Gənclərin hərbi xidmətə hazırlanması vətənpərvərlik tərbiyəsini gücləndirir

 

 Azərbaycan Respublikasının müstəqillik əldə etməsi gənclərin də vətənpərvərliyinə, inkişafına, milli mənlik düşüncəsinə müsbət təsir etdi. Gənclər artıq müstəqil bir dövlətin vətəndaşları olmaqdan qürur hissi keçirir. Təbii, çağdaş gəncliyi ən çox üzən, narahat edən Qarabağ problemidir ki, onlar bunun uğurla həllinə tərəfdardır. Sözsüz ki, Qarabağı qaytarmaq üçün onun uğrunda aparılacaq savaşa gənclər də hazırdır.

Bu gün Şuşanın işğal günüdür və gənclər bu işğalla barışmır, istənilən zaman Azərbaycanın namus, şərəf ünvanı Şuşanı və digər torpaqlarımızı azad etməyə hazırdır. Bəllidir ki, 1992-ci ildən bəri hər birimiz bu ağrını yaşayırıq. Şuşadan uşaqkən çıxanlar artıq gənclik dövrlərini yaşayır və tam olaraq öz yurdunu erməni tapdağından xilas etmək istəyi, qisas hissi ilə yaşayırlar.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin formalaşdırılması sahəsində xeyli işlər görülüb. Həyat xanımın sözlərinə görə, müharibə şəraitində yaşayan ölkənin güclü gəncliyə və güclü, basılmaz orduya böyük ehtiyacı var: "Son vaxtlar respublikada ordu quruculuğuna diqqətin artırılması, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi, bu sahəyə ayrılan büdcə xərclərinin düşmən dövlətin ümumi budcəsini üstələməsi vəziyyətin qənaətbəxş olmasından xəbər verir. Ordunu hərbi qulluğa çağırılan gənclər formalaşdırır. Bu baxımdan da hərbi qulluqdan əvvəl onlarla müəyyən hazırlıq işlərinin aparılmasına böyük ehtiyac var. Gənclərin hərbiyə hazırlıq prosesinə ailədən başlanmalı bu proses orta məktəblərdə lazımi şəkildə davam etdirilməlidir. Ona görə də orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır.

Orta məktəbdə oxuyan hər bir şagirdə orduda qulluq etməyin şərəfli bir iş olduğu yüksək səviyyədə təbliğ olunmalıdır.

Gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən, vətənpərvərlik hisslərinin qavranmasından keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir, eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranılması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir".

H.Məhərrəmova hesab edir ki, məktəblilər Şuşanın işğal günü ilə bağlı geniş məlumata malikdirsə, onlarda milli mənlik şüuru yüksək inkişaf edib. Onun dediyinə görə, milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli, onun qorunmasının şərəfli bir iş olduğunu dərindən təhlil etməyi bacarmalıdır":Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Vətəni sevmək, onu qorumağa hazır olmaq, lazım gəlsə bu yolda canından keçməyi bacarmaq da sadalanan dəyərlərin tərkibinə aid olan bir komponentdir.

Ölkəmizin dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin qarşısında çox böyük vəzifələr var. Bu vəzifələr, inşallah, respublikanın ərazi bütövlüyünün bərpa olunması ilə müşayiət olunacaq. Bir sözlə, orduya yola salmaq istədiyimiz gənclər istər fiziki, mənəvi-psixoloji cəhətdən, isətərsə də hərbi hazırlıqla bağlı ilkin məlumatların əldə olunması baxımından tam hazır olmalıdır. Günümüzün qəhrəmanlarını da gənclər arasında geniş təbliğ etmək lazımdır. Gənclik illərində qəhrəmanlıq göstərmiş insanlarımızın həyat və fəaliyyətini gəncliyə örnək kimi göstərməliyik. Belə olduqda gənclər istər psixoloji, istərsə də hərbi hazırlıq baxımından orduya tam hazır olacaq".

Bu istiqamətdə fəaliyyətin necə aparılması ilə bağlı əməkdaşımızla fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bununla bağlı Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi arasında birgə plan işlənib hazırlanmalıdır. Bu sahədə bəzi işlər görülsə də, təəssüflər olsun ki, iki nazirlik arasında dediyim razılaşma əldə olunmayıb: "Əslində güc strukturlarının özləri bunun marağında olmalıdır. Orta məktəblərdə gənclərə hərbi hazırlıq dərsləri tədris olunur. Bu dərslərin ixtisaslı zabitlər tərəfindən keçirilməsinə nail olunsa, çox gözəl olar. Yəni tədris olunan dərs elə keçməlidir ki, hərbiyə gedən gənc ilkin məlumatları əldə etmiş olsun. Dərslərlə yanaşı, orta məktəb şagirdləri həm də hərbi hissələrə aparılmalıdır, onların hərbçilərlə görüşü təşkil edilməlidir. Əsgərlərin yaşayış şəraitilə tanış olduqda onlarda hərbi xidmət haqqında ilkin təəssürat yaranır, eyni zamanda, hərbi xidmətin özəlliklərinin, çətinliklərinin nədən ibarət olmasını tam qavrayır. Bu proseslərdən keçən şagird gələcəkdə hərbi xidmətə yollanarkən elə də çətinliklə rastlaşmır"

