövlükdə Qafqazda sabitliyin təmin olunması və milli dəyərlərimizi saxlamaq şərtilə konstruktiv Avropa dəyərlərinin regionda yayılması baxımından da əhəmiyyətlidir.

AR xarici siyasətinin digər prioriteti kimi ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarının əlverişli şərtlərlə və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılmasını göstərmək olar. Ölkəmiz enerji daşıyıcılarının ixracında diversifikasiya siyasətinə üstünlük verdiyi üçün həm Qərb, həm də Türkiyə, Rusiya, İrans. kimi region dövlətləri ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir.

Xarici siyasətimizin əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək və digər prinsiplərini ehtiva edən prioritetləri sırasında regionda qanunsuz silahs. daşımaların qarşısının alınması, təhlükəsizlik və sabitliyin gücləndirilməsi; Xəzər dənizi hövzəsinin demilitarizasiyası; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud qlobal rejimlərə sadiqlik; iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək və s. istiqamətlərdə geniş fəaliyyət proqramlarının həyata keçirilməsini qeyd etmək olar. Ümumiyyətlə, AR istər söz sahibi olduğu regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prinsipinə istinasız olaraq böyük həssaslıqla yanaşır, bütün öhdəliklərinə sadiqlik nümayiş etdirir. Xarici siyasətimizin məhz bu prinsipləri ölkəmizi BMT TŞ-də iki dəfə sədr seçilməsini mümkün edib.

Beləliklə, xarici siyasətimizin prinsip və prioritetlərinin təhlili göstərir ki, dünya birliyinə uğurla inteqrasiya edən AR qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu gün bizdən asılı olmayan yeganə problem işğal olunan torpaqların azad edilməsi və həmvətənlərimizin doğma yurdlarına qaytarılması məsələsidir. Lakin həm xalqımızın iradəsi və həm də Ukraynada baş verən son hadisələrlə əlaqədar ölkəmizə olan beynəlxalq dəstək sübut edir ki, AR yaxın vaxtlarda üçrəngli bayrağını Qarabağda da dalğalandıracaq.

 

 

Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru

Bakı xəbər.-2014.- 19 iyun.- S.11.