Azərbaycan elmi Çar Rusiyası işğalından sonra...

 

Tarixçilər yazır ki, 1801-1828-ci illərdə Rusiya Şimali Azərbaycan xanlıqlarını işğal edəndən sonra burada Qərb elminin təsiri və nüfuzu artmağa başladı. Ölkədə Qərb təhsil sistemi əsasında fəaliyyət göstərən məktəblər açılır, azərbaycanlılar isə Rusiya və Avropa ölkələrində təhsil alırdılar.

Qabaqcıl Azərbaycan alimləri çoxəsrlik Şərq elminin ənənələrini inkişaf etdirməklə yanaşı, müasir Avropa elminin nailiyyət və metodlarından da bəhrələnməyə başladılar. XIX əsrdə Azərbaycanda tarix elmi üzrə yeni əsərlər yaranırdı. Əvvəlkilərdən fərqli olaraq tarixi tədqiqatların çoxu artıq Azərbaycan dilində yazılırdı. Bu araşdırmalarda Azərbaycanın qədim torpağı Qarabağın tarixinə xüsusi yer ayrılırdı. 1845-ci ildə Mirzə Adıgözəl bəyin yazdığı "Qarabağnamə" əsərində 1736-1828-ci illərdə Qarabağda baş vermiş hadisələr şərh edilirdi. Bu əsərin bir hissəsi 1885-ci ildə rus dilinə tərcümə edilərək "Kaspi" qəzetində dərc olunmuşdu. Mir Mehdi Xəzani "Kitabi-tarixi Qarabağ", Rzaqulu bəy Mirzə Cavanşir oğlu "Tarixi-Qarabağ", Həsənəli xan Qarabaği isə "Qarabağnamə" əsərini yazıb. Bu əsərlərdə göstərilmiş faktlar Qarabağın tarixən həmişə Azərbaycana məxsus olduğunu bir daha təsdiq edir və Qarabağın tarixini öyrənmək baxımından əhəmiyyətlidir.

Elm və mədəni əlaqələrin faydası

Çağdaş tarixçilərimizin tədqiqatlarından məlum olur ki, Azərbaycanla Rusiya arasında getdikcə artan elmi və mədəni əlaqələr nəticəsində bəzi Azərbaycan alimləri Rusiyanın ali məktəblərində dərs deməyə başlayır və bir müddətdən sonra orada öz biliklərinə və elmi nailiyyətlərinə görə məşhurlaşırdılar. Azərbaycan alimləri XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Rusiyanın şərqşünaslıq elmində ciddi rol oynamağa başladılar. Bu dövrdə Rusiyada müəllim və tərcüməçi işləyən azərbaycanlılar arasında Nəsirov, Əbu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Osmanov, Sadıx bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rizayev və başqalarının adlarını çəkmək olar. Azərbaycanlıların bəziləri Peterburq və Qazan (Kazan) universitetlərində Azərbaycan, fars və ərəb dilinin tədrisini təşkil edir, Şərq fəlsəfəsi, qanunvericiliyi və ədəbiyyatından dərs deyirdilər. XIX əsrin ortalarında onların rolunun artması rus şərqşünaslığının azərbaycanlı alimlər tərəfindən inkişaf etdirildiyi haqda fikir söyləməyə imkan verib. XIX əsrin birinci yarısından Azərbaycan alimlərinin rus şərqşünaslığında oynadıqları rol durmadan artmağa başlayır. Rus və Avropa təhsili görmüş Azərbaycan ziyalıları da, öz növbəsində, rus alimlərini qədim Şərq mədəniyyəti, ədəbiyyatı, tarixi, fəlsəfəsi, eləcə də Azərbaycan, fars və ərəb dilləri ilə tanış edirdilər.

Mirzə Kazım bəy dühası...

