Əbədi yaşayan dahi rəssam - Səttar Bəhlulzadə...

 

"Kəpəzin göz yaşları" tablosuna həyəcansız və heyrətsiz baxmaq olmur. Dahi Səttar Bəhlulzadənin yaratdığı bu əsər rəssamın daxili aləminin inikasıdır. Onun sənətinin qüdrətindən yaranan saysız-hesabsız əsərdə Səttar Bəhlulzadə ruhu yaşayır. Bu ruh o qədər müqəddəsdir ki... Səttar Bəhlulzadə impressionizm cərəyanının ən usta təbliğatçılarından biri kimi bu janrda tablolar çəkib.

Bilirik ki, bu böyük rəccam "Əməkdar incəsənət xadimi", "Xalq rəssamı" fəxri adlarına layiq görülüb.

İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Bəllidir ki, Bəhlulzadə Səttar Bəhlul oğlu Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biridir.

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvas. şəhərlərin muzeylərində saxlanır.

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada dünyasını dəyişib. Əmircan kəndində dəfn olunub və qəbri üstündə ona abidə ucaldılıb.

Rəssamın barmağının istisindən, ürəyinin hərarətindən doğulan əsərlər...

"Vikipediya" yazır ki, Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzulartarixi şəxsiyyətlərin təsviri əsas yer tutur. Onun "Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsərləri bu qəbildəndir. İkinci Dünya Müharibəsindən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənir və o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri-"Buzovna neft mədənləri", "Əmircan" və s. əsərləri nümayiş etdirilir.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.

Dünyanı gəzən əsərlər...

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, ADR, Çexiya, Slovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Dahi rəssam belə deyirdi: "Mən rəssamam. Rəssamlıq mənə inamımı, ümidimi həyata keçirmək üçün nəfəs aldığım həyatımdır. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da, yenə də səni vəsf etməyə həsr edərəm".

Azərbaycan təsviri sənətində özünəməxsus yer tutmuş, əsasən mənzərəçi-rəssam kimi məşhur olan Səttar Bəhlulzadə dünyanın bir çox ölkələrində tanınır və sevilir. Bəli, o, mənzərəçi-rəssam kimi təkrarolunmazdır. Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafında rolu çox böyükdür. Onlarla gənc rəssam onun yaradıcılıq manerasına, irsinə istinad edib, bəhrələnib.

Səttar dünyasının boyalara qovuşan izləri...

Görkəmli sənətşünas, Səttar Bəhlulzadə irsinin bilicisiyorulmaz təbliğatçısı Ziyadxan Əliyev dahi rəssamın 100 illik yubileyinə həsr etdiyi "Məşhur rəsmlər və rəssamlar-Səttar Bəhlulzadə" məqaləsində qeyd edir ki, Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açıb: "Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidli idi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarından ölüm qatarı"na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz "Səttar görümü" ilə tərk etdi, ecazkar rənglərində əriyib əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan "Sənətin məcnunu" ayamasını qazandı. Məcnunluğu müəyyən səbəblərdən özünə həm də kədərə bələnmiş sevinc gətirsə də, başqalarına "Səttar dünyası" adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı. Özünün və sənətinin bənzərsizliyinin nəticəsidir ki, o bir ömürdə bəlkə də bir-neçə tale yaşadı. 65 illik ömür payında dahi hesab edilməsi ilə yanaşı, onun özündə təzadlı dəyərləri hifz edən qəribə şəxsiyyət kimi qəbulu da təbii idi. Çünki Səttar doğrudan da bənzərsiz və təkrarsız idi, ona görə ki, o, dünyanı müasirlərindən, rəssam həmkarlarından da şox fərqli duyur, görür və kətanda gerçəkləşdirirdi. Əslində o qəribə barmaqlarsanki "Dmagik kristal"dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal bədii gözəllik yaratmaq üçün ona bəxş olunmuşdu. O bu qədər təzadlı olan dünyamızda özünü həm də lirika ilə ifadə edən "dkədər məcmusu" idi. Odur ki, bütün ömrü də kədəri dərk etmiş bir şəxsiyyətin acılı-şirinli hekayətidir...".

