Yarımçıq ömür dastanının işıqlı səhifələri

 

Aşıq Aydın Çobanoğlunun "Ömrün etməyəcək vəfa dedilər" kitabı çap olunub

 

Qarşımda tanınmış ifaçı və yaradıcı aşıq Aydın Çobanoğlunun "Ömrün etməyəcək vəfa dedilər" kitabı, içimdə qarışıq duyğular var, fikrimdə nakam ömrün yarımçıq dastanını çözələyirəm. Könlü bahar buludu kimi gah gülən, gah ağlayan bəndələr niyə qara torpağa belə tez qovuşur, niyə arzuları çiçək çağında əcəlin kəməndində boğulur? Anlaya bilmirəm bu sirri.

Bəlkə mənim anlaya bilmədiyim, hələ açar sala bilmədiyim o bağlı aləmdə daha dərin mənalar yatır. Bunu ancaq Uca Tanrı bilir. Aydın Çobanoğlunun adını uşaq vaxtı eşitmişəm, sazının səsini də elə o çağlardan dinləmişəm. Şəxsən tanımasam da, ifasına hər zaman maraqla dinşək kəsilmişəm. Hərdən düşünürəm ki, görəsən, belə istedadlı aşıqlar olmasaydı, aşıq sənəti necə görünərdi? Kasıb və miskin...

Cüt balanın boynuna dolanan həsrət...

Ömrün bahar çağını hələ bitirməmişdi, ilk baharla vidalaşsa da, taleyinin yeni baharını yaşayırdı. Ancaq ucaboylu çinarlar kimi, ömrünün yazında tufana tuş gəldi aşıq. Taleyin tufanı onun ömür ağacını sındırdı...Ancaq sazını sındıra, qıra bilmədi. Qırılan gerçək ömrü oldu, mənəvi ömrü isə tutu dilli sazının simlərinə köçdü. Simlərdə yaşayır Aydın Çobanoğlu, simlərə təzanə dəydikcə Aydın öz hekayətini danışır. Həyatdan, balalarından doymadı getdi. Heç Aytənlə Səyyad da atalarından doymadı. Ata qolları əvəzinə boyunlarına nisgil nəğməli bir həsrəti dolandı, ata qucağına tamarzı qaldı cüt balası Aydın Çobanoğlunun.

Həyat şirindir, yaşamaq gözəldir, qəlbindəki arzuların zərrə-zərrə həqiqətə çevrilməsindən könül sevindirən başqa bir şey yoxdur. Ancaq arzular da həmişə qanadlana bilmir.

Qırx iki yaşın astanasından keçə bilsə də, qırx üçə addımlamağa nəfəsi çatmadı, nəfəsini əcəl kəsdi Çobanoğlunun. Adı qaldı, çalıb oxuduğu, yaradıb pərvazlandırdığı havaları qaldı. Aydın Çobanoğlunun çalıb oxuduğu havaların çoxuna qulaq asmışam. Onun repertuarı zəngindir, maraqlıdır, söz seçimində mahir olub sənətkar. Aşığın gözəl çalmağı və məlahətli oxumağı kifayət deyil, o, oxuyacağı sözü də sərraf dəqiqliyi ilə seçməlidir. Çobanoğlu bu mənada çox mahir bir aşıq olub.

Vəfasız həyatın nakam aşığı...