Bəllidir ki, o dövrün tanınmış şərqşünas alimlərindən biri Mirzə Kazım bəy olub. Hələ 17 yaşında o özünün ilk elmi əsərini - "Ərəb dilinin müxtəsər qrammatikası" yazıb. 1826-cı ildən etibarən Kazım bəy Kazan Universitetində fars və türk-tatar (Azərbaycan) dillərindən dərs deyir, az sonra professor adını alır və fakültənin dekanı vəzifəsinə təyin edilir. Kazım bəy Azərbaycan dilinin elmi qrammatikasını araşdırmışdı. Onun tərtib etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı Rusiyada iki dəfə (1839 və 1846-cı illərdə) nəşr edilmişdi.

Fəlsəfə elmində yeni cığır...

O dövrü araşdıran tədqiqatçılar bildirir ki, Azərbaycanın fəlsəfə elmində də müəyyən dəyişikliklər baş verib. Belə ki, Qərb təhsili görmüş Azərbaycan filosofları Aristotelin və əl-Qəzalinin əsərlərini təhlil etməklə yanaşı, o dövrün Avropa filosofları Yunqun, Kantın və başqalarının ideyaları ilə də tanış olmağa başladılar. Qərbin fəlsəfi ideyalarını mənimsəyən və təbliğ edən Mirzə Fətəli Axundov öz fəlsəfi görüşlərini "Kəmalüddövlə məktubları" əsərində əks etdirib. O dövrdə orta əsrlərə məxsus elmi üslubda yazıb-yaratmaqda davam edən alimlər də vardı ki, çoxəsrlik Şərq elminin qaydalarına sadiq qalır, elmdə heç bir yeniliyi qəbul etmirdilər. Buna baxmayaraq, onlar da bir sıra mütərəqqi və gözəl əsərlər yarada bilmişlər. Məşhur coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani İran, Türkiyə, Ərəbistan, Hindistan, Misir, Sudan, Əlcəzair və s. ölkələrə səyahət etdiyi 36 il ərzində 60000 km məsafə qət etmişdi. Bu səfərlərin yekunu olaraq yazdığı əsərlərdə bir çox ölkələrin iqtisadiyyatı, mədəni həyatı, adət və ənənələri işıqlandırılır.

Neft tərəqqisi - məmləkətimizə axın...

Azərbaycan elminin XIX əsrdə əldə etdiyi ən böyük uğuru təbiət və texnika elmlərinin inkişafıdır. XIX əsrin ikinci yarısında Azərbaycanda neft sənayesinin tərəqqisi ilə bağlı kimya və neft kimyası inkişafa başladı. Rusiya İmperator Texniki Cəmiyyətinin Bakı Bölməsi təsis olunub. Neft kimyası üzrə əsas tədqiqatlar bölmənin nəzdindəki laboratoriyada aparılırdı. Rus alimi D.İ.Mendeleyev 1878 və 1880-ci illərdə Bakıda olub, burada neft emalı problemlərini araşdırıb. 1885-ci ildə dünyada ilk dəfə olaraq Bakıda kerosinin krekinq üsulu ilə alınması üçün qurğu yaradılıb. Bu layihə 1891-ci ildə Şuxov və Qavrilov tərəfindən təkmilləşdirilmişdi. Bu dövrdə Azərbaycanda təcrübəli kimyaçılar da yetişirdi. Onlar rus və Qərb universitetlərində təhsil aldıqdan sonra elmi tədqiqatlarla məşğul olurdular. 1880-1890-cı illərdə Almaniyanın Strasburq Universitetində (ASU) təhsil almış azərbaycanlı kimyaçı, kimya doktoru Mövsüm bəy Xanlarov (1857-1921) Bakıda üzvi kimya üzrə tədqiqatlara başlayıb. Onun "Tiosirkə turşusunun etilrodanidə təsiri" adlı ilk məqaləsi 1882-ci ildə Almaniyada dərc edilib.

Müəllim və həkimlərin maarifçilik hərəkatı...

