Gənclər siyasəti ilə bağlı qanun gənclərin vətənpərvərlik tərbiyəsinin istiqamətlərini göstərir

 

 

Milli mədəniyyətinə, milli şüuruna sahib olan gəncliyin gələcəyi də işıqlı olur. Gəncliyin mədəni dəyərlərə münasibəti, bu dəyərlərdən bəhrələnməsi ümdə məsələ kimi gündəmdədir. Gənclər Azərbaycan mədəniyyətindən bəhrələnməklə öz yeni ziyansız ideyaları ilə mədəniyyətə xidmət etməlidir. Məlumdur ki, Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdır.

Gənclərin mənəvi-əxlaqi tərbiyəsində önəmli rol oynayan "öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt Vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi, keçmişimizi, dilimizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz" fikri ümummilli lider Heydər Əliyevin 3 fevral 1996-cı ildə imzaladığı qanunda əksini tapıb.  

Bilirik ki, qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası və dünya demokratik qanunvericilik təsisatları tələblərinə uyğun hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti yanında 1996-cı ilin fevralında xüsusi hüquqi islahatlar komissiyası yaradılıb.

Məlumdur ki, əvvəllər mövcud olan partiya-sovet ideologiyası prinsiplərində və əsaslarında formalaşdırılan cəmiyyətin mənəvi və mədəni həyatının inkişaf siyasəti qətiyyən indiki cəmiyyətin can atdığı ictimai həyata uyğun gələ bilməzdi. Artıq cəmiyyətin hərtərəfli inkişafını, mənəvi mədəniyyətin əsl zənginlikləri sisteminin yaradılmasını tələb edən yeni baxışlar sistemi formalaşmaqda idi. Bütün bu əlamətdar hadisələrdən sonra respublikanın qarşısında öz milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan biri də dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə müstəqil, suveren respublikamızın atdığı ilk addım "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu oldu. Bu dövrü xarakterizə edəndə görürük ki, ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə hər hansı siyasi qüvvənin olmasından asılı olmayaraq Azərbaycan gəncləri istər ölkə qarşısında, istərsə də vicdanları qarşısında vəzifələrini yerinə yetirirdilər. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları və onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə malik gəncləri vahid "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanunu ətrafında birləşdirmək vacib idi.

Gənc kinoşünas Aydan Şükürlünün bildirdiyinə görə, bu qanunun qəbul edilməsi mədəniyyət siyasətinin uğurlu yürüdülməsinə güclü təkan vermiş oldu. Onun sözlərinə görə,

"Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il tarixli qərar verilib: "Əlbəttə, qanun dövlətin mədəni siyasətinin uğurlu başlanğıcı idi. Qanunda Azərbaycan Respublikası bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Qanunda gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən edilib, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə olunub. Qanun bu siyasətin həyata (203-cü maddə) keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən ibarət olan qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri aşağıdakı kimi göstərilib:

- Xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi;

- Cinsindən, milliyyətindən, dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqisosial statusunun müəyyənləşdirilməsi;

- Gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması;

- Gənclərdə xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi;

- Gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti;

- Gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Məhz buna görə də üzümüzə gələn yeni əsrdə xalqımızın problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilib, nazirliyin yerli strukturları formalaşıb, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülüb, bir sıra dövlət proqramları hazırlanıb.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi respublikanın həyatında müstəsna əhəmiyyətə malik bir hadisə oldu".

A.Şükürlü bildirdi ki, forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu: "1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Respublika Prezidentinin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. 1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan Gənclərinin II Forumu keçirildi. O, birinci forumdan keçən üç il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri müəyyən etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. Bununla yanaşı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem və məsələlər mövcuddur. Uşaq və gənclərlə işləyən kadrların hazırlanması, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsi günün vacib məsələlərindəndir. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemləri həll etmək, onları yeni dövrün tələblərinə uyğun hazırlamaq kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir".

Gənc hüquqşünas Aysel Kəlbalıyevanın sözlərinə görə də, bu qanun gənclik üçün vacib bir sənəd olub: "Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağli respublikanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda gənclərin iştirakına dair tədbirlər planında elm, təhsil və mədəniyyətlə bağlı aşağıdakılar nəzərdə tutulub:

- Elm və təhsil sahəsində: Gənclərlə işləyən kadrlar hazırlamaq və onların ixtisasını artırmaq. Gənclərin problemlərini öyrənmək, gənclər hərəkatında baş verən prosesləri təhlil etmək məqsədilə ali məktəblərin tədris proqramlarında müvafiq ixtisasların təmin olunması;

- İstedadlı şagird və tələbələrin üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması;

- Elmi-tədqiqat müəssisələrində xüsusi nailiyyətlər əldə etmiş gənc alimlər üçün mükafat və təqaüdlərin təsis edilməsi;

- Beynəlxalq müsabiqələrdə, elmi konfranslarda istedadlı şagird və tələbələrin iştirakını təmin etmək üçün tədbirlərin görülməsi;

- Ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin laboratoriyalarını müasir avadanlıqlarla təchiz etmək üçün beynəlxalq fondların və proqramların imkanlarından geniş istifadə edilməsi.

- Mədəniyyət sahəsində: İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən xüsusi dövlət proqramının hazırlanması;

- Mədəniyyət sahəsində yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması üçün müvafiq təkliflərin hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim olunması;

- Dövlət televiziya kanallarında mədəniyyət sahəsində istedadlı gənclərin fəaliyyətinin geniş işıqlandırılması;

- Orta ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkar edilməsi və onların inkişaf etmələri üçün müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi;

- Mədəniyyət sahəsində uğurlar qazanmış gənclərin beynəlxalq tədbirlərdə iştirakına şərait yaratmaq;

- Gənc və peşəkar kulinarların olimpiadalarının müntəzəm keçirilməsi. Belə vacib məsələlər qanunda əks olunub".

Hüquqşünas bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istedadlı gənclərlə bağlı iki sərəncamı da yaddaqalan olub. Onun sözlərinə görə, bir sərəncamla gənc istedadlar 300 manat həcmində təqaüd alırlar, digər sərəncam isə həm yaşlı, həm də gənc nəsil üçün nəzərdə tutulurdu: "Belə ki, gənc bəstəkar, rəssam və yazarlar üçün əlavə mükafatlar müəyyənləşib. Dövlətimiz gənclərin intellektual potensialının güclənməsi üçün bütün imkanları yaradıb. Azərbaycan Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 20-22 iyun.- S.15.