Repertuarına baxanda gördüm ki, o ancaq dinləyici tələbatı olan havaları deyil, minillərlə yanışı olan ağır, sanballı saz havalarını da özünə xas incəliklə ifa edib. "Bəhməni", "Kərəmköçdü" ("Atüstü Kərəm"), "Zarıncı Kərəm", "Köhnə gözəlləmə", "Yanıq Kərəm", "Cığalı təcnis" kimi zəngin havalarını çalıb-oxuyub-yanğı ilə, yana-yana. Etiraf edim ki, bu havaların bəzilərini aşıqların çoxu çalıb oxuya bilmir. Bu gün çox az istisnalarla "Bəhməni" havasını oxuyan aşıq var. Mürəkkəb çalğıya və oxu quruluşuna malik olan bu havacatı ifa etmək üçün aşığa dolu ürək lazımdır. Aydın Çobanoğlu belə ürək sahibi olub. Aşığın repertuarında "Baş dübeyti", "Azaflı dübeytisi", "Ovşarı", "Hüseyni", "Göyçəgülü", "Orta müxəmməs", "Baş sarıtel" kimi məşhur saz havaları ayrıca yer tutur. O bu havaları doğrudan da öz dəst-xətti çərçivəsində ifa edib, əlbəttə, bu ifaların hər biri sazsevərlər üçün arzuedilən və seviləndir. Aydın Çobanoğlunun bir çox nəsildaşlarından fərqli olaraq auditoriyaya, tamaşaçı və dinləyiciyə təsir etmək imkanları geniş olub. Mübaliğəsiz deyərdim ki, o əsl səhnə adamı, əsl el aşığı olub. Çünki səhnədə boş qalan yeri həmişə onu xatırladır, el-oba da ki, nakam aşığını heç vədə yadından çıxarmır. Demək, Tanrı onu öz dərgahına-cənnət evinə aparmaqla Çobanoğluna əbədi mənəvi ömür bəxş edib. Aşığın diqqətimi çəkən üstünlüklərindən biri də səhnədə qoşalaşdığı aşıqlara sonsuz hörmətlə yanaşmasıdır. Onun nakam aşıq Xanlar Məhərrəmovla, çağdaş qadın aşıqları arasında xüsusi çəkisi olan Zülfiyyə İbadova ilə səhnədə qoşa oxuduması dediklərimə nümunədir. O, duet ortağına diqqətlə yanaşıb. Bunu lentlərin yaddaşına hopan ifaları sübut edir.

Azərbaycan aşıq sənətinin tarixi qədim olduğu kimi, həm də çox zəngindir, bu sənət bitib-tükənməyən bir xəzinədir. İstedadı, biliyi, fəhmi olan aşıq bu xəzinədən öz yükünü tuturonu ləyaqətlə öz bazarında xırd edir. Aşıq Aydın Çobanoğlu bu xəzinədən götürdüyü qiymətli yükünü tamaşaçıya, dinləyiciyə zərgər dəqiqliyi ilə təqdim edə bilib.

Çobanoğlunun kitabı...

Eşitmişdim ki, aşığın qızı Aytən xanım atasının kitabını nəşrə hazırlayır. Onu xeyli vaxtdır tanıyıram, qonşu otaqlarda işləyirik. Ancaq onun kimin qızı olduğunu bilmirdim. Bir dəfə soruşdum ki, atanız kim olub? Başını dik tutub çox qürurla "aşıq Aydın Çobanoğlunun qızıyam" cavabını verdi. Sevindim ki, Aydın Çobanoğlunun yurdunda gur çıraq yanır. Düzdür, Səyyadın ifasını eşitmişdim, istedadlı gəncdir. Aydın Çobanoğlunun qızının da sənət yanğılısı olduğunu duyanda aşıq sənətinin sabahına ümidim xeyli dərəcədə artdı. Həm də nə gizlədim, aşıq övladlarının el-oba üçün gərəkli olması ilə həmişə öyünürəm. Sevinirəm ki, nə yaxşı aşıq ailələrində cəmiyyətin, dövlətin, milli mədəniyyətin, elmin yeni bayraqdarlar nəsli yetişir.

Aytən xanım "Ömrün etməyəcək vəfa dedilər" kitabını artıq çap etdirib. Bu da o deməkdir ki, atasına böyük bir heykəl ucaldıb. Var olsun. Onu da bilirəm ki, kitab üzərində qardaşı Səyyadla birlikdə çox gərgin işləyib. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun 1 iyul 2014-cü il tarixli qərarı ilə çapa tövsiyə olunub.

