Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması

 

 

Müasir dövrdə Azərbaycanda təhsildən danışarkən çox zaman 20 illik bir zaman kəsimi ilə arxada buraxdığımız Sovet dönəmi ilə paralellər aparır, bir çox hallarda hətta üstünlüyü o dövrə veririk. Bunun da özəl səbəbləri var. Məsələ burasındadır ki, sovet təhsil sistemi bir çox üstünlüklərə malik idi. Eyni zamanda, müəllim kateqoriyasının əməkhaqqı öz dövrü üçün az məbləğ sayılmırdı.

Lakin ölkənin müstəqillik dövrünə qədəm qoyması ilə, bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də bir başıpozuqluq yarandı. Səbəb isə adət etdiyimiz bir sistemdən ayrılaraq tam fərqli, bizə bəlli olmayan bir sistemə keçid etməyimiz idi. Üstəlik, sosializm sistemindən liberal kapitalizmə transfer etməyimiz qarşımızda tamamilə yeni, bu vaxta qədər təsəvvür belə etmədiyimiz bir mənzərə açmışdı. Göründüyü kimi, bu mühitə və onun qanunlarına alışmağımız üçün az zaman gərək olmadı. Demək olar ki, uzun bir keçid dövründən sonra təhsilimiz yenicə dirçəlməyə başladı. Lakin bu o demək deyil ki, bu günə qədər Azərbaycanın öz təhsil ənənələri olmayıb, yaxud ölkədə təhsilin səviyyəsi sıfır həddində olub. Sadəcə, yeni dövr özü ilə bərabər yeni təhsil sistemi, yeni ənənələr gətirdi ki, bu gün artıq onun bəhrəsini görməkdəyik. Azərbaycan təhsil sistemində yeni üsullarla idarəetmənin əsasının qoyulduğu dövrdən üzübəri addım-addım üzərinə gedilən problemlər, faktdır ki, bu gün artıq xeyli dərəcədə azalıb. Lakin bütün bu proseslər heç də asan keçilmir. Bəlli məsələdir ki, beyinlərdə köhnə təfəkkür hələ də qalıbsa, yeni fikirləri oraya sığdırmaqla yenilikləri tətbiq etmək cəhdləri elə cəhd olaraq qalmağa məhkumdur. O üzdən sistem daxilindəki idarəetmədə də köklü islahatların aparılması günün tələbi kimi çıxış edir. Sirr deyil ki, müstəqilliyin ilk illərində təhsilin Boloniya sisteminə keçidi ilə bağlı məsələ gündəmə gələrkən hətta qabaqcıl məktəblərin ən bacarıqlı müəllimləri belə onu böyük panika ilə qarşılamışdılar. Hətta o zaman ruhdan düşüb işdən ayrılmaq istəyənlər belə vardı. Düşünürdülər ki, bu günə qədər alışdıqları üsullardan tam fərqli bir sistemə keçdikləri halda işləmək onlar üçün çətin, hətta mümkünsüz olacaq. Lakin zaman göstərdi ki, bu fikirlərin heç bir əsası yoxdur və istək olarsa, hər bir işin öhdəsindən gəlmək mümkündür. Eynilə kurikulum sisteminin tətbiqi də geniş müəllim ordusu tərəfindən ciddi anlaşılmazlıq və panika ilə qarşılandı. Lakin onun tətbiqindən bir o qədər də uzun vaxtın keçməməsinə baxmayaraq, sistem artıq gərək olduğu şəkildə tətbiq olunur. Bütün bunların kökündə isə, bəlli ki, düzgün idarəetmə, məqsədyönlü siyasət və zamanın tələbilə ayaqlaşmaq niyyəti durur.

Bugünkü təhsil sisteminin ən böyük problemlərindən birinin müəllimlərin əməkhaqqı ilə bağlı olduğu faktdır. Məsələ burasındadır ki, müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına keçidlə bağlı olaraq bu sahədə ciddi bir xaos yaşandı. Bu isə ona gətirdi ki, müəllim dolanışığını təmin etmək üçün əyri yola əl atmağa məcbur oldu. Tələbənin və ya şagirdin əlinə göz dikən müəllim bununla nüfuzunu kəskin dərəcədə itirdi, müəllim-şagird və müəllim-tələbə münasibətlərindəki balans birincinin ziyanına ciddi şəkildə pozuldu. Bütün bu problemlərin həlli isə sözügedən sahənin idarəedilməsində məqsədyönlü, yeni və daha səmərəli fəaliyyət və əzmkarlıq tələb edirdi. Son illər aparılan islahatlar və ciddi kadr dəyişikliklərinin yaratdığı mənzərə düşünməyə əsas verir ki, qoyulan məqsədə doğru irəliləyiş ciddi nəticələr verir.

