Dünya aşıqlarının Azərbaycan təəssüratları...

 

İran və Türkiyədən gələn aşıqlar maraqlı təkliflər verdi...

 

II Beynəlxalq Aşıq Festivalı keçirildi

 

Məlum oluğu kimi, noyabrın 12-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirildi... Türk ellərindən gələn el aşıqları bu festivalda ulu ozan sənətinin müasir səviyyəsini sərgilədilər.

Festival öncəsi pərdə arxasında böyük bir canlanma, həyəcan duyulurdu. Müxtəlif türk respublikalarından gələn qonaqlar da, Azərbaycan aşıqları da ciddi məşqlər edirdi. Hər tərəfdən sazın ecazkar səsi eşidilirdi. Səhnə arxasında görkəmli Azərbaycan aşığı İsfəndiyar Rüstəmov öz sanbalı, ağır ləngəri, ustad görünüşü ilə gənc aşıqları başına toplayıb onlara müxtəlif tövsiyələr verir, səslərini, sazlarının kökünü yoxlayırdı. Səhnəyə çıxmağa hazırlaşan gənclər ustadı üzük qaşı kimi dövrəyə alıb onu dinləyirdilər. Açığı, bu mənzərəni görəndə gözlərim yaşardı. Demək, hələ aşıq sənəti yaşayır, hələ ustad-şəyird ənənəsi dirçəlir.

Ustad aşığın xeyir-duası...

Aşıq İsfəndiyarın festivalla bağlı təəssüratlarını "Bakı-Xəbər" oxucularına çatdırmaq üçün ustadı söhbətə tutdum.

Aşıq İsfəndiyar bildirdi ki, bu festivalın təşkili aşıqların qarşılıqlı əlaqələrinə müsbət təsir göstərir":İndi aşıqlar çoxdur, saz çalıb oxuyurlar, qulaq asırsan. Ancaq festivallarda dünyanın başqa yerlərində yaşayan aşıqları görürsən, ünsiyyət qurursan, əlaqə yaradırsan, dostlaşırsan. Mən bunu eyni kökə malik olan dövlətlərin bir-biri ilə qurduğu mədəni əlaqələrin tərkib hissəsi sayıram. Dövlətimiz, şəxsən cənab İlham Əliyev aşıq sənətinə böyük dəyər verir. Mehriban xanımın da bu sahədə gördüyü işlər ölçüyəgəlməzdir. Prezident təqaüdçüsüyəm, əməkdar mədəniyyət işçisiyəm. Bilirsiniz ki, Gədəbəydə aşıq ansamblı yaratmışam, festivala da ansamblımla gəlmişəm. Allah ulu öndərə rəhmət eləsin. 1981-ci ildə Azərbaycan SSR-in 30-cu qurultayında Heydər Əliyev məni aşıqlara rəhbər seçdi. Yaxşı konsert verdik. Aşıqların çıxışı Heydər Əliyevin çox xoşuna gəldi. Orda qərar verdi ki, Gədəbəy aşıq ansamblına Xalq aşığı adı verilsin. Artıq festival başlayıb, çox gözəl işdir. Festival bölgələrdə də keçiriləcək. Arzu edirəm ki, gün gəlsin, mənim aşıqlar ansamblımın da iştirakı ilə aşıqlar Şuşa qalasında belə bir festival keçirsin. Bayrağımız Şuşada dalğalansın".

"...Aşıq sənəti ilə bağlı tədbirlər bundan da artıq olmalıdır"

Təbriz Aşıqlar Birliyinin rəhbəri, ustad aşıq Səlcuq Şahbazinin də festivalla bağlı fikirlərini öyrəndim.

Ustad aşıq festivalın keçirilməsini yüksək qiymətləndirsə də, aşıq bayramlarının, saz şölənlərinin az keçirilməsindən narahat olduğunu dedi":Aşıq özü böyük bir elçidir. Aşıq el içində sülh yaradan, qan bağışladan olub həmişə. Təsəvvür edin ki, 70 il Sovetin əsgəri sərhəddən silahını İrana tərəf tutmuşdu, quş uçsaydı belə onu vururdular, eləcə də İran əsgəri silahını bu tərəfə tuşlayırdı. Ancaq bu aşıq sənətinə təsir edə bilmədi. O tay, bu tay aşıqları bir ağızda danışdı, burda nə havalar var, orda da həmin havalar çalınıb-oxunur. Aşıq dili yüyrəkdir, o qolsuz-qanadsız da hər yana uçub gedə bilir. Aşıq sənətini festivallar ayaqda saxlaya bilməz, bu formal şeydir. Bu sözü deməklə görülən işlərə kölgə salmaq istəmirəm. İştirak etdiyimiz festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi təşkil edib. Var olsunlar, çox gözəl iş görürlər, aşıq sənətini təbliğ edirlər. Ancaq hesab edirəm ki, aşıq sənəti ilə bağlı tədbirlər bundan da artıq olmalıdır. Mənim Mədəniyyət və Turizm Nazirliyindən, dövlətdən xahişim odur ki, bu cür tədbirlər daha geniş olsun. Bizdə o imkan yoxdur. İran hökuməti bu sənətə yiyə durmur. Amma burda bizim hökumət, Mehriban xanım, nazirlik qərar verməlidir ki, işlər daha geniş miqyas alsın, heç olmasa bu festival ildə bir dəfə keçirilsin. Mən bu tayı da öz dövlətim, hökumətim bilirəm. Azərbaycan dövləti aşıq sənətinə qayğı göstərir. Heç olmasa ildə bir neçə dəfə aşıq şölənləri, saz bayramları keçirilsin. Ümumilikdə, festivalı yüksək qiymətləndirirəm və Təbrizdən gətirdiyim aşıqlarla bu festivalda iştirak edirəm".