Mənbələrin məlumatına görə, o dövrdə Azərbaycanda peşəkar bioloq alimlər həddindən artıq az olub, lakin bir sıra həkimlər və müəllimlər maarifləndrici işlər aparır və əhalini əsas bioloji biliklərlə tanış etməyə çalışırdılar. Onların əsas məqsədi Azərbaycan ictimaiyyətini Avropa elminin biologiya sahəsindəki nailiyyətləri ilə tanış etmək idi. Azərbaycanda biologiya və kənd təsərrüfatı elmlərinin inkişafı Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun adları ilə bağlıdır. Azərbaycanın bitki örtüyünün həddindən artıq zəngin olması bioloqların nəzərini cəlb edib və onları ölkənin bitki örtüyünü öyrənməyə istiqamətləndirib. Burada 4 minə yaxın bitki növü mövcuddur. O dövrdə Azərbaycanın bitki örtüyünü təsvir edən əsərlərin sayı həddindən artıq az idi. Qafqazın bitki aləminin öyrənilməsi istiqamətində ilk araşdırmaları Nəcəf bəy Vəzirov aparıb. Rus imperiyası dövründə Azərbaycanda səhiyyənin vəziyyəti aşağı səviyyədə idi. Xəstəxanalar çatışmırdı. Tibbi müəssisələr isə ümumiyyətlə yox idi. Çar hökuməti Bakıda və Azərbaycanın başqa şəhərlərində heç tibb təhsili verən məktəblərin açılmasını da dəstəkləmirdi. İmkanlı ailələrin uşaqları Moskva, Sankt-Peterburqda və Avropa ölkələrində ali tibbi təhsil aldıqdan sonra geriyə qayıdır və burada öz xalqına xidmət edirdilər. Bakıda yerləşən tibbi təmayüllü yeganə ictimai təşkilat Bakı Həkimlər Cəmiyyəti (BHC) idi. Bu Cəmiyyətdə M.M.Vəkilov, Ə. Axundov, Ə.M.Mehmandarov və başqaları tibb elmi sahəsində elmi araşdırmalar aparırdılar.

Tarix elminin inkişafı...

Tarixçilərimizin verdiyi bilgiyə görə, XIX əsrin əvvəllərində Azərbaycanda tarix elmi inkişaf etməkdə davam edirdi. Yazılan əsərlərin bir qismi orta əsrlər tarix elminin izlərini daşısa da, bir çoxu müasirlik əlamətlərinə malik idi. 1905-ci ildə Rəşid bəy İsmayılovun Azərbaycanın va qonşu ölkələrin tarixindən bəhs edən "Müxtəsər Qafqaz tarixi" kitabı nəşr olunub.

XIX əsr Azərbaycan ədəbiyyatşünaslıq elmi...

 

Azərbaycanda ədəbiyyatşünaslıq elmi də inkişaf edirdi. Bu sahədə Firudin Köçərli, Seyid Hüseynov və s. görkəmli alimlər fəaliyyət göstərirdilər. Çar hökumətinin Azərbaycanda ali təhsil məktəblərini (universitetləri), elmi cəmiyyətləri va elmi-tədqiqat qurumlarını təsis etməyə izn verməməsi Azərbaycanda elmin inkişafını ləngidirdi.

Yalnız Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə - 1919-cu ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil müəssisəsi-Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Azərbaycan Xalq Cumhuriyyəti (AXC) (1918-1920) və Azərbaycan Sovet Sosialist Respublikası (Az.SSR) (1920-1991) dövründə Azərbaycan elmi daha da inkişaf edib.

XX əsrin ortalarında yaranmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qədim və zəngin ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb.

Keçən yazılarımızda Milli Elmlər Akademiyasının geniş profilli fəaliyyəti haqda yazmışıq...

Onu qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmdə islahatların həyata keçirilməsi üçün əlverişli zəmin yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elm və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilat statusunun verilməsi ilə Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 4 may tarixli Sərəncamı ilə isə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" təsdiq edilib.

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 17-19 oktyabr.- S.15.