Təhsil sistemində aparılan islahatlar sırasında səs-küylü nəticələrə səbəb olan məsələlərdən biri də müəllimlərə tətbiq olunan yaş senzi ilə bağlı oldu. Belə ki, yaşı 65-i ötmüş müəllimlər pensiyaya göndərilərək, onların yerinə işə gənc kadrlar cəlb olundu. O ərəfədə çoxları bu məsələni az qala faciə kimi qarşıladı. Belələrinin arqumenti də bu idi ki, təcrübəli insanların yerini tutmuş təcrübəsiz gənclər təhsil sistemini çökdürəcək. Lakin yeni idarəetmənin daha tutarlı arqumenti vardı. Bu da ondan ibarət idi ki, yaşlı nəsil yenilikləri qəbul etmir, ona görə də təhsil sistemi "yerində sayır." Bu yeniliklərdən biri isə bu gün artıq məişətimizə daxil olmuş informatika texnologiyalarının təhsil sistemində tətbiqi idi ki, bu sıraya aid edilən kompyuterlə işləmə bacarığını yaşlı müəllimlərdən gözləməyin özü gülünc idi. O üzdən müəllimlər qarşısında qoyulan tələblərdən biri də kompyuterlə işləmək bacarığı idi. Zaman göstərdi ki, ortada niyyət olarsa, istənilən nəticəni əldə etmək mümkündür. Belə ki, bu gün artıq ölkədə müasir texnologiyaların tətbiqi ilə bağlı ciddi nəticələrə imza atılıb ki, buna misal olaraq Bakının Bülbülə qəsəbəsində yerləşən eksperimental orta məktəbdə tədrisin pilot layihə çərçivəsində tamamilə elektronlaşdırılmasını göstərmək olar. MDB məkanında analoqu olmayan bu layihə çərçivəsində sinif otaqlarında elektron yazı lövhəsi qurulub, şagirdlərin isə hər biri fərdi şəkildə kompyuterlə təmin olunub. Bu üsulun maraqlı tərəfi odur ki, dərs keçən müəllim eyni zamanda şagirdlərin hər birinin kompyuterinə, konkret hansı uşağın kompyuterdə hansı səhifəni açdığına nəzarət edə, həmçinin, onların arzuolunmaz saytlara girişinə blok qoya bilir. Bununla da şagirdin dərsin mövzusundan yayınaraq hansısa əyləncəli sayta girmə şansı sıfıra enir. Pilot layihə kimi özünü doğruldan bu tədris üsulunun getdikcə öz əhatə dairəsini genişləndirəcəyi gözlənir ki, bu da müasir təhsilimizin gələcəyinə əminlik yaradır.

Müasir təhsil sisteminin idarəedilməsində bir sıra problemlər hələ də qalmaqdadır ki, idarəetmə işi düzgün qurularsa, onların öhdəsindən gəlmək o qədər də uzun müddət tələb etməz. Belə problemlərdən biri bugünkü təhsil sistemimizdə müəllim - şagird münasibətləridir. Belə ki, uşaq psixologiyasına bələd olmayan, uşaq pedaqogikasının xüsusiyyətlərini dərindən bilməyən müəllim bəzən elə bir yerdə yanlışa yol verir ki, nəticədə yaranmış problemin həllinə həftələr, aylar sərf olunur. Amma bu zaman müəllim düşünmür ki, problem uşaqda deyil, onun özündədir. O üzdən təhsil sisteminin idarəolunmasında bu aspektlər də nəzərə alınmalı, istər ali, istərsə də orta məktəblərdə bu tip məsələlərin çözümünə yönəlik kurslar təşkil olunmalı, müəllimlərin həmin kurslardan keçməsi məcburi xarakter daşımalıdır. Təbii ki, bu, məsələnin birdəfəlik çözüləcəyini deməyə əsas vermir, amma müəyyən qədər işin xeyrinə olacağı dəqiqdir.