Türkiyədən gələn beş aşıq...

Türkiyədən gələn aşıqlar da festival qabağı məşq edirdi. Onlara da yaxınlaşdım və festivala türkiyəli ozanların da münsibətini öyrəndim.

Aşıq Maksut Fəryadi Qoca: "Mən İstanbuldan gəlmişəm. Birinci Beynəlxalq Aşıqlar Festivalında da iştirak etdim. İndi də qatılmışam. Aşıqlıq ənənələrinin inkişafı, yaşaması üçün bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Hesab edirəm, Türkiyədə də, Azərbaycanda da, digər türk cümhuriyyətlərdə də belə festivallar, aşıq bayramları tez-tez təşkil olunsun. Bunun əhəmiyyəti böyük olar. Çünki yeni gələn nəsil aşıqlıq gələnəyindən xəbərsizdir və aşıq sənətini yalnız bir əyləncə kimi qəbul edirlər. Ancaq aşıq sənəti düşündürücü, maarifləndirici bir sənətdir və onun ana axarında fəlsəfi dünyagörüş dayanır. O üzdən gənclər arasında aşıq sənətini təbliğ etmək, onları saza yönəltmək üçün bu cür tədbirlərin sıx-sıx keçirilməsi vacibdir. Bir təklifim var: yaxşı olardı ki, hər ölkədən hər dəfə fərqli iki aşıq dəvət etsinlər, Azərbaycandan da hər bölgədən iki aşıq seçilsin və festival elə davam etsin. Çünki hər ölkədən gələn aşıqlara bir yerdə cəmi beş dəqiqə vaxt verirlər, bununla aşıq özünü, sənətini necə ifadə edə bilər? Amma az adam olsa aşıq sənəti lazımi səviyyədə təqdim oluna bilər. Türkiyədə hər həftə aşıq bayramı, saz şöləni keçirilir. Azərbaycanda da artıq bu ənənənin əsası qoyulur. Mən buna görə Azərbaycan dövlətinə, bu işə əməyi keçən hər bir insana təşəkkür edirəm".

Türk elləri bir arada...

Türkiyədən gələn digər iştirakçı aşıq Kambari də festivalın keçirilməsinə yüksək dəyər verdiyini bildirdi":Bu festival aşıq sənətini inkişaf etdir, onu daha irəliyə aparır. Bu işdə əməyi keçənlərin hər birinə təşəkkür edirəm".

Ankaradan tədbirə qatılan aşıq Sinemi":Bu festivalın keçirilməsindən məmnunluq duyuram. Bütün türk cumhuriyyətlərində olan aşıqların bir araya gəlməsi böyük işdir. Onlarla bir araya gəlmək çox xoşdur. Azərbaycan dövlətinin bu festivala verdiyi dəyər məni çox sevindirdi. Görürsüz ki, tədbir necə rəngarəngdir, hər ölkə bir güldür bu çələngdə, hər birinin də ayrıca qoxusu, gözəlliyi var".

İzmirli aşıq Turqut Yılmaz":Milli mədəniyyətin, milli sənətin ayaqda durmasına, söz sahibi olmasına türk aləminin böyük ehtiyacı var. Bu tədbirin keçirilməsini yüksək qiymətləndirəm və təşkilatçılara təşəkkür edirəm".

Bu sənət zəifləsə, türk ruhunda duyğular zəifləyər...

