Bölgələrdə hərbi-idman oyunları gənclərin vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir

 

 Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, onlara bu ülvi və ali hissin təlqin edilməsi üçün müxtəlif tədbirlər görülür. Paytaxt gənclərindən fərqli olaraq bölgə gənclərində bu hiss daha erkən formalaşır. Bu da onunla əlaqədardır ki, bölgələrdə xalqımızın milli adət və ənənələri daha mükəmməl şəkildə qorunur. Gənclər bu ənənələrin çərçivəsindən çıxa bilmir. Yerlərdə zaman-zaman gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasını sürətləndirən tədbirlər daha çox keçirilir.

Bu ola bilsin ki, heç rəsmi qurumlar və QHT-lər tərəfindən təşkil edilməyən tədbir olsun. Bölgələrdə nüfuzu olan insanlar müxtəlif idman oyunları keçirir. Bəzi bölgələrdə indinin özündə də qədim dövrlərdən qalan oyunlar, yarışlar təşkil olunur. Gənclər bayramlarda cıdıra çıxır, dirədöymə, zorxana kimi xalq meydan oyunlarında özlərini sınayır. Hətta pəhləvanların güləş yarışları da bölgələrdə yaşayır.

Əlbəttə, bütün bunlarla yanaşı, dövlətin də bölgə gənclərinin inkişafına verdiyi töhfələr var. Gənclərin milli zəmin üzərində inkişafında, gerçək vətənpərvərlik tərbiyəsinə yiyələnməsində bir sıra hərbi, idman, turizm, intellektual oyunların rolu danılmazdır. Azərbaycan gəncləri və yeniyetmələri zaman-zaman bu qəbildən olan oyunlarla məşğul olub. Böyük ənənələr üzərində pərvəriş tapan bu oyunlar gənclərin vətənpərvərlik tərbiyəsində xüsusilə seçilir. Hərbi-vətənpərvərlik oyunlarından danışarkən keçmişə qayıdaraq Şuşada-Cıdır düzündə yerləşən idman kompleksinin fəaliyyətinə toxunmaq istəyirik. Şuşanın tarixinə həsr olunmuş kitablarda qeyd edilir ki, "Cıdır düzü"ndə yerləşən idman kompleksində hər il yaz aylarında şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futbol yarışları keçirilirdi. Həmin kompleksdə məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda "Üfüqdə parıltı" idman oyunları təşkil olunurdu. Orta məktəbələrin 9, 10, 11-ci siniflərində təhsil alan şagirdlər arasında keçmiş Sovetlər Birliyi dövründə, hərbi-vətənpərvərlik oyunları yarışları keçirilirdi, bu gün də həmin ənənə qorunub saxlanır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə hər il məktəblilər arasında təşkil olunan ənənəvi hərbi-idman oyunlarına gənclər böyük maraq göstərir. Məlumatlara görə, məktəblilər arasında keçirilən bu yarışlarda Bakı Şəhər Baş Təhsil İdarəsi və İcra Hakimiyyəti orqanlarının da rolu əvəzsizdir. Bir neçə il əvvələ kimi məktəblərdə hərbi hazırlıq dərslərinin zəif olması barədə fikirlər dolaşırdı. Deyilənə görə, gənclərin bir qismində vətənpərvərlik hisslərinin görsənməməsi bu məsələ ilə əlaqədardır. Amma, gördüyünüz kimi, son zamanlar intensiv olaraq gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək üçün hərbi idman oyunları təşkil edilir. Gənclərin bu istiqamətdə formalaşdırılması yönündə görülən işlər ölkə başçısı İlham Əliyevin gənclərlə bağlı imzaladığı sənədlərə əsaslanaraq həyata keçirilib. "Dövlət Gənclər Siyasəti", "Gənclər Siyasəti Haqqında" qanunlar, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" öz müvafiq bəndlərində gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə sahib olmasını təlqin edir. Məlumat üçün bildirək ki, hərbi-vətənpərvərlik və idman oyunları yalnız paytaxt məktəblərilə məhdudlaşmır.