Belə hazırlığın, məktəblərlə yanaşı, digər sahələrdə də aparılmasının zəruriliyini qeyd edən ekspert bildirdi ki, bu istiqamətdə Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyəti də çoxlu işlər görməlidir": Küçələrdə "tir"lər quraşdırılmalıdır ki, gənclər silahla ilkin təması öyrənsin. Televiziyalarda bu səpkili proqramların yayımını çoxaltmaq gərəkdir. Bilirsiniz ki, gənclərin heç də hamısı hərbi xidmətə orta məktəbdən yollanmır. Ali məktəblərə daxil olanlar müəyyən müddətə ordudan möhlət hüququ əldə edir. Hazırda ali məktəblərin, demək olar ki, hamısında hərbi kafedralar ləğv edilib. Ali savad almış şəxslər orduya yollananda elementar məsələlərdən xəbərsiz olmaları səbəbindən bəzən çox utanır. Bu iş ali məktəblərdə də lazımi şəkildə aparılmalıdır. Aidiyyəti dövlət qurumları çox əhəmiyyətli olan bu işi birgə tənzimləməlidir ki, ümumi nəticə əldə olunsun. Gənclərin hərbi xidmətə hazırlığı ilə bağlı çoxlu sənədlər, proqramlar mövcuddur. Sadəcə, onların işləməsini, həyata keçməsini təmin etmək lazımdır".

Hərbçi Şahin Zamanovun sözlərinə görə, bu sahədə mütəşəkkil işlər görülməlidir":Azərbaycan gəncliyi özünün elə bir dövrünü yaşayır ki, onun dinc durması mümkün deyil. Əgər torpaqların işğal altındadırsa, məktəbli də, universitet tələbəsi də bu haqda düşünməlidir. Hesab edirəm ki, istər ali məktəblərdə, istərsə də orta məktəblərdə hərbinin tədrisi ilə bağlı maddi təminat yaxşılaşmalı, dərs saatları artırılmalıdır.

Ölkədə yeni Səfərbərlik İdarəsi yaradılıb. Bu işlərin həyata keçirilməsində idarə xüsusilə fəal olmalıdır. Bu idarənin funksiyası ölkənin müharibəyə keçid məsələsini təmin etməkdən ibarətdir. Bizdə keçmiş DOSAF-ı əvəz edən KHVİC deyilən bir qurum var. Onlar belə təbliğatın aparılmasında, gənclərin orduya hazırlanmasında xüsusilə fəal olmalıdır. Mənim cavan vaxtımda yadıma gəlir ki, şəhərin hər yerində "tir"lər var idi. Gənclər orda ucuz qiymətə silahı dəqiq atmağı, onunla davranmağı öyrənirdi.

Bundan əlavə, bulvar ərazisində paraşütdan tullanmanı təşkil edirdilər. Yenə də o tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə sistemli işin aparılmasına ehtiyac var. Əhali bu işi təkbaşına görə bilməz. Yaxşı yadımdadır ki, mən kənd məktəbində oxuyanda məktəbin özünün avtomobili var idi. Həmin avtomobillə bizi lazım olan yerə aparırdılar. Bunu deməklə bildirmək istəyirəm ki, məktəblərin maddi təminatını yaxşılaşdırmaq istiqamətində lazımi addımlar atılmalıdır ki, gənclərin hərbiyə hazırlanması ilə bağlı təbliğat yüksək səviyyədə aparılsın".

Şagirdlərin hərbi hissələrə aparılmasının zəruriliyini

qeyd edən ekspert bildirdi ki, bunun üçün müvafiq icazə olmalıdır: "Məktəb rəhbərliyi uşaqları hərbi hissələrə özbaşına apara bilməz. Ancaq belə səfərlərin çox müsbət cəhətləri ola bilər. Bir də sovet dövründə şagirdlər arasında keçirilən hərbi oyunların bərpasına nail olmaq gərəkdir. Bu cür oyunlarla şagirdlər müharibənin səsinə, gedişinə az da olsa öyrəşə bilər".

Ekspert bildirdi ki, hərbi hazırlıq dərslərinin səviyyəsi artırılmalıdır. O cümlədən, bu dərsləri deyən şəxslər yüksək hərbi biliyə malik hərbçilər olmalıdır":Ali məktəblərdə kafedraların yığışdırılmasına mən müsbət yanaşmıram. Hərbi çağırışa qədərki hərb elmi ilə ilk tanışlıq təhsil ocaqlarında olmalıdır. Bəzi beynəlxalq təşkilatlar müharibə təbliğatının əleyhinədir.

Ancaq biz müharibə şəraitində yaşayırıq, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır. Bu səbəbdən də biz həm təbliğatımızı aparmalıyıq, həm də gənclərimizi döyüş ruhunda tərbiyə etməliyik. Gənclərin hərbi hazırlığına orta məktəblərdə nail olsaq, onlar gələcəyin gözəl əsgəri olacaq".

Ş.Zamanovun sözlərinə görə, gənclərlə bağlı görülən işlər özünün lazımi bəhrəsini verir.

Odur ki, Azərbaycan gəncliyi ona təlqin edilən, öyrədilən vacib məsələləri həyat yoluna daxil etməlidir. Bilməlidir ki, qarşıda onu böyük imtahanlar gözləyir. Şuşa azad olunmalıdır, digər torpaqlarımız yenidən özümüzə qaytarılmalıdır. Bu bizim haqq işimizdir, burada gənclər öndə durmalıdır.

 

 

           İradə SARIYEVA

 

           Bakı xəbər.-2014.-8 may.-S.15.