Türkiyənin ünlü aşığı, Qarsda aşıq sənəti ənənələrinin yüksək səviyyədə yaşamasında əməyi olan ünlü aşıq Günay Yıldızı festival iştirakçıları arasında görəndə çox sevindim. Aşıq Günaydan da festivalla bağlı münasibət öyrəndim. Qonağımız bildirdi ki, belə bir festival çərçivəsində türk dünyasının bir araya gəlməsini yüksək qiymətləndirir: "Qarsdan gəlmişəm. Aşıqlar Festivalının təşkilini bəyənirəm. Burada qədim ənənələrə malik olan aşıq-ozan sənəti təbliğ olunur. Əski mədəniyyəti yaşatmaq lazımdır. Çünki bu mədəniyyət dədələrimizin, babalarımızın bizə əmanət qoyub getdiyi çox dəyərli mirasdır. Bu gün türk dünyasında aşıq sənətinin, sazın təbliğinə böyük ehtiyac var. Bu, ənənələri, kökləri olan sənətdir. Festivalda müxtəlif yerlərdən gələn aşıqlar görüşür, dostlaşır, doğmalaşır. Sazın kökündə həqiqət, mərifət, şəfqət, qardaşılıq, dostluq, sülh-əminamanlıq var. Bəlkə sazın təbliği gənclərimizin öz gələcəyini qurması üçün bir istiqamət olacaq. Bu sənət zəifləsə türk dünyasının ruhundakı duyğular, əlaqələr zəifləyər. Azərbaycanda, İranda da bu festivallar keçirilir. Amma Türkiyədə bu daha yüksək səviyyədə keçirilir. Çox istəyirəm ki, 27 türk dövlətinin hamısında bu festivallar, aşıq şölənləri keçirilsin. Bu ənənənin yaşaması önəmlidir və bizlər də buna görə Azərbaycandayıq".

"...Festivalların sayı da artacaq, keyfiyyəti də gözəl olacaq"

Festivalla bağlı xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdan da açıqlama götürdüm. Birlik sədri festival haqda bunları dedi":Artıq ikinci dəfədir ki, bu festival keçirilir. Tədbirin təşkilindən, hazırlanmasından çox razıyam. Bu gün bu sənətə böyük məhəbbət var. Bu məhəbbət xalqın özündən gəlsə də, dövlət tərəfindən verilən yüksək qiymət də xalqı ruhlandırır. Bu məsələdə xalqla dövlətin sözü bir yerdə olduğu üçün hər şey gözəl olur".

Zəlimxan müəllim, mən pərdə arxasında türk ellərindən gələn aşıqlarla danışdım, festivalın keçirilməsindən çox razıdırlar. Ancaq onlardan bəziləri təklif etdilər ki, belə festivallar, aşıq şölənləri tez-tez keçirilsin. Bu təkliflə razılaşırsınızmı?

Zəlimxan Yaqub: "Bu həm dövlətin imkanları, həm də maddi və mənəvi vəziyyətlə bağlıdır. Festivalı iki ildən tez keçirmək qeyri-mümkündür. Zarafat deyil, görün nə qədər ölkədən təmsilçilər gəlib. Onları dəvət etmək, qarşılamaq, yerləşdirmək, təmin etmək çətindir. Ancaq hesab edirəm ki, getdikcə bu cür festivalların sayı da artacaq, keyfiyyəti də gözəl olacaq".

II Beynəlxalq Aşıq Festivalını mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev açaraq festivalın işinə uğurlar arzuladı və Azərbaycan dövləti adından türk ellərindən gələn aşıqları, iştirakçıları salamladı":Türkiyədən, Türkmənistandan, Özbəkistandan, Qazaxıstandan, Gürcüstandan, Dağıstandan festivala qatılan aşıqları, Azərbaycan aşıqlarını, tədbir işirakçılarını salamlayır, onlara saz-söz diyarı olan Azərbaycana xoş gəlmisiniz deyirəm. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mənəvi irsinin Reprezentativ siyahına salınıb. Haqlı olaraq aşıq sənəti dünya mədəniyyət inciləri sırasında özünə layiqli yer tutub..."

Nazir müavini dövlət tərəfindən aşıq sənətinə qayğı göstərildiyini və aşıq irsinin ləyaqətli şəkildə qorunduğunu, təbliğ edildiyini də vurğuladı.

Sonra Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub çıxış edərək festival iştirakçıların salamladı və bu festivalın keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fonduna təşəkkür etdi. Bu festivalın sözün əsl mənasında saz bayramı, el bayramı olduğunu deyən Birlik sədri festivalın əhəmiyyətini vurğuladı...

Z.Yaqubun çıxışının ardınca səhnə aşıqların ixtiyarına verildi...

Səhnəyə Türkiyə, İran, Dağıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan aşıqları ilə bərabər, Azərbaycan aşıq mühitlərinin təmsilçiləri-Göyçə, Naxçıvan, Qazax-Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Şirvan aşıqları və solo saz ifaçıları dəvət edildi. Hər bir türk elindən gələn aşıq öz məharətini göstərdi, elinin, gününün mədəniyyətini yaşadan sazını dilə gətirdi. Azərbaycan aşıq mühitlərinin təmsilçiləri də hərə öz bölgəsinə xas şəkildə aşıq sənətini yüksək səviyyədə tərənnüm etdilər.

Aşıq sənəti tarixində böyük hadisəyə çevirilən II Beynəlxalq Aşıq Festivalı noyabrın 13-də Gədəbəydə davam etdirilib. Qeyd edək ki, festival noyabrın 14-də Şəmkirdə, 15-də Qazaxda, 16-da isə Tovuzda davam edəcək. Noyabrın 17-də festival iştirakçılarının Ucarda da böyük konserti olacaq. Aşıqlar Yevlax şəhərində də sazsevərlərə öz ifalarını təqdim edəcək.

Uğurlar!

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 14-16 noyabr.- S.14.