Kitabın tərtibçisi və ön sözün müəllifi filolgiya elmləri doktoru, professor Qəzənfər Paşayev, redaktoru tanınmış şairə, ictimai xadim Məlahət Yusifqızı, rəyçiləri isə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub və əməkdar mədəniyyət işçisi, görkəmli folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir.

Onu da qeyd edim ki, kitab maraqlı məlumatlarla zəngindir və burada aşığın keçdiyi sənət və həyat yolu, respublikamızda, eləcə də keçmiş ittifaq respublikalarında, xarici ölkələrdə verdiyi konsert təəssüratları ilə dolu xatirələrlə cilalanıb. Kitabda həmçinin aşıq Aydın Çobanoğlunun aşıq şeirinin müxtəlif şəkillərində yazdığı şeirləri, onun haqqında zamanında və hazırda yazılan məqalələr, deyilən fikirlər də yer alıb.

Aşığın yaratdığı havalar...

"Ömrün etməyəcək vəfa dedilər" kitabına "Ömrün vəfa etmədiyi şair-aşıq" adlı ön söz yazan hörmətli professorumuz Qəzənfər Paşayev aşığın ömür dəftərini çox həssaslıqla və həyəcanla vərəqləyib.

Professor yazır":1951-ci ildə dünyaya göz açan Aydın 1993-cü ildə faciəli şəkildə dünyasını dəyişdi və cəmi qırx iki il ömür sürdü. Lakin insan üçün qısa olan ömür payında çox gördü. Tarixdə qalacaq iz qoyub getdi. Aydın bir neçə aşıq havası bəstələmişdi. "Səyyadı", "Aygünüm", "Çobanoğlu", "Niyazı", xalq şairi Zəlimxan Yaqubun sözlərinə bəstələnmiş "Ana laylası", Məmməd İsmayılın "Yaman darıxmışam səninçün, ana" şeirinə bəstələdiyi hava belələrindəndir. Toylarda indioxunan gözəl şairimiz Məmməd İsmayılın "Gözəldi" qoşmasına bəstələdiyi, oğlu Səyyada həsr etdiyi "Səyyadı" havası onun bəstəkarlığından, musiqi duyumundan xəbər verir..."

Uğur gətirən festivallar...

 

Qəzənfər müəllim aşıq Aydın Çobanoğlunun qısa, lakin zəngin ömür və sənət yolundan danışarkən qeyd edir ki, o bütün ictimai-mədəni tədbirlərdə, yerli və beynəlxalq folklor festivallarında iştirak edib, laureat adı alaraq saz sənətini şöhrətləndirib. Bundan başqa, kitabda aşıq Aydın Çobanoğlunun qırx gün çəkən Hindistan səfəri haqda da danışılır. Bu səfərin nağıllarımızdakı, dastanlarımızdakı kimi qırx gün davam etməsi böyük bir məna daşıyır.

Aydın Çobanoğlu 1989-cu ildə İsveçin Falun şəhərində Beynəlxalq Musiqi Festivalına qatılıb, burada xalq artisti Canəli Əkbərov, kamança ustası Elman Bədəlov, tarzən Vamiq Məmmədəliyev, qarmon ifaçısı Vaqif Əsədovla birlikdə yüksək səviyyəli çıxışlar edib. Bundan iki il sonra aşığın yolunu Türkiyənin Konya şəhərində başqa bir uğur gözləyirdi. Konya şəhərində keçirilən "Konya aşıqlar bayramı"na dəvət alıb və qarslı aşıq Murad Çobanoğlu ilə yarışmada festivalın baş mükafatına-Atatürk qızıl medalına layiq görülüb.

Bəxtiyar Vahabzadənin arzusu...

