Bakıxanovlar sülaləsinin layiqli

nümayəndəsi- pedaqoq, tarzən,

musiqi xadimi Əhmədxan Bakıxanov...

 

Bu yazımızı Azərbaycan musiqi tarixində, milli musiqimizin inkişafında, kadrların yetişdirilməsində önəmli rolu olan Əhmədxan Bakıxanova həsr edirik. Görkəmli tarzən, pedaqoq, musiqi xadimi, 1943-cü ildən Azərbaycanın əməkdar müəllimi, 1973-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülən Əhmədxan Məmmədrza oğlu Bakıxanov 5 sentyabr 1892-ci ildə anadan olub.

Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Hazırda bu ansambl onun adını daşıyır. "Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifi kimi çox böyük işlər görüb.

 

Görkəmli tarixçi, şair

Abbasqulu ağa Bakıxanovun nəvəsi...

 

"Vikipediya" Açıq Ensiklopediyasında qeyd edilir ki,

Əhmədxan Bakıxanov 1929-1973-cü illərdə Azərbaycanın Dövlət Konservatoriyasında dərs deyib, 1941-1973-cü illərdə Azradiokomitənin nəzdində (sonralar radio və televiziya) xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Yaratdığı ansamblın tərkibinə bas tar, saz, ud, kanon, qoşanağara, həmçinin qaboy və fortepiano daxil edib.

Qeyd edək ki, Bakıxanovlar sülaləsinin Azərbaycan Respublikasının ictimai həyatının və mədəniyyətinin inkişafında rolu misilsizdir. Bakıxanovların ən məşhuru Abbasqulu ağa Bakıxanovdur ki, onun da xidmətləri hər kəsə məlumdur. Tarixi mənbələrin yazdığına görə, Azərbaycan muğam və xalq musiqisinin mükəmməl bilicisi olan Abbasqulu ağa Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Ömrünün çox hissəsini rus ordusunda rəsmi qulluqda xidmət edib. O, rus ordusuna xidmət etsə də, hər zaman öz xalqına can yandırıb, onun ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr verib.

Azərbaycan musiqi mədəniyyətinin inkişaf edərək zənginləşməsində Əhmədxan, Məmmədxan, Tələt, Məmmədrza, AkifTofiq Bakıxanovların xidmətləri müstəsnadır. Əhmədxan və Məmmədxan Bakıxanov qardaşları Azərbaycan klassik musiqisinin banisi Üzeyir bəy Hacıbəyov ilə həm qonşu, həm də dost idilər. Onlar milli xalq musiqimizin inkişafı və təbliğində çox önəmli rol oynayaraq Üzeyir bəylə çiyin-çiyinə çalışırdılar. Bakıxanov qardaşları Azərbaycan klassik musiqi irsimizdən olan, bir vaxt populyar olub yaddan çıxan melodiyaları araşdıraraq ifa ediryeni nəslə çatdırırdılar. Onların ifa tərzləri indvidual xarakteri ilə, alətə dərindən yiyələnmələri ilə, xalq mahnıları və muğamların improvizasiyasının özünə xas cizgiləri ilə səciyyələnir. Eyni zamanda onlar ilk xalq çalğı alətləri ansambllarının yaradıcılarından hesab olunub. Məsələn, Azərbaycanda bəzi muğamlar ifa olunmurdu. Əhmədxan Bakıxanov onların sayını artırıb. Əhmədxan Bakıxanov Azərbaycan musiqi xəzinəsinə elə bir sərvət bəxş edib ki, onu heç nə ilə əvəz etmək olmaz.

İki il əvvəl "Əhmədxan Bakıxanov xatirələrdə" kitabı çapdan çıxıb. Şair-publisist İttifaq Mirzəbəylinin xalq artisti Əhmədxan Bakıxanova həsr etdiyi "Əhmədxan Bakıxanov xatirələrdə" kitabı musiqi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanıb. Bura Əhmədxan Bakıxanov haqqında qələmə aldıqları tədqiqat materialları, məqalələri və xatirələri, həmçinin, ona həsr olunmuş şeirlər toplanıb.

Bu nəşrdə "Mirzə Əhmədxan Bakıxanov iranlı ifaçıların xatirələrində" bölümü xüsusi maraq doğurur. Bu fəsildə Məmməd Salmanov, Novruz Feyzullayev, Ağabala Abdullayev, Rövşən Behcət, Sabir Mirzəyev və başqalarının nadir faktlarla zəngin qeydləri yer alıb.

