Əmək müqaviləsi: gələcəyə təminat

 

 Hər bir insan öz əməyinin bəhrəsini görməli, layiq olduğu qiyməti almalıdır. Söhbət işçidən gedirsə, təbii, onunla bağlı bütün məsələlər qanunvericiliyə uyğun olmalıdır ki, bundan nə o ziyan çəksin, nə də dövlət büdcəsinə daxil olmalı olan vəsait kənara axsın. Bunun qarşısının alınması üçün əmək müqaviləsi məsələsi aktuallaşıb. İşçilərlə əmək müqaviləsi bağlanması son illər gərəkli bir tələb kimi işəgötürən təşkilatların qarşısına qoyulub.

Əlbəttə, bu müqavilənin bağlanması işçilərin əmək hüququnun rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təminatçısı rolu oynamasına dəlalət edir.

Azərbaycan dövləti inkişaf etdikcə, dayaqları möhkəmləndikcə, onun qanun və qaydaları da müasirləşir, daha çox vətəndaşların maraqlarına xidmət edir. İşçilərin əmək hüququnun müdafiəsi, təşkilatların onların gələcəyini, durumunu, sağlamlığını nəzərə almaqla onlarla bağladıqları əmək müqaviləsi axır zamanların nailiyyətidir. Azərbaycan dövləti bütün iş qüvvəsi olan vətəndaşların əməyinin rəsmi səviyyədə qiymətləndirilməsinə tərəfdardır. Bu gün qanunların işlək olması, əlaqədar qurumların işçi ilə münasibətlərin uğurlu şəkildə qurulmasına önəm verməsi onu deməyə əsas verir ki, əmək müqavilələrindən şirkətlər də fayda görür. Yaxşı haldır ki, əmək müqaviləsinin vacibliyini təbliğ edən reklam çarxlarının yayılması, o cümlədən də bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsi işə düzəlmək istəyən vətəndaşlara şərait yaradır ki, onlar işəgötürən tərəfdən onunla əmək müqaviləsi imzalamasını tələb etsin. Əmək müqaviləsinin hər bir vətəndaşın gələcəyində əhəmiyyətli rol oynadığı danılmazdır. Məlumdur ki, bu məsələ aktuallaşmamışdan əvvəl işçilərlə şirkətlər arasında müəyyən narazılıqlar olurdu, hətta iş zamanı xəsarət alanlara təşkilatın yardım etməsi sahəsində də problemlər mövcud idi. Ancaq əmək müqaviləsinin bağlanması bir tələb kimi meydana çıxdıqdan sonra bu, təşkilatların və vətəndaşların məsuliyyətinin artmasına səbəb oldu. Əmək müqaviləsinin işıqlı tərəfləri çoxdur. Odur ki, hər bir işədüzələn işəgötürəndən əmək müqaviləsi tələb etməlidir. Ekspertlər məsləhət görür ki, əmək müqaviləsi olsa belə, onu imzalamazdan əvvəl çox diqqətlə nəzərdən keçirmək lazımdır. Unutmayın ki, Azərbaycanda, eləcə də başqa MDB ölkələrində ədalətli əmək müqaviləsinin bağlanması işəgötürənlərə heç sərf etmir. Özünüz baxın - gəlirdən 14% vergi verilməli, 25%-i dövlətin Sosial Müdafiə Fonduna ödənilməlidir. Deməli, əməkhaqqı fondunun 39%-i dövlətə verilməlidir.

Məsələn, tikinti biznesinin sürətlə inkişaf etdiyi Azərbaycanda təkcə baş menecer, mğhasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanır. Fəhlələr isə yalnız şifahi razılığa əsasən gündəlik ödənilən məbləğlə kifayətlənməli olur. Xoşbəxtlikdən indi tikinti sahəsində vəziyyət yaxşılığa doğru dəyişməkdədir.

