Xalçaçı rəssamlar dəstək istəyir...

 

Aydın Rəcəbov: "Bizim işimiz çox bahalı işdir və hər bir əsər, ölçüsündən asılı olaraq, 2, 3, 4, 5 min manata başa gəlir"

 

"Gənc xalçaçı rəssam pulu haradan tapmalıdır ki, əsər yaratsın?"

 

Xalçalar keçmişin gələcəyə ən ülvi, ən təmiz, sevgi və həsrət dolu mesajlarıdır. Bu mesajlardan nələr oxumaq olmur? Burada hər şey var. Əski mədəniyyət və incəsənətimiz, tariximiz, ədəbiyyatımız, başlıcası isə, qədim insan haqda zəngin informasiya xalçaların məzmununu təşkil edir. Xalça məktəbimiz çox zəngin və rəngarəngdir. Hər məktəbin də özünəxas xüsusiyyətləri çoxdur. Bu ənənə o qədər dəyərli və qiymətlidir ki, onu sadəcə sözlə ifadə etmək çətindir.

Sənətşünaslar Azərbaycan xalçalarını sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 8 xalçaçılıq məktəbinə bölür. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz, Naxçıvan xalçaçılıq məktəbləridir.

Təbii olaraq bu xalçaçılıq məktəblərinin də hərəsi bir dünyadır. Bu dünyanın qonağı olmaq isə adama hədsiz zövq verir. Belə zəngin xalçaçılıq ənənəsi olan bir xalqın xoşbəxtliyi misilsizdir.

Ağlı başdan alan zərbaf...

Qədim zamanlarda yaşayan Azərbaycan türkləri, ulu nənələrimizin gözünün nurundan, könlünün qübarından, əllərinin zəhmətindən yaranan bu xalçaların hərəsi bir romandır, sirri ilmə-ilmə açılmalı olan sonsuz bir kitabdır. Bu kitabı əsrlərdir oxuyuruq, ancaq hələ də onun uzaqbaşı beş-on cümləsini əxz edə bilmişik.

Tarixi mənbələrdən bəllidir ki, Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat verib. O da bildirilir ki, Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verib. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Bu cür xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən, əsasən feodallar üçün hazırlanan belə xalçalar "zərbaf" adlanırdı.

Onu da qeyd edim ki, Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verib, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami və Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunubdur.

Bir vaxtlar dünya bazarını bəzəyən xalçalarımız...

Sənətşünasların verdiyi məlumata görə, XX əsrin əvvəllərinə qədər Azərbaycan xalçası dünya bazarında əhəmiyyətli mövqeyə malik olub. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Sənətşünaslar onu da qeyd edir ki, xalça sənətinin inkişafının bir qolu "Azərxalça" İstehsalat Birliyinin(AİB) fəaliyyəti ilə bağlı olub. Digər qolu isə peşəkar rəssamlar inkişaf etdirib. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edib.

 

Xalçalarımızın çeşidli dili...

Bilirik ki, Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olur. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palas, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax. Hazırda Azərbaycanda xalçaçılığın inkişafı üçün geniş imkanlar yaradılıb. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (ADRM),Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU), Azərbaycan Rəssamlıq Akademiyasında, eləcə də incəsənət yönlü kolleclərdə tədris olunur.

Bu yazını hazırlayarkən qarşıma bir məlumat çıxdı":

XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapıb. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilib. XVIII əsrin II yarısında, xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənib, hər xanlığın özünün xalçaçılıq karxanası olub və bu da müxtəlif xalçaçılıq məktəblərinin yaranmasına zəmin yaradıb. 1872-ci ildə Moskvada "Moskva - Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilən xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görülüb. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (İtaliya), 1913-cü ildə Londonda və Berlində təşkil edilən beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət olub.

Xalçaçı rəssam Aydın Rəcəbov nə düşünür?