 

Xalq artisti Əlibaba Məmmədov

ustadını necə xatırlayır?

 

Xalq artisti, görkəmli muğam ustadı, bəstəkar Əlibaba Məmmədov Əhmədxan Bakıxanov haqqında çox maraqlı fikirlər bildirib. Yerli mətbuatda dərc olunan xatirələrdən biz də istifadə edirik.

Əlibaba müəllim bildirir ki, hələ erkən gənclik illərində bu böyük şəxsiyyəti tanıyıb və onun məsləhəti ilə sənətini inkişaf etdirib":Mən hələ 19 yaşım olanda, yəni 1949-cu ildə müsabiqə yolu ilə Filarmoniyaya solist qəbul edildim. O vaxt Xan Şuşinskidən başqa heç kəsin muğamı tam dəstgah kimi oxumasına icazə verilmirdi. Təsəvvür elə, mən o yaşda Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva və Əbülfət Əliyev kimi sənətkarlarla bir yerdə oxumalı idim. Filarmoniyanın cəmi 12 solisti var idi. Mənim bir tərəfdən yaşım az idi, digər tərəfdən də musiqi təhsilim yox idi. Ona görə də musiqi təhsili almaq qərarına gəldim. Nə olsun ki, "Çahargah"ı oxuyurdum, savad da lazım idi. Qərəz, 1953-cü ildə Seyid Şuşinski Ağdam Musiqi Məktəbindən Bakıya dəvət edildi və mən musiqi texnikumunda onun sinfinə qəbul olunmaq üçün ərizə verdim. O vaxt Əhmədxan müəllim texnikumda şöbə müdiri işləyirdi. Yadımdadır, Adil Gəray məni Seyid Şuşinskiyə təqdim edəndə Mirzə Mansur da orada idi, Əhmədxan müəllim də. Amma mənim oxumağım üçün tarı Adil Gəray özü çalırdı. Beləcə, mən musiqi texnikumuna qəbul olundum. Hə, o vaxtdan Əhmədxan müəllim mənim gələcəyimə inanıbmış. Niyə belə düşünürəm, indi aydın olacaq. Günlərin birində, biz hələ birinci kursda olanda, Əhmədxan müəllim açdı bizim sinfin qapısını:- Seyid, salam. Dedi:-salam. Soruşdu ki, bu uşaqlardan hansı "Rahab"ı yaxşı oxuyur? Seyid dedi Əlibaba. Əhmədxan müəllim mənə qayıtdı ki, gəl ansambla, "Rahab"ı yazmaq istəyirəm. Yəni "Əlibaba bu uşaqların hansıdır"-deyə soruşmadan birbaşa mənə çevriləndə bildim ki, imtahandan yadında qalmışam. Qulu Əsgərovla birlikdə getdim səsyazma studiyasına. Əhmədxan dedi ki, mən "Rahab" muğamı haqqında rəhbərliyə danışmışam. Deyirlər ki, yazdır, görək oolan şeydir. Ona görə də indi ötəri yazaq, qulaq assınlar, sonra fond üçün təzədən yazarıq. Oxudum, yazdılar. İndi gözləyirəm ki, fikir müsbət olsa, muğamı təzədən yazacağıq. Bəlkə yadınızdadır, o vaxtlar hər bazar günü radioda "Muğamat" konserti olurdu. Bir gün həmin konsertə qulaq asırdım. Diktorun verdiyi elan məni çaşdırdı: "Rahab", oxuyur Əlibaba Məmmədov. Ətim ürpəşdi. Elə bildim üstümə qaynar su töküldü. Konsert qurtaran kimi götürüb Əhmədxan müəllimə zəng vurdum. Dedi, Əlibaba, "Rahab"ı da bəyəniblər, sənin ifanı da. Bizə başqa nə lazımdır? Dedim, heç nə. Ondan sonra "Bayatı-Şiraz"ı yazdıq və beləcə, Əhmədxan müəllim məndən əl çəkmədi, mən də Əhmədxan müəllimdən. Müxtəlif musiqilər bəstələyirdim, gəlirdim ki, müəllim, filan mahnı var, elə böyük həvəslə qəbul edir, məşqlərə başlayırdı ki, elə bil bundan başqa heç bir işi yoxdur.