Qəbələ Rayon Gənclər və İdman İdarəsi də müntəzəm olaraq məktəblərdə bu yarışları təşkil edir. Məlumatlara görə, İdarə tərəfindən ilboyu gənclərin hərbi xidmətə yola salınma mərasimləri, "İlham Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbirlər həyata keçirilir. Hərbi-vətənpərvərlik tərbiyəsi işi İdarənin fəaliyyətinin əsas hissələrindən biridir.Məktəblilər arasında "Cəsurlar", "Şahin", "Vətən müdafiəsinə hazıram" və "Sərhəd" hərbi-idman oyunları hər il yüksək səviyyədə keçirilir. Qalib məktəb komandaları zona birinciliklərində iştirak edirlər. "Gənclərin sağlam həyat tərzi" devizi altında rayonun şəhər məktəbləri, Nohurqışlaq, Tüntül, Vəndam, Nic, Bum qəsəbəsi, Həmzəlli , Hacallı və digər məktəblərdə tədbirlər keçirilib. Keçirilən tədbirlərin əsas mövzusu "Milli mənəvi dəyərlərin qorunması", "Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması" olub. Bir neçə həftə əvvəl Qaxda "Cəsurlar" hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib. Qax şəhərindəki 5 nömrəli tam orta məktəbin idman meydançasında Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və digər qurumların birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi xidmətə hazırlamaq məqsədi daşıyır.

İstər Azərbaycan ziyalıları, istər ictimai-siyasi xadimlər, istərsə də dövlət rəsmiləri tez-tez gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməli olduğunu önə çəkir. Onlar hesab edirlər ki, hərbi-idman oyunları gənclərin həyatında böyük rol oynayır. Orada tələb olunan bütün fiziki və əqli hərəkətlər, çeviklik, cəldlik iştirakçılara müsbət təsir göstərir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iki il əvvəl mətbuatda dərc edilən və böyük maraqla qarşılanan "İctimai humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində bu gün gənclərimizdə hərbi-vətənpərvərlik hissinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu yazıda qeyd edilib ki,gənclərimiz milli ruhda və milli - mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.

Mütəxəssislər hesab edirlər ki, "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunlarının keçirilməsi gəncləri həm Vətənin müdafiəsinə hazırlayır, həm də onlarda milli ruhu qaldırır. Sözsüz, orada tələb olunan bütün fiziki və əqli hərəkətlər, çeviklik, cəldlik iştirakçılara müsbət təsir göstərir. Təbii ki, onlar bu hərəkətləri edərkən o hissləri ürəklərinin dərinliyindən keçirib yaşayırlar. "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunlarını müsbət yöndən təhlil edən təhsil eksperti Tünzalə Əlicavadova bildirir ki, bu oyunların nəticəsi çox gözəl olur. O təklif edir ki, məktəblərdə hərbi-vətənpərvərlik şüurunun formalaşması üçün həmin məktəbin məzunları ilə, hərbi xidmətini başa vurub qayıtmış, hərbi xidmətdə fərqlənmiş gənclərlə görüşlər keçirilsin: "Orduda xidmət edən zabitlərin vaxtaşırı məktəblərə çağırılaraq gənclərlə görüşünün təşkil olunması bu sahədə müsbət nəticələrin alınmasına yardımçı ola bilər. Təhsil Nazirliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və başqa təşkilatlarla birgə məktəblilər arasında "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunları keçirir. Çox gözəl nəticələr var. Məktəblər, rayon, bölgə və respublika mərhələlərində keçirilən bu oyunların cəmiyyət yalnız final mərhələsini görür. On minlərlə şagird bu oyunlarda iştirak edir. Amma bu işin televiziyalarda işıqlandırılması çox zəifdir. Yaxşı olardı ki, telekanallar da bu işlərdə bizə yardımçı olsunlar".

