Təbrizdən gələn aşıq...

 

Aşıq İsa: "Güney Azərbaycanda məşhur olan aşıq havacatlarını, xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq"

 

Güney Azərbaycan sazın zirvələrə ucaldıldığı bir məkandır. Bu gün aşıq sənəti güneydə çox güclü şəkildə inkişaf edir, yeni aşıq nəsli yetişir. Bu günlərdə coğrafi baxımdan uzaq, lakin könül yaxını olan yolları qət edərək Təbrizdən Bakıya gələn tanınmış aşıq İsa Qaraxanlının keçirdiyi bir məclisdə oldum. Aşıq İsa, gənc olmasına baxmayaraq, aşıq sənətini özünə görə bilən, havaları yerli-yataqlı çalıb-oxumağı məharətlə bacaran bir aşıqdır.

Təbrizdə yaşayır, ancaq tez-tez bu tay Azərbaycana gəlib məclislər aparır, televiziya radio verilişlərində çıxış edir.

Onu da deyim ki, aşıq İsa bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çalışıb. Həm aşıq, həm folklor tədqiqatçısı kimi özünü göstərən sənətkar ağız ədəbiyyatımızın toplanması sahəsində az görməyib. Güney Azərbaycanın zəngin folklor soraqlarını toplayan İsa Qaraxanlının (Təbrizli) aşıqlıqla bərabər aktyorluğu, şeir yazmaq qabiliyyəti var. Folklor araşdırmaları ilə məşğul olan İsa Təbrizli Güney Azərbaycanın atalar sözlərinin, zərb məsəllərinin, nağıllarının, bayatılarının, aşıq sənəti ilə bağlı incilərini xəlqi mahiyyətini elmi prinsiplərlə araşdırıb, türk ruhunun ölməzliyini əsaslandırıb. Ancaq İsa Təbrizlini narahat edən Güney Azərbaycanın zəngin folklorunun hələ istənilən səviyyədə toplanmaması, kitablaşdırılmamasıdır.

Aşıq İsa bu barədə belə deyir: "Güney Azərbaycan folkloru ümumən Azərbaycan folklorunun, mədəniyyətinin cövhərini özündə çox gözəl yaşadır".

Güney Azərbaycanda aşıq sənətinin inkişafından danışan İsa Təbrizli bildirir ki, buradakı aşıq məktəbləri, mühiti ilə bağlı zəngin nümunələr hələ ciddi şəkildə araşdırılmasını gözləyir. Aktyorluğa gəlincə, İsa 2001-ci ildə "Koroğlu" filminə çəkilib. "Şah İsmayıl Xətai", "Yəhya bəy Dilqəm", "Cavad xan" filmlərində çəkildiyini deyən İsa Təbrizli aşıq sənətinin bütün mühitlərinə bələdliyindən qürur duyduğunu deyir: "Tovuz, Qazax, Şirvan, Gəncə, Gədəbəy, Borçalı, Təbriz başqa məktəblərin üslub xüsusiyyətlərini, havacatlarını əzbər bilirəm. Şirvanda aşıq Vüqar Mahmudoğlu ilə birgə kaset buraxmışıq. Güney Azərbaycanda məşhur olan aşıq havacatlarını, habelə güneydə xalq arasında yaşayan 14 dastanı burada yazdırmışıq".

Aşıq İsa bildirib ki, o dastanlar burada hafizələrdə, demək olar, yox idi. O, Güney Azərbaycanda - Qaradağ mahalında ifa edilən 18 havacatın lentə alınmasını isə gözəl hadisə hesab edir: "Məni Azərbaycan dinləyicisinə ilk dəfə Elxan Məmmədli "Sarıtel" verilişində tanıdıb. Güney Azərbaycandakı havacatları buradakı soydaşlarımıza sistemli şəkildə təqdim etməyimizin əhəmiyyəti odur ki, bunlar itmək təhlükəsindən qurtarır, ölməzlik qazanır".

Qayıdaq aşıq İsanın aşıqlıq fəaliyyətinə. Aşıq İsanın repertuar seçimi çox zəngindir burada klassik havaların üstünlük təşkil etməsi diqqətçəkən məqamdır. İndi Təbrizdə , Bakıda da aşıqlıqla məşğul olan aşığın şirin yanıqlı səsi çaldırı havalar dinləyəni valeh edir. Aşıq İsa aşıq sənətinin bütün mühitlərindən bəhrələnməyi bacarıb. O bu gün ayrı-ayrı aşıq mühitlərinə xas havaları çalıb oxuyur. İsanın çox maraqlı dastan danışımı qabiliyyəti, baməzə söhbətləri var. O elə bir aşıqdır ki, məclisin nəbzini dərhal tutur ifasını həmin axara kökləyir. Aşıq İsa yanıqlı havaları elə oxuyur ki, elə bil canından imtahan verir. Nakam aşiqlərin taleyini yaşayan, obrazını canlandıran İsanı dinləyəndə onun ifasının başa çatmasını istəmirsən. Elə havalar var ki, aşıq onu daha təsirli oxuyur. Aşıq İsanın məclisində olanda qonaqlardan biri dedi ki, aşıq qardaş, sazını bir "Dilqəmi" üstə kökləsənə. Aşıq qonağın sifarişini susqunluqla qarşıladı, sonra da qəfil dilləndi: "Siz gərək mənə "Dilqəmi"ni sifariş verməyəydiniz. Bu havanı çalıb-oxumaq çətindir mənə. Adətən "Dilqəmi" sifariş ediləndə oxumaqdan yayınıram. Çünki mənim taleyim biçarə Dilqəmin taleyinə yaman bənzəyir. Amma madam ki, israr edirsiz, oxuyaram".

Aşıq sazı sinəsinə basıb nakam aşiq Yəhya bəy Dilqəmdən oxudu, ürəklərimizi deşdi aşıq bu çalğısı ilə. Aşıq "Yurd yeri", "Baş sarıtel", "Ruhani", "Dübeyti" kimi dinləyici ürəyini fəth edən havalar ifa edərək bizi sazın-sözün qanadlarında başqa bir dünyaya apardı. Təbrizdən gələn aşığın dünyasıydı həmin dünya. Onun saz-söz boğçası doludur. O bizim yanımıza sazla-sözlə gəlib.

Aşıq İsa Bakını çox sevir. Deyir ki, Bakı da ona Təbriz qədər əzizdir. Bir zamanlar yaşayıb işlədiyi bu şəhərdə aşığın çox xatirələri var. Aşıq İsa, sazın, sözün var olsun, qardaş!

 

 

İradə SARIYEVA 

 

Bakı xəbər.-2014.-5 may.-S.14.