Gənc aşıq Elbrus Kəlbəcərli "Bakı-Xəbər"in qonağı oldu

 

Aşıq Elbrus: "Kəlbəcər işğal olunana qədər sazdan, balabanzurnadan başqa musiqi aləti görməmişdim"

 

Aşıq Əhliman Kəlbəcərlinin şəyirdi daha nələrdən danışdı?

 

Bəzən insanın ümidi tükdən asılı olur. Elə hallar baş verir ki, həyatla birdəfəlik haqq-hesabı kəsmək istəyirsən. Belə də olur ki, insan ruhi vəziyyətinin təlatümlü olduğu çağlarda bir təsəlliyə ehtiyac duyur. Bu ehtiyac onun sevdiyi musiqiyə olur çox vaxt. Mənim də hava-su kimi, işıq kimi əbədi möhtac olduğum bir məfhum var - saz.

Sazı dinləyib, onun simlərindən qopan təsəlli nidasını canımda, ürəyimdə, başlıcası isə ruhumda hiss edirəm. Belə demək mümkündürsə, saz mənim həyat və ölüm, əbədiyyət haqqında təsəvvürlərimi formalaşdıran bir alətdir.

Son illər bir gənc aşığın ifasını davamlı olaraq dinləyirəm, çalışıram ki, onun efirdən ifasını həmişə izləyim. Aşıq Elbrus Kəlbəcərlidən (Hüseynov) danışıram. Sazsevərlər birmənalı olaraq gənc və istedadlı, ustadların yolunu davam etdirən aşıq Elbrus Kəlbəcərlini çox yaxşı tanıyır. Gənc aşığın ifasında klassik saz havalarını çox dinləmişik, onun repertuarında yer alan "Təcnis", "Mansırı", "Dilqəmi", "Ovşarı", "Göyçəgülü" və digər havalar tam olaraq klassik ənənəyə bağlıdır.

Aşıq Elbrus hazırda Gəncə şəhərində yaşayır. Bir neçə gün əvvəl II Beynəlxalq Aşıq Festivalında iştirak etmək üçün Bakıya gələn aşıq Elbrus "Bakı-Xəbər"in qonağı oldu. Bilirsiz ki, qəzetimizin səhifələrində mütəmadi olaraq aşıq sənəti ilə, ustad və gənc aşıqlarla bağlı yazılar dərc edilir. Bu yazıları sənət biliciləri yüksək dəyərləndirir. Aşıq Elbrus haqda yazdığım bu yazı da o məqalələrin tərkib hissəsidir.

- Aşıq Elbrus, könül istərdi ki, sizinlə Kəlbəcərdə görüşüb dərdləşək. Ancaq Kəlbəcər yağı tapdağında olduğu üçün bu bizə nəsib olmadı. Təəssüf ki, bu yurdun pərəni pozulub, balaları diyar-diyar səpələnib. Ancaq buna baxmayaraq, Kəlbəcərin sazı-sözü ustad aşıqların, aşıq sənətinə ürək verən Sizin kimi gənclərin timsalında yaşayır. Aşıqlığa necə başladınız?

- Saz səsinə dünyaya gəldim. Uşaqlıqdan bu saza böyük sevgim, marağım olub. Toylarda həmişə aşığa qulaq asmışıq, məclsilər aşıqsız keçməyib. Kəlbəcər rayonunun Zəyli kəndində doğulmuşam. İnanırsınızmı, Kəlbəcər işğal olunana qədər sazdan, balabanzurnadan başqa musiqi aləti görməmişdim. Kəndimizdə ustad bir aşıq vardı - Əhliman Kəlbəcərli. Həm də yaxın qohumuq. Yavaş-yavaş aşıq Əhlimandan öyrəndim. 1993-cü ildə ermənilər başqa rayonlarımız kimi cənnətməkan, dünyada tay-bərabəri olmayan Kəlbəcəri də işğal edəndən sonra Şəmkir rayonunun Varlı həyat kəndində məskunlaşdıq. Bilirsiz ki, bu rayonun sənətkarlarının aşıq sənətinin inkişafında böyük rolu olub. Təxminən on klassik saz havası- "Dilqəmi", "Hüseyni", "Sarıtorpaq", "Şəmkiri", "Aran gözəlləməsi" və başqa saz havaları aşıq Hüseyn Şəmkirli tərəfindən yaradılıb. Qaçqın düşdüyümüz dövr aşıq sənətinin yeni inkişaf mərhələsinə düşdü və mənim bu sənətə marağım daha da artdı, saz çalmağa başladım.