Bilirik ki, Azərbaycanda çox zəngin və genişmiqyaslı xalça rəssamlığı məktəbi formalaşıb. O yolun davamçılarından biri də görkəmli xalçaçı rəssam Lətif Kərimovun tələbəsi, əməkdar rəssam, xalçaçılığa könül verən Aydın Rəcəbovdur.

A.Rəcəbovun bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilən əsərləri Azərbaycan Respublikasındakı muzeylərdə və Almaniya, Norveç, Rusiyadakı şəxsi kolleksiyalarda saxlanmaqdadır.

Aydın Rəcəbovun bu il 70 yaşı tamam oldu. Zəngin xalçaçılıq məktəbinin layiqli davamçısı olan Aydın müəllimi təbrik edirəm. Qeyd edim ki, bu ilin yayında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi keçirildi. Onu da bildirim ki, Aydın Rəcəbov xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, orta əsr miniatür sənətinin ənənələri və kompozisiya quruluşuna müraciət edir. Bu qəbildən olan "Şirinin Bisütuna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və s. əsərləri onun süjetli xalçalarının əsas mövzusunu təşkil edir.

Həmin sərgidə xalçaçı rəssamın 40-a yaxın əsəri nümayiş etdirilib. Aydın Rəcəbovla bir neçə dəfə emalatxanasında görüşərək yaradıcılığı haqda danışmışıq. Məlumdur ki, onun yaradıcılığında qədim miniatür sənətimizin ənənələri, klassik poeziya və Abşeron motivləri üstünlük təşkil edir. Onun xalçaları zərif toxunuşu və keyfiyyəti ilə də diqqət çəkir. Qədim türk-oğuz damğaları rəssamın əsas naxış meyarıdır.

Bu gün Azərbaycanda xalçaçı rəssamlar az deyil, ancaq təəssüf ki, o rəssamların çəkdiyi eskizlər əsasında toxunan xalçaların alıcılıq qabiliyyəti ürəkaçan deyil. Dünən Aydın Rəcəbovla əlaqə saxlayaraq xalçaçı rəssamların hazırkı durumu ilə maraqlandıq. Xalçaçı rəssamların yaradıcılıq nümunələrinin satışının aşağı səviyyədə olması sənətkarı ciddi narahat edir. Əməkdar rəssam "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycanda xalça rəssamlığının böyük ənənələri var və bu ənənə bu gün də, sabah da yaşamalıdır. O dedi ki, sərgiyə çıxardığı əsərlər satış üçün deyildi: "Ümumiyyətlə, yaratdığım əsərlər satış üçün nəzərdə tutulmayıb. Yaradıcı adamlar işlərinə də yaradıcı münasibət görmək istəyir. Qalereyalara da etibar etmirəm. Onlar rəssamların marağını nəzərə almır. Əslində bizim əsərlərimizi muzey almalıdır. Muzey heç olmasa beş işimdən birini alsa, mən də o pula digər əsərimi yarada bilərəm. Hazırda bütün əsərlərimi Mədəniyyət Fondundan aldığım təqaüd hesabına yaradıram. Beş xalça layihəm var, heç birinə maliyyə tapa bilmədiyimdən, gerçəkləşdirməmişəm. Yerli xalça bazarında da vəziyyət ürəkaçan deyil. Çindən, Pakistandan gələn xalçaların sayı-hesabı yoxdur. Maraqlısı da odur ki, hamısının üzərində Azərbaycana məxsus ornamentlər təsvir olunub. O məmulatlar keyfiyyətsiz olduğundan-ilk yuyulmada rənglərinin solmasından ucuz qiymətə satılır. Qiymət fərqinə diqqət yetirən alıcılar da, əlbəttə ki, üstünlüyü o xalçalara verir. Ancaq çox istəyərdim ki, bizim xalçaçı rəssamların işinə dəyər verilsin. Bilirsiz ki, bizim işimiz çox bahalı işdir və hər bir əsər ölçüsündən asılı olaraq 2, 3, 4, 5 min manata başa gəlir. Rəssamın pulu olmalıdır ki, əsər yaratsın. Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən xalçaçı rəssamlar var. Onlar işləyə bilmir. Gənc xalçaçı rəssam pulu haradan tapmalıdır ki, əsər yaratsın".