"|Aramızda gəzən dahi" - onu belə çağırırdılar

Ziyadxan Əliyev daha sonra yazır ki, özü bütün mənalarda seçilən olsa da, bütün böyük şəxsiyyətlər kimi onun da qeyri-adi keyfiyyətləri ilə yanaşı, qəribə meylləri, hətta çatışmazlıqları da vardı: "Hələ uşaqlığından gələcək qeyri-adiliyinin qeyri-adi işığını özündə gəzdirən Səttar yəqin ki, elə bu cürömür sürməli idi. Bu səbəbdən də zamanın maneələr dramatizmionu sındıra bilmədi. Sənət tarixinə də yaratdığı ecazkar əsərlərilə daxil oldu, müasirlərinin də yaddaşında həm də elə başqalarına bənzəmədiyinə, bütün ömrü boyu onu izləyən və zaman-zaman dramatikləşən kədəri sevinclə əvəzləyə bilmək qüdrətinə görə qaldı. Onu görənlərə, təmasda olanlara görkəmini xatırlatmağa ehtiyac yoxdur. Elə görməyənlər də bizə yadigar qalan çoxsaylı fotoşəkillərdən onun çox qəribə və bənzərsiz olduğunu görə və duya biləcək. Əgər rəssamın sözlə portretini çəkmək kimi bir çətin işə qol qoysaq, onda deməliyik ki, onun çox sadə görkəmi vardı. Nimdaş geyimdən boylanan bu sadəlik zəmanəsinə görə o dərəcədə qabarıq idi ki, bəzən ona onu tanımayanların münasibəti də ağlasığmaz dərəcədə təzadlı və gözlənilməz olurdu. O bundan çox vaxt inciməzdi də. Az qala bu dünyanın adamı olmadığını hər addımda hamıya sübut etdirən Səttar yəqin ki, elə bu cür də olmalı idi. Moskvalı sənətşünas Qriqori Anisimovun təbirincə desək, Səttarın bu dünyaya sığışmadığını söyləməyə tam əsası vardı. Fiziki mənada bizimlə-hamı ilə olsa da, əsl dünyası emalatxanası, bir də ünsiyyətdə və əhatəsində olduğu çox sadə adamlar idi. Adi kənd adamına ən qiymətli əsərini qızırqanmayan rəssam, onu xoşu gəlməyən ən yüksək vəzifəliyə belə verməzdi. Bu gün çəkdiyi portretin Roma papasının kolleksiyasında olması ilə öyünən rəssamdan fərqli olaraq Səttar əsərinin Azərbaycanın ən ucqar bir nöqtəsində, adi bir insanın evində asılmasından qürur hissi keçirərdi. Onun böyük el məhəbbəti qazanmasında bu amalın də böyük rol oynadığı birmənalıdır. Səttarın hələ sağlığında "Aramızda gəzən dahi" deyə çağırılması da artıq hökumətin onu ən yüksək formada dəyərləndirməsindən də çox yüksəkdə dururdu. Səttar əgər özünə həmdəm saydığı təbiət motivlərinə onların "öz dilində" danışmağı bacarırdısa, bu onun həm də xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız Vətəninin və xalqının dərdini və sevincini bilən, ona acıyan, ondan fərəhlənən kəs ona qəlbində bu cür bədii qürur heykəli ucaltmağı bacarardı. Onun sehrli fırçası, bu cür təsirli, çoxmənalı, ecazkarsolmaz boyaları doğma Azərbaycan təbiətini, sözün əsl mənasında, bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı desək, yanılmarıq.