Bu, Əhmədxan müəllimin mənə olan qayğısı. Amma təkcə mən deyildim axı. 50-ci, 60-cı illərdə, lap elə onun ömrünün sonuna qədər oxuyan, ərsəyə gələn xanəndələrin, tarzənlərin hamısı Əhmədxan müəllimə borcludur. Əhmədxanın zəhməti, qayğısı hər birimizə çatırdı, bəs edirdi. Çox xeyirxah idi. Bizə yox, musiqiyə, muğama, tara, yəni xalqa xidmət edirdi".

Ə.Məmmədov ustad sənətkarın tar ifaçılığından da danışıb. Yüzlərlə yetirməsindən biri olan Ə.Məmmədov onu çalğısını da yada salıb":...Müəllimin tar ifaçılığı barədə fikir söyləməyə gəlincə isə, deyim ki, Sadıqcan, Mirzə Mansur, Qurban Pirimov, sonra Ağabacı Rzayevanın babası vardı, Mirzə Fərəc - onlar tarın korifeyləri idilər. Əhmədxan müəllim bax o sırada dururdu. Əhmədxan müəllimin üstünlüyüidi? O, yenilikçi idi, yaradıcı idi. Özünün bəstəkarlığı vardı. Məsələn, "Rahab" dəramədi, "Orta Mahur", "Rast", "Bayatı-Şiraz" dəramədləri Əhmədxan müəllimindir. Üstəlik, harda bir köhnə, unudulmuş xalq mahnısı vardısa, onu yenidən işləyir, sevilən bir şəkildə dinləyiciyə təqdim edirdi. Demirəm ki, o biri tarzənlərdə bu keyfiyyətlər olmayıb. Sadəcə, Əhmədxan müəllimdə heç kəsdə olmayan bir yaradıcılıq vardı".

Həmin unudulan mahnılardan birini oxuduğunu deyən Ə.Məmmədovun sözlərinə görə, Əhmədxan müəllim Seyid Şuşinskidən xahiş edib ki, bizim ən qədim mahnılardan olan "Güllü qafiyə"ni uşaqlardan birinə öyrət, onu lentə yazaq": Bu mahnı ağanın ifasında ( Seyid Şuşinski nəzərdə tutulur-Ə.M) radioda var idi. Amma Əhmədxan istəyirdi ki, təzə səs olsun. "Güllü qafiyə" bir az aşıq musiqisinə oxşadığına görə mən dedim ki, onu Qulu Əsgərov oxusun. Çünki Qulunun səsi bir az aşıq musiqisinə yaxın idi. Razılaşdılar. Qulu getdi oxudu, alınmadı. Sizə deyim ki, Qulu hələ texnikumda oxuduğumuz illərdə çox mükəmməl ifaya malik idi. Amma "Güllü qafiyə"ni nədənsə oxuya bilmədi. Ona görə də Əhmədxan gəlib Seyiddən birbaşa məni istədi. Yenə də Qulu ilə birlikdə getdik səsyazma studiyasına. Oxudum, yazıldı. O mahnını indi Alim Qasımov, Mələkxanım Əyyubova və başqaları dillər əzbərinə çeviriblər. Əhmədxanın xidmətidir. Əliağa Quliyev, Həbib Bayramov və Sərvər İbrahimovdan üzü bəri bütün tarzənlər onun yetirmələridir. Çox maraqlıdır, bu qədər şagird yetişdirəsən, ansamblı saxlayasan, dərs deyəsən, proqram tərtib edəsən-çox böyük zəhmət tələb edən fəaliyyət idi. Deməli, mən "Dəşti"ni ərsəyə gətirmək üçün 7-8 il fikirləşmişəm. Seyiddən eşitdiyim 4 dəqiqəlik "Dəşti"yə müxtəlif muğamların uyğun gələn hissələrini əlavə etdimoldu 17 dəqiqə. Mən muğam yaratmadım ha, olanlardan istifadə etdim. Muğam yaratmaq mümkün olsaydı, Üzeyir bəy yaradardı. Yaratmayıb. Sadəcə, bütün muğamlardan istifadə edib. Mən də eləcə "Dəşti"ni tamamladım və Əhmədxan müəllimin böyük köməyi, qayğısı ilə lentə yazdırdıq. İndi mən bir məsələni qeyd etmək istəyirəm. Üzeyir bəy olmasaydı, bizim muğamlar yenə də əvvəlki kimi 35-40 şöbədən ibarət olardı. Yəni muğamları Üzeyir bəy təkmilləşdirib. Seyid Şuşinski olmasaydı, bizim muğam tədrisimiz olmayacaqdı. Əhmədxan müəllim məhz həmin iki böyük sənətkarın milli musiqimiz qarşısındakı məsuliyyətini eyni miqyasda davam etdirən bir sənətkar idi. Xidmətləri çox böyük idi. Xanəndə nəyisə yarımçıq oxuyanda mütləq ya Həbibə tapşırırdı, ya da mənə həvalə edirdi və həmin yarımçıqlıq aradan qaldırılırdı. Xanəndə ümumiyyətlə naşı idisə, Əhmədxan onu qətiyyən yazmazdı. Deyirdi, get, oxumaq istədiyin muğamı öyrən, sonra gəl, yazaq. Ömründə xaric pərdələrə imkan verməzdi".

