Azad informasiya mühitində mətbuatın inkişaf tendensiyaları

 

 

Azərbaycan milli mətbuatının ibrətamiz və zəngin tarixi Həsən bəy Zərdabinin əsasını qoymuş olduğu "Əkinçi" qəzeti ilə başlayır. Dövrünün çox qabaqcıl və işıqlı insanı olan Həsən bəy hələ o zaman millətin millət olaraq özünütəsdiqində mətbuatın rolunu dəyərləndirərək belə bir missiyanı üzərinə götürmüşdü. 

  İlk fəhlə-kəndli hərəkatının təsiri ilə gizli əlyazma şəklində vərəqələrdən başlayan bu yol sonradan milli mətbuatın formalaşmasına gətirəcək, millətin oyanışına, inkişafına xidmət edəcəkdi. Bu işıqlı insan "Əkinçi"nin ilk sayında qəzetin məqsədini isə belə ifadə etmişdi: "...ol kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə günü-gündən tərəqqi edib irəli gedirlər. Onların irəli getməsinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil..." Qəzetin maarifçilik qayəsindən uzaq bir şəkildə "Əkinçi" adlandırılmasını isə sonradan dahi Azərbaycan mütəfəkkiri özünün qələmə aldığı məqalələrdə çar Rusiyasının təqib və təhdidlərindən yayınmaq məqsədilə izah edirdi. 

  O illərdən üzübəri çətin və şərəfli yol keçmiş milli mətbuat tariximizdə daha sonralar Cəfər Bünyadzadə, Haşım bəy Vəzirov, Əliheydər Qarayev, Əliqulu Qəmküsar, Sultanməcid Qənizadə, Şirin Qiyasbəyli, Əvəz Sadıq, Əzim Əzimzadə kimi onlarla mütərəqqi Azərbaycan aydınlarının adı yer alır ki, millətin özünüdərkində və milli şüurunun inkişafında onların əməyi misilsizdir. Təbii ki, bu aydınların fəaliyyət göstərdiyi ictimai-siyasi formasiya sistemində azad cəmiyyət və azad informasiya mühitindən söhbət belə gedə bilməzdi. Məhz bu səbəbdən də onların əməyi misilsiz olaraq dəyərləndirilir və Azərbaycan mətbuatının belə millətçi ziyalıların sayəsində böyük və şərəfli inkişaf yolu keçərək özünün müasir səviyyəsinə çatdığı vurğulanır. 

  Müasir dövrdə "dördüncü hakimiyyət" adlandırılan jurnalistikanın isə fəaliyyət imkanları çox genişdir. Ölkənin ictimai-siyasi həyatında müstəsna rolu və xidmətləri olan bir sahə olduğundan, bu gün jurnalistikanın daşıdığı missiyaya uyğun olaraq qarşısında bir sıra önəmli vəzifələr durur ki, bunlardan ən başlıcası həqiqətə xidmət, dəqiqlik və obyektivlikdir. Bu gün mətbuat istər ölkədə, istərsə də onun xaricində baş verən ictimai, siyasi, sosial problemlərin cəmiyyətə doğru-düzgün çatdırılmasında məsul olduğundan, onun fəaliyyət sahəsi də geniş və sərbəst olmalı, bu fəaliyyət heç bir halda çərçivəyə salınmamalıdır. Bunun ən önəmli şərti isə ölkədə azad informasiya mühitinin olmasıdır. Bəlli həqiqətdir ki, yaradıcı insanlar cameəsini təşkil edən jurnalistika inzibati metodlarla idarə olunarsa, onun həqiqətə xidmət potensialı tükənməyə məhkumdur. Yaradıcı mühitin ilkin şərti də elə hər cür basqı və diqtədən uzaq, senzurasız bir atmosferin mövcudluğudur. Lakin bu o demək deyil ki, jurnalist istədiyini yaza bilər. Təbii, istər insan, istərsə də jurnalist olaraq hər kəsin içində bir özünə senzi olmalıdır ki, nədən və necə yazmalı olduğunu, hər şeydən əvvəl, vətəndaşlıq nöqteyi-nəzərindən qiymətləndirib işıqlandırmağı bacarsın, yazdığı tənqidi yazının düşmən dəyirmanına su tökməyəcəyinə, dövlətə və dövlətçiliyə, ölkənin beynəlxalq aləmdə imicinə zərər vurmayacağına tam əmin olsun. Eyni zamanda, hər hansı bir məsələyə bitərəflik prizmasından yanaşmağı qarşısına məqsəd qoyaraq onu ictimailəşdirməklə öz məsləkinə sadiq qalsın. 

