Nüşabə türbəsindən Dərbənd qalasına, Bəzz qalasından Gülüstan qalasına qədər daşlaşmış tariximiz

 

Qarabağlar türbəsinin əkizi...

 

Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı kompozisiya ünsürlərini şimal və cənub tərəflərdə yerləşmiş iki portal (baştar) təşkil edir. Ümumi sxemi etibarilə bir-birinə uyğunlaşsalar da, bu iki baştar bir-birindən fərqlənir. Şimal portalında, stalaktit qurşağından yuxarıdakı kitabə son dərəcə bədii şəkildə yerinə yetirilib. Kitabənin abidənin gözə çarpan bir yerdə, demək olar ki, əsas kompozisiya mərkəzində yerləşdirilməsi memarın yüksək ictimai mövqeyinə dəlalət edir. Kitabənin məzmunu belədir: "Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani" 1322-ci ildə Bərdədə ucaldılmış türbə Qarabağlardakı türbənin ən yaxın oxşarıdır. İri daş plitələrlə üzlənmiş kürsülükdə kvadrat kərpiclərdən tikilmiş bir qədər yarımqazma proporsiyalı qüllə ucaldılıb. Türbənin xarici hissəsi şaquli istiqamətdə firuzəyi kərpiclə üfiqi istiqamətdə isə yaxşı cilalanmış adi kərpiclə düzülmüş "köynəklə" örtülüb. Müxtəlif bəzək birləşmələri və kərpicin fakturası bütün fasad boyu dəfələrlə təkrarlanan "Allah" sözünü əmələ gətirir. Frizin orta zolağında nesxlə işlənmiş Quran ayəsi kitabəsinin qalıqları yer tutur. Onun süd kimi hərfləri firuzəyi bitki motivləri ilə bir-birinə qarışıb. Bu mürəkkəb toxunuşun fonu türbənin mozaika dekorasiyası üçün səciyyəvi olan tünd göy şirdən təşkil edilib. Yuxarı otağa ox üzərində yerləşdirilmiş effektli baştarlarla tərtib olunmuş iki giriş qapısı açılır. Onların kompozisiya sxemi Qarabağlar türbəsinin baştarına yaxındır, ancaq bəzəklərində bir sıra xüsusiyyətlər müşahidə olunur. Baştarlar yalnız çoxrəngli ornament naxışlarla sadəcə zənginləşib və kompozisiya cəhətdən qabardılıb.

Daxili fəza adəti üzrə iki yerləşgəyə ayrılıb. Alt yerləşgə - sərdabə dörd dərin taxçalarla mürəkkəbləşdirilmiş plan həllinə görə kvadratı xatırladır. Yuxarı yerləşgənin interyeri divarlarında oxvari sonluğa malik dayaz taxçaları olan düzgün onbucaqlı prizma şəklindədir. Hamar şəkildə suvanmış divarlarda hansısa dekorativ elementin izi qalmayıb. Memar qülləli türbələrə xas olan "ümumfasadları" saxlayaraq, böyük ustalıqla şimal tarbəndin mahiyyətini daha çox qabardıb. Qülləli türbələr arasında Bərdə türbəsi daha çox şimal nöqtəsində durur: stilistik cəhətdən onun yaxın oxşarı xeyli cənubda yerləşir.

Dərbənd qalası

Dərbənd könül şəhərimizdir. Bir az qəmli, bir az kədərli ellərimizdəndir. Anamız Azərbaycanın qoynundan zor gücünə qoparılan ciyərparəsidir. Dərbənd həssas yerimizdir, deyərdik ki, köynək altda sızıldayan yaramızdır...

"Vikipediya"nın məlumatına görə, Dərbənd qalası Dərbənd şəhərini müdafiə edən qədim qala divarları arasındadır. Böyük Qafqazın Calqan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ eramızdan əvvəl VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən "Kaspi qapısı" adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda "Xəzər qapısı", "Alban qapısı", "Hun keçidi", "Qafqaz qapısı", "Dərbənd qapısı" kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövrorta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanıb.

Hunların ən qüdrətli çağında - Avropanın yarısını fəth etdikləri I əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Darbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Darbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə - Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Darbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.

Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, bizimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi.

Dədə Qorqudun üz qoyduğu Vətən torpağı...

Dəmirqapı Dərbənd - el içində bu adla tanınmağının bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında, qeydlərində Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır.

"Vikipediya" Dərbənd qalasının tarixi haqda yazır ki, Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxarılıb. I əsrdə Sasani hökmdarı II Yəzdigird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılıb. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşiravan (531-579-cu illər) dövründə tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılıb.

Memarlıq və inşaat sənətimizin qiymətli incisi...

Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi var. Sasanilər dənizdən başlayaraq, əzəmətli daş tikililər - şəhərin şimal və cənub divarları, içqala və Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ səddi inşa etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti kimi düşünülmüşdü. Ərəb mənbələrinin verdiyi məlumata görə, divarlar dənizin içərilərinədək gedib çıxırdı. Dərbənd divan tikildikdən sonra şəhərdən şimala doğru qalıqları Oqni stansiyasından 6-7 km aralı indiyədək duran bir divar da ucaldılıb. Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının - maskutların, alanların, Hunların, sabirlərin, xəzər və başqa türk tayfalarının Cənubi Qafqazİrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, I əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, "bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi". VI əsrdə Sasanilər dövlətinin şimal sərhədindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində - I əsrin ortalarından VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardıarası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikmişlər.

Əl-Məsudi heyrəti...

Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı:

"Əgər Allah hər şeyi görməyi, böyüklüyü və mərhəməti ilə İran şahlarına (mülük-ül-furs) əl-Bab şəhəri, onun quru, dəniz və dağlarda olan divarları və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi, onda xəzərlər, alanlar, səbirlər, türklər və adları çəkilən digər xalqlar, şübhəsiz, Bərdə, ər-Ran (Arran) Beyləqan, Azərbaycan, Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nihavənd vilayətlərinə və digər yerlərə gəlib çıxardılar".

Babəkin məskəni...

Güney Azərbaycanın bağrı başındadır Bəzz qalası. "Vikipediya"nın yazdığına görə, Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.

Əzəmətli Bəzz qalası...

Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgizlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Həzrət Əli qalası

Qala Şəki rayonunun Küngüt kəndində, Damarçın çayının yuxarı axarında yerləşir. Çay daşlarından tikilən, o qədər də böyük olmayan qala dairəvi planda inşa edilib. Qalanın ərəblərin Azərbaycanda hakimliyi dövründə gözətçi məntəqəsi kimi tikildiyi güman edilir.

Şamaxı qalası

Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qala kimi tarixə düşüb. XI-XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045-ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdu. Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahlar yeni saray kompleksi inşa edilib. Şamaxının ikinci qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilib. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Gülüstan qalası

Şamaxı rayonu ərazisində yerləşən IX - XII əsrlərə aid qala. Qaladan əldə edimiş arxeoloji tapıntıların ən qədimi IX yüz ilə aid olsa da, Gülüstan qalası XII yüzildə - XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib.

El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yaradıldığı söylənir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olanda Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçib. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləribu fikri təsdiqləyir. Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olub. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməli idi. Arif Ərdəbili Gülüstan qalasını öyrənərkən onu da bildirir ki,"gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilib. "Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar. Gülüstan qalası adi müdafiə tikilisi deyildi. Şirvanşahlar sülaləsinin uzun müddət yaylaq yeri - yay iqamətgahı, dövlət əhəmiyyətli güclü qalası kimi ikili yüksək status daşıması onun bitkin quruluşunda və yüksək səviyyəli memarlığında öz əksini tapıb. Səlcuqlar dövründə gərgin tarixi hadisələrlə bağlı bu qalanın möhkəmləndirilməsinə böyük diqqət ayırmışlar. Tarixçi və şairlərin əsərlərindən bilinir ki, XI əsrin sonları ilə XII əsrin başlanğıcında hakimiyyət sürmüş Şirvanşah II Mənuçöhrün bacısı Şahbanu Xatun "Gülüstan qalasını yenidən tikdirmiş", Şirvanşah I Axsitan isə XII yüzilin sonlarında onu yenidən möhkəmləndirib.

Qalanın dayanıqlığı və ağır mühasirələrə dözümü o çağın əsərlərində də öyülüb. Dahi Azərbaycan şairi Xaqani Şirvaninin aşağıdakı misralarından da Şamaxının müdafiəsində Gülüstan qalasının oynadığı böyük rol hiss olunur:

Bizim Gülüstan qalamız Büqbeys dağına bənzəyir

Kəbə Büqbeysin ətəyində olduğu kimi,

Şamaxı da Gülüstanın ətəyindədir.

Dəfələrlə Şirvanşahların son sığınacağı olan bu əfsanəvi qala orta əsrlərdə Şirvan uğrunda gedən saysız tarixi savaşların bir növ əsas nöqtəsi olub. Onun divar və bürcləri müxtəlif çağlarda Xəzər, Səlcuq, monqol, Səfəvi, Osmanlı yürüşlərinin gücünü görüb hiss edib. Taleyi Azərbaycanın Mənuçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan, Gülüstan qalasının tarixi dəyəri çox böyükdür. Tarixçilərin bildirdiyinə görə, Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında I Şah Təhmasib vurub. Səfəvi-Osmanlı savaşlarının məngənəsində, A.Cenkinsonun təbirincə, "dünyanın ən qədim qalalarından sayılan" Gülüstan qalası dağıdılıb...

 

Ardı gələn sayımızda...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 3 oktyabr.- S.15.