- Yalnız aşıq Əhliman Kəlbəcərlidən öyrəndiniz, yoxsa başqa ustad aşıqların da yanına getdiniz?

- Ustadım Əhliman Kəlbəcərlidir, ancaq Şəmkirin türk dünyasına bəxş etdiyi ustad aşıqlardan biri olan Murad Niyazlıdan da bəhrələnmişəm. Çox şey öyrənmişəm ondan, ancaq birbaşa deyə bilmərəm ki, Murad Niyazlının şəyirdi olmuşam. Ancaq 3-4 il dabanqırma yanına gedib gəldim və çox məsləhətlər aldım ustaddan. Mən onun yaşlı vaxtına düşdüm, birgə toylara, məclislərə getmədik, ancaq evinə gedirdim. Çox böyük ustad idi, əla şeirlər də yazırdı.

- "Gilənar" aşıq Murad Niyazlının yadigarlarından biridir...

- Bəli.

- Siz birinci aşıq müsabiqəsində iştirak etmisiniz, eləmi?

- Xeyr. 2004-cü ildə Azərbaycan Televiziyasının keçirdiyi Aşıq Şəmşir adına müsabiqədə aşıq Şöhrətlə birinci yeri tutub laureat olduq. Onu da deyim ki, müstəqillik dövründə ilk gənc aşıqlar konsertini Heydər Əliyev adına Sarayda biz verdik. Çox maraqlı bir konsert oldu.

- Sizin ifaçılığınız Azərbaycan aşıq sənətinin biliciləri tərəfindən yüksək qiymətləndirilir. Bu böyük etimaddır. O etimadı doğrultmaq üçün dayanmadan öz üzərinizdə işləməlisiniz...

- İradə xanım, siz özünüz ustad qızısınız, bilirsiniz ki, aşıq sənəti çox çətin bir sənətdir. Aşıqlıq sənəti yalnız saz çalıb oxumaqla, yaxud solo saz ifaçılığı ilə məhdudlaşmır. Aşıq gərək həm havaları mükəmməl çalıb oxusun, həm çoxlu şeir bilsin, həm dastanlar danışsın, həm ədəb-ərkan sahibi olsun, həm də davranışına fikir versin. Aşıq həm də havalara uyğun söz seçib oxumağı bacarmalıdır. Çalışıram ki, bu məsələlərə ciddi riayət edim. Düzdür, toylarda, məclislərdə dastan danışılmır. Təəssüf ki, buna tələbat yoxdur. Tələbat olsaydı, gənc aşıqlar ustadlardan götürdüyü, öyrəndiyi dastanları tamaşaçılara çatdırardı. Dastanı öyrənirsən, hazırlayırsan, ancaq tələbat olmadığı üçün bir-iki ildən sonra yaddan çıxır.

- Əlbəttə, dastanlar danışılmalıdır, çatdırılmalıdır ki, yadda qalsın...

- Böyük ustad, dastançı aşığımız rəhmətlik Hacı Bayramov "Aşıq Alının Türkiyə səfəri" dastanını çox mükəmməl danışırdı. Mən də o dastanı nöqtə - vergülünə qədər əzbərlədim, hətta danışırdım da. Amma indi lazımi səviyyədə yadımda qalmayıb. Tamaşaçı dastan tələb etsin ki, biz də gecəmizi gündüzümüzə qatıb o dastanları bir-bir öyrənək.

- Dastançılıq ənənəsi aşıq sənətindən yavaş-yavaş yığışdırılmaq üzrədir. Bu da sazsevərləri ciddi narahat edir. Çox istərdik ki, gənc aşıqların işirakı ilə dastan gecələri keçirilsin, yəni ustadlardan gələn ənənə davam etdirilsin.