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də mətbuata açıqlamasında məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb etdiyini deyib. Ə.Ağayevin sözlərinə görə, "Cəsurlar", "Şahin" kimi oyunların keçirilməsində məqsəd şagirdlərə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir: "Təbii ki, oyundursa, burada bir-biri ilə rəqabətdə olan 3-5 komanda iştirak edirsə, orda qələbə çalmaq əzmi formalaşır və oyunlarda da qələbə qazanırlar. Bu cür oyunlar Azərbaycanda kifayət qədər vaxtaşırı keçirilir. Bu təkcə Təhsil Nazirliyinin işi deyil. Bu həm də Orduya Könüllü Yardım Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin işidir. Onlar da iştirak edir və bu da çox faydalıdır".

Ə.Ağayev həmçinin hesab edir ki, bu oyunlarla bərabər şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rolu var. Onun sözlərinə görə, hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsi üçün mühümdür: "Belə bir təkliflər və praktika da var. Bilirik ki, Qazax rayonu cəbhə bölgəsidir. Bu rayonda işləyən Hamlet müəllim şagirdlərini əsgərlərlə görüşə aparır. Əsgərlərin söhbətlərinə qulaq asdırır. Hətta şagirdləri əsgərlərə qoşub məşq etdirir. Yaxud milli qəhrəmanlarla, orduda nailiyyətləri olan zabitlərlə görüşlər keçirir, şagirdlər də hər şeyi bu həyatı yaşayan adamların dilindən eşidirlər. Əlbəttə, bu kimi tədbirlərin çox böyük əhəmiyyəti var və bunların sayını artırmaq lazımdır. Məktəblilər elə ruhlanmalıdır ki, dərsdən sonra Ali Baş Komandan əmr versə ki, yuxarı sinif şagirdləri də hərbiyə getsin, onlar da düşünmədən hərbiyə getməyə hazır olsunlar. Bu işləri həyata keçirmək üçün həm də onu görən müəllim özü həmin keyfiyyətlərin daşıyıcısı olmalıdır ki, onun dediyi sözlər uşaqlara təsir edə bilsin. Çünki boğazdan yuxarı söylənən sözlər təsir etməz. Yəni bu sahənin kadrları da keyfiyyətlə seçilməli, hazırlanmalı, təmin olunmalıdır".

Qeyd edək ki, hərbi-idman oyunları aprel-may aylarında keçirilir.

Xatırladaq ki, hərbi-idman oyunları bir neçə mərhələdə keçirilir. Bu mərhələlərdən biri odur ki, komanda hərbi-vətənpərvərlik musiqisini ifa edə-edə sıra yerişi ilə meydandan keçir. Bunu hazırlamaq o qədər də asan deyil. Çünki 10-15 şagird bir yerdə mahnı oxuyaraq addımlayır. Bakıda hər rayon üzrə hərbi-idman oyunları keçirilir. Bu oyunlara bütün məktəblər qatılır. Hər rayondan bir qalib seçilir.

Bakının 11 rayonundan 11 komanda müəyyənləşir və bunlardan da yalnız üçü qalib olur. Bu cür oyunların da uşaqların vətənpərvərlik ruhunda böyüməsində misilsiz rolu var. Bir çox mütəxəssislər təklif edir ki, orta məktəblərdə ibtidai hərbi hazırlıq dərsləri gücləndirilsin. Bəzi ekspertlər hətta bildirir ki, məktəblilərin silahla davranış vərdişlərinin yaranması üçün bütün məktəblərə silah verilməlidir. Məktəblilər arasında atıcılıq yarışlarının mütəmadi olaraq keçirilməsini təklif edənlər də var. Bundan başqa, təkliflərə görə, yeniyetmə və gənclərin paraşütdən tullanma kurslarına da cəlb olunması hərbi-vətənpərvərlik ruhunun artırılmasına kömək edə bilər.

Gənclər yaxşı bilir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət hissinin, məsuliyyət hissinin, hər an Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşmasıdır.

 

 

       İradə SARIYEVA

       

       Bakı xəbər.-2014.-1 may.-S.15.