 

Xalqın mədəniyyətinə

xidmət edən sənətkar...

 

"Əhmədxan müəllim tarla öz xalqına, mədəniyyətinə, musiqisinə necə xidmət edibsə, xanəndələr arasında da həmin işi Cabbar Qaryağdıoğlu edib. Cabbar əmi təkcə təsnif yaratmayıb, təsniflərin sözlərini də yazıb. Onun şairliyivar idi. İndi bizim oxuduğumuz təsniflərin 80 faizi, bəlkə də çoxu Cabbar əminindir. Etiraf edim ki, Cabbar əminin təsiri olmasaydı, mən də o qədər təsniflər, mahnılar yarada bilməzdim. Mən yüzdən çox mahnı, təsnif bəstələmişəm. Hamısı Cabbar əminin təsiri idi. O, yaxşı musiqi xadimi, novator sənətkar, nurlu ziyalı, eyni zamanda hamımızın dərs ala biləcəyi bir insanlıq nümunəsi idi. Təsəvvür edin, mən-19-20 yaşlı adam zəng edirdim ki, müəllim, bir muğamla, ya da mahnı ilə bağlı görüşmək istəyirəm. Deyirdi filan saatda gəl, evdə olacağam. Gedirdim, dərhal çay, halva, şirniyyat, süfrə... Mən Əli Fəhmi kimi dahi ilə Əhmədxan müəllimin evində tanış olmuşdum. Mənim Əliağa Vahidin sözlərinə yazdığım "Hisar" təsnifinin adı ilı bağlı maraqlı söhbət də məhz həmin görüş zamanı olmuşdu. Əhmədxan müəllim deyirdi ki, o muğamın adı "Hisar" yox, "Hasar"dır. Əli Fəhmi isə müəllimin sözünü təsdiq etməklə yanaşı, bildirdi ki, el arasında "Hisar" deyirlər, qoy elə də qalsın. Müəllim razılaşdı. Daha maraqlı bir fakt. O mənə bir "Şur" təsnifi yazmağı tapşırmışdı. Getdim, yazdım: "Vətən yaxşıdır". Evində qulaq asdı. Dedi, Əlibaba, mən sənə təsnif demişdim, bu mahnıdır. Özü də mükəmməl bir mahnı. İndi diqqət yetirin. Mən onun dediyini yerinə yetirə bilməmişdim, yenə də məni pərt eləmək istəmirdi. İncitsəydi, gedib məhz onun dediyi təsnifi-"Burdan bir ceyran keçir" sözləri ilə başlanan təsnifi yaza bilməzdim.

Yazdım, dedi, əla, əhsən! Bax belə, Əhmədxan müəllim hələ bundan sonra da yüz illər boyu ehtiramla xatırlanacaq sənətkarlarımızdan biridir. Onun həyatının istənilən sahəsi məktəb kimi dəyərlidir, öyrənilməlidir, nümunə götürülməlidir. Şəxsən mən fəxr edirəm ki, onun kimi böyük sənətkarla uzun illər çiyin-çiyinə çalışmışam. Yenə də əlavə edirəm ki, mən onun köməyini, qayğısını görmüş yüzlərlə sənət adamından biriyəm". Onun 120 illik yubileyinin keçirilməsi çox böyük qədirbilənlik nümunəsi olacaq"- deyə Ə.Məmmədov bildirib.

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2014.- 28-30 noyabr.- S.15.