- Bu çox gözəl olar. Mənim də arzum odur ki, ustad aşıqlardan miras qalan dastançılıq ənənəsi yaşasın və o dastan gecələri yenidən bərpa edilsin. Bu, gənc aşıqlara stimul verər. Dastan bilməyən gənc aşıq məcbur olub gedib dastan öyrənəcək ki, sıradan geri qalmasın.

- Düşünürəm ki, istedadlı cavan aşıqlar çoxdur. Sadəcə, onlara tələbkarlıqla yanaşılmır...

- Tamamilə doğrudur. Deyərdim ki, aşığı həm də mühit formalaşdırır.

- Həmişə aşıqlar toya gedib və tarixən toyel məclislərində aşıq sənətini mükəmməl şəkildə təqdim ediblər. Bu gün isə, təəssüf ki, dəyərlər dəyişib, aşıqlar məclislərə tamam başqa parametrlərlə dəvət edilir. Toylara gedirsizmi və necə edirsiz ki, sazı saz kimi təqdim edəsiniz?

- Toylara gedirəm. Sazı heç vaxt ucuzlaşdırmıram, buna mənim haqqım da yoxdur. Məclislərdə sazı aşıq kimi təqdim edirəm, balabançı ilə birgə çıxış edirəm. Çalışıram ki, sazı ayaqlar altına atmayım, onu ustadlarımızın yolu ilə ifa edirəm.

- Necə qarşılayırlar Sizin ifanızı?

- Bu günə də şükür. Narazı deyiləm.

- Aşıq Elbrus, Sizi mütəmadi dinləyən, repertuarınızı izləyən bir yazar kimi bir məqamı qeyd etmək istəyirəm. Siz həm balabanın müşayiəti ilə, həm də tək sazla ifa edə bilirsiz. Aşıqlar yaxşı bilir ki, bu çox çətindir...

- Mənim doğulduğum bölgədə balabançısız aşıq olmayıb. Bütün aşıqlarımız sazı balabanın müşayiəti ilə ifa edib. Ancaq ilk dəfə balabansız klassik aşıq sənətində böyük izləri, yeri olan ustad aşıq Şəmşir çalıb oxuyub.

- Kəlbəcərdə eləmi?

- Bəli. Bunun da səbəbi var idi. Bilirsiz ki, Borçalıda aşıqlar balabançısız ifa edirlər. Orada sazın yanında balaban yoxdur, olmayıb. Aşıq Şəmşir də rəhmətlik aşıq Əmrah Gülməmmədovla yaxın dost olub. Elə bilirəm ki, tək sazla ifa ənənəsi bizə Borçalıdan, aşıq Əmrahla aşıq Şəmşirin dostluğundan keçib. Maraqlıdır, aşıq Əmrah Gülməmmədovla aşıq Şəmşirin səsi oxşar olub. Aşıq Şəmşirdən sonra Kəlbəcər aşıqları həm balabanla, həm də balabansız çalıb oxumağa başladılar. Azərbaycan radiosunun qızıl fondunda aşıq Şəmşirin balabansız 30-40 havası lentə alınıb. Bilirsiz ki, məşhur "Güllü qafiyə"ni, "Şahsevəni"ni və başqa havaları sırf sazla oxuyub.

- Aşıq Əmrah Gülməmmədov XX əsr sazının islahatçısıdır. Yəni Sizin sinənizdəki on bir simli saz onun yadigarıdır.Bəzən elələri tapılır ki, bunu inkar etməyə cəhd göstərir...

- Əmrah Gülməmmədovun aşıq sənəti qarşısındakı xidmətlərini heç kəs inkar edə bilməz. Sazı bizə yenidən aşıq Əmrah Gülməmmədov verdi. Sazda pərdələrin sayını artırdı. Yəni saza nə qədər pərdə lazım idisə onun hamısını tapıb yerinə qoydu, simlərin də sayını artırdı. Əmrah Gülməmmədova qədər sazda inkişaf getmirdi, o olmasaydı, saz indi çox geridə qalmışdı. Sonradan bu ənənəni aşıq Kamandar Əfəndiyev, aşıq Ədalət Nəsibov və başqa aşıqlar davam etdirdi.

- Sizinlə II Beynəlxalq Aşıq Festivalının keçirildiyi bir vaxtda görüşürük. Bu festivaldan nə gözləyirsiniz?