Q.Paşayevin qeyd etdiyinə görə, aşıq "Günay" və "Aygün" ailə ansamblı və "İncəgülü" aşıqlar ansamblı yaradıb":1982-ci ildə Filarmoniyada respublikada ilk dəfə olaraq "Alı xan və Pəri xanım" (Pəri xanımın sözlərini Məlahət Yusifqızı ifa edirdi) dastanını tamaşaçılara çatdırıb. İlk aşıq qızlar ansamblı "Aygün" bu dastan gecəsinin davamı kimi fəaliyyətə başladı. O, 1983-cü ildə Azərbaycan Aşıqlar Birliyinin üzvü və IV qurultayın (1984) nümayəndəsi olub. Aydın Çobanoğlunun Azərbaycan Aşıqlar Birliyinin qurultaydan sonrakı fəaliyyətində böyük xidmətləri olub. O, ömrünün sonuna qədər Aşıqlar Birliyində Hüseyn Arifin müavini kimi çalışmışdı. Bu təsadüfi deyildi. Aşıq Aydın Çobanoğlu aşıq sənətini dərindən bilirona yaradıcılıqla yanaşırdı. Ona yeniliklər gətirirdi. Yaxşı yadımdadır, o, ADU-nun filologiya fakültəsini bitirəndə görkəmli folklorşünas alim, professor Vaqif Vəliyevin rəhbərliyi ilə "Aşıq Nəcəfin həyat və yaradıcılığı" mövzusunda diplom işi yazmışdı. Diplom işinin müdafiəsində xalq şairi Bəxtiyar Vahabzadə demişdi: "Bu diplom işi həcminə və mövzu əhatəsinə görə namizədlik işinə layiqdir. Mövzunun adını dəyiş, "II Dünya müharibəsi illərində Tovuz aşıqları" adı ilə müdafiə et". Təəssüf ki, ecazkar aşıq sənəti aşıq Aydını elmdən ayırmış, Bəxtiyar müəllimin arzusu arzu olaq qalmışdı..."

Kövrək xatirələr...

Kitabda tanınmış şairə Məlahət Yusifqızının "Şaha baş əyməyən Çobanoğlu" yazısı da çox maraqlıdır. Xanım şairənin həssas və könül tərpədən fikirləri çox dəyərlidir":Aydının idealı zövq idi. O, idealını zövqdə axtarırdı. Qələbəni təmin etmək üçün yüksəkdən deyil, aşağıdan getməyə üstünlük verən Aydın pis adamların yaxşılardan qat-qat çox olduğunu görürbilirdi..."

Gözüm yaşı axdı dən-dən,

Söyləmə ki, acizəm mən.

Aydın, hicranın əlindən

Dad-aman çəkib, ağladım!

Əlbəttə, aşığın ömrünü el uzadar. Aşıq Aydın Çobanoğlunun da saz ömrü qədər ömrünün olması el məhəbbətinə bağlıdır. El öz aşıq oğlunu unutmur, unutmaz da. Bir məqamı da deyim ki, aşıq Aydın Çobanoğlu Tovuzun Əlimərdanlı kəndində aşıq Nəcəfin elində doğulub. Əlimərdanlı tarixlər boyu aşıq-ozan ocağı olub, o ocağın da bir gur şöləsi Aydın Çobanoğlu idi.

Aşıq Aydın Çobanoğlunun külliyatını özündə əks etdirən "Ömrün etməyəcək vəfa dedilər" kitabı Tovuzun xeyirsevər övladı Namazəli Məmmədovun maliyyə vəsaiti ilə işıq üzü görüb. Tanrı bütün xeyirsevər insanlara yardımçı olsun!

Aşıq Aydın Çobanoğlu dastanı yarımçıq olsa da, mənalıdır. Bu onun zəngin ömür və sənət yoludur. Bu, Aydın Çobanoğlunun özündən sonra yaşayan mənəvi yaşam dastanıdır! Mübarək olsun!

Allah nakam aşığın yerini cənnət eləsin!

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 3 oktyabr.- S.11.