Tarixi mədəniyyətimizin qədim tarixə malik qoruqları - Avey dağı və Damcılı mağarası...

 

Azərbaycan, doğma diyar-səni qarış-qarış gəzib, yeraltı və yerüstü cəlalını aləmə göstərməkdən, bundan qürur duymaqdan gözəl hiss, yaşantı yoxdur. Milli mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin şöhrəti olan bu aləm bütün dünyanı özünə cəlb edir. Azərbaycan mədəniyyəti o qədər zəngin və çoxçalarlıdır ki, onda xalqımızın bütün həyatı, etnoqrafiyası, arxeologiyası, dünyagörüşü əks olunub.

Azərbaycanın əfsanəvi Avey dağı özündə xalqımızın mədəniyyətini yaşatmaqla yanaşı, böyük bir yerüstü abidə kimi qoynunda çox sirlər gizlədir.

Məlumat üçün deyim ki, Avey dağı Gürcüstanla Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, bozumtul dağ silsiləsidir.

İki il əvvəl ziyarət etmişəm Aveyi, onun möhtəşəmliyinə, əzəmətinə heyran qalmışam. Bildirim ki, Daş Salahlı kəndindən 12 km aralıqda yerləşir Avey dağı. Arxeoloqlar bildirir ki, buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilib. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan, zirvəsinə hazırda giriş məhduddur.

Avey sözünün mənşəyi...

Arxeoloq və tarixçilərin uzun illər araşdırması sayəsində Aveyin sirləri qismən açılıb. Arxeoloji mənbələrin verdiyi məlumatlara görə, Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır-Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cu il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılıb. Bu gün Avey minlərlə turistin ziyarət yeridir. Yolu Qazaxa düşən hər bir kəsin ilk arzusu Avey dövlət tarixi-mədəniyyət qoruğunu ziyarət etmək olur. Bir məqamı qeyd edim ki, Avey qoruq olsa da, ona diqqət və qayğı elə də yüksək səviyyədə deyil. Qoruğa gedən yolun bərbadlığı, eləcə də onun ətrafının baxımsız olması onu deməyə əsas verir ki, bu qoruğa qayğı göstərilməlidir.

Damcılının nəğməsi, yaxud dağların göz yaşı...

Əzəmətli Avey dağını daha maraqlı və cəlbedici edən yerlərdən biri dağdakı Damcılı mağarasıdır. Məlumdur ki, Damcılı Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılıb və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunub. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edib. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişlər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir. Damcılı mağarası sehirli bir aləmdir. Ora daxil olanda sanki indiki zamandan ayrılıb qədim çağlara gedib çıxırsan. Mağaranın tavanından göz yaşı kimi damcı-damcı axan suyun nəğməsi, ritmi səni başqa bir dünyaya aparır. Düşünürəm ki, Damcılının bu hikmətinin dünyada az analoqu olar. Tanrının və təbiətin bəxş etdiyi bu qeyri-adilik səni öz cazibəsində saxlayır. Hesab edirəm ki, Azərbaycan dövlətinin tarixi abidələrə, qoruqlara, maddi-mədəniyyət dünyasına qayğısı sonsuzdur. Bu da imkan verir ki, Damcılını dünyanın qeyri-adi mağaralar səviyyəsində bütün dünyaya təqdim edək.

 

Atəşpərəst babalarımızın izləri...

"Avey" Dövlət tarix-mədəniyyət qoruğu-Qazax ərazisindəki hündürlüklər arasında Daş Salahlı kəndindən və Qazaxdan Yuxarı Salahlı kəndinə gedən yoldan görünən Avey massivi hər bir yolçunun diqqətini cəlb edir. Onu da bildirim ki, Avey dağının adı bu yerdə bir zamanlar mövcud olan atəşpərəstlərin ibadətgahı ilə əlaqədardır. Qafqaz Albaniyasının əsas məbədi olan həmin Aveydağ məbədi IV-V əsrlərə aid edilir. Məbədə gedən yol dağ üzərindən keçir, lakin obyekt sərhəd zonasında (Ermənistan-Azərbaycan sərhədi) yerləşir. Avey dağının şimal-qərb hissəsində Daş Salahlı kəndində yerləşən qədim mağara diqqəti cəlb edir. Bayaq bildirdiyimiz kimi ahəng qayaların altında mağaradan süzülən Damcılı bulağı axır. Buraya insanlar dincəlmək üçün gəlirlər. Mağaranın ərazisi 360 kv metr təşkil edir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid 8000-dən artıq əşya tapılıb. Bunlardan ən qədimi ortaüst paleolit dövrlərinə, ən yenisi isə tunc dövrünə və orta əsrlərə aid edilir. Avey massivi Avey Dövlət qoruğu (ərazisi 3613 ha) çərçivəsində mühafizə olunur. Qoruqda 3 filial - "Əskipara", "Damcılı" və "Göyəzən" filialları fəaliyyət göstərir. Qoruğun əsas məqsədi rayonda olan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrin elmi təhlilini vermək, mühafizə edilib qorunmasını və saxlanmasını təmin etməkdir. Qoruğun ərazisində 57 ədəd abidə qeydiyyata götürülüb. Bu abidələrin biri - Damcılı mağarası dünya, 32-si ölkə, 24-ü yerli əhəmiyyətli, təsnifatına görə 36-sı arxeoloji, 16-sı memarlıq, 5-i isə dekorativ tətbiqi sənət abidələridir. Sirli-soraqı Əskipara qalası, od, yel, su dəyirmanları, qədim qoç fiqurları, məbədlər, türbələr, ehramlar, gümbəzlər, Göyəzən dağı, Koroğlu qalası, qədim Avey məbədi, paleolit daş dövrünün ilk insanlarının məskunlaşdığı Damcılı mağarası və digər abidələr milli tarixi sərvətimizdir.