Səttar qarşısındakı adamın kimliyindən asılı olmayaraq sözü üzə deməkdən çəkinməzdi. Bunun da "əvəzini" ona dolayısı çatdırırdılar. Daha çox gücləri ona veriləcək qonorarı azaltmağa çatırdı. Rəssamın özü bu sətirlərin müəllifinə danışmışdı ki, altmışıncı illərin əvvəllərində Moskvada təşkil olunan ümumittifaq sərgisində Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları onun orada nümayiş etdirilən "Xəzər gözəli" (1960) adlı əsərini görüb müəllifin ardınca Bakıya gəliblərmiş. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. O isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Bu cavabı eşidən qonaqların əhvalı pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar. Səttar isə bunu gizli saxlamağa çalışır. Qazaxıstanlılar isə əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl (o vaxt üçün bu çox böyük məbləğ idi) verməyə hazır olduqlarını bildiriblər. Bunun üçün onun razılığını istəyiblər. Buna nail ola bılməyəndə onlar rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın "600 rubl" sözündən sonra qazaxıstanlı qonaqlar uzun müddət çaşqınlıqdan özlərinə gələ bilməyiblər. Ən sonda onlar rəssamdan bu əsəri heç olmasa təkrar etməyi xahiş ediblər. Rəssamsa "təkrarçılıqla məşğul olmuram" cavabını verib. Əsərə bu məbləğin verilməsi rəsmi dairələrin o vaxtlar Səttar Bəhlulzadəyə qarşı apardıqları mənəvi təzyiqlərin sınanılmış forması idi. Yeri gəlmişkən, qeyd edək ki, Səttarın digər işləri də özünə bab rəssamlarla müqayisədə ucuz qiymətə alınıb. Səhv etmiriksə, onun ən yüksək qiymətə alınan əsəri iki ilə tamamladığı "Mənim anam" (4 min rubl) tablosudur. Amma təbii ki, Səttara belə yollarla təsir etmək çətin idi. Çünki o, pul qazanmaq üçün çalışmırdı. Bunu çox erkən dərk edən rəssam sadəcə öz missiyasını yerinə yetirməklə məşğuldu. Dili Füzulinin qəzəlləri olan rəssamın ali missiyası yaratdığı gözəllik qaynaqları ilə başqalarına sevinc hissləri bəxş etmək idio bunu yaxşı duyduğundan, şərəflə də yerinə yetirdi. Yaşadığı zamandan asılı olaraq doğma yurdu Azərbaycan sağlığında onu sona qədər dünyaya tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı. 2009-cu ildə YUNESKO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir.. Şəxsi maşını-zadı da yoxdu. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb-gətirən ən gözəl minik sayırdı. O, həyatdan,təbiətdən götürdüyü sadəliyə və təbiiliyə sanki haram qatmaq istəmirdi. Görkəmli filoloq Kamil Vəli Nərimanoğlunun təbirincə desək, "Səttar bu günahlı dünyanın günahsız uşağıydı, o, günaha batmadı". Bu fikrə əlavə edib deyirik ki, sadəcə Səttarın buna heç vaxtı da yox idi. Onun bu əvəzsiz insani keyfiyyətini müasirləri də bilirdilər. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da. Onu Azərbaycanın hər yerində sevirdilər. Çünki adamlarla ünsiyyəti sadə və oyunsuz idi. Böyük rəssamlar insanlara sevinc və gözəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə "qazanmaq" iddiası yox, acılı-şirinli taleləri olur. Bəziləri ən gözəl əsərini lap cavanlığında, çoxları isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o az sənətkarlardandır ki, yaradıcılıqda həmişə cavan və təravətli, həm də müdrik qaldı. Odur ki, yaratdıqları hər hansı dəyərləndirmə çərçivəsinə də sığışmır. Belə olan halda, rəssam adına iddialı olan hər kəs başının üstündə həmişə Səttar Bəhlulzadə kimi bir sənət dühasının olduğunu unutmamalıdır...".

Sənətşünas Ziyadxan Əliyevin bu yazısında Səttar Bəhlulzadəni olduğu kimi gördük. Təbii ki, Səttar Bəhlulzadə haqqında onu yaxşı tanıyan, fəaliyyətini izləyən, yaradıcılığına dərindən bələd olan bir sənətşünasın qeydlərinə üstünlük verməliydik. Verdik də. Səttar Bəhlulzadənin ruhu yaşayır və o yaşadıqca xalq da yaşayır və dahisinə böyük qiymət verir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 24 noyabr.- S.15.