Aydın məsələdir ki, əmək müqaviləsinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsi deyil, həm də vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir. Pensiya - müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanması, əməkhaqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Azərbaycanda əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalı və sosial sığorta şəhadətnaməsi almalıdır. Gələcəkdə normal pensiya almaq istəyən hər bir kəs daha çox sosial sığorta haqqının ödənilməsinə çalışmalıdır. Hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əməkhaqqının 22%-i miqdarında DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir. Üstəlik, hər bir işləyənin əməkhaqqının 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Vətəndaş işə başlayarkən aldığı əməkhaqqının tam məbləğdə mühasibat sənədlərində göstərilməsini tələb etməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bunun üçün işçilər öz hüquqlarını dərindən bilməli və onu qorumağı bacarmalıdır. Belə olan halda dövlət orqanlarının da işi asanlaşmış olar. Hüquqşünaslar bildirir ki, əmək müqaviləsi həm vətəndaşın sosial, həm də hüquqi təminatıdır. Əmək müqaviləsi bağlanmadıqda və aylıq əməkhaqqı düzgün göstərilmədikdə hər hansı bir mübahisə yaranarsa, işçi faktiki aldığı əməkhaqqını tələb etmək hüququnu itirir. İşçinin əmək müqaviləsi olmadıqda işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər. Bu zaman işçi Əmək Məcəlləsinin 68-76-cı və 77-84-cü maddələrində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi şərtlərinə əməl olunmadan və müavinətlər ödənilmədən şifahi surətdə işdən azad edilir. Əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə götürülməsi hallarının qarşısının alınması məqsədilə hökumət orqanları tərəfindən tədbirlərin görülməsi üçün qanunvericilikdə müvafiq maddələr öz əksini tapıb. Məsələn, Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Məlum olduğu kimi, Azərbaycanda vergi sahəsində xeyli nailiyyətlər əldə edilib. Əlbəttə, onlardan biri də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" 31 may 2005-ci il tarixli Fərmanıdır. Bu sənəddə Vergilər Nazirliyinə əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsinə nəzarəti gücləndirmək tapşırılıb. Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı iqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qanunsuz işləməsinin, maaşların qeyri-leqal şəkildə verilməsinin vergilərdən yayınmaya, ölkənin bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə səbəb olduğunu bildirib və bununla da gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının üzərinə konkret vəzifələr qoyulub.

Tapşırıqların icrası, vergidən yayınma hallarının, əlavə vergi potensialının müəyyən edilməsi məqsədilə işçi sayının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə vergilər nazirinin 18 iyul 2012-ci il tarixli əmri ilə "İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair" Tədbirlər Planı təsdiq olunub və bu sahəyə çevik nəzarətin təmin edilməsi üçün Qərargah yaradılıb.

Nəzərdə tutulmuş tədbirlər çərçivəsində işçilərlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin (kontraktın) bağlanmaması meyarı üzrə risqli vergi ödəyiciləri seçilib və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq vergi nəzarəti tədbirləri həyata keçirilir.

Əgər işəgötürənlər onlara verilən icrası məcburi olan göstərişləri vaxtında yerinə yetirmədən əvvəlki kimi fəaliyyət göstərsələr, o zaman həmin təşkilatlarla bağlı qəti ölçü götürülür və bu barədə məlumatlar hüquq-mühafizə orqanlarına, müvafiq dövlət təşkilatlarına təqdim edilir, onların məsuliyyətə cəlb edilməsi məsələsi qaldırılır.

Əmək müqaviləsinin işəgötürənlə işəgötürülən arasında bağlanmasının vətəndaşlara faydası haqda çox danışmaq olar. Başlıcası isə, bu, vətəndaşların gələcəyinə təsir edən müsbət bir vasitədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də çalışır ki, işçilərlə işəgötürən arasında müqavilə olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bildirir ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi hazırlanıb. Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq. Nazirlik rəsmiləri deyib ki, EİS-in proqram təminatı artıq hazırdır və yaxın aylarda sistemin tətbiqinə başlanacaq. Qeyd edək ki, bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edəcək.

Əmək müqaviləsi şərtləri ilə işləyənlərlə bərabər müqaviləsiz çalışanlar da var. Rəsmi məlumatlara görə, ölkəmizdə əmək müqaviləsindən xəbərsiz insanlar da var. Onlar əmək müqaviləsi bağlamadan çalışanlardır. Əmək müqaviləsi olmadan çalışanların təhlükəsizliyi isə minimum səviyyədədir: iş üstə qəzaların baş verdiyi zaman əmək münasibətlərini rəsmiləşdirməyən işçilərin hüquqları pozulur və onlar müəssisələrdən heç bir təzminat ala bilmir. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, hər il 2 milyon adam istehsalat prosesində baş verən qəzalardan və peşə xəstəliklərindən dünyasını dəyişir. Bundan başqa, 270 milyon nəfər işçi müxtəlif dərəcəli bədən xəsarəti alır və ya şikəst olur.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının qənaətinə görə, əməyin təhlükəsizliyinin yüksək səviyyədə təşkili və sağlamlığın qorunması mədəniyyətinin artırılması ilə bu itkilərin qarşısını almaq mümkündür. Ancaq bu istiqamətdə geniş təbliğat-təşviqat işləri, məlumatlandırma və maarifləndirici tədbirlərin həyata keçirilməsi də vacib hesab olunur. Bu mənada gələcəyini etibarlı, dayanıqlı müdafiənin əhatəsində görmək istəyən hər bir işçi Azərbaycan Respublikasının qanununa uyğun olaraq əmək müqaviləsi bağlayaraq çalışmalıdır. Bu olarsa, vətəndaşın gələcəyə ümidləri də parlaq olar.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-26 may.-S.12.