Tariximizin öyrənilməsi gənclərimizin milli mənlik şüurunun inkişafında hansı rol oynayır?

 

Məhərrəm Zülfüqarlı: "Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı böyük xalqdır ki, öz milli mənlik şüurunu qoruyub saxlaya bildi"

 

"Ölkə tarixini yenidən tədqiq etməliyik, xüsusən də 1828-ci ildən sonrakı dövrü"

 

 Hər bir xalqın özünəməxsus milli dəyərləri, adət-ənənələri və bütün bunlardan irəli gələn xüsusiyyətləri olur. Zaman keçdikcə sözügedən dəyərlər millətin qan yaddaşına hoparaq daşlaşır. Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur.

   Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Bunlardan biri də gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasiiqtisadi hüquqlarını müdafiə etməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət həm də gənclərin sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, Vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. 

  Bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəslə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Azərbaycan tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliğ olunması istiqamətində məqsədyönlü aparılır. Ümumiyyətlə, millətin tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vətənpərvərlik hissini daha da gücləndirir.  

 Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin". Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də Vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da, mədəni səviyyəsi də yüksək olur. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkir. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canını belə əsirgəmir. Xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram göstərilməsi əsasında təşəkkül tapır. Mütəxəssislər sübut edirlər ki, doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.  

 Müşahidələr göstərir ki, tərbiyənin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Bağçalar və məktəbəqədər tərbiyə müəssisələri uşaqların və körpələrin gələcək inkişafında əvəzedilməz rol oynayır. Pedaqoqların gəldiyi nəticələr onu deməyə əsas verir ki, məktəbəqədər tərbiyə müəssisələrində və orta məktəblərdə ölkənin tarixinin öyrənilməsi Milli Qəhrəmanlarla görüşlərin keçirilməsi uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin, vətənə məhəbbət hisslərinin formalaşmasına müsbət təsir göstərir. Orta məktəb proqramı çərçivəsində şagirdlərin muzeylərlə tanışlığı, müxtəlif səpkili ekskursiyaların təşkil edilməsi bu baxımdan çox faydalıdır.  

 Vətəndaşlıq insanın cəmiyyətlə sosial-psixoloji, əxlaqi-etik, o cümlədən pedaqoji əlaqəsidir. Doğma yurda, doğma dilə məhəbbət insan üçün kiçik məfhumlardan - öz ailəsinə, evinə məhəbbətdən başlayır. Bünövrəsi möhkəm qoyulan bu məhəbbətin dayaqları da möhkəm olur və get-gedə daha böyük məfhumlara - vətənə, xalqa, onun tarixinə, mədəniyyətinə sevgiyə aparıb çıxarır. Şübhəsiz, milli mənlik şüuru da elə-belə yaranmır. Bu hisslər insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir.

Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik önəmli rol oynayır. Vicdanı olan hər bir vətəndaş doğulduğu torpağın qədrini bilməli, onun təbii sərvətlərini qorumalı və mühafizə etməlidir. Milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalqetnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Milli mənlik şüuru ictimai şüurun bir hissəsi kimi çıxış edir və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. 

  Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəb onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Ulu şairimiz Nizami Gəncəvi vətənini, xalqını sevməsə idi, ölməz əsərlər yarada bilərdimi? Əlbəttə, yox. Mərhum prezident Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".  

 Xalqımız ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Bu xalq Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl Xətai, Cavad xan, Hüseynəli xan kimi qəhrəmanların, Tomris, Nüşabə, Burlaxatun kimi kişi qeyrətli xanımların varisidir. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət alır. 

  Bu gün Azərbaycan Respublikasının bayrağını müxtəlif beynəlxalq turnirlərdə dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirənlərdir. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və möhtəşəm işlər aparılır.  

 Milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə göstərir ki, milli mənlik şüuru və vətənpərvərlik hissləri bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli rol oynayır. Öz kökünə bağlı olan meyarlar Vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. Müşahidələr göstərir ki, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması əsas götürülür. 

  Məsələyə münasibət bildirən tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlının sözlərinə görə, tariximizin öyrənilməsində milli mənlik şüuru mühüm rol oynayır: "Sovet dönəmində, ondan əvvəlki dövrlərdə Azərbaycan əhalisi milli şüurdan məhrum edildi. Ən azından, bu istiqamətdə imperiya çox çalışdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı böyük xalqdır ki, öz milli mənlik şüurunu qoruyub saxlaya bildi. Eyni zamanda, müasir dövrdə onu inkişaf etdirir. Ona görə də Azərbaycan tarixini yenidən tədqiq etməliyik, xüsusən də 1828-ci ildən sonrakı dövrü. Yəni Azərbaycanın Rusiya tərəfindən işğalı və sovet dönəmi yenidən tədqiq olunmalıdır. Elə etməliyik ki, Azərbaycan tarixi ləkələrdən təmizlənsin. Ona görə də o dövrü tədqiq edən tarixçilərdə savadla yanaşı, milli şüur da olmalıdır. Yəni milli şüur olmalıdır ki, xalqın tarixini düzgün, obyektiv tədqiq etmək mümkün olsun. Bütün bu sadalananlar tarixin öyrənilməsində mühüm rol oynayır".

 

 

Vidadi ORDAHALLI

Bakı xəbər.-2014.-20 yanvar.-S.11.