Aydın Rəcəbov Azərbaycan xalçalarının başqa xalqlar tərəfindən mənimsənilməsi faktından narahat olduğunu da bildirdi: "Təəssüf ki, xalçalarımız dünyanın bəzi muzeylərində Qafqaz, İran, bəzi vaxtlar hətta erməni xalçaları adı ilə nümayiş etdirilir. Ermənilərin bizim xalçalara iddiası isə məni lap narahat edir. Təəssüf ki, onlar bizim xalçaları öz adlarına çıxmaq isəyir. Erməni hara, xalça hara? Onların bizim xalçalara iddiası yersizdir".

Xalçaçı rəssam hesab edir ki, həm yerli, həm də dünya bazarına yerli rəssamların eskizləri əsasında toxunan xalçalar çıxarılmalıdır. Onun fikrincə, bu, xalçaçılıq işi sahəsində ən yaxşı təbliğat olardı.

Əməkdar rəssam niyə bədbindir?

Xalça rəssamlığı ilə bağlı həmişə bədbin düşünən Aydın müəllimin yenə də fikri dəyişməyib. Qəzetimizə açıqlamasında yenə də o məsələnin üstünə gəldi":Xalçaçı rəssamların işinə stimul verilməlidir. Bu iş ucuz başa gəlmir, hər bir əsərin üzə çıxması üçün böyük vəsait lazımdır. Bu baxımdan, xalça rəssamlığı ilə bağlı yenə də bədbin düşünürəm. Yerli xalçaçı rəssamlar öz işlərini sata bilmir. İstedadlı gənclər var, sadəcə onlara dəstək yoxdur. Bu sahəyə ciddi dəstək göstərilməlidir. Xalçaçı rəssama şərait yaradılmalıdır, pul yardımı olmalıdır ki, əsər yaratsın. Rəssamın materialı olmadan necə işləyə bilər? Yerli bazarda bizim rəssamların eskizləri əsasında toxunan xalçalardan çox xaricdən gətirilən məhsullar var. Bu xalça məmulatları baha olmadığından, onu alırlar. Bizim xalçalar isə alınmır".

Qeyd edək ki, yerli mediada Azərbaycanın xalçaçı rəssamlarının əsərlərinin qiyməti haqda məlumat yer alıb. Məlumatda bildirilir ki, xalçaçı rəssamlar arasında əsərlərinə daha böyük ehtiyac olan Eldar Mikayılov, Aydın Rəcəbov və Eldar Hüseynovdur: "Satışa çıxarılan xalçaların qiymətində toxunuş, material və rəssamlıq qabiliyyəti kimi amillər nəzərə alınır. Xalçaların qiyməti ölçüsündən, rənglərin mürəkkəbliyindən, mövzudan, materialdan, eləcə də toxunuş sıxlığından asılı olaraq müəyyənləşir. Xalça əsərlərinin qiyməti 60-100 min manat arasında dəyişir. Araşdırma zamanı o da məlum olub ki, azərbaycanlı xalçaçı rəssam Eldar Mikayılova Roma Katolik Kilsəsindən xalça sifariş olunub və bu xalça 100 min manata satılıb".

Xatırladım ki, Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qoludur. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə 2010 - cu ilin noyabr ayında YUNEKO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınıb.

Arzuedilən odur ki, xalçaçı rəssamlara, xüsusən də bu işlə məşğul olan gənclərə dəstək göstərilsin. Ümid edirəm ki, əlaqədar qurumlar o dəstəyi əsirgəməyəcək...

 İradə SARIYEVA

 Bakı xəbər .-2014.- 20 noyabr.- S.14.