"Avey" dövlət qoruğu rəhbərliyinin yaydığı məlumatlara görə, qoruq ərazisindəki abidələri qorumaq, hər cür yanğından mühafizə etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Qoruğun əyani vasitələrlə təchiz olunması məqsədilə fotostendlər yaradılıb, fotoalbomlar tərtib edilib. "Avey və Göyəzən dağının möcüzələri" kitabı hazırlanıb, "Bələdçi-sorğu" kitabı tərtib olunub. Qoruğun fəaliyyəti və tarixi abidələrimizin təbliği üçün xüsusi mühazirə mətnləri hazırlanıb.

Damcılıda arxeoloji axtarışlar...

Arxeoloji mənbələrdə bildirilir ki, üç il ərzində aparılan arxeoloji qazıntılar zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları aşkar edilib. Mağaradan tapılan bu daş alətlər öz forma və hazırlanma texnikasına görə orta paleolitə - Mustye dövrünə (Mustye - 70 min il öncə yaranmış və təxminən 35 min il əvvəl sona çatmış arxeoloji mədəniyyətdir) - yuxarı paleolitə və neolitə aiddir. Bu da, öz növbəsində, həmin obyektdə bir neçə minillik ərzində davamlı yaşayış məskəninin olduğunu göstərir. Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar (nukleus-nüvə mənasını verərək, daş alətin hazırlanması prosesində xam daşdan hissələrin döyəclənməsi yolu ilə əmələ gələn formaya deyilir) və alət üçün qoparılmış materiallardan ibarətdir.

İti uclu alətlər çaxmaqbazalt daşlarından olub üçbucaq şəklindədir. Formalarına görə uzunsov və gödəkləşdirilmiş görkəmdədirlər. Bəziləri diskşəkillidir. Onların əsasən ovçuluqda işlədilməsi güman edilir.

Qaşovlar bazalt daşından olub bir qismi dairəvi şəkildədir. Onların əsasən gön təmizləmək üçün işlədilməsi güman edilir.

Qəlpələr-bunlar əsasən alət düzəltmək üçün qoparılmış müxtəlif ölçülü daşlardır.

Nukleuslar disk şəklindədir. Bu tapıntılar təxminən 100 - 80 min il öncə neandertal tipli ibtidai insanların Damcılı mağarasında məskən salmasından xəbər verir.

Damcılıda qədim insanın yaratdığı aləm...

Arxeoloqların gərgin axtarışları nəticəsində Damcılıdan qədim insana məxsus bir sıra alətlər, yaşamaq uğrunda mübarizəni şərtləndirən nümunələr tapılıb. Buradan tapılmış digər bir qrup alət yuxarı paleolitə aiddir. Bunlar uclu və dairəvi qaşovlar, kəsərlər, bizlər və s. kimi daş alətlərdir. Bu qrup Mustye alətlərindən fərqli olaraq yeni texnika üsulu ilə işlənmiş və prizmatik nukleuslardan qoparılmış qalın lövhələrlə təmsil olunub.

Uclu qaşovlar çaxmaq daşından olan uzunsov qalın qəlpələrdən hazırlanıb. Kəsərlər dəvəgözü lövhələrindən hazırlanıb. Kəsərlərin yanları əl ilə tutmaq üçün kütləşdirilib. Bizlər əsasən çaxmaq və dəvəgözü daşındandır. Qəlpələrin iki yanı bir ucuna doğru kütləşdirilərək olduqca nazikləşdirilib.

Damcılı mağarasından eyni zamanda yuxarı paleolitin axırlarına və neolitin əvvələrinə aid mikrolitik alətlər də (çox kiçik daş alətlərdir, onların bir, bəzən də hər iki yan tərəfi çox itiləşdirilmiş olur) aşkar edilib.

Mikrolitik alətlər yarmaq və dinmək üçün işlədilə bilərdi.

Nukleuslar karandaş formada olub bir neçə guşəyə malikdir. Onların bir ucu enli, digərisi isə nazikdir.

Gəzli qaşovlar çox xırda qəlpələrdən hazırlanıb. Onların bir tərəfində olan balaca gəz sümüklərin ucunu sıyırıb nazikləşdirmək üçün işlədilirdi. Bundan başqa, Damcılı mağarasından ox ucları da tapılıb. Ox ucları çox xırda mikrolit lövhələrindən düzəldilib. Onlar yarpaq formasında olub, hər iki üzü işlədilib. Bir ucunda ağac sancmaq üçün saplağı var. Ümumiyyətlə, qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı tapılıb. Onlardan 600-ə qədəri müxtəlif təyinatlı alətlərdir. Bu alətlərin təyinat çeşidliyi müxtəlif dövrlərə aid olması Damcılı mağarasında həyat insan fəaliyyətinin arası kəsilmədən uzun müddət mövcud olmasını əyani şəkildə sübut edir. Burada yaşayan insanlar minilliklərlə öz bacarıq ustalıqlarını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilmişlər. Məhz Damcılıdan aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini ardıcıl olaraq izləmək mümkündür.

"Avey" Dövlət tarixi-mədəniyyət qoruğu böyük bir aləmdir. Orada qədim çağların nəfəsi yaşayır. Əski Azərbaycan insanının dünyagörüşünü özündə ehtiva edən nə varsa hamısı tarixin bizə yadigarıdır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 23 sentyabr.- S.15.