- Çox şey gözləyirəm. Bu mənada ki, həm aşıqlar bir-birini tanıyır, sənətlərini bölüşür, həm də fərqli və gözəl ifaların şahidi olursan. Festival çox yüksək səviyyədə keçdi. Birinci Beynəlxalq Aşıq Festivalı, sözün əsl mənasında, gənc nəsli aşıq sənətinə, saza yönəltdi. Bu festivalı televiziyada tez-tez verirdilər.

- Digər türk dövlətlərində yaşayan aşıqlarla dostluğunuz varmı?

- İki Beynəlxalq Aşıq Festivalına biz ev sahibliyi etmişik. Bir neçəsinə də qardaş dövlətlər. Belə götürəndə 7 Beynəlxalq Aşıq Festivalı keçirilib. Bütün festivallarda da olmuşam.

- Bu yaxınlarda İrandan qayıtmısınız. Aşıqlar şöləni necə keçdi?

- Çox yüksək səviyyədə. Bu şöləni Təbriz Aşıqlar Birliyi təşkil etmişdi, əla keçdi.

- Görürsüz, İranda, Türkiyədə tez-tez aşıqlar şöləni keçirilir...Azərbaycanda da bu ənənənin olması yaxşı olmazdımı?

- Çox yaxşı olardı ki, bizdə də belə şölənlər keçirilsin. Bu nədir? Aşıqlar konsert verir və onların ifası bir saz-söz bayramı olur. Azərbaycan da tez-tez aşıqlar şöləni keçirə bilər, bu həm də aşıq sənətinin təbliği baxımdan çox əhəmiyyətli olar. Hərdən Kəlbəcər Mədəniyyət Evinin təşkilatçılığı ilə Gəncədə aşıqlar şöləni keçirilir.

- Gəncədən söhbət düşmüşkən, bəs Gəncənin aşıq mühiti hazırda hansı durumdadır? Bilirik ki, Gəncədə böyük ustad aşığımız aşıq Mais Gəncəli yaşayır...

- Demək olar ki, Gəncədə aşıq mühiti çox zəifdir. Dediyiniz kimi Gəncədə çox dəyərli bir ustad yaşayır-aşıq Mais Gəncəli. Əvvəl burada Azərbaycan Aşıqlar Birliyinin filialı vardı. Sonra şəhərdə abadlaşdırma, yenidənqurma işləri aparılarkən Aşıqlar Birliyini bağladılar. Dövlətimiz sağ olsun, kəlbəcərlilər üçün abad qəsəbə salınıb və orada çox möhtəşəm saray tikilib. Hazırda Aşıqlar Birliyinin Kəlbəcər filialı orada yerləşir. Sədrimiz də aşıq Əhliman Kəlbəcərlidir. Bizim çox gözəl bir aşıqlar ansamblımız var, Kəlbəcərin aşıq mühiti çox yüksək səviyyədə inkişaf edir.

- Aşıq sənətinin telekanallarda təbliğindən razısınızmı?

- Demək olar ki, bəzi telekanallarda aşıq sənətinin təbliği yoxdur, bu mənada vəziyyət pisdir. Amma elə televiziyalar da var ki, aşıq sənətinin təbliğinə geniş yer ayırır. Azərbaycan Televiziyasında professor Məhərrəm Qasımlının həmmüəlliflərindən biri olduğu "Musiqi xəzinəsi" proqramı vardı, orda saza böyük meydan verilirdi. İndiİctimai Televiziyada gedən "Ozan" verilişində də aşıq sənəti lazımi səviyyədə təbliğ edilir, "Xəzər" televiziyası da saza yer ayırır. Ancaq qalan kanallarda vəziyyət pisdir. Efirə aşıqları yox, sazoynadanları çıxarırlar. Onlara da aşıq demək olmaz. Çünki o adamlar sazda aşıq havası çalmağı belə bacarmır. Toylara gedib mənşəyi bilinməyən havaları çalıb pul qazanırlar. Sazı bu qədər aşağılamaq olmaz. Bu sənət ucalıqda dayanmalıdır, onu başqa cür təqdim etməyə heç kəsin ixtiyarı yoxdur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 19 noyabr.- S.12.