Təhsil sistemində daha bir problem isə bəzi müəllimlərin yeniliyə, fəal təlim metodlarına neqativ münasibətidir. Bu zaman müəllim yeniliyi öyrənməyi özü üçün "artıq iş" saydığından bununla bağlı qarşısına qoyulan vəzifəni az qala faciə kimi qəbul edir. Bu isə yeni fənn kurikulumlarının mənimsənilməsində onların qarşısında əngələ çevrilir ki, nəticədə ziyan ümumən təhsil sisteminə dəyir. O üzdən bu sistemdə daha mütərəqqi idarəetmə metodlarına keçilməsi günün tələbi kimi çıxış edir.

Təhsildə idarəetmə metodlarından danışarkən müəllimlərin peşə səviyyəsinin artırılması yönündə aparılan məqsədyönlü siyasətdən söz açmamaq mümkün deyil. Məsələ burasındadır ki, bir çox müəllimlər yeniliyə meylli olmadığından onun tətbiqinə də barmaqarası baxır. Lakin son illərdə yeni idarəetmə metodlarına keçilməsi bu istiqamətdə ciddi nəticələrin ələ olunacağına böyük ümidlər yaradır. Təbii, bunu bütün pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə aid etmək insafsızlıq olardı. Faktdır ki, bu gün artıq işini yeni təlim üsulları üzərində quran, fəal təlimi özünün gündəlik iş üslubuna çevirən, bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr edən bir çox müəllim və metodistlər var. Belələrini pedaqoji ictimaiyyət arasında mükafatlandırmaq, təbliğ etmək və onların işini yaymaq həm onları daha məhsuldar fəaliyyətə ruhlandırar, həm də onların məhsuldar əməyindən Azərbaycan təhsili bəhrələnər. Bu həm də şəffaf idarəetmənin təzahürü kimi çıxış edər və ümumi işin xeyrinə olar. Təhsil sahəsində innovasiyaları qəbul etməyən müəllimləri isə bu sistemdən uzaqlaşdırmaq ən optimal yoldur. Çünki təhsil həm də millətin gələcəyi deməkdir. Hətta çox sərrast deyilmiş və zamanla təsdiqini tapmış bir deyim var ki, bir milləti məhv etmək istəyirsənsə, bu işə onun təhsilindən başla. O üzdən bu gün təhsil sistemində aparılan islahatlar daha ardıcıl xarakter daşımalı, bu sahədə idarəetmə daha mütərəqqi metodlarla aparılmalıdır. Bu gün dövlət siyasətinin tərkib hissəsini təşkil etdiyindəndir ki, son illər ölkə qanunvericiliyində təhsil sahəsində köklü islahatları nəzərdə tutan qanunlar qəbul olunub, mövcud qanunlara isə dövrün tələbi ilə ayaqlaşan əlavə və dəyişikliklər tətbiq olunub. Elə ötən il oktyabrın 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası"nın qəbulu da bu sıradan təhsil sistemimizin inkişafına təkan verəcək mühüm sənəd kimi qəbul olunmalıdır. Bu sənədə görə, təhsil sahəsində bir sıra yeniliklər nəzərdə tutulub ki, bunlardan ən önəmlisi dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsidir. Sənəd, eyni zamanda, məktəbə hazırlıq təhsilinin 1 il icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90% səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sisteminin yaradılmasını nəzərdə tutur. Təhsil naziri Mikayıl Cabbarov sözügedən sənədi jurnalistlərə şərh edərkən müəllimlərin peşəkar inkişafına, onların maddi rifahına yönəlik addımların nədən ibarət olacağına izah verib. Nazirin sözlərinə görə, sözügedən sənəd özəlliklə məzmun, yəni biz nəyi öyrədirik, təhsil sisteminin idarəedilməsi, idarəetmədə hansı tədbirlərin həyata keçirilə biləcəyini, təhsil sisteminin infrastrukturu və həyata keçirmə üçün lazım olan resursları tənzimləməyi nəzərdə tutur.

Lakin bütün bunlar o demək deyil ki, bu gün Azərbaycan təhsili istənilən səviyyədədir və dövrün tələbinə uyğun bütün parametrlərə cavab verir. Təbii ki, problemlər hələ də qalır və bütün bunlar idarəetmənin günün tələbinə uyğunlaşdırılmasını labüd edir.

 

 

Samirə SƏFƏROVA

 

Bakı xəbər.-2014.-7 mart.-S.12.