   Məlum həqiqətdir ki, bu gün ölkə həyatında baş verən istənilən arzuolunmaz hadisə - məmur özbaşınalığından tutmuş əmək hüquqlarının pozulmasına qədər - jurnalist araşdırmasından kənarda qalmır. Əslində elə mətbuatın da bir nömrəli vəzifəsi ölkədəki neqativlikləri işıqlandırmaqla, ictimailəşdirməklə onun həllinə yardımçı olmaqdır. Lakin bu zaman qələm adamı özünün birbaşa mükəlləfiyyəti olan vətəndaşlıq mövqeyinə də sadiq qalmağı bacarmalı, ölkədəki neqativləri qələmə alarkən qabartdığı faktların düşmən ölkənin mətbuatı tərəfindən özümüzə qarşı istifadə olunmayacağına tam əmin olmalıdır. 20 ildən çoxdur qonşu ölkə ilə müharibə şəraitində yaşadığımızdan, bu mövzu özəlliklə bizlər üçün çox həssas məsələdir və sirr deyil ki, zaman-zaman bunun acısını yaşadığımız hallar olub. O üzdən, "dördüncü hakimiyyət" olaraq, məsləkimizə sadiq qalmaqla yanaşı, vətəndaşlıq vəzifəmizi də unutmamalı, dövlətçilik maraqlarımızı ucuz sensasiyalara qurban verməməliyik.   

Yeri gəlmişkən, mətbuatın "dördüncü hakimiyyət" adlandırılmasının çox maraqlı tarixçəsi var. Belə ki, XVIII əsrdə İngiltərədə parlamentə buraxılmayan jurnalistlər informasiya almaq üçün çıxış yolunu qapıçıların ələ alınmasında görürlər. Qapıçılardan aldıqları informasiyaları isə onlar deputatları Conatan Sviftin məşhur "Qulliver liliputlar ölkəsində" əsərinin qəhrəmanlarının adları ilə təqdim etməklə yayırlar. Bundan sonra siyasətçilər jurnalistlərin iclaslara buraxılmasının onlar üçün daha sərfəli olduğu qənaətinə gəlir və bu zaman deputatlardan biri onları "dördüncü təbəqə" adlandırır. Bunun ardınca Cek Keyderin qələmə aldığı "Dördüncü hakimiyyət" əsəri bu ifadənin yaranmasına və media barəsində işlədilməsinə səbəb olur... 

  Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkədə mətbuat və informasiya azadlığını tənzimləyən kifayət qədər qanunlar qəbul olunub ki, hər bir jurnalist ilk öncə Vətənə və millətə sədaqət prizmasından çıxış edib obyektivliyini qoruyarsa, bu qanunların işləkliyinin təmin olunmasına öz töhfəsini vermiş olar. Bundan əlavə, son illər Azərbaycanda "Diffamasiya haqqında" qanunun da qəbulu gündəmdədir ki, onun qəbulu və tətbiqi azad informasiya mühitinin daha da inkişaf etdirilməsinə hesablanmış addım sayıla bilər. Lakin buna qədər ölkədə hər cür reketçilikdən uzaq, öz həqiqi və birbaşa məqsədinə xidmət edən mətbuat cameəsi formalaşmalıdır ki, bu prosesin də əsas yükü Azərbaycan Mətbuat Şurasının üzərinə düşür.    Azərbaycanda Mətbuat Şurasının yaradılması ideyası ölkədə daha əvvəllər fəaliyyət göstərmiş Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən bir müddət sonra gündəmə gəldi. 1998-ci il 6 avqust tarixində mərhum Prezident Heydər Əliyev tərəfindən mətbuat üzərindən senzuranın götürülməsi ilə bağlı Sərəncamın imzalanması və onun tətbiqi milli mətbuatın inkişafına ciddi təkan verdi. Mətbuat tariximizdə böyük bir dönüş yaradan bu addım müasir Azərbaycan jurnalistikasının daha cəsarətli və özünə inamlı şəkildə inkişaf yoluna qədəm qoymasına stimul verməklə, həm də ölkədə azad sözün qorunmasına, şəffaf və demokratik informasiya mühitinin formalaşmasına yönəlik bir hadisə idi. Elə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi də mətbuata inzibati metodlarla müdaxilə hallarının minimuma endirilməsilə onun təşəkkül taparaq oturuşmasına hesablanmışdı. Sirr deyil ki, məhz bundan sonra milli mətbuatımızda güclü bir oyanma prosesi başladı və Azərbaycan mətbuatı ikinci nəfəs qazanaraq sürətli inkişaf yoluna qədəm qoydu. Həmin illərdə yaranan qəzet və informasiya bolluğu isə yenicə müstəqillik əldə etmiş, hələ sovet stereotiplərindən tam silkinib xilas olmamış cəmiyyətimizdə milli özünüdərkin və milli şüurun inkişafına təkan verdi. Həmin illərdə bir-birinin ardınca çeşidli mətbu orqanların təsis olunması isə dövrün sosial sifarişi olmaqla 70 illik sovet rejimindən yenicə qurtulmuş media cameəsinin bununla daha azad və geniş informasiya məkanı əldə etməsinin nəticəsi idi. Lakin istənilən ictimai-siyasi əhəmiyyətli proses kimi, bu hüdudsuz azadlığın da mənfi tərəfləri çox keçmədən özünü göstərməyə başladı ki, bunlardan ən ziyanlısı "reket jurnalistika" deyilən mənfi cərəyanın yabanı sarmaşıq kimi mətbuatımızın ayağına dolaşması oldu. Məhz bu "sarmaşıq" da Mətbuat Şurası kimi nəzarətedici və tövsiyəverici bir qurumun yaradılmasını gündəmə gətirdi. Beləliklə, 15 mart 2003-cü il tarixində Mətbuat Şurası yaradıldı. Azərbaycanda medianın özünü tənzimləməsini həyata keçirən Mətbuat Şurasının könüllü, özünü idarə edən və gəlir əldə etməyi fəaliyyətinin məqsədi kimi nəzərdə tutmayan qeyri-hökumət təşkilatı olaraq götürdüyü əsas istiqaməti mətbuatda baş verən neqativ hallara etiraz etmək, "reket jurnalistika"nın qol-qanad açmasına imkan verməmək, Azərbaycan jurnalistikasının əsas qayəsindən uzaq düşməməsinə yardımçı olmaq təşkil edir. Azərbaycan mətbuatının keyfiyyətinin və elan olunmuş azadlığının, söz azadlığının jurnalist standartlarına uyğun olaraq qorunmasını prioritet vəzifəsi elan edən Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı məqsədyönlü siyasət nəticəsində cəmi bir neçə il ərzində ölkədə belə neqativ halların minimuma endirildiyi göz qabağındadır. Bu gün ölkədə sağlam informasiya mühitinin yaradılmasında əsas yükü üzərinə götürmüş bu qurumun fəaliyyətində prioritet götürdüyü məqsəd jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanların yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.  

 Nizamnaməsinə uyğun olaraq, Mətbuat Şurası vaxtaşarı istər yazılı, istərsə də elektron KİV-də monitorinqlər keçirməklə onların fəaliyyətində peşə-davranış kodeksinə nə dərəcədə əməl etdiyini araşdırır, tövsiyələrini verir. Bundan əlavə, Nizamnamə tələblərinə uyğun olaraq, Mətbuat Şurası jurnalistlərin peşə hazırlıqlarının artırılması, onların ixtisaslaşmalarına dəstək göstərilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm fərdi xarakter daşıyır, həm də digər müvafiq qurumlarla birgə əməkdaşlıq kontekstində baş tutur. Belə ki, bu məqsədlə indiyədək jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə orqanları ilə qarşılıqlı əlaqələrinə dair çoxsaylı layihələr reallaşdırılıb. Şuranın layihələri media sahəsində mövcud olan problemlərin həllinə dəstəyi də nəzərdə tutur. Buna misal olaraq jurnalistlərin ilk mənbədən informasiya almaları, ekstremal vəziyyətlərin işıqlandırılması, mediada siyasiləşmə, iqtisadi asılılıq və digər bu kimi məsələlər qeyd edilə bilər. Eyni zamanda, siyasi aksiyalar keçirilən zaman Mətbuat Şurasının öz peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərin hər hansı basqıya məruz qalmaması üçün nəzarətedici funksiya daşıması və onu həyata keçirməsi də ölkədə azad informasiya mühitinin formalaşmasına öz töhfəsini verir.   

Təbii ki, bütün bu sadalananlar ölkədə azad informasiya mühitinin formalaşmasında önəmli rol oynayır. Eyni zamanda, mətbuat aləmində reketçilik və digər bu kimi mənfi tendensiyaların ortaya çıxmasının qarşısının alınmasında müstəsna xidmət göstərir ki, müstəqillik illərində ölkədə təşəkkül tapmış azad informasiya mühitinin oturuşmasında onun əhəmiyyəti böyükdür.

 

 

Samirə SƏFƏROVA

 

Bakı xəbər.-2014.-6 mart.-S.7.